“Şəhidlər ölməz! Vətən bölünməz!”

 

 Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik zalında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir gerçəkləşib. Teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” məclisinin birgə layihəsi əsasında baş tutan tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsinə həsr edilib. Dövlət Himninin səsləndirilməsindən sonra 20 yanvar hadisələrini əks etdirən qısametrajlı film nümayiş olunub. Daha sonra teatrın direktoru, əməkdar artisti Mübariz Həmidov, teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova və Dünya Azərbaycanlıları Konqresinin fəxri Prezidenti, İngiltərənin Edinburq Universitetinin professoru, filosof, şair Qulam Rza Səbri Təbrizi, Dünya Azərbaycalıları Konqresinin Həmsədri, professor Paşa Qəlbinur çıxış edərək xalqımızın tarixinə qanla yazılmış 20 yanvar günündə canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdırıblar. Çıxış edənlər şəhidlərin əziz xatirəsinə ehtiram və onların ailələrinə qayğının ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Tədbirdə Şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Fəlsəfə elmləri doktoru, Azərbaycan Universitetinin dosenti, “Məlhəm” Qadınlar İctimai birliyinin sədri, şair-publisist Xədicə İskəndərli, filologiya elmi üzrə fəlsəfə doktoru, şair, şəhid xanımı Arzu Nehrəmli, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun rəhbəri Sayman Aruz, Qarabağ Müharibəsi iştirakçısı, milis mayoru, şair Aidə Şirinova, Şəhid Anaları Komitəsinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası, professor Rəfiqə Əsgərova və digərləri çıxış edərək şəhidlərə həsr olunmuş şeirlər və bayatılar səsləndiriblər. Sözləri və musiqisi Əlirza Amanbəyliyə məxsus “Yenilməz” mahnısı müəllif tərəfindən, “Qalmaz Dünya” mahnısı teatrın aktyoru İlham Əsədovun ifasında səsləndilib. “Bilmirəm, anam başıma xına qoydu” ədəbi parçası teatrın aktyorları Ədalət Əbdülsəmədov və Nurlan Rzayev tərəfindən ifa olunub. Tədbir iştirakçılarına şair Şövkət İmaminin Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr olunmuş “Zirvələr fatehi... Gültəkin” poemasından bir parça teatrın aktyorları Sona Babayeva, Güşvər Şərifova, Anar Seyfullayevin ifasında nümayiş etdirilib. Rəsmi hissənin sonunda aparıcı ölkə prezidentinin sözlərini dilə gətirərək ordusunda minlərlə Mübariz və Fərid kimi qəhrəmanları olan xalqın qələbəsinin çox da uzaqda olmadığına əminliyini diqqətə çatdırıb. Rəsmi hissədən sonra teatrın böyük səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası göstərilib. İlk məhəbbət haqqında iki hissəli lirik dramın yeni səhnə redaksiyasının müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru, Xalq Artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze, rejissor asissenti əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir. 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşada rolları əməkdar artist Rafiq Hüseynov, Rahib Əliyev (məktəb müdiri), aktyorlar Təhminə Məmmədova (Turan (yaşlı)), Asya Atakişiyeva (Turan), Mirzə Ağa Mirzəyev (Aqil), Emin Sevdiməliyev (Bəhruz), Nigar Məmmədova (Səidə), Nəsibə Eldarova (Zəhra), Kərəm Hadızadə (Qürbət), Anar Səfiyev (Alik), İlham Əsədov (aparıcı-şoumen), Məsumə Babayeva (müəllimə), Sona Babayeva (valideyn), Elxan Qurban (Natiq), Müşfiq Əliyev, Anar Seyfullayev, Xalidə Şərifova, Ədalət Əbdülsəmədov, Rəzzaq Məmmədov, Yusif Dadaşov, Aydın Dəmirov, Nurlan Rzayev, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Aybəniz Əhmədova, Anar Seyfulllayev, Elgün Yəhyayev, Vahid Orucoğlu (şagirdlər), Nəsibə Eldarova, Dilarə Fərəccullayeva, Kərəm Hadızadə, Nigar Məmmədova və başqaları bölüşürlər. Tədbiri teatrın redaktoru və “Bura Vətəndir” məclisinin sədri Səriyyə İsmayılova idarə edib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 19 yanvar.- S.7.