20 Yanvar faciəsi Dövlət Sosial Müdafiə Fondunda anılıb

 

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov çıxış edərək vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi, müstəqillik uğrunda aparılan mübarizənin zirvəsi idi: “21 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mücadiləsini qıra bilməyib”. Fondun ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, həmin dövrdə baş verən tarixi prosesləri xatırladan S.Müslümov bildirib ki, Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu: “Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi”. DSMF sədri deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, eyni zamanda faciənin günahkarlarının adları açıq şəkildə göstərilib. S.Müslümov 20 yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb: “Ulu öndər Heydər Əliyev tərəfindən xalqımızın 1990-cı ilin 20 yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, “20 yanvar Şəhidi” fəxri adı təsis edilmiş və bu faciənin qurbanlarının sosial müdafiəsi xususi nəzarətə götürülmüş, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar verilib. Bu faciənin qurbanlarının sosial müdafiəsi ilə bağlı dövlət siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir və son illər bu istiqamətdə həyata keçirilən davamlı tədbirlərin hamımız əyani şahidiyik”. Daha sonra anım mərasimində 20 yanvar hadisələrində əlil olmuş vətəndaşlar öz xatirələrini bölüşüblər. Tədbirdə xalq artisti Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilib. Sonda bir qrup şəhid ailəsinə və əlillərə yardımlar verilib.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2011.- 20 yanvar.- S.6.