Bu gün öyrənirlər ki, sabah öyrətsinlər

 

AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNDAN REPORTAJ

 

 Neçə vaxt idi, ali təhsil ocaqlarının birindən qış imtahan sessiyasının gedişilə bağlı yazı hazırlamaq istəyirdim. Çox götür-qoy edəndən sonra Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) üzərində dayandım. Çünki bu gün bu ali təhsil oğacında təhsil alan tələbələr sabahın müəllimləridir, gələcəyimiz olan uşaqlarımızın elm öyrənmələri, cəmiyyət üçün lazımlı insan kimi yetişmələri bilavasitə onlardan asılı olacaq. Məhz bu məqsədlə də yolumu AMİ-dən saldım. Tədris işləri üzrə prorektor Şamil Qasımlı ilə qısa tanışlıqdan sonra o, çalışdığı təhsil müəssisəsi, buradakı tədrisin təşkili, qış imtahan sessiyasının gedişilə bağlı suallarımızı cavablandırmağa razılıq verdi. İlk əvvəl qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutu indiki adı ilə 2000-ci ildə, mərhum prezident Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaranıb. Həmin dövrdə Azərbaycanın bölgələrində, ucqar dağ kəndlərində müəllim qıtlığı, xüsusən də ibtidai sinif müəllimlərinə olan tələbat özünü daha çox biruzə verib. Hətta iş o yerə çatıb ki, ixtisasca pedaqoji təhsili olmayanlar da ibtidai siniflərdə dərs deməyə cəlb olunublar. Bununla bərabər, bölgələrdən Bakıya gəlib pedaqoji təhsil almaq istəyən gənclərimiz də müxtəlif çətinliklərlə üzləşiblər. Buna görə də ümummilli lider H.Əliyev AMİ-nin yaranması haqqında fərman verib. Həmin fərmanla respublikanın 12 bölgəsində, yəni Gəncə, Qazax, Salyan, Cəlilabad, Ağcabədi, Mingəçevir, Şamaxı, Şəki, Zaqatala, Sumqayıt, Quba və Naxçıvanda bu institutun filialları yaradılıb. Sonralar Naxçıvan filialı müstəqil instituta çevrilib. AMİ baza institutu olmaqla, 11 filialı ilə birgə uğurla fəaliyət göstərməyə başlayıb. Hazırda bu baza institutunda mindən artıq tələbə bakalavr, 100-ə yaxın gənc isə magistr pilləsində təhsil alır. Tələbələrin təhsili ilə 150-yə yaxın professor-müəllim heyəti məşğul olur. AMİ özünəməxsus xüsusiyyətləri ilə bəzi ali təhsil ocaqlarından fərqlənir. Digər ali təhsil müəssisələrində orta məktəb üçün müəllim kadrları hazırlanmaqla yanaşı, gələcəkdə elmi tədqiqat işləri ilə məşğul olacaq kadrlar da yetişdirilir.

 AMİ isə yalnız orta məktəblər üçün pedaqoji kadrlar hazırlayır. AMİ-nin özünəməxsus xüsusiyyətlərindən biri də burada oxuyan gənclərin 99 faizinin qızlardan ibarət olmasıdır. Buna da əsas səbəb institutdakı ixtisaslardır. Çünki əvvəllər AMİ-də məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri və ibtidai sinif müəllimləri kimi iki istiqamət üzrə ixtisas hazırlığı həyata keçirilib. Bu ixtisaslara isə qızlar daha çox maraq göstərdiklərindən tələbələr arasında zərif cinsin nümayəndələri üstünlük təşkil edib. Lakin 3 il əvvəl instituta “Riyaziyyat və informatika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və sair kimi ixtisaslar üzrə də kadr hazırlamağa səlahiyyət verilib. Məhz bundan sonra tələbələr arasında oğlanların da sayı xeyli artıb. AMİ-də tədrisin keyfiyyətindən söhbət açan Ş.Qasımlı 2005-ci ildən etibarən təhsil müəssisəsində bu baxımdan ciddi nailiyyətlərin əldə olunduğunu bildirib: “Əvvəllər baza institutla hesablaşma aparılmadan, filialların hər biri müxtəlif ali təhsil ocaqlarının tədris planı əsasında fəaliyyətini qurub. Bu səbəbdən də filiallardakı tələbələr müxtəlif tədris planları üzrə təhsil almalı olublar. 2005-ci ildən isə bu məsələyə son qoyulub. Bütün filiallar vahid tədris planı ilə işləməyə başlayıblar. Hazırda AMİ-də və filiallarda 8 ixtisas üzrə kadrlar hazırlanır. İxtisaslar “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” və sair kimi adlanır. Elə ixtisaslar var ki, bunlar həm AMİ-də, həm də filiallarda mövcuddur. Buna misal olaraq, “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasını göstərmək olar. Hazırda respublikada ibtidai sinif müəllimlərinə olan tələbatın 60 faizini AMİ və onun filialları ödəyir. Amma elə ixtisaslar da var ki, bu AMİ-də deyil, onun filiallarında mövcuddur. Bu sıraya “Tarix və coğrafiya müəllimliyi” ixtisasını aid etmək olar. Bu cür qoşa ixtisasa Bakı şəhərində ehtiyac olmasa da rayonlarda böyük tələbat var. Sırf tarix ixtisasını qurtaran kadr təyinatla rayonlardakı hər hansı kəndə gedəndə, dərs saatının azlığını və bunun müqabilində də əməkhaqqının cüzi miqdar təşkil etməsini görüb orada qalıb işləmək istəmir. Ancaq “Tarix-coğrafiya müəllimliyi” kimi qoşa ixtisası bitirən kadr həmin kənddə qalmağa maraq göstərir. O, iki fənni tədris etmək imkanına malik olduğundan istər-istəməz dərs saatı da, buna görə aldığı əməkhaqqı da yüksək olur. Belə olan halda ən ucqar dağ kəndi də müəllim kadrları ilə təmin edilir”. AMİ-nin tədris işləri üzrə prorektoru qeyd etdi ki, 2005-ci ildə siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı (yeri gəlmişkən, Milli Məclisə ötən il keçirilmiş seçkilərdə Aqiyə xanım millət vəkili seçilib. R.İ.) AMİ-yə rektor təyin olunandan sonra, institutda sağlam mənəvi mühit formalaşıb, təhsilin keyfiyyətinin daha da artmasına xidmət edən zəngin maddi-texniki baza yaradılıb. Onun sözlərinə görə, həmin ilin yayında tamamilə obyektiv şəkildə keçirilən imtahan prosesi zamanı institutda ali təhsil alan tələbələrin real səviyyəsini müəyyən etmək mümkün olub: “İmtahanlardan sonra institutdakı tələbələrin cəmi 21 faizində mənimsəmə səviyyəsinin yüksək olduğu müəyyənləşib. Həmin 21 faiz tələbə arasından isə heç kəs əlaçı adını qazana bilməyib.

O zaman bu cür ciddi imtahan prosesinə adət etməyən tələbələrlə yanaşı, onların valideynləri də rektoratlığa öz narahatçılıqlarını çatdırırdılar. Valideynlər belə imtahan prosesinə adət etmədiklərini söyləyirdilər. Hətta bəziləri qeyd edirdi ki, biz imtahan başlamazdan əvvəl övladımızın neçə qiymət almasını bilməliyik. Təbii ki, onların bu qeyri-sağlam istəkləri təmin olunmadı. Həmin vaxt institutda fəaliyyət göstərən münaqişə komissiyasına 200-dən artıq tələbənin şikayəti daxil oldu. Lakin həmin şikayətlərin heç birində tələbə, onun qiymətinin subyektiv yazıldığını, yaxud da müəllim tərəfindən ona qarşı hər hansı formada qərəzlilik olduğunu sübut edə bilmədi. Aparılan araşdırmaların nəticəsi olaraq, 2005-ci ildə 14 nəfər tələbə AMİ-dən xaric olundu. Məhz belə bir ciddi addımlardan sonra tələbələr və onların valideynləri qiymətin yalnız biliyə verildiyini qəbul etməli oldular. Bu islahatların davamı kimi, 2006-cı ilin qış imtahan sessiyasında da tələblərə ciddi əməl olundu. Yanvar sessiyasının nəticələrində tələbələrin mənimsəmə səviyyəsi 77 faizə oldu. Tələbələr arsından iki nəfər əlaçı adını qazandı. İnstitutdan qovulan tələbənin sayı da azaldı. Həmin ilin yay imtahan sessiyasında isə ümumiyyətlə institutdan qovulan olmadı. İmtahanın gedişindən şikayət edən tələbələrin sayı da 200-dən 17-ə düşdü. Bu cür müsbət ənənə hazırda da institutda davam etdirilir”.

 Qeyd edək ki, digər ali təhsil müəssisələrindən fərqli olaraq, AMİ-də bakalavr, magistr təhsili ilə yanaşı, ixtisasartırma və yenidənhazırlanma təhsili də həyata keçirilir. Bütün bu tədris prosesi zamanı müasir kompyuter texnologiyasından geniş istifadə olunur. Mühazirə və seminarların keçirilməsinə kifayət qədər elmi biliyi və pedaqoji təcrübəsi olan müəllimlər cəlb edilir. Təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-11-ci tədris ilinin birinci yarısında 400 nəfərdən artıq dinləyici AMİ-də keçirilən kurs və seminarlarda iştirak edib. Təhsil nazirliyi tərəfindən müəyyən edilmiş qaydalar əsasında AMİ-də ödənişli formada həyata keçirilən yenidənhazırlanma təhsili də uğurla davam etdirilir. Yalnız 2010/2011-ci tədris ilində yenidənhazırlanma təhsilinə nazirliyin müvafiq təlimatı əsasında 47 nəfər qəbul edilib.

 Ş.Qasımlı ilə söhbət zamanı ona imtahan prosesinin gedişi ilə yaxından tanış olmaq istəyimi də çatdırdım. O, hazırda institutdakı sinif otaqlarından on ikisində imtahan prosesinin getdiyini bildirərək, istədiyim otağa girib tələbələrlə görüşüb söhbətləşə bilmək imkanımın olduğunu söylədi. Elə bu məqsədlə də üz tutduq auditoriyalara. 414-cü qrupda “Uşaq anatomiyası və fiziologiyası”, 411-ci qrupda “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili”, 412-ci qrupda “Hüquq psixologiyası”, 203-cü qrupda “Fiziki tərbiyə və onun tədrisi metodikası” fənnindən imtahan verən tələbələrlə görüşdüm. Tamamilə səmimi bir ab-hava yaratmaq üçün məni müşayiət edən prorektordan və imtahana nəzarət edən müəllimlərdən auditoriyanı 3-5 dəqiqəlik tərk etməyi xahiş etdim. Gənclərlə baş-başa qaldıqdan sonra onlara qış imtahan sessiyasına necə hazırlaşdıqları, imtahan prosesində hər hansı neqativ hallarla rastlaşıb-rastlaşmadıqları barədə bir neçə sual ünvanladım. Tələbələr qətiyyətlə bildirdilər ki, imtahanlar tamamilə obyektiv keçirilir. Onlar əlavə etdilər ki, AMİ-də dərsə davamiyyət, nizam-intizam, seminar və mühazirələrdə aktiv iştiraka ciddi nəzarət olunur. Qayda-qanuna əməl etməyən tələbə ümumiyyətlə imtahanlara buraxılmır. İmtahan prosesində isə tələbələrə özləri haqqında məlumat əks olunan kod vərəqi və biletin cavablarının yazılacağı möhürlü vərəqlər paylanılır. Hər bir tələbə götürdüyü biletin suallarının cavabını həmin möhürlü vərəqlərə yazır. İmtahan prosesindəki nəzarətçilər də qeyri-ixtisas fənlərinin müəllimlərindən təşkil olunur ki, hər bir tələbə öz biliyini sərbəst şəkildə nümayiş etdirə bilsin. Bu proses bütün auditoriyalarda quraşdırılmış kameralar vasitəsilə daim nəzarətdə saxlanılır. İmtahan prosesinə prorektor başda olmaqla heç bir müəllim müdaxilə edə bilmir. İmtahan verən tələbələrin cavab vərəqləri birbaşa rektorun nəzarəti altında şifrələnir və yoxlanılması üçün imtahan komissiyasının üzvü olan müəllimlərə paylanılır. Cavab vərəqlərinin üzərində heç bir tələbə haqqında məlumat olmadığından, onları yoxlayan müəllim bilmir ki, əlindəki hansı tələbənin cavab vərəqidir. Yoxlama qurtardıqdan sonra bütün vərəqlər AMİ-nin kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinə təhvil verilir. Burada tələbələrin biliyinə verilən qiymətlər kompyuterdə yerləşdirilir və həmin kabinetin qarşısında quraşdırılan lövhədə asılır. Tələbələr də lövhədəki siyahı vasitəsilə imtahandan əldə etdikləri nəticə ilə tanış ola bilirlər. AMİ-də olarkən bu ali təhsil ocağında aparılan əsaslı təmir işləri də diqqətimdən yayınmadı. Bütün auditoriyalarda müəllim və tələbə kontingenti üçün hərtərəfli şərait yaradılıb. Ən müasir tələblərə cavab verən təhsil ocağı mərkəzi istilik sistemi ilə də təmin olunub. Yeni idman zalı tikilib, tibb məntəqəsi, yataqxana, yeməkxana əsaslı surətdə təmir olunaraq müasir tələbata uyğunlaşdırılıb. Bir sözlə, burada hərtərəfli təhsil almaq üçün mümkün şərait yaradılıb.

AMİ-dən çıxıb redaksiyamıza gələndə institutda olarkən imtahan verən tələbələrdən bir neçəsi ilə təsadüfən metroya qədər yol yoldaşı oldum. Auditoriyada olarkən onlara ünvanladığım suallarla təkrar tələbələrə müraciət etdim. Üz-gözlərində sevinc hissi sezilən gənclər bu dəfə də əvvəlki fikirlərini təkrarlayaraq, təhsil aldıqları institutdakı şəraitdən, oradakı sağlam mühitdən fərəhlə danışdılar.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 18 yanvar.- S.2.