Naxçıvan: böyük
quruculuğun sadə fəlsəfəsi
BU, BÖYÜK ÖNDƏRİN SİYASİ KURSUNA
MÜNASİBƏTDƏ SÖZLƏ ƏMƏLİN, DƏRİN
SƏDAQƏTLƏ KONKRET İŞİN VƏHDƏTİNDƏN
YARANIB
Birinci yazı
Bəli, son on beş il ərzində muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında böyük irəliləyişlər yaranıb. Dünənə qədər adi və ucqar bir əyalət mərkəzini xatırladan, işıqsız, qazsız qalan və digər məişət problemləri ilə çırpınan Naxçıvan son illər Şərqin, Avropanın inkişaf etmiş şəhərləritək yenidən qurulub, gözəlləşib. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə qoyulan yeni həyat quruculuğu xətti uğurla davam etdirilib. 1995-cı il dekabrın 16-da birinci çağırış Naxçıvan MR Ali Məclisin sessiyasında Ali Məclisin Sədri seçilən Vasif Talıbov Ulu öndərin quruculuq və inkişaf xəttinin konkret bir regionda-ağır blokada şəraitində yaşayan, davamlı olaraq enerji qıtlığı keçirən, kommunikasiya əlaqələrinin olmaması ucbatından mal-material, xammal gətirilməsində ciddi problemlərlə üzləşən regionda fəal yaradıcı gücə malik olmasını öz əməyi və gərgin yaradıcı əməyi ilə sübut edib. “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”-deyərək siyasət meydanına qədəm qoyan Ali Məclisin Sədri Böyük öndərin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdəti nəticəsində istəyinə nail olub. Tələbkarlıq və prinsipallıq, yaradıcılıq, intizam və məsuliyyət, qəti siyasi mövqe, xeyirxahlıq, humanizm, torpağa bağlılıq və vətənpərvərlik onun siyasi portretinin əsas cizgilərini təşkil edir. Qurucu-rəhbər obrazının bütün əsas səciyyəvi xüsusiyyətləri də onun simasında cəmləşib. Muxtar Respublikanın yeni inkişaf mərhələsinə-intibah dövrünə qədəm qoymasında da bu amil önəmli rol oynayıb.Xalqımızın ümummilli lideri Heydər Əliyev dörd il sonra də bu keyfiyyətləri yüksək qiymətləndirərək deyib: “Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də ağır, çətin olar. Ancaq o sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.
Prezident İlham Əliyev də çıxışlarının birində bu amili yüksək qiymətləndirərək deyib: “Bəzən sualı verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir. Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu Naxçıvanda var və məni çox sevindirir”. Dövlət başçımız başqa bir çıxışında isə bununla bağlı belə deyib: “Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu çox böyük nailiyyətdir”.
Uğurlu siyasətin əsas amili
Naxçıvan
diyarının iyirmi il bundan əvvəlki dövrü də
bir növ qaynar qazana bənzəyirdi. Onda bu torpaq həqiqətən
də özünün ağır, məşəqqətli
günlərini yaşayırdı. “Ölüm və ya olum”
dilemması qarşısında qalmışdı. Elə bu
yerdəcə kimsə soruşa bilər ki, bəs nə əcəb
bu torpaq məkirli və xəyanətkar planların
qurbanına çevrilmədi? Cavabı da qısa və
aydındır: əgər həmin ağır, ictimai-siyasi
proseslərin qarışdığı illərdə tale Heydər
Əliyevtək müdrik, uzaqgörən bir siyasətçini
bu torpağa xilaskar göndərməsəydi, onda bu
diyarın indiki varlığından və inkişafından
danışmaq da əbəs olardı. Ulu öndər
Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində
işlədiyi qısa vaxt ərzində böyük
uzaqgörənliklə qəbul etdiyi siyasi qərarlarla nəinki
regionu ağır bəlalardan, oddan-alovdan xilas etdi, eləcə
də onun uzun müddətə hesablanmış inkişaf
strategiyasını işləyib hazırladı. Bu gün də muxtar
respublika həmin strategiya üzrə inkişaf edir.
Düz on beş il bundan əvvəl
bölgədə start götürən yeni həyat quruculuğu
xətti də bu amilə söykənir. Elə o vaxtdan həyata
keçirilən tədbirlər vüsət və sürət
etibarı ilə də digər rayonlarda aparılan analoji
işlərdən fərqlənir. Bəlkə bu ilk növbədə
Avropanın, eləcə də Şərqin qabaqcıl ölkələrinin
təcrübələrindən, arxitektura üslublarından
geniş istifadə olunması ilə bağlıdır. Amma
bir vaxtlar, daha doğrusu miladi tariximizin XI-XII əsrlərində
təməli qoyulan, orta əsrlərdə məşhur olan
Naxçıvan memarlıq məktəbinin ənənələri
də unudulmayıb. Şərq memarlığı ilə
Avropa memarlığının qarşılıqlı
sintezindən bacarıqla istifadə olunur. Nuh peyğəmbərin
məzarüstü türbəsinin bərpa edilməsi,
böyük romantik şair Hüseyn Cavidin məqbərəsinin
ucaldılması, Azərbaycan tarixinin, mədəniyyətinin,
folklorunun-bir sözlə milli irs və düşüncə tərzinin
unikal ifadə vasitəsinə çevrilmiş onlarla
tarixi-memarlıq abidəsinə yeni nəfəs verilməsi də
dediklərimi sübutlayır. Ordubad şəhərindəki
tarixi abidələrə göstərilən qayğı iki
yeraltı abidəni də əhatə etmiş, onlar əsaslı
təmir olunaraq yenidən istifadəyə verilmişdir.
Hazırda həmin obyektlərdə
xalçaçılıq sexi, əl işlərinin
satış-sərgi mərkəzi fəaliyyət göstərir.
Regionun şəhər və
rayon mərkəzlərində, kəndlərində
görülən işlər, tikilən binalar, salınan
körpülər, çəkilən yollar da göz
oxşayır, könül açır. Bu sırada yeni tikilən
ali, orta ixtisas və ümumtəhsil məktəblərini, səhiyyə
ocaqlarını, mədəniyyət müəssisələrini
xüsusi qeyd etməyə dəyər. Onların hər biri
görünüşləri ilə diqqəti cəlb edir. Hər
bir obyektdə müasir tikinti mədəniyyətinin,
texnologiyalarının son nailiyyətlərindən istifadə
olunub.
Son on beş ildə həyata
keçirilən məqsədyönlü və ardıcıl
tədbirlər sayəsində region tərəqqidən
intibaha doğru böyük inkişaf yolu keçib.
Sosial-iqtisadi inkişafın özünəməxsus modeli
yaradılan Naxçıvanda tikinti-quruculuq işləri
böyük zövq və istəklə aparılır, muxtar
respublikanın inkişafına, gələcəyinin möhkəm
təməllər üzərində qurulmasına xidmət edən
layihələr reallaşdırılır. Bunu bir neçə
statistik rəqəmlərlə açıqlamaq istəyirəm.
Bu müddətdə ərzində muxtar respublikada 364 yeni sənaye
müəssisəsi işə düşüb. Əsas
kapitala 2 milyard manata yaxın investisiya yönəldilib. Bu
investisiyadan səmərəli istifadə nəticəsində
393 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində
593 obyekt, 406 su nasos stansiyası və subartezian quyusu, 119
körpü, 45 məişət evi və ticarət mərkəzi,
231 elm və təhsil müəssisəsi, 173 səhiyyə
müəssisəsi, 33 idman obyekti və sairə tikilib. Cəmi
7 min nəfərə yaxın sakini olan Şərur şəhərində
müasir tipli olimpiya-idman kompleksinin tikilib istifadəyə verilməsi
kiçik şəhərə böyük idman mədəniyyəti
gətirib. Sərhəd bölgəsi olan Heydərabadda tikilən
müasir obyektlər, ikimərtəbəli yaşayış
evləri qəsəbəyə şəhər görkəmi
verib.
Ötən il daxili tələbatdan
artıq istehsal olunmuş 62 milyon 220 min ABŞ dolları dəyərində
sənaye məhsullarının qonşu xarici ölkələrə
və respublikamızın digər bölgələrinə
ixrac olunması da regionun getdikcə artan iqtisadi
potensialından xəbər verib. Sahibkarlıq fəaliyyəti
və ticarət üşün yaradılmış münbit
şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin
coğrafiyası xeyli genişlənmiş, iki il bundan əvvəl
isə ilk dəfə olaraq idxal ixracı üstələyərək
xarici ticarətdə müsbət saldo yaranıb.
Həyata keşirilən
mühüm quruculuq tədbirlərindən biri də 10394
hektar sahədə yeni yaşıllıq zolaqlarının–meşə
massivlərinin, meyvə bağlarının salınması
olub. Yaşıllıq zolaqları muxtar respublika ərazisinin
artıq 8 faizini əhatə edib. Halbuki on il bundan əvvəldə
bu rəqəm cəmi bir faizi təşkil edirdi.
Məmləkətimiz üçün strateji əhəmiyyətli
bölgə
Təbii ki, bölgəyə
dövlətin qayğı və dəstəyinin çox
olması ilk növbədə regionun yerləşdiyi geosiyasi
mövqedən irəli gəlib. Çünki
Naxçıvan ölkəmiz üçün həmişə
strateji əhəmiyyət kəsb edən bir bölgə olub.
Tarixə bir qədər nəzər salsaq, aydın görərik
ki, muxtar respublika bir yandan geostrateji mövqeyi və zəngin təbii
sərvətləri ilə diqqəti özünə cəlb
edibsə, digər tərəfdən əlverişli tranzit
imkanlarına malik olması, Böyük İpək Yolunun
üzərində yerləşməsi onu iri ölkələrin
maraqlarının kəsişdiyi əraziyə çevirib.
Bütün bunlar isə qədim Naxçıvanı dəfələrlə
hərbi və siyasi savaş meydanı edib.
Naxçıvan şəhəri
bizim eranın onuncu əsrində Naxçıvan
şahlığının, on ikinci əsrdə qüdrətli
Atabəylər dövlətinin, on səkkizinci əsrdə
siyasi səhnədə əhəmiyyətli rol oynayan
Naxçıvan xanlığının, 1918-ci ildə 1
milyondan artıq əhaliyə malik Araz-Türk
Respublikasının paytaxtı olması Azərbaycan dövlətçiliyinin,
siyasi və diplomatik münasibətlər sisteminin
formalaşmasında mühüm mərhələ təşkil
edib. Naxçıvanın muxtariyyət əldə etməsindən
sonra formalaşmış xarici dövlətlərlə əlaqələr
sahəsində təcrübəsi Azərbaycan dövlətçiliyinin
daha da zənginləşməsinə xidmət edib. Amma bu
müddətdə məkrli erməni iddiaları daim onun
başı üzərində olub.
Ötən əsrin 90-cı
illərinin əvvəllərində bu təhlükə yenidən
baş qaldırıb. Naxçıvan Muxtar
Respublikasının rəhbəri kimi ulu öndər Heydər
Əliyev xarici dövlətlərlə münasibətdə
qonşuluq prinsipinin əsaslarını yaradaraq tətbiq etdi,
İran və Türkiyə ilə mehriban münasibətlər
quruldu, Araz çayı üzərində Şahtaxtı-Poldəşt,
Sədərək-Dilucu körpüləri salındı. Sadələşdirilmiş
rejimdə işləyən yeni sərhəd-keçid məntəqələri
yaradıldı. İranın və Türkiyənin
Naxçıvan Muxtar Respublikasında konsulluqları fəaliyyətə
başladı. O dövrdə böyük uzaqgörənliklə
tətbiq olunan düzgün siyasi xətt Naxçıvanın
işğalının qarşısını almaqla bərabər
son dərəcə ağır blokada şəraitində olan
bölgədə yaşayışı və inkişafı
təmin etdi.
Dahi öndər siyasi fəaliyyətinin
ayrı-ayrı dövrlərində bu torpağın möhkəmlənməsinə
və onun inkişafına xüsusi qayğı göstərib.
Bu amil də torpaqlarımıza zaman-zaman göz tikən bədxah və
yaramaz erməni millətçilərinin məkrli
planlarının və niyyətlərinin puç
olmalarında önəmli rol oynayıb. “Mən son vaxtlar
Naxçıvanın inkişafı ilə əlaqədar bəzi
tədbirlər həyata keçirmək barədə qərarlar
vermişəm. Bunlar lazımdır. Nə üçün?
Çünki Naxçıvanın vəziyyəti, onun
coğrafi vəziyyəti və Naxçıvana qarşı
ermənilərin daimi ərazi iddiası Naxçıvanı
xüsusi inkişaf etdirmək məsələsini
qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən
qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın
milli mədəniyyətini, memarlığını, rəssamlığını
nümayiş etdirən abidələr vardır.
Biz Azərbaycanın
xüsusi ağır şəraitdə olan bir hissəsini gərək
o qədər inkişaf etdirək ki, oradakı problemlər
insanları narahat etməsin. Həmin insanlar orada daim
yaşasınlar. Azərbaycan torpağını qorusunlar,
saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul
olunmuşdur”.
Prezident İlham Əliyev də
bu siyasi xətti uğurla davam etdirir, ulu öndərin
tövsiyə və tapşırıqlarını layiqincə
yerinə yetirir. Çıxışlarının birində
isə bununla bağlı deyib: “Xalqımızın
ümmummilli lideri Heydər Əliyev Naxçıvana çox
diqqətlə yanaşırdı. Ona görə yox ki, burada
anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki,
siyasi xadim kimi Naxçıvanın Azərbaycan
üçün əhəmiyyətini çox gözəl başa
düşürdü”.
Rəhbər ağıllı, tədbirli və qətiyyətli
olanda...
Ötən ilin oktyabr
ayında muxtar respublikaya növbəti səfəri çərçivəsində
keçirdiyi görüşlərdə dövlət
başçımız qazanılan uğurların hansı mənbədən,
gücdən qaynaqlandığını da açıqlayaraq
müstəqil dövlətçilik tariximizin ağır və
çətin dövrlərinin bəzi məqamlarını
xatırladıb: “Heydər Əliyev siyasəti Azərbaycanın
bütün bölgələrində özünü
büruzə verir. Hər bir yerdə, hər bir şəhərdə,
hər bir rayonda quruculuq, abadlıq işləri
aparılır. Böyük investisiyalar qoyulur. İqtisadi və
sosial məsələlər öz həllini tapır”.
Heç şübhəsiz
ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarına uyğun olaraq həyata keçirilən tədbirlərin
çox olması da regionun yerləşdiyi geosiyasi mövqe ilə
bağlıdır. Blokada şəraitində yaşamasına
baxmayaraq burada aparılan tikinti-abadlıq işləri
düşmənlərimiz üçün göz
dağına çevrilir. Xüsusən də ucqar və sərhəd
yaşayış məskənlərində-Havuşda,
Şadada, Qaraağac və Heydərabadda tikilənlər. Məgər
düşmənlərimiz Naxçıvanı iqtisadi
blokadanın ağrıları şəraitində
yaşamağa məcbur edəndə onların başlıca
məqsədləri bu torpağı iqtisadi cəhətdən
zəiflətməklə onu ələ keçirmək istəyindən
ibarət olmayıbmı? Top-tüfənglə niyyətlərinə
çata bilməyəndə onlar istəyiblər ki, bu əzəli
oğuz-türk yurdunda yaşayan insanların əhval-ruhiyyəsini
aşağı salmaqla onları öz ev-eşiklərindən,
ocaqlarından “perik” salsınlar...
Amma müdriklərimizin belə bir
sözü, kəlamı da vardır ki, sərkərdə
igid olanda ordunu heç zaman bada vermir. Son illərdə belə
bir deyim də formalaşıb ki, elin-obanın
başçısı, ağsaqqalı öz yerində
oturanda-əyləşəndə, əhalinin
yaşayışında, gün-güzəranında çətinliklər,
problemlər yaranmır, el ilə gələn dərd-bəla
da toy–bayramla həll olunur. Təki rəhbər
ağıllı və tədbirli, qətiyyətli bir lider
olsun. Naxçıvan Muxtar Respublikasının bu günkü
sosial-iqtisadi inkişafında da qazanılan uğurlarda bu amil
də önəmli rol oynayır. Bu səbəbdən muxtar
respublika nəinki iqtisadi və sosial böhrandan qısa vaxt ərzində
yaxa qurtarıb, həmçinin onun dinamik inkişafı təmin
edilib.
2003-cü ildən bu günədək
Naxçıvan Muxtar Respublikasında 44 min 647 yeni iş yeri
açılmışdır ki,onun da 29 min 393-ü və
yaxud 66 faizi daimi iş yerləridir. Bu isə o deməkdir ki, ərazisi
əsasən xarici dövlətlərlə sərhəddə
yerləşən, sadələşdirilmiş birgə
gömrük-keçid qaydaları fəaliyyət göstərən
bir regionda bu qədər iqtisadi cəhətdən fəal əhalinin
iş dalınca yaxın-uzaq ünvanlara, qonşu ölkələrə
getməsinə ehtiyac qalmayıb.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı
tarix üzrə fəlsəfə doktoru,
əməkdar journalist
525-ci qəzet.- 2011.- 18 yanvar.- S.4.