Azadlıq yanğısı

 

Şəhid insan...

Şəhid şəhər...

Şəhidlər qəbristanlığı...

Şəhid ruhlar...

Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır.Son iyirmi bir ildə belə işlək sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. Şəhid ailəsi, şəhid anası, şəhid atası, şəhid məzarı-yurdun hər guşəsindən bəzən hıçqırıqla, bəzən də qürurla söylənilən bu sözlər indi bizim hər birimizin dilində səslənir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi heç kəs bağışlamır. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb.

Qarabağ şəhidləri. 20 Yanvar qurbanları. Xocalıda həlak olanlar. Bunlar Azərbaycan tarixinin ən faciəvi məqamlarıdır. Bir evdən, bir ocaqdan, bir ailədən qopan oğullar, qızlar, təkcə bir evin, bir ocağın, bir ailənin yox, bir yurdun, məmləkətin şəhid oğullarına döndülər.

Azərbaycan ədəbiyyatında şəhidlik mövzusunun tarixi çox qədim əsrlərə gedib çıxır. Ancaq bu mövzunu ədəbiyyatda ilk dəfə abidə səviyyəsinə qaldıran və şəhidliyi bədii-metaforik rəmzə çevirən dahi Məhəmməd Füzuli olub.. Hədiqətüs-süəda əsərində o, əski çağlardan çox yayılan Kərbəla vaqiəsini qələmə alıb, bu dini hadisəni təkcə din yolunda gedən mübarizə kimi yox, tədqiqatçıların çox doğru qeyd etdiyi kimi, insanın mənəvi və cismani köləliyə qarşı üsyanı, məslək və etiqad uğrunda mübarizəsi kimi təsvir edib. Ümumiyyətlə, türk dünyasında, müsəlman aləmində şəhidlik missiyası dini-ideoloci kontekstdən sıyrılmasa da, sonralar Vətən, xalq və millət uğrunda gedən savaşlar, istiqlal mübarizələri ilə sıx bağlı olub. Xüsusilə qardaş türk ədəbiyyatında Nihal Atsız, Mehmet Akif,Yəhya Kamal kimi şairlər şəhidlikdən qəhrəmanlığa ucalan yolu və zirvəni doğru müəyyənləşdiriblər. Yəni onların poetik tərənnümündə şəhidlik anlayışı qəhrəmanlıq kimi dərk olunur.

Qəhrəmanlıq nə yalnız

bir yüksəliş deməkdir.

Nə də yıldızlar kibi

parlayıb sönməməkdir.

Sızlarsa da könüllər

Şəhidlərin yasından,

Qoşar adım getməli

onların arxasından.

Qəhrəmanlıq-içərək

acı ölüm tasından,

Irəliyə atılmaq və

sonra dönməməkdir!

(Nihal Atsız)

Azərbaycanın müstəqilliyi təkcə 80-90-cı illərin hadisəsi olmayıb, kökü milli şüurumuzun və azadlıq düşüncələrimizin dərin qatlarına gedib çıxır. Odur ki, poeziyada müstəqilliyimizə qədər gələn arzuların real ifadəsi kimi bir sıra obrazlar diqqəti cəlb edir. Xüsusilə Babəkin qəhrəmanlığı, Nəsiminin şəhidliyi haqqında poeziyamızda onlarca nümunələr yaranmışdır.

Rəsul Rzanın Babək şeiri (1977) şəhid olan qəhrəmana möhtəşəm poetik abidə kimi əvəzsizdir.Şair Babəkin ölüm səhnəsini təsvir edir. Babək qan dolu teştdə bir soluna, bir sağına baxır, bir ovuc qan götürür ki, saralan rəngi görünməsin. Sağ qolunu da kəsirlər. Ona elə gəlir ki, qolu deyil, qılıncı yerə düşür. Amma:

Babək nə uf dedi,

nə aman istədi.

Sanki uzaq-uzaqlardan,

qara kəhər atının

kişnərini eşitdi.

Qan qurumuş dodağından

iki kəlmə qopdu:

Gəlmələr! İtlər!

Bu nifrəti təkrarladı

qolu bağlı babəkçilər.

Əli Kərimin Şəhidliyin zirvəsi şeiri isə Nəsimiyə həsr edilib. Bu şeirdə də şəhidlik ölüm aktı kimi yox, qəhrəmanlıq, dönməzlik faktı kimi poeziya həqiqətinə çevrilir. Yenə də çoxlu belə nümunələr gətirmək olar. Xalq şairi Sabir Rüstəmxanlının Sönmüş ocağın ağısı poemasında rus imperiyasına qarşı kiçik bir dəstə ilə vuruşan Javad xanın qəhrəmanlığı və şəhidliyindən söz açılır.

...Fəlakət Javad xanı oyatmışdı. Mənliyi, qüruru, vicdanı, ürəyi oyanmışdı. Ölümünə bircə gün qalsa da oyanmışdı. Təkəbbürlülüyünü, hansı xanlasa ədavətini unutmuşdu. Ya Gəncə darvazalarının qapısını açıb təslim olmaq, ya da tikə-tikə, rizə-rizə doğranmaq! Javad xan ikinci yolu seçdi.Bu yol Beyrəyin qanlı köynəyindən, Nəsiminin edam edildiyi dar ağacından, Koroğlunun hayqırtısından keçirdi. İndi Javad xan üçün yaşanılmamış ömür yoxdur! Qeyrət var, ölümünü duyub bu ölümü mərdanə qarşılamaq var. Və bir də acı bir təəssüf hissi:

Özümüz balta çaldıq kökümüzə o ki var,

Qolumuzu budayıb ocaq qaladıq yada.

Qardaşı olmayanlar özgəni qardaş tutar,

Qardaşı ola-ola yetim qaldıq dünyada.

Javad xan şəhid oldu, amma öz qanı ilə tarixləri qızartdı. Biz 1918-ci ilin Mart qırğınlarını da unuda bilmərik!

Yazıçı Ənvər Məmmədxanlının çox sevdiyi bir ifadə vardı-azadlıq yanğısı. O azadlıq yanğısı idi yüz minlərlə insanı Azadlıq meydanına çəkib aparan. Bu azadlıq yanğısından Müstəqil Azərbaycan doğuldu. Demokratik Azərbaycan Respublikasının süqutundan sonra 71 il 5 ay ərzində xalqın ruhunda yaşayan o azadlıq yanğısını söndürmək üçün Azərbaycan torpağında Qarabağ müharibəsi əkildi, 20 Yanvar, Xocalı qırğınları törədildi, Bakıya rus tankları yeridildi, şəhərlərimiz, kəndlərimiz işğal olundu. Bu azmış kimi Azərbaycanda Vətəndaş müharibəsi təhlüksi yarandı. İlk istiqlal şairlərimizdən Əhməd Javadın Ortaq türk dilinin yaradıcısı İsmayıl bəy Qaspralıya yazdığı şeirdən bu misraları xatırlamalı olursan:

Milli sazlar çalır matəm...müsibət,

Başdan-başa qan ağlayır bir millət!

Dağlarına çökmüş matəm havası,

Baxdım, ağlar türkün bağı-bağçası.

Oxunur alnında dərin bir tasa,

Qoca türk, sən nədən batdın bu yasa?

Ancaq nə qədər oxşar olsa da, milli sazlar indi də hərdən qəmli-qəmli ötsə də, Azərbaycan öz müstəqilliyini, öz bayrağını və varlığını qorudu. Ulu öndərimiz Heydər Əliyevin böyük əzmi sayəsində!

XX yüzilliyin ən dəhşətli, ən faciəli 20 Yanvar və Xocalı hadisələri poeziyamızın yaddaşına əbədi köçdü.Həmin mövzuda ilk şeirlər Mirvarid Dilbazinin, Qabilin, Fikrət Qocanın, Məmməd Aslanın, Zəlimxan Yaqubun,Ələkbər Salahzadənin qələmindən çıxdı.

Qərənfil-şəhid qanı;

Ağla, qərənfil ağla!

Ağla, inlət dünyanı;

Ağla, qərənfil, ağla!

 

Bu səngiməz ağrıya,

Bu qan sızan sarğıya,

Bu allahsız qurğuya

Ağla, qərənfil, ağla!

(Məmməd Aslan)

Xalq şairi Qabilin həmin günlərdə yazdığı Mərsiyə şeiri də dillər əzbəri oldu. Bu şeirin dini mərsiyələrdən fərqi orasında idi ki, o mərsiyələrdə hansısa bir imamın və ya imam övladlarının müsibətinə yas tutulurdu, Qabilin mərsiyəsində isə bütöv bir xalqın faciəsi əks olunub.

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,

Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,

Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,

Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.

Gecəni atəş ilə qırmızı qan eylədilər,

Xalqımı-millətimi güllə-baran eylədilər.

Məlum məsələdir ki, əgər bir mövzu yalnız bir dövrü əhatə etməyib sonrakfı illərdə də davam etdirilirsə, bu zaman həmin mövzu ya təqlidçiliyə yol açır, ya da yeni çalarları, ifadə vasitələri ilə diqqəti cəlb edir. Xalq şairi Bəxtiyar Vahabzadənin Şəhidlər poeması bu mənada 20 Yanvar faciəsinin fəlsəfi-poetik dərki kimi poeziyamızda xüsusi yer tutur. Bu poemadan əvvəl B.Vahabzadə Şənbə gecəsinə gedən yol publisistik əsərini yazmış, 20 Yanvar faciəsinin səbəbləri haqda geniş söz açmış, günahkarları danılmaz faktlarla suçlandırmışdı.

Şəhidlər poeması proloq, son söz və on yeddi fəsildən ibarətdir. Fəsillərin hər biri bu və ya digər dərəcədə mövzu ilə bağlıdır, həmin mövzuya bilavasitə dəxli olan müəyyən bir hadisədən söz açır. Bilirik ki, 20 Yanvar faciəsi adi qırğın deyildi, İmperiyanın dərs vermək, cəzalandırmaq praktikasının sübutu idi. Ancaq bu faciə Azərbaycanı Müstəqilliyə doğru gedən yoldan çəkindirə bilmədi. Şəhidlik həm də qəhrəmanlıq kimi dərk edildi, çünki xalq bu müsibətdən, faciədən ayıldı, özünü dərk etdi.

Gəldi ürəkdəki arzular dilə,

Silahı məhəbbət, son sözü Vətən.

Şəhidlər göstərdi ölümləriylə,

Ölüm aşağıdır Vətən eşqindən.

Adımız dolaşdı bütün dünyanı,

Çox da ki, ağımız qara yozuldu.

Azadlıq yolunda ölümlərə də

Hazır olduğunu göstərdi xalqım.

Bu poema bir neçə aspektdən poeziyamızın uğuru sayıla bilər. Birincisi, əsər baş verən faciəli hadisənin səbəbləri üzərində dayanır və vətəndaş bir şair kimi belə bir sualı aydınlaşdırır ki, 20 Yanvar qırğınına yol hardan başlayıb, bunun kökü hardan gəlir ikincisi, poemada konkret hadisələr və vaqiələr təsvir olunur, konkret adlar çəkilir, günahkarların kimlər olduğu aydınlaşdırılır. Poemada bir ümumi ŞƏHİD obrazı var, bu obraz şairin bütün şəhid qəhrəmanlarının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir. Poemanın lirik-publisistik ritmi və axarı da bu aspektdə qurulub. Üçüncüsü, poemanın adı Şəhidlər olsa da, burada şəhidlik məfhumu öncə qeyd etdiyimiz kimi, qəhrəmanlıq anlamında dərk olunur.

Bəli, poeziyamızda, nəsrimizdə 20 Yanvar qırğını elə 20 Yanvar günündən başladı. Ürəyi sözlə dolu cavan bir şair-Ülvi Bünyadzadə bu haqsızlığa dözmədi. Az sonra Ülvinin əlyazmaları içində başdan-başa etiraz və üsyanla dolu şeirlər, publisistik yazılar üzə çıxdı.

Əlbəttə, bütöv bir xalqa qarşı törədilən bu vəhşilik ziyalıları, söz adamlarını ayağa qaldırmaya bilməzdi. Çox çəkməz, istiqlal şairi B.Vahabzadə yazacaqdı: Mən bir daha inandım ki, bu xalqı qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz.

Şeirimizdə bir neçə il matəm ruhu dolaşdı. Mövzunun özü bunu tələb edirdi. Elə bir şair olmadı ki, həmin müsibəti öz şeirlərində əks etdirməsin.Amma çox çəkmədi ki, 20 Yanvar, onun ardınca Xocalı faciələri qloballıq kəsb etdi, dərin kədər hisslərini qəzəb, nifrət əvəz etdi, şəhidlik fəlsəfi düşüncələrə, geniş publisistik şərhlərə yol açdı, yeni əsərlər meydana gəldi. Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun Dur ayağa, Azərbaycan! nidaları eşidildi.

 

Ayağa dur, Azərbaycan!

Səninləyəm.

Səndən qeyri biz hər şeyi

Bölə billik.

Səndən qeyri biz hamımız

Ölə billik.

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran

Baban deyir.

(Məmməd Araz)

Nifrətini silah elə, gəl silahı gözləmə,

Sarıl bu gün inamına, gəl, sabahı gözləmə.

Haqqa güvən, nə gədanı, nə də şahı gözləmə,

Ona-buna göz tikənə yoxdu mənim rəğbətim,

Dur ayağa, məmləkətim, qalx ayağa millətim!

 

(Zəlimxan Yaqub)

 

20 Yanvardan sonra xalqımız çox-çox müsibətlərlə üzləşdi, Qarabağ torpağında igidlərimizin qanı bir şərid kimi dolandı bu məmləkəti. Ancaq 20 Yanvara biz təkcə qara gün kimi boylanmamalıyıq, bu gün Azadlığa, Müstəqilliyə doğru gedən yolun təməlini qoydu. Ən başlıcası isə, xalqın özünü dərk etməsinə, öz düşmənini tanımasına stimul oldu.

Beləcə 20 Yanvar qanlı şənbə bizimlə yol gedir..Ruhumuzda, mənəvi dünyamızda, şeirmizdə.. Düşmənimizi tanımaq, özümüzü dərk etmək, müstəqilliyimizi qorumaq üçün. Şəhidliyimizi Qəhrəmanlıq kimi anlamaq üçün.

 

Zillət ilə ləzzəti olmaz həyatın, dustilər,

Nəğdi-can sərf eyləyib dünyadan kam almaq gərək.

Əcz ilə dönmək ədudən səhlidir, himmət tutub,

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!

 

(M.Füzuli)

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2011.- 20 yanvar.- S.7.