Tarixi həqiqət və müasir gerçəklik

 

Öz qısamüddətli müşahidələrini təxəyyül süzgəcindən keçirib, ümumiləşdirib, güclü emosional şeiriyyətlə ifadə etmək qabiliyyətini Zəlimxan Yaqub hələ Özbəkistanda təsadüfən rastlaşdığı Sürgün adlı gəncin taleyinə həsr etdiyi poemanı yazanda göstərmişdi. “İçimdə ağlayan Krım” məktub-poeması şairin həm qabiliyyətini, həm də dediyim kimi, qısamüddətli müşahidələrindən böyük yaradıcılıq məhsulu yaratmaq bacarığını yenidən göstərdi. Bu ilin may-avqust aylarında Krımın tarixi, taleyi ilə maraqlanmasının nəticəsi kimi yaranan “İçimdə ağlayan Krım” xalq şairi Zəlimxan Yaqubun yeni yaradıcılıq müvəffəqiyyətidir.

Müvəffəqiyyət çox işlənmiş kəlmədir. Şairin bu dəfəki müvəffəqiyyətini mən daha çox işlənsə də, siqlətini saxlayan nailiyyət sözü ilə əvəz edirəm. Çünki bu hərtərəfli-çoxcəhətli, həm formaca, həm məzmunca son dərəcə yeni, orijinal əsər nailiyyətidir. Yeniliklə orijinallıq lap ilk səhifədən, bütün həyatını vətəndən uzaqda – Londonda keçirmiş doxsan bir yaşlı böyük Tatar-Türk yazıçısı Çingiz Dağçının Zəlimxan Yaquba məktubu ilə başlanır. Mən bu məktubdan sitat gətirməkdən özümü saxlaya bilmədim: “Eşitdim ki, gəlmisən. Həmişə bizim olan, indi bizim olmayan Krıma! Sümüyümə dammışdı, ruhuma əyan olmuşdu ki, gələn var. Sənin gəlişin mənim saralan arzularımın, solan diləklərimin, puç olan ümidlərimin külünü üfürdü, qorunu oyatdı, közünü tərpətdi, qaranlığını aydınlığa, qürbətimi vətənə çevirdi. Ağməsciddən (indiki Simferopoldan) cəmisi dörd-beş kilometr məsafədə – Çukurcada anadan oldum. Beşiyim burda yırğalansa da, taleyim qürbətə qismət oldu. Qərib kimdir, qürbət nədir, sürgün olmaq nə deməkdir, hamısını gördü mənim kor olmuş gözlərim, hamısını eşitdi mənim bu kar olmuş qulaqlarım, hamısını çəkdi mənim bu bəlalı başım. “Xanlıq dövründə beş milyon olan Krım tatarlarının sayı böyük köçlərdən, qətllərdən sonra üç yüz minə endirilmişdir. Çar Rusiyasının Krımı Krım tatarlarından təmizləmək arzusunu ikinci dünya müharibəsinin sonunda Sovet Rusiyası bir həmlədə həyata keçirdi.” “Yansılar” adlı romanımdan gətirdiyim bu misal xəyal deyil. XX əsrin amansız həqiqəti, acı səhnəsidir. Biz Krım türkləri bu faciənin günahsız qurbanlarıyıq, mənim oğlum! Qələmini işə sal, fikrini cilovla, ilhamını çağır, bizim dərdimizi ozan dilində, oğuz dilində dilə-qələmə gətir. Gör mən nələr çəkmişəm, gör biz nələr çəkmişik və bu gün də nələr çəkirik, mənim oğlum!”

Çingiz bəyin bu məktubunda Tatar-Türk xalqının çəkdiyi müsibətlər nə qədər ağrılı-acılı qələmlə ifadə olunubsa Zəlimxan Yaqubun Çingiz bəyə cavab məktubunda da bir o qədər dərdli-ələmli ifadələrlə qələmə alınıb; bu məqalənin əvvəlində Zəlimxanın məktubundan da sitat gətirməyə bilmədim: “Krım torpağından yazıram. O Krım torpağından ki, onun dərdləri sənə “Yansılar”, “Annamə məktublar”, “Yurdunu itirən adam”, “Onlar da insandı”, “O torpaqlar bizimdi”, “Badam budağından asılan körpələr” adlı əsərlər, başdan ayağa böyük əzablardan yoğrulmuş kitablar yazdırıb.

Biz ruh və qan qohumu olmaqla yanaşı, həm də dərd qohumuyuq. XX əsrin əvvəllərində və ortalarında – kolxozlaşma dövrlərində və ikinci dünya savaşı illərində Krım türklərinin başına açılan oyunlar elə həmin dövrlərdə və doxsanıncı illərdə biz Azərbaycan türklərinin, Qərbi azərbaycanlıların, və Borçalı türklərinin də başına gətirildi, Çingiz ağa!.. Qara dəniz sahillərindən dağlara boylanıram. Hər yerdə səni, sənin yaratdığın obrazları, tanıdığın insanları axtarıram. Hara baxıramsa sənin gözlərinlə baxıram, sənin dilinlə danışıram, sənin ruhunla pıçıldaşıram. Sənin ayağınla yeriyirəm, sənin yaratdığın obrazları doğulduğum Kəpənəkçi kəndinin adamları kimi tanıyıb sevirəm... Mən də sənin saydığın dərdləri içimdə gəzdirə-gəzdirə, qovrula-qovrula Krım dərdlərinin dərinliyinə enmək üçün həmdərd axtarıram. Qocaları axtardım. Ağsaqqalmı qalmışdı o illəri xatırlayaydı?! Hamısının kökünü kəsmişdilər. Krım yaylalarından cavan oğlanlar, körpə uşaqlar vardı ki, onlarla danışmağa çətinlik çəkirdim. Ümidim yenə təbiətə, daşlara, qayalara qaldı. Krımın dünyada bənzəri olmayan qayalarına qaldı. Axtara-axtara bir meşənin içində “Ağlayan qayanı” tapdım. Ömrü neçə min illərin sirrinə sirdaş, yoluna yoldaş olan bu qaya bədbəxt və talesiz, qərib və kimsəsiz bir insan kimi gecə-gündüz əməlli-başlı göz yaşı töküb ağlayır.

 

Dər dəymişi,

Budaqdan dər dəymişi.

Mən özüm dərd əhliyəm,

Tanıram dərd əymişi.

 

İki dərdli bir-birinə tapışdı. Ağlayan qaya ilə söhbətimiz tutdu, səni tapa bilməsəm də mən öz həmsöhbətimi tapmışdım. İnsanlarla danışmaq mümkün olmayanda nə yaxşı ki, qayalar varmış. Sərt, uca, möhtəşəm, kövrək, sirr saxlayan, dərdli həmsöhbətə möcüzə ilə sirr açan qayalar! Dərdli Vətənin dil açan rəmzi qayaları!!!”

Və məhz bu məqamda şairin qısamüddətli müşahidələrindən, sarsıntılı təəssüratlarından doğulan sızıltılı, göynərtili şeiri yaranır və mən o sızıltılı, göynərtili, dərdliləmli misraları təkrar etməyə bilmirəm:

 

Niyə ağlayırsan, ağlayan qaya,

Dünyanın ən ağır qayğılarını

Yaralı çiynində saxlayan qaya!

Mən çox ağlamışam, nə qazanmışam,

Sən çox ağlayasan, nə qazanasan.

Tapdanan haqları yerinə qoymaq,

Sənə o qədər də gəlməsin asan.

Bir də görəcəksən qan ağlamaqdan,

Tükənib gözünün yaşı qalmayıb.

 

Qayanın demədiklərini Çingiz bəyin fəryadı deyir:

 

Allahsızlar at üstə,

Allahlılar piyada.

Didildik, parçalandıq,

Dağda, daşda, qayada,

Biz sürgünə gedəndə.

 

Göyün nuru yox idi,

Ayın bərqi yox idi.

Ölü, yoxsa diriyik,

Bizə fərqi yox idi.

Səsi dəfn eləmişdik,

Nəğmə, şərqi yox idi,

Biz sürgünə gedəndə.

 

Ölü qaytarammadıq,

Diri qaytarammadıq,

Eldən ayrılanları

Geri qaytarammadıq.

Zor Allahlıq elədi,

Yeri, yurdu, torpağı,

Geri qaytarammadıq

Biz sürgünə gedəndə.

 

Cəsəd çöllərdə qaldı,

Öləni basdırmadıq.

Bizə qan qusdurdular,

Yada qan qusdurmadıq,

Biz sürgünə gedəndə.

 

Bizi aparmışdılar,

Otu bitməyən yerə.

Suyu axmayan yerə.

İnsan necə sığınsın,

Allah baxmayan yerə!

 

Çingiz Dağçının bu ikinci məktubundakı dərdləri saymaqla qurtarmaq olmaz. Bu dərdlərdən ən dərdlisi budur ki, qarış-qarış əldən gedən torpaqların, dəstə-dəstə sürülənlərin, saysız-hesabsız qətllərin, öldürülən sərkərdələrin biri-birindən ağır xəbərləri Krımdan İstanbula çatdıqca orada – İstanbulda da ağır faciələrə səbəb olur, I Sultan Əbdülhəmid biri-birindən dözülməz itkilərə dözməyib ölür. Digər dərdi görün: Krım – Azərbaycan alimi Bəkir Çobanzadə müstəntiqin suallarının cavabında mərd-mərdanə danışa-danışa, milli ideyalara sədaqətinə görə öldürülür. Şair bu tarixi faktları göz yaşı ilə danışandan sonra saymaqla qurtarmayan dərdləri daha dərindən öyrənmək, bilmək üçün həmdərd axtararkən, yuxarıda deyildiyi kimi, qocaları, ağsaqqalları axtarıb tapa bilmir, sayı üç yüz minə endirilmiş əhalidə – gənclərin arasında həmsöhbət tapmayıb, bu vəziyyətində “Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovu”, daha doğrusu, onun yaratdığı “Manqurd” əfsanəsini xatırlayır. Manqurdlaşma təhlükəsi ilə üz-üzə qalmış Krım gənclərinin faciəsinə Ağlayan qaya ilə birlikdə ağlayır. Burada mən Krım gənclərinin faciəsinin tarixi kökü haqqında düşündüm. Məlum olduğu kimi, Ç.Aytmatov rus dilində düşünürdü, əsərlərini rus dilində yazırdı. Buna görə də Manqurd əfsanəsinin kökündəki böyük tarixi fakt əvəzində əfsanəni, fateh juanların fəaliyyəti nəticəsində beyni dəyişdirildiyinə görə doğma anasını tanımayan cavan qırğızı – Manqurdu yaradıb. Ç.Aytmatovun unutduğu tarixi fakt Juan adlandırdığı Junanların-Qreklərin iki yüz illik (604-802-ci illər) antiOdƏr – antitürk müharibəsidir. Məhz həmin qeyri-adi dərəcədə uzun müharibə Yer bəşəriyyətinin beşiyi böyük OdƏr Türk xalqının mənşəyini, kainatla bağlı dilini unutdurmaq məqsədi güdürdü. Vizaniya orduları ilə birləşmiş fatehlər indiki Türk dilinin tərkibində yaşayan OdƏr dilini xeyli dəyişdirməyə müvəffəq olub, sonralar bu müharibəni tarixdən büsbütün silib, iki yüz il müddətində savadsız qalan türk kütlələrinin beynini əfsanələrlə doldurmuşdular. Bu əfsanələrdən biri “Mənqurd” adlanır, “mən qurddan doğulmuşam” deməkdir. Ç.Aytmatovun rusca qələmində Mənqurd “Manqurd”a çevrilib. Beləliklə, böyüklüyünü danmaq istəmədiyimiz, həqiqətən böyük yazıçının özü də “Manqurd”laşıb, anasını tanımayan qırğızın tarixi həqiqi adının GurAğÜz olduğu və bu GurAğÜz xalqının böyük OdƏr xalqından bir hissə olduğu unudulub. Bu dəhşətli faciənin bir səbəbkarı da GurAğÜzə “Kırgız” deyən rus fatehləridir. Deməyə ehtiyac varmı ki, müasir Krım əhalisinin, daha doğrusu, Krım gəncliyinin manqurdlaşma təhlükəsi ilə üz-üzə qalmasının səbəbkarı da çar Rusiyasından sonra Sovet Rusiyasıdır. Bizim şairimiz bu təhlükəyə laqeyd qala bilməzdi. Odur ki, Ç.Aytmatovun yaratdığı əfsanəni qeyd etdikdən sonra, suallarına cavab verməyən gəncliyin əvəzində yenə də Krım torpağına, dünyanın heç yerində olmayan, xüsusi məziyyətli Krım qayalarına və tarixi yerlərə müraciət edir. Aldığı cavablar – şairin özünün məlumatları əsasında yazılmış həqiqətlər tarixin özü qədər canlı və ifadəlidir; “Dəyişən adların taleyi” fəslinin başlanğıcında oxuyuruq: “Dilənçi kökündə Poltavadan Yaltaya, Qızıldaşa gələn, orda el-obanın cəlladına çevrilən, bir gecənin içində kəndin sayseçmə kişilərini gedərgəlməzə göndərən, qocalı-qadınlı, uşaqlı kəndi qurşuna düzən İvan Qızıldaşda donuz saxlamaq eşqinə düşür... bəli, özündən qabaq donuzu gəldi düşmənin. Adımızı, dadımızı, ünvanımızı dəyişmək onun üçün oyun-oyuncaq oldu”.

 

Donuzları müqəddəs yer qoymadı,

Türk adını elədilər rus adı,

Qarı düşmən qan içməklə doymadı.

Ruhuna da, dilinə də susadı,

“Dağda-daşda qoy adınız olmasın,

Şəcərəniz, soyadınız olmasın.”

Qoca tarix qol gücünə zorlandı,

Yaddaşı da zədələndi, korlandı.

İzimizi, kökümüzü qazıdı,

İndi burda kitab başqa kitabdı,

İndi burda yazı başqa yazıdı.

Ayı dağın indi adı başqadı,

Yan-yörəsi, qol-qanadı başqadı.

Mən də gördüm, göz yaşına bələndim,

Ağlayan dağ görən niyə ağlayır,

Krım türkü o dağ sənə boylanır.

Sənsiz qalan yerə-göyə ağlayır,

Perik düşmüş elin üçün ağlayır.

 

Göz yaşı... göz yaşı... göz yaşı... Az qalır qışqırasan ki, “Nə qədər ağlamaq olar, ey şair!!” Lakin sual boğazda tıxanır, vaxtilə Puşkinin vəsf etdiyi Bağçasaray fontanı ilə birlikdə bütün Krımdan tarixi açan cavab almayanda bu cavabsızlığın müasir gerçəklik olduğunu qəlbən duyduqda, yəni tarixin dözülməz gərdişinə, sürgünlərin səbəbinə cavab tapılmadığını anladıqca oxucu şairə haqq qazandırır: “İçimdə ağlayan Krım”ı başqa cür yazmaq olmazdı. Yalnız finalda – “Zəlimxan Yaqubun ikinci cavab məktubu”nda Krımın acı taleyinə az-çox ümid yaradan sətirlər gəlir:

 

Dada çatmır nə göz yaşı,

nə təsəlli.

Bu dərdlərin məzarını

birdəfəlik qazmaq gərək,

Hey dedikcə demək gərək,

hey yazdıqca yazmaq gərək.

Kimin əli tətikdədir,

kimin başı kötükdədir,

Bizə quyu qazanların,

düzü tərsə yazanların,

Növrağını birdəfəlik

pozmaq gərək.

Ağlamaqla kar aşarmı,

Bir bu qədər göz yaşları

türk oğluna yaraşarmı?

Xəyanətin köklərini

kəsmək üçün

Xəncərə dön, bıçağa dön!

Sən özünə qayıtdıqca

böyüyürsən,

Qayıt yenə Oğuza dön,

Qıpçağa dön!

Ayağa qalx Mete kimi,

güclən altı qitə kimi!

Qayna yenə Dəclə kimi,

Fərat kimi,

Yüksəl yenə Fateh kimi,

Səlim kimi, Murat kimi!

Çağla yenə həyat kimi!..

 

Bütün poema boyunca hiss etdiyim ağır kədər, əvəzsiz itki dərdi yerini heç nəyə tərk etməsə də, müasir Türk dünyasında aparılan qlobal işləri xatırlayaraq ümid edirik ki, vaxt gələcək, Krımın tarixi fəlakəti nə qədər dərin olsa da, yeni Türk Krımı yarana bilər. Təəssüratımın yekunu belədir ki, bu poema vaxtında yazılıb. Bütün türklərin ən yaralı yeri olan Krımın yaraları da sağalar, bu poema isə sağalmaz yara kimi görünən Krım fəlakəti haqqında tarixə çevrilər. “İçimdə ağlayan Krım” yalnız Zəlimxan Yaqubun yaradıcılığında yox, ümumtürk poeziyasında özünəməxsus yer tutub ürəklə yazılmış gərəkli bir əsər kimi yaşayacaq, lənətli fatehlərə güclü nifrət, məzlumlara rəğbət və məhəbbət aşılayacaq.

 

 

İsa MUĞANNA,

Xalq yazıçısı

 

525-ci qəzet.- 2011.- 15 yanvar.- S.24.