Ölümü şərəfləndirən Salatın 

 

1991-ci il yanvarın 9-da Şuşa-Qaladərəsi istiqamətində Azərbaycanın Milli Qəhrəmanı, “Molodyoj Azərbaycana” qəzetinin 29 yaşlı gənc jurnalisti Salatın Əsgərova və üç nəfər rus hərbçisi vəhşicəsinə qətlə yetirildi...  

Ölümdən yox, ucuz ölümdən qorxurdu.

Salatının boğazında zob xəstəliyi vardı. Bu xəstəlikdən yaman əziyyət çəkərdi. Təkcə ağrılardan yox, elə bilərdi, bu xəstəlik haradasa onun yolunu kəsir, gördüyü işlər qarşısında nəsə ona mane olur.

Daim daxilindəki, onu narahat edən bu xəstəliklə vuruşardı. Yaxın adamları, iş yoldaşları tez-tez ona deyirdilər ki, Salatın, hələ çox cavansan, bu isə çox yüngül xəstəlikdir. Qoy cərrahiyyə əməliyyatı aparsınlar, birdəfəlik canın qurtarsın. “Yox, – deyirdi, – qorxuram əməliyyat zamanı öləm, körpə Ceyhunum yetim qala”.

 Atası Əziz həkim ona iki dəfə adlı-sanlı professor-cərrahlar tapmışdı əməliyyatı aparmaq üçün. Hər ikisində də Salatın rədd etmişdi. Demişdi ki, ata, indi mənim boş şeylərə, mənasız yerə vaxt itirməyə bir dəqiqə də olsun vaxtım yoxdur. Qarabağda günahsız insanların qanı su yerinə axıdılır, torpaqlarımıza düşmən gözü dikilib. Bizim isə hamımızın başı şəxsi işlərimizə qarışıb. İncimə ata, bıçaq altına yıxılıb, cərrahiyyə stolu üstündə qan axıda bilmərəm. Təkcə onu bilirəm ki, vicdanım bunu mənə heç vaxt bağışlamaz. Hansısa daxili bir qüvvə elə bil Salatına deyirdi ki, sən bu gün cərrahiyyə stolu üstündə qan axıtmaq yox, Vətən oğullarının al qanına boyanmış torpaqlarımızda olmalısan, düşmənlə üz-üzə dayanmalısan. Qarabağ adı gələndə Salatının yadından hər şey çıxırdı.

 Meşələrdən, dərələrdən, çöllərdən... tapılan qulaqsız, gözsüz, qolsuz, tanınmaz hala salınmış, bədənləri qara kömür parçasına dönmüş neçə-neçə azərbaycanlının dəhşətli cəsədlərinə, o qanlara dözə bilmirdi. Bütün bu əzabların nə demək olduğunu hamıdan çox Salatın hiss edirdi. Qələmi götürən kimi əlləri quruyardı, ağ vərəqin üstünə xətt salmamış, göz yaşları isladardı kağızları. Gecələr gözlərini yuman kimi, yuxu aparana yaxın gördüyü dəhşətli yuxulardan qışqırıb ayılardı. Salatın dözə bilmirdi Qarabağ müharibəsinə... Bakıda oturub rahat işləyə bilmirdi. Elə vaxt olurdu ki, Ceyhunu da aparırdı o odun-alovun içərisinə. Çox zaman da Leyla anaya tapşırıb sevimli balasından bir neçə günlüyə ayrılmalı olurdu.

Qarabağa sonuncu və əbədi səfərindən əvvəl isə atasının sözündən çıxa bilmədi. Cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi. Ancaq bir şərt qoydu.

Qarabağdan, növbəti ezamiyyətdən qayıtdıqdan sonra. Hətta əməliyyatın vaxtını da təyin etdilər. 16 yanvar... Ancaq o gün Salatın növbəti ezamiyyətdən sonra xəstəxanaya tələsmədi. O gün Salatına nə cərrah lazım oldu, nə də ki, həkim. O gün həkimlər də cərrahiyyə üçün lazım olan bütün hazırlıqları görüb növbəti əməliyyata tələsmədilər. Körpə balası da xəstəxana divarları arasında ora-bura qaça-qaça, “bəs həkim əmilər anamı nə vaxt sağaldıb qurtaracaqlar, çıxıb gedək evimizə” demədi.

Bunların heç biri olmadı. Ucuz ölümdən qorxan, Salatına mənasız görünən bu hadisə baş vermədi, verməyəcəkdi də. O gün Qarabağdan “Şəhidlər xiyabanı”na dörd gün yol gəldi Salatın. Bu müqəddəslikdə yatan qardaşlarına bacı həyanı olmağa gəldi. Salatının gəlişiylə “Şəhidlər xiyabanı”nda bir şəhidlər sırası başladı. Getmişdi ki, bu xiyabanda uyuyan igidlərin günahsız tökülən qanını alıb gəlsin. Özü də o igidlərin bir gecə də tökülən al qanına boyanıb gəldi. Xankəndindən, Şuşasından, Qarabağından keçib “Şəhidlər xiyabanı”na gəldi. İyirmi yanvar şəhidləriylə Qarabağ şəhidləri arasında körpü oldu Salatın...

Ucuz ölümdən qorxan Salatın öz ölümüylə ölümsüz bir dünyaya qovuşdu.

 

 

“Rəngsiz şəkil” – ağ – qara fotonu o belə adlandırırdı

 

Ölüm qaşla-göz arasındadır deyirlər. Elə yaxın adamının ölüm xəbərini eşidirsən ki, qulaqlarını tutub, gözlərini yumub bu dəhşətli anı unutmaq istəyirsən, özünü məcbur edirsən ki, sən yuxudasan, baş verənlər, eşitdiyin ancaq yuxudur. Gözlərini açıb, az qala səni dəli olmaq dərəcəsinə çatdıran yuxunu özündən uzaqlaşdırmaq istəsən də, bu faciənin gerçəkliyinə daha çox inanırsan.

Bir də görürsən, düşünürsən ki, o, bu gün belə etməsəydi, bu dəhşət baş verməzdi. Kaş saxlayaydım, evdən çıxmağa qoymayaydım. Belə fikirlər insanın dəhşətdən az qala partlayan beynində tüğyan etdikcə yenə də hər şeyin yuxu olmasını necə də acı, mümkünsüz bir istəklə arzulayırsan.

Ancaq Allah alnımıza nə yazıbsa, o da olacaq. Olacaqdan isə yaxa qurtarmaq yəqin ki, mümkün deyil.

Sənin də taleyinə Allah hər kəsə qismət etmədiyi şərəfli bir ölüm yazdı. Ancaq sən də həmin gün oraya getməyə bilərdin. Bəlkə də taleyin çəkirdi səni ora. Yanvarın 4 – də, 1991-ci ildə iş yerində birdən-birə fikrini dəyişdi. Onun ezamiyyəti yeddisi, birinci gün başlayırdı. Altıncı və bazar günü istirahət edəcəkdi.

İş yoldaşları da təkid etdilər ki, axı Qarabağdan təzə gəlmisən. Razılaşmadı – yorğunluğum elə yolda çıxar – dedi. Rəngsiz şəkil çəkdirməyi heç xoşlamazdı. Rəngli şəkillər daha canlı olur deyirdi. Lakin cəmi iki gün qabaq rəngsiz bir şəkil çəkdirdi. Niyə çəkdirdi, nə üçün çəkdirdi, heç kim bilmədi. Ancaq bu rəngsiz şəkildə elə gözəl görünürdü ki...

Axşam işdən çıxanda da öz əliylə şəkli stolun üstünə qoydu. Öz xətti ilə şəklin arxasına bu sözləri yazdı: “Salyut ya lyublyu tebya. Vıbor”.

Həmişəki kimi iş yoldaşlarıyla xüdahifizləşib çıxdı.

Ancaq bilmədi ki, ona doğma olan, Salatını Salatın eləyən bir redaksiya ilə əbədi ayrılır. Pilləkənlərdə eşidilən ayaq səsləri onunla “Molodyoj Azerbaydjana” qəzeti arasındakı məsafəni uzaqlaşdırdıqca, hər şey dünəndə, keçmişdə qalmağa başlayacaq.

Rəhmətlik Leyla ana mənim əyləşdiyim stulu göstərib dedi: “Bax, qızım axrıncı axşam burada oturmuşdu...” Elə həmin axşam Əziz həkim də, Leyla ana da çox dedilər ki, Salatın gəl getmə. Yalvardılar ki, bizə yazığın gəlmir, heç olmasa, o körpə tifilinə yazığın gəlsin. Bu zaman Salatın nə üçünsə ayağa qalxır. Balaca Ceyhun göz yaşlarını töküb, ağlaya-ağlaya özünü anasının üstünə atıb, ayaqlarına sarılır.

 – Ana, qurban olum, ana, yalvarıram getmə, ana yetim qoyma məni!

Ceyhun elə hönkürürdü ki, elə bil baş verəcək hadisəni qabaqcadan duyurdu.

Salatın onun qolundan tutub kənara çəkdi, bir az qəzəb qarışıq səslə qışqırdı üstünə.

 – Nə vaxt mənim ölüm xəbərimi eşitsən, onda belə şivən qoparıb ağlayarsan. İndi nə olub, görürsən ki, sağam. Bir-iki günə qayıdacağam.

Qəzəbi bir anda yox oldu.Ceyhuna gülümsəyib göz vurdu.

Sonuncu gülüşü elə belə də dodaqlarında, çöhrəsində donub qaldı. Səhər gedəndə isə körpə hələ yuxuda idi. O axşam Ceyhun bilmədi ki, dilinə gələn sözlər adi övlad yalvarışı deyildi. Nə də bilmədi ki, sevimli anası axırıncı dəfə ana məhəbbəti ilə ona qəzəblənir, üzünə gülümsəyir.

Salatın da bilmədi ki, yataqda, yuxuda qoyub getdiyi Ceyhununu bir də heç vaxt görməyəcək.

Tale artıq öz ölüm hökmünü zamanın çarxına salıb fırladırdı. “Ölüm” adlı acı yolun astanasına çatmağa isə cəmi bir addım qalmışdı. Həmin səhər hamıdan tez Əziz həkim oyanmışdı. Qazı yandırıb, çay qoymuşdu. “Qızım bir stəkan çay iç, heç olmasa, tələsik çıxma evdən” – demişdi. Fələk Salatını ölümün qara ağzına tərəf tələsdirirdi. Atasına hələlik, oğluna bir-iki günə gələcəyəm, anasına darıxma demişdi.

Doğrudan da bir-iki günə gəldin. Ürəyi düşmən gülləsindən deşik-deşik olan Salatın, Azərbaycanın şəhid qızı, qəhrəmanlıq təcəssümü kimi qayıtdı doğmalarının yanına. Bütün arzularını, balasını böyütmək istəyini də təkcə vətənə qurban verdi Salatın.

İndi Ceyhunun həsrətli gözləri anasının saysız-hesabsız şəkillərinə baxdıqca deyir ki, axı mən ona demişdim ki, getmə ana, ölmə deyib yalvarmışdım. Niyə məni yetim qoydu anam...

Bu dəhşətli xəbərdən sonra üç gün övlad cənazəsinin yolunu həsrətlə gözlədilər...

 ... Hara getsəydi tez-tez evə zəng çalıb Ceyhunundan xəbər tutardı. Getdiyi gün – yanvarın beşi zəng vurdu evlərinə. Elə o gün də Azərbaycan televiziyasında “Tramvay fantaziyası” verilişində Ceyhunun çıxışı vardı. (Onu da qeyd edim ki, Salatının yeganə övladı da anasının yolunu davam etdirir. Ceyhun Əsgərov ANS –də “Xəbərçi” informasiya proqramının aparıcısıdır-A.S) Ceyhununa dedi ki, vəziyyət gərgin olduğu üçün verilişin hamısına baxa bilmədi. Ancaq qayıtdıqdan sonra kasetə köçürtdürüb baxacağını bildirdi.

Bundan sonra iki gün zəng vurmadı. Sərhəd rayonlarından da hər gün təhlükəli xəbərlər gəlirdi. Ailədə yaman narahat idilər. Leyla ana qəzetin redaktoruna zəng vurur, o da deyir ki, hələlik bizdə də heç bir məlumat yoxdur, xəbər bilən kimi sizə deyəcəyik.

Nəhayət, yanvarın 8-də saat yeddiyə yaxın Salatın zəng vurdu. Dəstəkdən onun səsi eşidiləndə evdəkilərin narahat baxışları ümidlə əvəz olundu. Bir xeyli danışandan sonra dedi ki, sabah evə gəlirəm. Düz saat yarıma qədər Ceyhunu ilə danışdı. Ceyhun – “ana, sənsiz çox darıxıram, tez gəl” – dedi. Darıxma, söylədi Salatın, sabah səhər sən yuxudan duranacan yanında olacağam. Həmin gün heç biri dəstəkdən ayrılmaq istəmirdi. Ceyhun – “ana, mənə avtomat da alarsan” – dedi. Dəstəklərdə donub qalan öpüşlər Salatının da ömrünü dondurur, Ceyhunu anasız dünyanın qoynuna atırdı.

Həmin gün, yəni, yanvarın səkkizi, saat on ikiyə yaxın Salatın yenidən zəng vurdu. Həyəcanını gizlətməyə çalışsa da, səsi titrəyirdi. Dedi ki, burada vəziyyət olduqca qorxuludur, hər tərəfdən mühasirədəyik. Ona görə də Ceyhuna deyin sabah məni gözləməsin. Vəziyyət yaxşılaşan kimi, tezliklə qayıdacağam. Sonra xəbər aldı ki, Ceyhun yatıbmı? Bilirdi, bilirdi ki, Ceyhun bu vaxtlar yatır.

 Onda Salatının ürəyindən Ceyhunla danışmaq arzusu keçirdi.

Gecə yarısı axırıncı dəfə doğmaları ilə danışdı. Fələyin yığdığı telefon rəqəmləri Salatına ölüm hökmü hazırlayırdı.

Yanvarın səkkizi, artıq doqquzuna keçən gecə... Qarabağda düşmənin hazırlamağa başladığı yeni qətlin ünvanı olan Salatın gecə yarısı sevimli Bakısıyla, doğmaları ilə halallaşdı.

Qara gecə hər şeyə qara nöqtə qoydu. O gecədən sonra bu ailədə səhər açılmadı.

Onun ezamiyyəti Laçına idi. Ancaq Şuşada, Qaladərəsində həlak oldu. Çoxdan tanıdığı, şəxsiyyətinə böyük hörmət etdiyi Larionovun Şuşada olduğunu eşitmişdi. Oleq Larionov o Larionov idi ki, Qazaxda Salatını ölümdən xilas etmişdi. Erməni təcavüzkarlarına qarşı aparılan əməliyyatlarda, döyüşlərdə onun mərdliyinin dəfələrlə şahidi olmuşdu Salatın. Onunla görüşmək, bu hərbçi rus oğlundan müsahibə almaq istəyində idi. O, bunu özünün vəzifə borcu hesab edirdi. Odur ki, Şuşaya getdi.

Yaşlarınız, doğulduğunuz yerlər, millətiniz, peşəniz müxtəlif olsa da, ölüm adlı amansız bir kabus birləşdirdi sizi. Bir jurnalist, üç hərbçi...

Qarabağ müharibəsinə kimi bir-birindən xəbərsiz olan bu dörd insanın faciəli ölümü isə bir-birinin oxşarı, eyni qanlı günə yazılıbmış.

Salatın Larionovla söhbət etdi. Ancaq bu söhbəti yarı yolda düşmən avtomatlarının səsi susdurdu.

Qaladərəsində açılan düşmən güllələri əvvəlcə sürücü, gənc serjant İvan Qoyekin həyatına qara nöqtə qoydu. Açılan güllələrdən sonra İvan maşını cəmi bir neçə metr irəli sürə bildi. Qan içində üzən, getdikcə rəngi ağappaq ağaran bu gənc rus oğlu keyləşmiş barmaqlarını sükandan ayırmamışdı. Barmaqları bir-birinə keçmiş, ayaqları heydən düşmüş, başı bağrı qan olan sinəsinə əyilmişdi.

Mayor İvan İvanov özünü irəli atıb Salatını, Azərbaycan qadınını güllələrdən xilas etmək istəyirdi. Ancaq... gec oldu. Özü hərbi və insanlıq borcunu yerinə yetirərkən həlak oldu.

Oleq Mixayloviç avtomatdan atəş açmağa başlayarkən artıq beş güllə yarası almışdı. Bununla belə Oleq mübarizəni davam etdirirdi. Ermənilərlə təkbaşına vuruşan Oleqin bədəni güllələrdən deşik-deşik olmuşdu. Oleq özü də billə-bilə ki, bir dəqiqədən sonra həyatda olmayacaq, yenə də geri çəkilmirdi. Azərbaycan torpağında göz yumanda da əlindəki avtomat barmaqları arasında bərk-bərk sıxılıb sinəsinə dayanmışdı. Salatının gicgahına dəyən güllə onun dünyaya sığmayan Vətən eşqini, gənc ömrünü Qarabağın qanlı yollarında yarımçıq qoydu.

Bəlkə də Salatın son nəfəsində də Ceyhunun, ölmə ana, yalvarıram yetim qoyma məni, çığırtısını eşidib. Son nəfəsində al-qan içərisində – Ceyhun deyib Salatın.

Salatınla birlikdə həmin üç rus hərbçisi, rus oğlu da Azərbaycanın haqq yolunda həlak oldular. Yəqin ki, onlar yaşasaydılar, gördükləri acı həqiqəti, dəhşətləri analarına, dostlarına, yaxınlarına daha düzgün, olduğu kimi başa sala bilərdilər. Ancaq... Elə bir gün gələcək ki, zaman özü bütün dünyaya həqiqəti açıb göstərəcək. O zaman isə torpaqlarımızı düşməndən azad edəcəyimiz gün olacaq. Bu günə isə az qalıb, lap az... O zaman isə Qarabağ uğrunda ölümü yaşamaq eşqindən qat-qat uca tutan övladlarımızın, Salatınların ruhu şad olub, əbədi rahatlıq tapacaq.

 

 

Ağanisə SULTANOVA

 

525-ci qəzet.- 2011.- 13 yanvar.- S.7.