SƏS
(Esse-kollaj)
Muğam işığında təksəsli,
çoxsəsli düşüncələr
(Əvvəli ötən şənbə
saylarımızda)
“Dünyanın hər yerində insan ruhunu tutmaq üçün tor toxunur” – hansı bir dahininsə dediyi bu sözün arxasında böyük həqiqət dayanır. Dünya ölçüləri ilə dəyərləndirilən müstəviyə çıxmaq istəyən və çıxan hər sənətkar dünyada nə toxunduğunu və necə toxunduğunu bilməlidir. Böyük professionallıqla içində yaşatdığı saf, təmiz uşağı bir yerdə yaşatmalıdır. Professionallıq böyüməli, qanda-canda yaşayan o uşaq isə elə o təmizlikdə, o sadəlövhlükdə, uşaqcığaz olaraq qalmalıdır.
Milli olanın bəşəri olanla birləşməsi o qədər təbii və canlı, diri bir hadisədir (məhz hadisə!) ki, dünyanın özü də, dünyanın mədəniyyəti də, mahiyyəti də bu hadisədən baxanda olduğu kimi görünür.
“Seğah” və ya “Şur”, yaxud “Rast”la “Alimin segahı”, “Alimin Şuru”, “Alimin Rastı” arasındakı fərq Füzuli ilə Azərbaycan türkcəsi arasındakı fərq qədərdir. Buna mütləq mənada fərq də demək olmaz. Dil ilə nitq arasındakı münasibəti bilənlər “Segah”la “Alimin Segahı”nın fərqini (və ya özünəməxsusluğunu) bilir.
Muğam torpaqdır. Bu torpaqda əkilən ağac həmin ağacı əkənin bağıdır. Həmin torpağın bağı...
Alim, əzizim!
Həyat da, dünya da bivəfadır. Allah sənin ömrünü uzun eləsin, ancaq ömür su kimi axıb gedir. Nə isə yaranırsa, dünyaya gəlirsə o suyun axdığını görürsən, hiss edirsən.
Mən də sənin minlərlə-milyonlarla dinləyicin kimi istərdim ki, sən Füzuli “Leyli-Məcnun”unu başdan-başa oxuyasan.
Üzeyir bəyin “Leyli və Məcnun” operası bizim milli operamızın əzəlidir. Bəlkə də özüdür. “Koroğlu” qüdrətli sənət əsəri olsa da, Avropa musiqi poetikasındadır.
Biz milli operamıza yenidən “Leyli və Məcnun”dan başlayacağıq. Əli Kərim demişkən, şəxsən mənim buna dəli bir ümidim var. Amma bu bir xülya da ola bilər.
Şəxsən mənim istədiyim şey Quran, Tövrat, İncil, “Manas”, “Mahabharata” kimi Füzuli “Leyli və Məcnun”unun görüntülü (bayram, toy, xalça, miniatür, şəbeh...) və görüntüsüz (söz və səs) şəkildə ifasıdır.
“Leyli və Məcnun”un söz tərəfi ayrı bir zənginlikdir və biz filoloqlar rəhmətlik B.Çobanzadənin, A.Surun, H.Mazıoğlunun, Ə.Çölpınarlının, H.Araslının, S.Əlizadənin, S.Əliyevin, M.Adilovun... təcrübəsinə söykənərək sizin üçün lazım olan hər şeyi etməyə, bir yerdə çalışmağa, hətta həftəlik seminarlar, söhbətlər keçirməyə hazırıq.
Bunu da nəzərə alaq ki, füzulişünas-alimlər Sabir Əliyev və Nurəddin Rzayev bu ölməz poemanı nəsrlə çağdaş Azərbaycan türkcəsinə çevirmişlər.
Sən Füzuli sözündən çoxdan su içmiş bir ustad olsan da, bu söhbət və məsləhətlərin faydasız olmayacağını düşünürəm.
Füzuli sözü o qədər dərindir ki, nə qədər getsən ayağın yerə çatmayacaq.
Füzuli sözü yanında biz çox kiçiyik. O ki qaldı məsələnin musiqi tərəfinə, orda musiqiçi-ustad ifaçıların Arif Babayevin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun, Ağaxan Abdullayevin, Əlibaba Məmmədovun, İslam Rzayevin, eləcə də musiqiçi alimlərimizin köməyinə, çox böyük ehtiyac var.
Vaxtilə böyük sənətkarımız Bülbülün “Leyli və Məcnun”dan oxuduğu bir parça əslində yeni ifa yolunun başlanğıcıdır.
“Leyli-Məcnun” dastanını oxuyan aşıqlar da bir qaynaqdır.
Üzeyir bəyin “Leyli və Məcnun”unda indiyə qədər oxumuş bütün müğənnilərimiz ayrı bir məktəbdir.
Xalqın dediyi “Füzuli dərd əlindən dağa çıxdı. Dedilər bəxtəvər yaylağa çıxdı” ifadəsi də bir başlanğıcdır.
Qədimlərdən gələn Ə.Marağayi, S.Urməvi, M.Nəvvabdan, Dədə Əfəndidən gələn notlu Şərq musiqi məktəbinin Alimin yaradacağı “Leyli və Məcnun”a işıq salacağı şübhəsizdir.
Amma əsl başlanğıcı böyük muğam ustası sən Alim Qasımov “Leyli-Məcnun”u oxuyarkən tapacaqsan. Bu başlanğıcdan sonra gələn silsilə 25-50 və daha artıq saat toplanacaq hissələrin yaratdığı böyük və monumental sənət əsəri olacaqdır. Hansı parçanın (məsnəvi və ya qəzəl olmağından asılı olmayaraq) hansı muğam üstə hansı ovqat, temperamentlə oxunmasını sənin öz ürəyin tapacaq. Harada nəyin və necə olmasını o ürəkdən yaxşı kim bilər ki?
Sən
söhbətində gözəl bir söz dedin. Dedin ki, hərdən oxuyanda səsimin
hardan gəldiyini bilmirəm. Bilirəm ki, bu səs ağ ciyərimdən gəlmir. Dünyanın,
yerin, göyün hansı tərəfindən gəldiyini anlaşdıra
bilmirəm.
Bu muğam – operanın və
ya dəstgahın içində oxunacaq təsniflər,
çalınacaq zənglər, səslənəcək
parçalar (Bülbül, Xan Şuşinski, Əbülhəsən
xan...) üzvi şəkildə elə bağlanacaq ki,
muğam fəlsəfəsi ilə Füzuli fəlsəfəsi
əriş-arğac kimi bir-birinə bağlanacaq.
Bu ifa əslində sənin
Üzeyir bəylə, Cabbar Qaryağdıoğlu, Ələsgər
Şəkili, Əlövsət Sadıqovla, Bülbüllə,
Seyid Şuşinski ilə, Ağabala Abdullayevlə, Qədir
Rüstəmovla, Yaqub Məmmədovla, Zeynəb xanımla,
Arif Babayevlə, Səkinə xanımla, Mənsimlə, Zahidlə,
Şəfa ilə salamlaşman, üzbəüz
görüşündür.
Tamaşaçı-dinləyici
ustadlarına sayğı ilə təzim edən Alim
Qasımovla tələbələrinə yeni yol göstərən
ustad Alim Qasımovun eyni adam olduğunu
görəcəkdir.
Əslində
Nəvaini, Hafizi, Füzulinin... söz kimi yox, muğam kimi
oxunması ehtimalı həqiqətə daha çox
yaxındır. Söz və musiqi ritminin üzvi
bağlılığı Şərq musiqisini səciyyələndirən
amillərdəndir.
Haqqı tapmaq
üçün gərək haqdan başqa hər şeyi
unudasan.
Füzuli
dünyasına daxil olmaq üçün gərək
Füzulidən başqa hər şeyi unudasan.
Füzuli
sözünə düşən Tovrat, İncil, Quran, mif, əfsanə,
fəlsəfə işığı Füzuli
sözünün içindədir. Füzuli özü
heç bir təlimin, baxışın, dinin, təriqətin
içində deyil. “Leyli və Məcnun”
da belədir, Alim qardaş.
Füzulinin
“Leyli və Məcnun”u əslində mənzum roman, bədii-poetik
xüsusiyyətləri baxımından türkcənin şah
əsəridir. Füzulidən sonra qələmə alınmış
bütün “Leyli və Məcnun”lar onun təsiri
altında yaranmışdır.
Türk modernizminin, psixoloji
romanın ilk mükəmməl örnəyi kimi Füzuli
“Leyli və Məcnun”u dünyanın bir sıra dillərinə
çevrilmiş (ingilis, alman, rus...), şərq
poetikasının isnad etdiyi ən böyük qaynaqlardan biri
olmuşdur.
“Leyli və Məcnun”un məsnəvi
qisminə Füzuli əruzun həzəc bəhrində
yazmış, (Məfulü-Məfailün-Fəulün) bu bəhrin
variantlarını işlədərək səqti-məlih ahənginin
3054 beytə sığışdırmış 260 beyt isə
üç rübaini, üç qəsidəni, 24 qəzəli,
iki mürəbbəni və bir müsəccanı əhatə
edir. Poemanın dibaçəsi böyük bir
elmi araşdırmanın mövzusu olacaq qədər zəngindir.
Ustadları Əbunəvası,
Nizami və Nəvaini xatırlayan Füzuli “Bilmək bu yetər
ki, bilmək olmaz” fəlsəfəsi ilə Allahın
böyüklüyünü, Allahı idrakın
sonsuzluğunu, peyğəmbərlərin əzabını və
dünyada insanların yoluna tutduqları işığı
vurğulayaraq qədim və yeni, həzin və həyəcanlı,
sevinc və kədər dolu hekayətinə
başlamış və dünyada misli-bərabəri olmayan
eşq dastanını yaratmışdır.
Əziz qardaşim alim!
Öyrətmək
kimi olmasın, səndən mənim bu təklifimi üzərində
düşünməyini xahiş edirəm.
Füzulinin
“Leyli və Məcnun”unu başdan-başa oxumaq, onu dünyaya
bir daha vermək sənin missiyandır.
Allah bu
böyük işdə sənin yardımçın olsun.
Böyük hörmət və
məhəbbətlə,
Söhbətimizi
yazdığım üçün məni bağışla.
EŞQ
Dünyada həyata
bənzəyən bir həyat da var. Adı qumardı, əsrardır,
içkidir. Şeytan yaradıb bu kvazi-dünyaları. Eynən
həyata bənzərlər – mücadilə, həzz, arzu,
ehtiras, cəsarət, risk, uduş, məğlubiyyət...
Böyük-böyük
insanları aldadıb oynadan qumar, əsrar, içki... Dahilərin
həyat konsentratı – cövhəri bildiyi, tale, aqibət, bəxt
axtardığı bu şeytan qazanı ağlı başdan
alır, hissləri quduzlaşdırır, insanın
içindən ən murdar duyğuları –
acgözlüyü, hərisliyi, dünyagirliyi, xəsisliyi,
dirildib insanı gözəl, təkrarsız edən hər
şeydən məhrum edir.
Qumar da, əsrar
da, içki də eşqdir. Amma bu eşq şeytan
eşqidir.
Onlar da
ehtirasdır, ancaq saxta, yalançı ehtiras.
Zarafatla, nəşə ilə,
ümid və gözlənilməzlik, risk atəşi ilə
başlar, xainliklə, özünəxəyanətlə,
özünüaldatma ilə bitər. Yox, bitməz.
Ertəsi gün gecə yenə davam edər.
Sonra da, sonra da... İnsan həyatına
damla-damla yayılan zəhər kimi dincəldə-dincəldə
uyudur, uyuda-uyuda öldürüb heç edir, şəxsiyyətsiz,
heysiyyətsiz bir çürük qoza, ayaq altına atılan
cındıra çevirir.
Mənim qumar
oynayan, əsrar düşkünü olan, içkiyə
qurşanan, qumar məclislərini bəy məclisi sayan dostlarım
olub. Hər dəfə onların gözlərinə
baxanda onların gözlərinin dibində o müdhiş
uçurumu görüb Allaha onları bağışlamaq, əfvə
sığınmaq üçün dua etmişəm. Bəzən bacarmışam, bəzən də aciz
qalmışam. Səsdən başqa əlimdən nə
gəlir ki...
Səsimlə
şeytanı dağlamışam. Həyatın bu murdar
oyunla heç bir əlaqəsi – filan olmadığını
isbat etməyə çalışmışam.
Həyatın cövhəri
Allah eşqidir, yerdən bir gözəlin
baxışından, yerişindən, duruşundan,
nazından, qəmzəsindən, sevdasından başlayıb
Allahın ucalığını yüksələn eşqi
şeytanın uydurduğu heç bir xülya, içki,
qumar, əsrar... əvəz edə bilməz. Əvəz
etməməlidir.
Səsin
möcüzəsi hər cür süni sərxoşluğun,
meyxoşluğun, qənimidir. Hissləri aldatmaqla,
süni şəkildə qıcıqlanmaqla, beyni uyutmaqla
şeytan Allaha insanın naqis və yaramaz olduğunu isbat etmək
istəyir.
Müqəddəs
səslər insanı təmizləyib pak edir. Şeytanın
ölümü insanın təmizənməyində, nəfsin
məhvindədir.
Əzan da səsdir,
dua da. Şeir də səsdir. Eşq də.
Çoşqunluq və bayqınlıq içində
Allahımı səsləyirəm:
Ya Rəbb! Bəlayi-eşq
ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən
etmə cüda məni...
lll
Mən hər
dəfə Məcnunu oynayanda Leylinin məhəbbəti
qarşısında xəcalətdə qalmışam.
lll
İnsan 2-3 min
hers tezlikdən 20 min hersə qədərki səsi eşidə
bilir (Allah orta məktəbdəki fizika müəllimimə rəhmət
eləsin. Bütün fizika elmindən yadımda qalan elə
budur). Biz atom, elektron, molekul səslərini
eşitmədiyimiz kimi, kainatdakı dəhşətli səsləri
də eşitmirik, eşidə bilmirik. Çiçəklərin,
otların da səsini duymuruq.
Biz bu məhdud
səs sınırında özümüzü sonsuz
sayırıq.
Eşitmədiyimiz səslərin qapısı
bizə bağlıdır. Allah rəhm elədiyinə,
əlindən tutub qaldırdığına o səsləri
duyurur. Mənə də o səsləri
eşitmək nəsib olub, o səslərin qüdrəti ilə
oxumaq qismət olmasa da.
SƏS DƏ GÜNƏŞ ZƏRRƏSİDİR
Mən oxuyandan
min dəfə artıq dinləyirəm, ustad olmaqdan min dəfə
çox tələbəyəm, öyrənənəm. Bir ağıllı adam gözəl deyib ki, dünyanın hər
yerində insan ruhunu tutmaq üçün tor toxunur. Bütün sənət adamları kimi də o zərif
toru toxuyanlardanam. Ustalıq dünyada
toxunan bütün torların zərifliyini, sənət incəliyini
bilməkdir. Bütün dünyada o tor
toxuma sənətinin tək bir önəmli örnəyinin
bilinməməsi yarımçıqdır, naqislikdir. Mən nəyi yaradacam onu Allah bilir. İnsanın bildiyi bilinənləri bilmək zərurətidir.
Bədahət
təcrübədən, zəhmətdən doğulur. İlham əməyin
çiçəyidir.
Cabbar
Qaryağdıoğlu muğamı mənim üçün dərslikdir. Ağabala
kişinin “Zabul”u ilk ayaq açdığım doğma kənd
məktəbidir.
Qədir
ustanın “Sona bülbüllər”ini bəlkə min dəfə
dinləmişəm. Doymamışam. Doymaq
olarmı?
Bir ustad deyərdi
ki, bütün səslər hardansa gəlir, Qədirin səsi
harasa gedir. Aydınlıqdan
zülmətəmi, zülmətdən
aydınlığamı, bu dünyadan o dünyayamı, o
dünyadan bu dünyayamı... Allah bilir. Vallah bunu Qədir ustanın özü də bilmir.
Elə bilməməyi yaxşıdır.
lll
Dünyanın
böyük bəstəkarları ki, mən onların
hamısına bir yerdə Üzeyir bəy deyirəm. Heç fərqi
yoxdur – Urməvi olsun, Marağayi olsun, Şopen, Bethoven, Motsart,
Çaykovski, Şostakoviç, Qara Qarayev... olsun. İlahi səsləri duyub, sıraya düzüb
uyumu-harmoniyanı, uyumsuzluğu – disharmoniyanı yaradanlar
hansı millətdən, coğrafiyadan, mədəniyyətlərdən
olursa olsunlar mənə yaxınlığı,
doğmalığı baxımından mən onların
hamısına bir yerdə Üzeyir bəy deməkdə
haqlıyam.
Təbiətdən – yazdan,
yaydan, payızdan, qışdan, ağacdan, otdan, çiçəkdən,
aydan, günəşdən... aldığı səsləri
xalqın yaratdığı musiqi ilə birləşdirən,
doğmalaşdıran Üzeyir bəy səsin ruhunu öz
ruhu ilə qaynaşdırıb yeni bir dünya düzəni
yaratmışdır. Bu dünya düzənində
hökmdar da, hakim də, məhkum da, sevən də, sevilən
də, ölən də, qalan da, əbədi də,
keçici də, eşq də, nifrət də yalnız və
yalnız səsdir.
(Ardı gələn şənbə sayımızda)
KAMİL VƏLİ
525-ci qəzet.- 2011.- 15 yanvar.-
S.22.