Ağalar Bayramov: “Ürəkdən gələn, məhəbbətlə, sevgiylə dolu söz...

 

... MƏNİM ÜÇÜN ƏN BÖYÜK MÜKAFATDIR”

 

Tanınmış bədii qiraət ustası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Ağalar Bayramov yanvarın 16-da növbəti doğum gününü qeyd edəcək. Ötən il 55 illiyi qeyd olunan A.Bayramov sənətə hələ tələbə ikən, yəni 1983-cü ildə gəlib. Doğum günü münasibətilə Ağalar müəllimlə görüşüb müsahibə aldıq.

 

– 1983-cü ildə, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda oxuyurdum. O zaman dövlət televiziyasında çalışan, gözəl rejissorumuz Əmirhüseyn Məcidov məni “Ozan” verilişinə çağırdı, səsimdən xoşu gəldiyindən elə o vaxtdan da mən Azərbaycan Dövlət Televiziyasına möhürləndim. Sənətə gəlişim belə alındı. Ondan əvvəl şənliklərdə, tədbirlərdə çıxışlar edirdim.

– İnsan müəyyən yaşa çatanda özünə hesabat verir. Nəyi düz, nəyi səhv etdiyini özü üçün araşdırır. Siz arxada qoyduğunuz illərin qiymətini vermisinizmi?

– Keçmişimə baxıram, tutduğum yola baxıram, utanmıram, əksinə, fəxr edirəm. Amma təbii, daha çox iş görmək olardı. Gözəl şairimiz Musa Yaqubun sözü olmasın, hərdən eləmədiklərim yandırır məni. Amma arxaya baxıb çox sevinirəm ki, xəcalət çəkdiyim günlər yoxdur. Palaz kimi sürünüb, ayaqlar altında qalmamışam, öz yolumu tutub getmişəm və düşünmüşəm ki, əgər Azərbaycan poeziyasını təbliğ etmək baxımından respublikada tanınıramsa, mənə hörmət varsa, bundan böyük xoşbəxtlik nə ola bilər... Amma təbii ki, dediyim kimi, çox işlər görmək olardı. Daha çox arzum, istəklərim var idi. Amma 1988-ci ildən bəri baş verən hadisələr, Qarabağ müharibəsi bir çox arzuların həyata keçməsinin qarşısını aldı. Fikrim vardı ki, söz teatrı yaradım. Bu teatrın bünövrəsini qoymaq istəyirdim. Qismət olmadı, Həsən Əbluc, Mikayıl Mirzə tez həyatdan getdilər. Mən də bu yolda bir neçə dəfə addım atdım. 1995-ci ildən 99-cu ilə kimi televiziyada “Ədəbi teatr”və başqa verilişlərim oldu, yəni şeirləri deklomasiyadan kənara çıxardım. Artıq bu formada verilişlər aparırdım. Rəsmi qeydiyyatdan keçmiş söz teatrı yaratmaq həmişə xəyalımda olub, amma problemlər, bəlkə də özümün bir az da tənbəlliyim ucbatından bu iş müsbət nəticəsini vermədi. Buna görə bir qədər təəssüf hissi keçirirəm. Amma seçdiyim sənətlə fəxr edirəm. Ona görə ki, bu sənətin daşıyıcıları çox azdır. Nə qədər muğamat oxuyan, meyxana deyən var. Amma bədii qiraət sənəti çətindir, yaddaş, səs tələb edən sənətdir deyə, daşıyıcıları da çox azdır. Demirəm, poeziya ilə məşğul olanlar yoxdur, var, İlham Əsgərov, Nadir Hüseynov, Əminə Yusifqızı, mən, bir-ikisini də əlavə etmək olar. Amma 5-6 nəfədən o tərəfə keçmir sayımız. Bayaq sadaladığım sənət sahələrində isə davamçıları sayıb qurtarmaq olmur. Ona görə fəxr edirəm ki, bu çətin, şərəfli sənətin daşıyıcısıyam. İndi poeziya ilə milləti ayağa qaldırmaq, ruh vermək bir qədər çətindir. Çünki şoular baş alıb gedir.

– Sizcə, bədii qiraət sənətinə gələnlərin az olması dediyiniz çətinliklərlə bağlıdır, yoxsa buna maraq azdır?

– Bu sənəti seçənlərdə, birinci, poeziyaya böyük məhəbbət olmalıdır. Yəni yalandan “şeiri sevirəm” deməklə iş bitmir. Şeir və poeziyanı ayırd etmək lazımdır. Çünki onların arasında böyük məsafə var. Poeziyanın nədən ibarət olduğunu bilməlisən. İkincisi, böyük yaddaşın olmalıdır, gözəl məlahətli səs olmalıdır. Bayaq da dedim muğam oxuyanlar çoxdur. Baxırsan oxuyur, amma ürək yoxdur. Bəziləri isə bir bənd Füzulidən qəzəl oxumaqla adamın ürəyinə yol tapır. Mən uca səsdən danışmıram, qışqırmaq, bağırmaq demirəm, ürəyə yatımlı səs olmalıdır. Üçüncüsü, məsələnin texniki tərəfidir, bu isə danışıq qanunlarına riayət etməyi bilmək, tamaşaçı ilə ünsiyyət qurmaq bacarığıdır. Bu bir teatrdır. Ruslar buna “bir aktyorun teatrı” deyirlər. Yəni bunlara əməl etmək lazımdır. Yaddaşla səs Allahın vergisidir. Bunlar olandan sonra digərləri üzərində böyük həvəslə çalışmalısan. Ürək də olmalıdır. Bəzən görürsən, vurğular yerində deyil, amma sənə xoş gəlir. Açıq etiraf edim, 1990-cı ildə “Azadlıq” radiosunda Mirzə Xəzərin ifasında “Davam edir 37” şeiri o qədər ürəklərə yol tapırdı, insanı riqqətə gətirirdi ki... Çünki yana-yana oxuyurdu. Amma baxırdın ki, bəzi sözlərdə heç vurğular yerində deyil. Onlar isə belə məqamda arxa plana keçirdi. Yaxud Şəhriyarın öz ifasında “Heydərbabaya salam” poeması... Vurğular, demək olar yerində deyil, amma nə böyük yanğı, nə böyük sevgi var. Bunlar olmalıdır. Gözəl səs, yaddaş, danışıq qanunlarına da əməl etməlisən. Amma daxilən bədii qiraətçi boğazdanyuxarı danışırsa, ürəyi yoxdursa, onda alınmayacaq. Çünki bu sənət həm də ürəyi sevir. Ümumiyyətlə, bütün sənətlər ürəyi sevir. Bu sənətdə isə sadaladığım bütün o komponetlər birləşməlidir. Birləşəndə bədii qiraət olur və böyük sənət yaranır.

– Aktyor hərtərəfli olmalıdır. Amma sizin teatr yaradıcılığınızda məhsuldarlıq istənilən həddə deyil. Tamaşalarda az görünməyiniz teatrların səviyyəsinin sizi qane etməməsindən irəli gəlir, yoxsa az təklif alırsınız? Eyni sualı kino sahəsi ilə bağlı da vermək olar.

– Bu, taledir. Mən bədii qiraət sənətinin axarına düşdüm. Açıq etiraf edim, Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” povesti əsasında dövlət sifarişi ilə baş rola çəkildim. 4-5 dəfə efirdə göstəriblər və deyilənlərə görə də gözəl alınıb. Hələ o vaxt televiziya rəhbərliyi deyibmiş ki, Ağalar müəllim sırf bədii qiraətlə məşğuldur, bu obrazı oynaya biləcəkmi? Amma hamısı da heyran qaldılar ki, mən o obrazı necə yaratdım. Söhbət ondan gedir ki, sənətdə tale deyilən bir şey var. Məsələn, bir vaxt rəhmətlik Həsənağa Turabov məni teatra dəvət etdi, amma çalışdığım Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ayrıla bilmədim. Dedim, elə bədii qiraət sənəti ilə məşğul olmaqla bərabər burda müəlim qalacam. Peşman da deyiləm. Amma mən axı deyə bilmərəm ki, ay rejissor, gəl məni çək. Ola bilsin ki, hansısa sənətçi var, – bütün sahələrdə elə insanlar çoxdur, qapıdan qovursan pəncərədən girir – , belə şeylər mənim xislətimə yaddır – bunu edir. Mən gedim qapıda dayanım, yaxud mesaj göndərim ki, məni filan filmə çək, bunu etsəm, heç o obrazı yarada bilmərəm axı. Mən yalmanaraq yaşamağı yaşamaq kimi qəbul etmirəm. İnsan qürurla yaşamalıdır. Amma təbii ki, harasa çağırırlarsa, niyə getməyim?! Deyir, çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə. Bəlkə rejissorlar görmürlər, hiss etmirlər səsin avazını, ifanı. Amma bir məqamı etiraf edim ki, dəfələrlə Azərbaycan televiziyasına dublyaja çağırdılar, buna vaxtım olmadı. Yenə deyirəm, kinoya, teatra dəvət etsələr, niyə getməyim ki... Bir dəfə Amaliya Pənahova məni teatra dəvət etdi, cəmi üç gün işlədim. Başqa səbəblərə görə ayrıldım. Çünki şərt kəsmişdim ki, qastrollarda, tədbirlərdə, görüşlərdə sırf bədii qiraət sənəti ilə iştirak edim. Gördüm başqa obraz-filan, sözün qısası, cəmi üç gün işlədim və çox xoşluqla dedim ki, mən gedəsi oldum. Yeni o söhbətə qayıdıram ki, filmlərə dəvət alsam, gedərəm. Səhnə, sənətkar taleyi belədir ki, bu, insanın alnına yazılıb, necə ki, bədii qiraət sənətində görmədən, bilmədən, duymadan günlərin birində yol açıldı və məni efirə, radioya çağırdılar, bu gün də az-çox bu sənətlə özümə yer tapmışam. Ömrümün bu çağında peşman deyiləm, fəxr edirəm ki, böyük söz sənətinin Kazım Ziya, Soltan Nəcəfov, Aydın Qaradağlı, Mikayıl Mirzədən üzü bəri tanınmış daşıyıcıları sırasında mən də varam.

– Ürəyinizdən hansı obrazı yaratmaq keçir?

– Həmişə İskəndərə həsrətlə baxmışam. Deyirdim, ilahi bunu mən necə oynayardım. Yaxud Əkrəm Əylislinin “Quşu uçan budaqlar” tamaşasında Həsən Turabovun yaratdığı obraza həmişə çox həsrətlə baxardım. Mənim üçün müsbət qəhrəman obrazı, nadanlığa, cəhalətə, savadsızlığa, qeyri-insani hərəkətlərə qarşı üsyan edən obrazlar var ki, onları çox sevirəm. Onların həsrətini çəkmişəm. Amma bütün bunların da ağrı-acısını poeziya vasitəsilə çatdırmaq istəmişəm.

– Ad gününüzdə hansı hədiyyəni almağı xoşlayırsınız?

– Ən xoş, ən şirin sözü. Daha doğrusu, ürəkdən gələn sözü. Yazdıracağım diskdə Adil Babayevin “Yaşamağı bacarmıram” şeirində belə misra var ki, “Xoşlanmıram bəzi adamların təmənnalı söhbətindən, ülfətindən...” Mənim üçün ən böyük mükafat təmənnasız ülfətdir. Ürəkdən gələn, məhəbbətlə, sevgiylə dolu söz mənim üçün ən böyük mükafatdır.

– İlk təbriki kimdən alırsınız?

– Qəzetlər yazan kimi dostlarım başlayırlar mənə zəng etməyə. İlk təbriki qızım Gülərdən, həyat yoldaşım Şamama xanımdan, oğlumdan alıram. Tanışlar çoxdur, amma dostun yeri başqadır. Zeynal Vəfa demişkən, hecalara bölünməyən sözdür dost. O dostların sırasında “525-ci qəzet” və onun baş redaktoru Rəşad müəllim də var. Sağ olun ki, məni yada salırsınız. Var olasınız – bu da mənim sizə arzumdur.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 15 yanvar.- S.20.