“Azərbaycan qadını”nın yeni sayının təqdimatı olub

 

 Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının yeni sayının təqdimatı keçirildi. Jurnalın qış (2010-11) sayında oxuculara ilk növbədə Milli Məclisin yeni tərkibinə seçilən iyirmi xanımla maraqlı müsahibələr təqdim edilir. Bu müsahibələrdə onların uşaqlıq və gənclik illəri ilə bağlı xatirələri, siyasətə, incəsənətə, tarixi abidələrə münasibətləri əks olunub. “Azərbaycan qadını”nın oxucularını həmçinin uçan xalçalarda qeyri-adi bir səyahət gözləyir. Hər ilməsi bir sehir olan xalılarımız onları düz Londona aparacaq, ötən ilin noyabrında Heydər Əliyev Fondu ilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birlikdə təşkil etdiyi “Azərbaycan: uçan xalçalarda nağıllar dünyasına” adlı sərginin təfərrüatları ilə tanış edəcək. Dünyanın ən qarışıq bir vaxtında yazıb-yaradan ölməz şairimiz Hüseyn Cavid deyirdi: Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!.. Münaqişələri silahla yox, sözlə həll etməyə qadir olan insanların – diplomatların adı həmişə hörmətlə çəkilir. Ona görə də ta qədimdən bu günə qədər diplomatiya ən nüfuzlu peşələrdən sayılır. Bu qədim peşəni şərəflə yaşadanların layiqli xələfi, 1992-2006-cı illərdə ABŞ-da Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri, hazırda xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hafiz Paşayevlə jurnalın “Pyedestal” rubrikasında görüşə bilərsiniz. Deyilənə görə, dünyada ən məşhur opera olan “Karmen”in xüsusi ovsunu var. Onun hər yeni quruluşu teatr və aktyorlar üçün qeyri-adi hadısəyə çevrilir. 2010-cu ilin bir payız günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində gənc Regina Rüstəmovanın ifasında canlanan Karmen ölkə melomanlarına unudulmaz anlar bəxş etdi. Musiqisevərlər Moskva Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti, həmyerlimiz Regina Rüstəmova ilə yenidən görüşə biləcəklər – amma bu dəfə “Azərbaycan qadını”nın səhifələrində. Jurnalın bu sayında həyatının çox hissəsini teatrda keçirən daha bir gənclə yaxından tanış olacaqsınız. Bu, gözəl qamətli və zərif balerina Çinarə Əlizadədir. “Azərbaycan qadını”nın səhifələrində həmçinin Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalı, Azərbaycanın əməkdar artisti, professor Yeganə Axundovanın yaradıcılığı, şair Onegin Hacıqasımovun taleyi ilə bağlı zəngin materiallar və müxtəlif mövzuda digər yazılar yer alıb. Jurnalın hər sayının oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunması artıq bir ənənəyə çevrilib. Bu dəfə gənc qadın xanəndələrin ifasında ecazkar Muğam axşamı keçirilib. Güllü Muradova, Vəfa Orucova, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və Rəvanə Ərəbovanın ifasında “Şur” dəstgahı və qədim “Bayatı-Şiraz” səslənib. Onları Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarı bülbül” muğam qrupu müşayiət edib. Qeyd edək ki, böyük ənənəsi və geniş oxucu auditoriyası olan “Azərbaycan qadını” jurnalı Fatma xanım Abdullazadənin baş redaktorluğu ilə işıq üzü görür.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 18 yanvar.- S.7.