Kinorejissor Eldar Quliyevin 70 yaşı tamam olur

 

  Bu gün Azərbaycan kinosunun parlaq nümayəndəsi, milli kinomuzun inkişafında müstəsna rol malik görkəmli sənətkarımız, usta kinorejissor və ssenarist Eldar Quliyevin 70 yaşı tamam olur. Bununla bağlı Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Bürosunun sənətkara ünvanladığı təbrik məktubunda deyilir: “Eldar Quliyev 1941-ci ildə Bakıda, görkəmli bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya göz açıb. O, 1960-1966-cı illərdə Moskvanın kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində Serqey Gerasimovun kursunda təhsil almış, institutu bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında yaradıcılıq fəaliyyətinə başlamış və “Biri var idi, biri yox idi” adlı ilk qısametrajlı filmini çəkmişdir. Eldar Quliyev 1970-ci ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqlədi və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoydu. İlk dəfə idi ki, ekrandakı qəhrəmanlar “bizə oxşayır”, yaradıcılıq novatorluğu isə – düşüncə tərzində və bədii-estetik formasında qabarıq görünürdü. Yaradıcılığı müxtəlif mövzularla və janrlarla zəngin olan sənətkarın ekran hədəfi həmişə “insan”dır. İnsanın yaşadığı cəmiyyətlə harmoniyaya can atması və bu yolda mövcud problemlərin həlli və mübarizəsi, insanlar arasında anlaşmalar və bu anlaşmaların sosial-psixoloji əsasları, ilk filmlərindən olan “Ən vacib müsahibə”dən tutmuş sonuncu filmi “İstanbul reysi”nə qədər yaradıcılıq tədqiqatlarının və axtarışların predmetləridir. Eldar Quliyev 1979-cu ildə öz miqyası ilə bizim istehsalat imkanlarımızdan xaric olan “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə görə, kütləvi və batal səhnələrin müqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınmışdı. Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru olaraq Eldar Quliyev öz bilik və təcrübəsini cavanlara ötürməyi, “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasınınnın rəhbəri kimi isə neçə-neçə gəncin kinoda, onun mürəkkəb və ağır kinoistehsalatı prosessində ilk addımında yardımçı olmağı özünə borc bilib. Neçə-neçə sənətkar “Debüt” studiyasında layiqincə sınaqdan çıxaraq uğur qazanıb və böyük kinoya gedən yolda özlərinin ilk addımlarını atıblar. Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən bu günə qədər onun prezidenti seçilib. O, həmişə audiovozual əsər müəlliflərinin – həmkarlarının hüquqlarının qorunması sahəsində prinsipiallıq və ardıcıllıq göstərmiş və hüquqların bərpası sahəsində öz gücünü əsirgəməmişdir. Eldar Quliyev və onun yaradıcılığı Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib və o, Dövlət Mükafatı laureatı, xalq artisti fəxri adlarına layiq görülmüş, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur. Onun filmləri neçə-neçə beynəlxalq festivallarda, kino günlərində Azərbaycan kinosunu layiqincə təmsil edərək, ölkəmizə uğurlar gətirmiş və mükafatlar qazandırmışdır. Öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik olan, həmişə yaradıcılıq axtarışlarında olan, milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən hörmətli və əziz həmkarımızı 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona həyatda və sənətdə yeni-yeni uğurlar arzulayırıq. Qoy bu uğurlar onu həm yaradıcılığında, həm də audiovizual mədəniyyətin inkişafı sahəsində gördüyü fəaliyyətində müşayiət etsin”.

 

 

525-ci qəzet.- 2011.- 18 yanvar.- S.7.