SONUNCU FATEH
(Romandan bir parça)
(Əvvəli ötən şənbə
sayımızda)
Sərkərdənin
sarayı – atının yəhəridir.
Nadir şah Əfşar
Başın tacı –
ağıldır.
Nadir şah Əfşar
İmamqulu kişi
dağda-daşda əks-səda verən bu səsdən yerində
quruyub qaldı. İstədi desin ki, ay oğul, dədə-babalarımız
belə yerdə haqq söyləyiblər ha, “Cibində yox bir
quruşu, evində yox gür-gümüşü,
könlündən keçir şahlıq quşu”. Demədi,
daha doğrusu, elə demək istəyirdi ki, göydən
alnına düşən buz kimi soyuq bir damcı onu diksindirib
fikrindən ayırdı. Və elə bu zaman
başının lap üstündə elə bir gurultu qopdu
ki, yer-göy lərzəyə gəldi. Pələnglə Bəbir
əvvəlcə kəsik-kəsik zingildədilər, sonra bərkdən
hürməyə başladılar. Və elə ilk gurultulu
şimşək çaxmasından sonra, elə bil, ilxı
ürkdü. İmamqulu kişi ayağa qalxıb həyəcanla
dedi:
– Oğlum, ləngimə, cum
ilxının ağzını döndər üzü
enişə, yoxsa hamısı ürküb özünü gədikdən
dərəyə atacaq...
Balaca Nadir bir anda əlində
çomaq oxdan çıxmış yay kimi
götürüldü. Elə həmin anda şimşək
dalbadal bir neçə dəfə çaxdı və leysan
yağmağa başladı. Başladı, nə
başladı!
İmamqulu kişi bərk
narahat idi. Allaha yalvarırdı ki, “Ya rəbbim, rəhm elə
on iki yaşlı bu uşağa, böyük bir ilxını
tələfatdan qurtarmaq üçün güc ver!..”
Balaca Nadir artıq
atasının nə dediyini eşitmirdi:
– Bəbir, Pələng! –
deyə qaça-qaça var səsi ilə onları
çağırırdı.
İtlər onun səsinin əks-səda
verdiyi səmtə cumdular. İlxı
bölünmüşdü. Hər bölük bir
uçurumun qırağında dayanmışdı.
Gördüyü mənzərədən
dəhşətə gələn İmamqulu kişi nə edəcəyini
bilmədi:
– Gör başıma nə
bəla gəldi?!
Sonra o, başını
qaldırıb, əllərini göyə tərəf
açdı:
– Ey Allah, ey yoxsulların, məzlumların
pənahı Allah. – dedi. – Özün köməyə gəl!
Ey ərhəmərrahimin, məni el içində məyusi-məbud
eləmə!..
Yağış
yağmağına, İmamqulu kişi də Allaha yalvar-yaxar
etməyinə ara vermirdi:
– Mənə deyən gərək,
axı, sənin bu Dərəgözdə nə işin
vardı ki, indi durub Xıdır İlyası da imdada
çağırasan...
Balaca Nadir isə bu zaman
yüyürərək,
çığıra-çığara Pələnglə Bəbirin
köməyi ilə ilxını sağdan-soldan qabaqlayıb
enişaşağı, gəldikləri yeganə dar
cığıra tərəf aparmağa
çalışırdı.
Göylər isə hikkəsindən
çatlayırdı. Qara buludların qoynunda yatmış
sehrli qüvvənin, elə bil, tilsimi sınmışdı.
Qorxunc gurultu kəsmək bilmirdi; bir yandan
gözqamaşdıran şimşək çaxır, bir
yandan da leysan göz açmağa imkan vermirdi. Pələnglə
Bəbir sanki vəziyyətin nə yerdə olduğunu əməlli-başlı
bilirdilər və hərəsi bir tərəfdən hürə-hürə
ilxının ağzını yeganə dar cığırla
enişə sarı döndərirdilər.
Ən böyük çətinlik
bunda idi ki, ilxı sanki heç nə görmürdü, təşviş
içində başını qaldırıb hara gəldi
gedirdi və vurnuxa-vurnuxa şimşəklərdən,
göylərin gurultusundan qaçıb birtəhər
canını qurtarmağa çalışırdı. Bu
cür “canqurtarma” onları bir fəlakətdən
uzaqlaşdırsa da, başqa bir fəlakətin ağuşuna
– uçuruma atırdı. Pələnglə Bəbir qabaq cərgələri
uçurumun ağzında saxlasa da, arxadan gələn yüzlərlə
at onları itələyib, dibi görünməyən
uçuruma tökə bilərdi.
Əlində zoğal
çomağı, əyni-başı başdan-başa su
içində olan on iki yaşlı balaca Nadir isə yorulmaq nə
olduğunu bilmədən güllə kimi özünü yenə
də ilxının gah sağına, gah da soluna vururdu.
Xoşbəxtlikdən hələ
gündüz idi. Qara buludlar günəşin üzünü
örtsə də, işığını tam
qaraltmamışdı. Göy gurultusu bir qədər ara versə
də, şimşək və yağış kəsmək
bilmirdi. Qəribədi ki, İmamqulu kişi bərk təlaş
keçirsə də, balaca Nadir özünü tox tuturdu.
Atlar tədricən ipə-sapa yatıb, onun iradəsinə
tabe olurdular.
Balaca Nadir zil səsi ilə
o qədər qışqırmışdı ki!.. Onun yerinə
kim olsaydı, yəqin səsi çoxdan batmışdı.
Təhlükə tam
sovuşmamışdı. İlxının ağzını
bir yerə yığmaq müşkül iş idi. Bir tərəfini
kəsəndə, o biri tərəfə qaçırdı.
Tərs kimi, hər iki tərəf də yarğan və dibi
görünməyən uçurum idi. Əgər qabaq cərgə
aşağı yuvarlansaydı, arxadan gələnlərin
qabağını almaq mümkün olmayacaqdı.
Balaca Nadir özünü
atların qabağına atıb, amiranə səslə:
– Dayan! – deyib
qışqırırdı. – Göydəmir hara gedirsən?
Qaşqa dur, geri qayıt! – Qəribədir ki, ilxı da ipə-sapa
yatıb dururdu. İstənilən an ürkmüş at onu
ayaqları altına alıb, bir göz qırpımında
çığnaya bilərdi. Uca boyu, amiranə səsi, bir də
Pələnglə Bəbirin zəhmi ilxının
canındakı qorxunu səngidə bildi...
Balaca Nadirin keyfi
durulmuşdu. Fikirləşdi ki, əgər özümə
güvənib yüzə yaxın şüursuz atı istədiyim
səmtə yönəldə bildimsə, onda, şüurlu
insanları niyə idarə edə bilməyim? İstəsəm
ətrafıma bundan qat-qat çox insan yığa bilmərəmmi?...
Axı, atam elə indicə yuxuda şah olduğumu
görmüşdü!
Ən qəribəsi bu idi
ki, elə bil, bu müdhiş leysan ilə tale onu sınağa
çəkmişdi: “Sənmi şah olacaqsan?..”
Budur, on iki yaşlı
oğlan ilxını böyük fəlakətin pəncəsindən
qurtarmışdı. Bundan sonra hansı gözlənilməz
hadisə, ya da hansı bir canlı məxluq onun iradəsinə
ram olmazdı? Analar bu cür oğulu hər zaman doğmur!
– Doğrudur, – deyə balaca
Nadir düşündü, – bu gün ilxını atamla
birlikdə Qaraçəmən gədiyinə gətirməklə
düz iş görməmişik. Gərək böyük
qardaşlarımdan, əmim uşaqlarından birini də
köməkçi götürəydik. Və gələn dəfə,
əlbəttə, belə etməliyik.
Amma yox, bəlkə də
tale onu, onun əzmini və iradəsini sınağa çəkmək
üçün bu qəfil leysanı göndərmişdi...
Taqətdən tamam
düşsə də, bütün əzaları ilə hiss
edirdi ki, qorxu üzərində qələbə
çalmışdır! Artıq ilxı da əldən
düşüb sakitləşmişdi – dar cığırla,
yavaş-yavaş aşağıya – düzənliyə tərəf
üz tutmuşdu. Amma qorxu-ürkü yazıq heyvanların
canından hələ də çıxmamışdı, – hərdən
ağız-ağıza verib astadan kişnəyirdilər,
sanki tədricən özlərinə gəlir, ipə-sapa
yatırdılar. Göylər də, elə bil, çətin
sınağını başa çatdırıb susmuşdu,
yağış da səngimişdi.
Balaca Nadir bədəninin
titrədiyini hiss etdi. Amma bu, yağmurlu havanın gətirdiyi
soyuqdan çox, bayaqdan yay kimi
yığılıb-açılan bədənində heyin
qalmamasından irəli gəlirdi. Bir az dincini alandan sonra əzaları
yəqin ki, əvvəlki halına dönəcəkdi. O, sadəcə
su istəyirdi. Çünki ürəyi yanırdı. Dili-dodağı
qurumuşdu. Amma ən yaxındakı bulağa getməyə
ayaqlarında taqət, ürəyində gir
qalmamışdı.
İmamqulu kişi oğlunun
hələ də həyəcan içində əldən-ayaqdan
düşdüyünü hiss edib, ona yaxınlaşdı.
Balaca Nadir atasına dedi:
– Dədə, bir az su ver!
– Bu saat, bu saat, mənim
balam.
İmamqulu kişi atın tərkinə
aşırdığı heybədən
çıxartdığı fincanı yaxınlıqdakı
bulaqdan su ilə dolduraraq titrək əlləri ilə
uşağa sarı uzatdı. Balaca Nadir suyu birnəfəsə
içdi. Atası gördü ki, uşaq heç
özündə deyil. Dizlərinin taqəti tükənib,
yorğun gözləri süzülüb gedir. Tez onu soyundurub,
öz quru paltarına bürüdü. Amma uşaq yenə
titrəyirdi. Bəlkə də əməlli-başlı
soyuqlamışdı. Bir azdan İmamqulu kişi balaca Nadirin əllərindən
tutub ayağa qaldırdı:
– Dur, kəhərə min,
oğlum, çox yorulubsan.
Balaca Nadir sol
ayağını üzəngiyə qoyub, atın belinə
qalxdı. Atası eniş qurtarana kimi atın yüyənindən
tutub, paypiyada getdi. Uşaq yatmasın deyə hərdən
ordan-burdan söhbət edirdi:
– Bala, bir gün dəvəyə
dedilər: – Eniş yaxşıdır, yoxsa yoxuş? Dedi: – Belində
yük varsa, lənət olsun ikisinə də!
İmamqulu kişi bunu deyib,
yorğunluqdan taqətsiz dayanmış oğluna baxdı.
Sonra davam etdi:
– Hə, ay bala, burası da
var ki, atalar demişkən, insan əməyi, peyğəmbər
ətəyi... İnşallah, bir azdan evimizə
çatarıq, isti süd içərsən, əvəlikli
umacdan, lobyalı əriştədən yeyib, yatarsan,
yorğunluğun çıxar, sabaha yaxşı olarsan...
Onlar – ata-bala ilxının
arxasınca düşüb ağır-ağır enişin
axırına yaxınlaşırdılar. Lap arxadan gələn
itlər ləhləyə-ləhləyə qulaqlarını
şəkləyib, ora-bura baxırdılar.
At üstə oturan balaca
Nadiri yuxu aparırdı. Ancaq o özünü güclə də
olsa, saxlayırdı.
Pələnglə Bəbirin
müşayiəti ilə ilxı ağır-ağır kələ-kötür
cığırla Xorasanın ucsuz – bucaqsız yarımsəhralarına
doğru irəliləyirdi.
İlxı tox idi və
artıq parçalanıb dağılan buludların
arxasından bərq vuran qürub günəşinin tünd
qırmızı şəfəqləri altında
başlarını yüngülcə tərpədə-tərpədə
irəliləyirdi.
Atın yəhərində
mürgüləyən balaca Nadir bu gün taleyin
imtahanından üzüağ çıxmışdı;
sabah bu əhvalatın bütün Xabuşan mahalına
yayılacağı, özündən böyük-kiçik
uşaqların ona həsədlə baxacaqları, kişilərin
sübh çağı öz atlarını gətirib,
ilxıya qatarkən onu nəvazişlə qucaqlayacaqları,
üzünü öpəcəkləri barədə
düşüncələrə qərq olmuşdu. Əbəs
yerə deyildi ki, həmyaşıdlarından fərqli olaraq,
o, mədrəsəyə – molla yanına getməsə də,
həyat məktəbində – güləşdə, at
çapmaqda, ox atmaqda, alver işlərində
çoxlarından fərasətli idi.
Balaca Nadir əvvəllər
dönə-dönə atası ilə, sonralar isə
özündən kiçik qardaşı İbrahimlə Məşhədə
gedib, ilxılarındakı atlardan satmış, qiymət və
pul məsələlərini həll etmişdi. Bazarın
yaşlı qəssab və un, şəkər, sabun
satanları bu balaca oğlanın diribaşlığından
təəccüblənərək haqq-hesabı həmişə
təmiz aparırdılar. Həmyaşıdlarına gəldikdə
isə, nəinki kənddəki tay – tuşları, hətta Məşhəddə
olan böyük-böyük oğlanlar da onun başına
yığışardılar və heç kimin onun bir
sözünü iki eləməyə cürəti
çatmazdı, əksinə, kənddə dirədöymə,
çilingağac, əlməndə oyunları zamanı
hamı çalışardı ki, onun dəstəsində
olsun. O, öz çevikliyi ilə də hamını valeh edərdi...
Axşamüstü bu əhvalat
ildırım sürətilə hər yana yayıldı. On
iki yaşlı balaca Nadirin itlərin köməyi ilə
ilxını uçuruma tökülməkdən xilas etməsi
görünməmiş hadisə idi. Kənd
ağsaqqalları dəstə-dəstə onlara gəlirdilər.
Hərə ona bir şey bağışlayırdı. Biri məxmər
köynək, biri naxışlı başmaq, biri
qırmızı çəkmə, biri ilməli yun corab,
qoyun-quzusu çox olanlar quzu, hətta xalça və
qızıl onluq hədiyyə edənlər də vardı.
Arvadlar da halva, paxlava və başqa şirniyyatlar gətirirdilər.
Zarafat deyil, onun sayəsində, bütün kənd əhlinin
atları xilas olmuşdu.
Birdən həyətdə səs-küy
eşidildi. Hamı çölə çıxdı. Gələn
kor qocaya el içində hamı sehrkar Həsənəli baba
deyirdi. O evə gircək:
– Hanı o? – dedi və əllərini
irəli uzatdı.
İmamqulu kişi balaca
Nadiri ona sarı apardı. Gözlərindən yuxu
tökülsə də, o, sehrkar qocanın qabağında
şax dayandı. Hamı səssiz-səmirsiz, hələ
indiyə kimi bir sözü də yalan çıxmayan sehrkar
Həsənəlinin nə deyəcəyini gözləyirdi.
O, əlləri ilə nəsə axtarırmış kimi
uşağın üzünü, sonra isə
başını və alnını xeyli
sığalladıqdan sonra:
– Hamınız
çıxın, – dedi. – Burda təkcə İmamqulu kişi
qalsın.
Evdəkilər bir-bir
çölə çıxdılar. Yorğunluqdan, az qala,
gözləri yumulan balaca Nadir bu əhvalatın nə vaxt
qurtaracağını səbirsizliklə gözləyirdi. Nəhayət,
torpaq döşəməli otaqda balaca Nadir, atası və
sehrkar Həsənəli qaldı.
Sehrkar Həsənəli
dedi:
– İmamqulu kişi, vay
halına, sənin bu oğluna cəmi Xorasan azlıq edəcək.
O an İmamqulu kişi
alnını ovuşdurub, fikrə qərq oldu və gədikdə
gördüyü yuxunu xatırlayıb, gah oğluna, gah da
sehrkar Həsənəliyə baxdı. Ürəyində: “Bəlkə
o, bayaq uşağın dağa-daşa səs salan “Şah
olacağam!” kəlməsini eşidib?!”. Sehrkar Həsənəli
isə daxmanın bir küncünə çəkilib sanki
öz-özünə:
– Bu uşaqda bağlı
düyünləri açan iradə var... – deyib
dodağının altında mızıldandı. – Amma gərək
yaxşı günlərində belə, pislikləri
unutmasın, yəni bəxti gətirsə də, gətirməsə
də, bədbəxtliyi yaddan çıxarmasın...- Sonra səsini
qaldırıb ucadan: – Hə, hə, bədbəxtliyi gərək
yaddan çıxarmasın!
İmamqulu kişi əllərini
açıb göyə qaldırdı:
– İlahi, səndən
gözlərimə nur istəmirəm, oğluma ağıl
ver, güc-qüvvət ver, onu bəlalardan hifz elə!
Xəyalların qapısında
...Ata-anasının
xeyir-duaları müstəcəb olmuşdu: başına
sarı sünbüllərdən tac düzəldib qoyan həmin
uşaq boya-başa çatdı, igid bir oğlan oldu.
Müharibələr apardı, qələbələr
qazandı. Şahlıq taxt-tacında oturdu. On bir il idi ki,
başında qızıl tac gəzdirirdi. Amma bu illərdə
ilk dəfə idi ki, sehrkar Həsənəlinin səsi
qulaqlarında dönə-dönə əks-səda verirdi: “Bədbəxtliyi
yaddan çıxarmasın!”
Bir vaxt mürgülü
gözləri ilə sehrkar Həsənəliyə baxan balaca
Nadir indi xəyal və düşüncələrin
qapısında dayanıb öz-özünə
pıçıldayırdı: “Bədbəxtliyi. Demək,
sehrkar Həsənəli, doğrudan da, uzaqgörən imiş,
həqiqəti söyləyirmiş. Hə, o gündən
düz qırx yeddi il ötüb... Qırx yeddi il... Allah nəzərlərini
üstümdən əskik eləmədi. Bəxtim gətirdi,
yadellilərin əsarəti altında qalan
torpaqlarımızı azad etdim, hələ üstəlik Səmərqənddən
Hindistanadək böyük bir ərazini tutdum... Əfşarlar
səltənətini yaratdım, amma farslar demişkən,
çifayda, ən xoşbəxt anlarımda sehrkar Həsənəlinin
dediyi kimi, bəbəxtliyi unutdum. Unutdum ki, sevgi ilə nifrət
bir yerdə olduğu kimi, xoşbəxtliklə bədbəxtlik
də kölgə kimi adamın arxasınca bir yerdə
sürünür, ətrafında gəzib-dolaşır...”
O, dərindən köks
ötürüb, Kəlat qalasına gedən yola boylandı.
Nəvələri, oğulları bir-bir gözlərinin
önünə gəldi...
“Bilmirəm, bilmirəm,
görəsən, onlardan hər hansı biri məndən
sonra taxt-taca sahib çıxıb, Əfşarlar səltənətini
qoruya biləcəkmi?.. Onlar şah övladıdırlar. Mənimsə
atam kürktikən olmuşdu, ilxı saxlayan sadə bir adam
idi. Mən də uşaq olmuşam. Bir dəfə atama
böyük bir inamla şah olacağımı söyləmişdim.
Düzdü, ata-anama bu arzuma çatdığım
günü görmək nəsib olmadı. Amma mən istəyirəm
ki, gözlərim baxa-baxa övladlarımdan biri qurduğum bu
böyük səltənəti idarə etsin... Onlar isə hələ
də təcrübəsiz olduqlarını bəhanə edirlər.
Heyhat, kaş, böyük oğlum Rzaqulunun gözlərini
çıxartdırmayaydım... Doğrudanmı, mən təkcə
onu deyil, Əfşarlar səltənətinin də gözlərini
kor etdim? Axı niyə? Məni buna vadar edən nə idi?
İlahi, məni bu əzabdan qurtar, aradan illər ötsə
də, bu kədərin
ağrısını-acısını qəlbimdə daha
çox hiss edirəm, dəhşətin
böyüklüyünü anlayıram...”
Anasının səsi
qulaqlarına gəldi: “Can bala, niyə fikir dəryasına qərq
olub, naçar qalıbsan? Buradan uzaqlaş! Nə qədər
ki, gec deyil, atına min, çəkil Allah qalasına1... Qəzəbinin
cilovunu çək, qılıncını yerə qoy, o
dörd çıqqalı papağını da qoy
qabağına, yaxşı-yaxşı fikirləş!”
Uşaq
çağlarında başını anasının dizləri
üstə qoyanda canı rahatlıq tapardı. Yeniyetmə
yaşına çatanda da bu vərdişini tərgitməmişdi.
Xəyal çəkib onu yenə keçmişə –
analı günlərinə apardı.
ANA ÖYÜDÜ
...1704-cü ilin yazı idi.
Dəstgirddə gül-gülü
çağırırdı, bülbül-bülbülü.
Çəpərlərinin üstünə əlçim-əlçim
yapağı2 sərilmiş həyət-bacalardan yasəmən
ətri gəlirdi. O gün ilxı kəndin lap
yaxınlığındakı otlaqda otlayırdı.
Günorta cəmi Xorasan
camaatı kimi dəstgirdlilər də nahar vaxtı Allahın
verdiyindən yeyib, zöhr namazını
qılmışdı. İndi də kimi məscidin
böyründə ağacların kölgəsində
oturmuşdu, kimi də yorğunluğunu canından
çıxartmaq üçün evində rahat mütəkkə
və balışlara dirsəklənib istirahət edirdı.
Nadir də evə gəlib, əl-üzünü yudu, nahar
edib, bir az dincəlmək istədi.
Qardaşı İbrahim
anasının bişirdiyi əvəlikli çilovdan doyuca yeyəndən
sonra bardaş qurub kürəyini divara söykəmişdi.
Nadir isə başını anasının dizinə qoyub,
gözlərini hisli-paslı daxmanın tavanına zilləmişdi.
İmamqulu kişi
dünyasını dəyişəndən sonra Gövhərbəyim
ana onlara tez-tez keçmişdən söhbət
açır, başlarını qatırdı... Sanki bu
söhbətlərlə özü də təsəlli
tapırdı, hüzünlü qəlbini qəmli fikirlərin
cəngindən qurtarıb, eynini açırdı.
– Hər şeyi verən də
Allahdı, alan da, elə gözəlliyi də,
cavanlığı da, – deyə Gövhərbəyim ana
növbəti dəfə elədiyi söhbətə
aşıqsayağı xitam vermək isdədi.
– Hə, su sonası kimi o
xanım-xatın qız da gözəl idi: ürək
açan, işıq saçan, gözün süzən,
canlar üzən, düymə düzən, süzgün baxan,
güllü-reyhan, qönçə dəhan, bir sözlə,
gəl məni gör, dərdimdən öl!..
– Bu cür söhbətləri
kimdən öyrənmisən, ana? – deyə İbrahim
soruşanda, Gövhərbəyim ana nəvazişlə onun
da, on beş yaşlı Nadirin də qıvrım
saçlarına sığal çəkə-çəkə
dedi:
– Ulu nənəniz Şahbəyimin
bilməcələri-gülməcələri tayfanın
bütün qız-gəlinlərinin dilində-ağzında əzbərdi.
“Yusif-Züleyxa” dastanını nəql eləyəndə hətta
tayfanın mərhəm kişiləri də gəlib ona qulaq
asardılar...
– Ana, bə bizi Dərəgözdə
niyə Qırıxlı deyə nişan verirlər?..
– Bizim Əfşar tayfası
Qırıxlı, bir də Qasımlı törəmələrindən
bin tutub. Ulu babalarınız Qırıxlı
tayfasındandır. Qırıxlı tayfasını Şah
İsmayıl zamanında Azərbaycandan bura – Xorasana
köçürüblər. Bu yerlər Əfşar
tayfasına özbək basqınçılarının
hücumlarını dəf etdiyinə görə soyurğal3
kimi verilib.
Xorasanın
axarlı-baxarlı Kəbkan kəndi – sərin çeşməli
Allahu-Əkbər dağları şahın yaylaq yerləri, həm
də yay düşərgəsi imiş. Buranın bir adı
da qədimdən Dərbəndi kimi tanınıb. Bizim əfşarlar
Şah İsmayılın güvənib etibar etdiyi yeddi
tayfadan biri – bəlkə də ən birincisi olub... Səfəvi
şahlarının sarayında Əfşar
qızılbaşları məşhuru-cahan olublar. Bu tayfa Əhməd
Sultan, Şahruh bəy Əfşar, Xəlil bəy Əfşar
kimi adlı-sanlı sərkərdələri, neçə-neçə
mərd oğulları ilə ad-san qazanıb. Şah
İsmayıl, Qəndahar vilayətində Səfəvi xanədanına
qarşı baş vermiş üsyanı yatırmağı
Şahruh bəy Əfşara həvalə etmişdi.
– Ana, bəs, Şahbəyim
nənə demirdi ki, bizim tayfaya nəyə görə Əfşar
deyiblər?
Gövhərbəyim ana bu dəfə
İbrahimin başını tumarladı:
– Qədim-qayımdan əfşar
– öz işini bilən və tez görən adama deyərmişlər.
Bu tayfa da öz başçısının adı ilə – Əfşarla
tanınıb. Müharibə zamanı Əfşar ulu əcdadımız
Oğuz dədənin həmişə sağında
döyüşərmiş. Türk oğlu türkə məxsus
olan ucsuz-bucaqsız torpaqlarda əfşarlar şanına
şayan olan əfsanəvi ad-san qazanmışdılar.
Oğuz türkləri Türküstandan Aralıq dənizinəcən,
Qafqazdan Kəngər4 körfəzinəcən böyük ərazidə
dövlət qurmuşlar. Səlcuqilər əyyamında Əfşar
elinin şöhrəti aləmi bürümüşdü. “Əfşar”
sözü yağıların arasında elə vahimə
yaratmışdı ki, onlar öz uşaqlarını
“Off...şar gəldi” deyə qorxuzurdular. Amma ulu
olmuşların dediyinə görə, Çingiz xanın
yürüşü zamanı Azərbaycanda məskən salan
əfşarlar itaətsizlik etdiklərinə görə
ora-bura sürgün ediliblər. Əvvəllər elə
Asiyadan – Gündoğar məmləkətlərdən
Çingiz xanın zülmündən baş
götürüb buralara köçüb gələn əfşarlar
da az olmayıb. Burada kök atıb şaxələnsələr
də, bəla arxalarınca düşüb, onlardan əl
çəkməyib. Çingiz xanın oğlu Cücü
xan hökmdar olanda monqol-tatarlar ən gözəl
qızlarımızı əsir kimi aparıblar...
Şahbəyim nənəmiz
özündən böyük ağbirçəklərin
dilindən belə bir kövrək bayatı
çağırardı:
Apardı tatar məni,
Qul edib satar məni.
Yarım vəfalı olsa,
Axtarıb tapar məni...
Gövhərbəyim ana riqqətə
gəlib kövrəldi. Gözləri nəmləndi. Sonra
özünü əla alıb, sözünə davam etdi:
– Hə, Kəbkan kəndi
Şah İsmayıldan sonralar da, elə Şah Abbas cənnətməkanın
zamanında da yaylaq yeri kimi qaldı. Bizim Qırıxlı
camaatı hər payız Allahu-Əkbər dağından
qışlağa enərdi. O zaman rəhmətlik atanız
çarvadarlıq edərdi. El arasında çodar
İmamqulu deyərdilər ona. Köçün
yükünü dəvələrlə yaylaqdan
qışlağa, qışlaqdan yaylağa aparardı.
Çarvadarın bir işi-gücü də ata minib, əvvəlcədən
dağlarda yaxşı yaylaq yeri manşırlamaq – tapmaq idi.
Nadir elə bil, qəfil
yuxudan ayıldı:
– Hə, hə, bir dəfə
dağdan enəndə huş məni aparırdı. Dədəm
deyirdi ki, dəvədən sorşurlar ki, eniş
yaxşıdır, ya yoxuş? Dəvə də
qayıdıb deyib ki, belində yük varsa, enişə də
lənət, yoxuşa da... İndi bildim, dədəm o məsəli
niyə tez-tez çəkirdi.
Gövhərbəyim ana:
– Eniş-yoxuş elə adam
üçün də ağırdır, bala! İllah da,
ikicanlı olanda. Nadir, sən boynumda olanda yaylaq vaxtı
qurtarhaqurtarda idi. Köç arana yola düşmuşdü.
Dağdan aşağı əzab-əziyyətlə enirdim. Məhərrəm
ayının iyirmi səkkizinci günü idi5. Bura – Dəstgird
kəndinə çatar-çatmaz sancım tutdu.
Qırıxlıya hələ çox yol vardı. Havalar da
soyumuşdu. Atan dəvəni xıxırdıb, belinə
aşırdığı iri xurcundan çadırı
çıxardıb qurdu. Əlqərəz, oradaca azad oldum – sən
dünyaya gəldin... Atan səni babanın adı ilə
çağırdı.
Nadir soruşdu:
– Ana dədəmin o
çadırı qurduğu yeri mənə göstərərsənmi?
– Oranı neynirsən ki,
başına dönüm?..
– Allah qoysa, şah olanda,
orada böyük Mövludxana6 tikdirəcəyəm.
– Oğlum, yavaş
danış, yerin də qulağı var, birdən Allah eləməmiş,
gedib İsfahanda Şah Sultan Hüseynin qulağına
çatar...
Nadir
gülümsündü:
– Rəhmətlik dədəm
də belə deyərdi. Allah eləsin ki, gedib çatsın.
O əyyaşın məmləkətdən xəbəri
olsaydı, onun-bunun ayağı altında qalmazdıq ki... Elə
bil, damarlarından heç Səfəvi qanı axmır...
Gövhərbəyim ananın
üzünün ifadəsi qəfil dəyişdi:
– Eh, gözümün
işığı, saraylarda olan söz-söhbətlər nə
dərə-təpə tanıyır, nə də
uşaq-böyük, pis xəstəlik kimi yayılır.
Allah-təala yenə bu məmləkətə Şah
İsmayıl kimi bir igid sərkərdə nəsib edər
inşallah, sinədəftər söz sərrafları
demişkən, bu cahan ərənlərin meydanıdır.
İgidin adını eşit, üzünü görmə! Bəlkə
o igid, bizim eldə-obadadır? Allah sənin də hər nə
muradın varsa, hasil eləsin...
– Onda sən, bizə Şah
İsmayılın şücaətindən danış,
ana...
Bu zaman bayırdan
tükürpədən qışqırıq səsləri gəldi.
Gövhərbəyim ana təşviş içində
uşaqlarının üzünə baxıb udqundu:
– Aman Allah, bu nə səsdir,
yoxsa kəndə quldurlar basqın edib?..
Hay-həşir səsinə
çölə çıxdılar. Dərəgözə
hücum edən özbəklər evləri
yağmalayırdılar.
Xorasan əhli yadelli
talançıların bu cür basqınlarına öyrəncəli
olsa da, həyəcanla ayağa qalxmışdı. Kimi
qapılarını, darvazalarını bağlayırdı,
kimi yaraq-yasağını götürüb quldurlarla
savaşırdı, kimi də evində qiymətli nə
vardısa, xurcuna yığıb, hara gəldi
qaçırdı... İtlərin həyəcanlı
hürüşü, atların kişnərtisi, mal-qaranın
böyürtüsü, qoyun-quzunun mələşməsi,
qadınların şivən səsi Dərəgözü
başına götürmüşdü. Ətrafa ətir
saçan gül-çiçəkli bağ-bağçalar
qaçaq-quldurun tapdağı altında qalmışdı.
Ot-ələf yığılmış tayalar, samanlıqlar
od tutub yanırdı. Tüstüsü get-gedə göyə
bülənd olan kənddə yalnız cümə məscidinə
sığınanlar basqınçıların əlindən
yaxalarını qurtara bilmişdilər.
1 El arasında Kəlat Allah
tərəfindən yaradılmış qəsr və qala
adlandırılırdı.
2 yapağı – yazda
qırxılan qoyun yunu
3 soyurğal – nəsil, qəbilə
torpaqları
4 Kəngər – indiki Fars
körfəzi.
5 Nadir şah hicri tarixiylə
1100-cü ildə məhərrəm ayının 28-də,
Milad təqviminə görə 22 noyabr 1688-ci ildə
dünyaya gəlib
6 Mövludxana – doğum evi
Hüseynbala MİRƏLƏMOV
525-ci qəzet.- 2011.- 15 yanvar.- S.28-29.