Standartlar üzrə Məlumat Mərkəzi yaradılıb

 

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ GÖRDÜYÜ İŞLƏRƏ DAİR HESABAT YAYIB

 

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsi tərəfindən 2010-cu il ərzində görülmüş işlərin əsas istiqamətlərindən biri Azərbaycanda mövcud olan standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və sənaye mülkiyyətinin mühafizəsi sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından ibarət olub. 14 noyabr 2006-cı il tarixində Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planından irəli gələn və Komitənin öhdəsinə düşən məsələlərin həyata keçirilməsi məqsədi ilə hesabat ili ərzində Komitədə TWINNING texniki yardım layihəsi uğurla yekunlaşdırılıb. “Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında”, “Akkreditasiya haqqında”, “Ölçmələrin vəhdəti haqqında” qanun layihəsi hazırlanıb. Layihə çərçivəsində ölkə iqtisadiyyatının Avropa standartlarına keçidinin təmin olunmasının zəruriliyini nəzərə alaraq Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Hökuməti adından Avropa Standartlaşdırma Komitəsinə (CEN) müşahidəçi qismində qoşulması ilə bağlı müraciət olunub və bu müraciət nəticəsində Dövlət Komitəsi 1 yanvar 2010-cu il tarixindən həmin təşkilatın müşahidəçi üzvü seçilib. Beynəlxalq Atom Enerjisi Təşkilatı tərəfindən texniki və maliyyə dəstəyi əsasında Komitədə dazometrik laboratoriyanın yaradılmasına dair danışıqlar başa çatdırılıb və hazırda bu layihənin həyata keçirilməsi üçün müvafiq işlər həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan tərəfinin öhdəsinə düşən laborator binanın tikilməsi ilə bağlı layihələndirmə işləri yekunlaşıb. Almaniyanın Texniki Əməkdaşlıq Agentliyi (GTZ) tərəfindən maliyyələşdirilən texniki yardım layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olunması istiqamətində həmin təşkilatın “Ticarətdə Texniki Maneələr” Sazişində qeyd olunan hər bir üzv ölkənin milli standartlaşdırma orqanında yaradılması məcburi olan Məlumat Mərkəzinin və Bildiriş Orqanının qurulmasına dair işlər yekunlaşdırılıb. 2010-cu ildə Komitənin səlahiyyətləri çərçivəsində Misir, Polşa, Liviya, Çexiya, Macarıstan, Makedoniya, İsrail, Serbiya Respublikaları arasında ikitərəfli sazişlərin layihələri hazırlanıb, müvafiq dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qarşı tərəfə göndərilib. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi məqsədi ilə respublikamızda Kodeks Alimentarius standartlar toplusunun tətbiqi ilə bağlı Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli sərəncamına uyğun olaraq müvafiq işlərə başlanıb. Belə ki, Azərbaycan Respublikasının Kodeks Alimentarius komissiyasına qoşulmasına dair müvafiq bildirişlər hazırlanıb və Xarici İşlər Nazirliyi vasitəsilə təşkilatın Katibliyinə göndərilib, üzv ölkələrdə yaradılması zəruri olan Milli Kodeks Alimentarius Komitəsi yaradılıb, Kodeks Alimentarius standartların tətbiqi ilə bağlı fəaliyyət planı hazırlanıb. Artıq bu sahədə bir neçə standart Azərbaycan Respublikasının milli standartı kimi təsdiqlənib. Komitənin təşəbbüsü və təşkilatçılığı ilə 15 sentyabr 2010-cu il tarixində Bakı şəhərində Kimyəvi Məhsulların Təhlükəsizliyinin Tənzimlənməsi, Avropa reqlamentləri və BMT tövsiyələri (REACH və CLP) üzrə MDB ölkələrinin 3-cü Beynəlxalq Konfransı keçirilib. Keçirilən tədbirin məqsədi REACH Direktivlərinin prinsiplərinin (klassifikasiya və markalanma), CLP reqlamenti, kimyəvi təhlükəsizliyin qiymətləndirilməsi, kimyəvi təhlükəsizliyə aid pasportların tərtibi, qeydiyyat sənədlərinin hazırlanması və təqdimatı, sənədlərin hazırlanmasında informasiya texnologiyalarının istifadəsi və s. məsələlərdən ibarət olub. 2010-cu il ərzində tərəfimizdən Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ekologiya üzrə Texniki Komitə (TK 09), Keyfiyyətin idarə olunması üzrə Texniki Komitə (TK 08) yaradılıb. Qida məhsullarının müxtəlif sahələrini əhatə edən yeddi alt komitədən ibarət olan, özündə 30-a yaxın şirkəti, maraqlı dövlət qurumlarının nümayəndələrini cəmləşdirən Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07) tərəfindən hesabat ili ərzində beynəlxalq standartlar əsasında 35 milli standartın layihələri hazırlanmış və dövlət qeydiyyatı üçün təqdim edilib. Ekologiya üzrə Texniki Komitənin (TK 09) fəaliyyəti suyun, havanın, torpağın və ətraf mühitin idarə olunması üzrə mövcud olan beynəlxalq standartların Azərbaycan Respublikasında tətbiqinə yönəlib. Hesabat dövrü ərzində həmin TK tərəfindən 5 milli standartın layihəsi hazırlanıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə yaradılan İnformasiya-kommunikasiya Texnologiyaları üzrə Texniki Komitə (TK 05) tərəfindən 12 standart hazırlanıb və dövlət qeydiyyatına alınıb. Nazirlər Kabinetinin 6 mart 2010-cu il tarixli 35 saylı “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” qərarına uyğun olaraq ölkədə “Avro-2” tələblərinə keçidlə bağlı 5 milli standart hazırlanıb və dövlət qeydiyyatına alınıb. Ölkənin yanacaq-enerji ehtiyatlarının qənaəti ilə bağlı problemlərin həlli, onlardan istifadənin effektivliyinin yüksəldilməsi ilə bağlı Komitə tərəfindən “Enerjiyə qənaət və enerji səmərəliliyi sahələrində standartlaşdırma sisteminin inkişafı” üzrə Dövlət Proqramı layihəsi hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Hesabat dövrü ərzində Komitənin tabeçiliyində fəaliyyət göstərən Azərbaycan Standartlar İnstitutu tərəfindən 37, o cümlədən ümumi təmayüllü 10, neft və neft məhsulları və onların təyini metodlarına aid 8, maşınqayırma üzrə 4, ət və süd emalı məhsullarına aid 11, yüngül sənaye məhsullarına aid 4 normativ sənəd hazırlanıb. Ümumilikdə Komitə tərəfindən 162 milli standart, 99 texniki şərt dövlət qeydiyyatına alınıb. Bu da öz növbəsində 2009-cu il ilə müqayisədə 270 % artım təşkil edir. Dövlət Komitəsinin akkreditasiya şöbəsi tərəfindən 127 obyekt akkreditasiya olunaraq dövlət reyestrində qeydiyyatına alınıb. Bundan əlavə, il ərzində qeydiyyatda olan laboratoriyaların akkreditasiya attestatlarının qüvvədə olma müddətinin artırılması ilə bağlı müvafiq işlər aparılıb və nəticə olaraq 46 laboratoriyanın attestatının qüvvədə olma müddəti artırılıb. Beləliklə, 2010-cu ilin sonuna akkreditasiya üzrə Dövlət reyestrində 234 obyekt qeydiyyata alınıb. 2010-cu il ərzində Komitə tərəfindən Respublika ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə normativ-hüquqi və normativ-texniki bazanın təkmilləşdirilməsi, ərazi dövlət nəzarəti idarələrinin, müəssisə tabeli və özəl metroloji xidmət orqanlarının işinin əlaqələndirilməsi və onlara metodoloji köməklik göstərilməsi, həmçinin dövlət metroloji nəzarətinin həyata keçirilməsi üzrə bir sıra işlər görülüb.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2011.- 18 yavar.- S.6.