20 yanvar şəhidlərinin xatirəsi yad edilib

 

Əmlak Məsələləri Dövlət Komitəsində “20 yanvar” faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım tədbirində Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları çıxış edib. 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğunu xatırladan natiqlər, 21 il əvvəl müstəqillik və suverenlik uğrunda istiqlal mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən danışıblar. Qeyd edilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Mərasimdə çıxış edən komitə əməkdaşları qeyd ediblər ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı Azərbaycanın azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsi daim yad edilir. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. Faciə xalqımızın milli azadlıq uğrunda mübarizəsinin şanlı səhifəsidir. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. Natiqlər 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2011.- 20 yanvar.- S.6.