Keçmişdən boylanan fəlakət
“NİVA” JURNALI ŞAMAXI ZƏLZƏLƏSİ
HAQQINDA
Şəhərlər də insanlar kimidir, hərəsinin öz taleyi, öz “alın yazısı”, öz tarixi... Əsrlərin.qərinələrin əlindən tuta- tuta gəlmiş qədim Şamaxının tarixi isə bambaşqadır. Paradoksal səslənsə də bu tarix həm var, həm də yoxdur. Var ona görə ki, min illərin tarixi qaynaqları, elmi mənbələri, dünya səyyahlarının xatirələri bu gün də əlimizdədir. Yoxdur ona görə ki, bir tərəfdən süfrəmizin qırağında yer vediyimiz-çörəyimizi yeyib suyumuzu içən naxələf qonşularımızın vandalizmi, hər əsrdə törətdiyi qırğınlar, dağıntılar, o biri tərəfdən isə dəhşətli və amansız təbii fəlakətlər – zəlzələlər möhtəşəm saraylardan, camelərdən, mədrəsələrdən, qalalardan, karvansaralardan əsər- əlamət qoymayıb. Məlum bir həqiqətdir ki, əsrlərcə elmin,ədəbiyyatın, mədəniyyətin beşiyi kimi tanınan qədim Şamaxı həm də dəhşətli zəlzələlər məskəni olub. Bu torpağın hər kükrəyişi, hər təlatümü xalqımızın ulu mədəniyyətinin neçə-neçə ulu yadigarlarını bir ləhzədə yerlə yeksan edib, dağıdıb,xarabazara çevirib. Ötən əsrdə –1902-ci il, yanvar ayının 31-də baş vermiş sonuncu və ən dəhşətli zəlzələ isə keçmişimizin olub-qalan son nişanələrini də “əjdaha” kimi udub. Əldə olan tarixi sənədlərdən və şahidlərin söylədiklərindən bəlli olur ki, 1902-ci il, yanvar ayının 31-də gündüz saat 12 radələrində, baş vermiş sonuncu təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə yeksan olmuş, torpağın dərin qatlarına gömülüb. Təsadüfi deyil ki o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti “Qiyamət günü” ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər. Məlumatlara görə 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kəlisa, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt- Peterburq şəhərində çap olunan “Niva” adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapıb. Hal-hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır. Bu maraqlı eksponatın əyalət muzeyinə necə gəlib düşməsinin isə qəribə və gözlənilməz bir tarixçəsi var. Muzey əməkdaşlarının dediyinə görə 1972- ci ildə Rusiyanın Krasnodar şəhərindən Şamaxı Diyarşünaslıq muzeyinin ünvanına bir məktub gəlir. Məktub həmin şəhərin Makulatura zavodunda (kağız tullantıları) yükdaşıyan işləyən Boris Çernitski adlı bir vətəndaşdan idi. Məktub belə başlayırdı: – “Hörmətli muzey əməkdaşları, mən makulatura zavodunda adicə fəhlə işləyirəm. Bu olduqca maraqlı bir işdir. Çox vaxt əlimə nadir jurnallar, kitablar, tarixi sənədlər, arxiv materialları və sair keçir.Bunların bəzilərini vərəqləyib oxuyur, bəzilərini götürüb özümdə saxlayır, bəzilərini isə maraqlanan insanlara bağışlayıram. Bu günlərdə əlimə 1902-ci ildə Sank-Peterburq şəhərində çap olunmuş “Niva” jurnalı düşmüşdü. Orada Azərbaycanın- Şamaxı şəhərində baş vermiş zəlzələ ilə bağlı maraqlı bir yazıya və foto şəkillərə rast gəldim. Düşündüm ki bu yazı və şəkillər sizlər üçün daha maraqlı olar. Odur ki onu sizə göndərmək qərarına gəldim. Əgər istəsəniz gələcəkdə əlimə düşən digər maraqlı tarixi sənədləri də göndərə bilərəm” Göstərdiyi xidmətə görə muzey rəhbərliyindən olduqca cüzi bir məbləğ (səmi 15 rubl) pul istəyən Boris tezliklə istədiyi məbləği alır və dərgini göndərir. Bu il yanvarın 31-də 1902-ci il zəlzələsinin 109-cu ildönümü tamam olur. O zamakı təbii fəlakətlə bağlı yazı və foto şəkillər dərc olunmuş dərginin keşməkeşlərlə dolu tariximizi öyrənmək baxımından heç də az əhəmiyyət kəsb etmədiyini isbat etməyə ehtiyc yoxdur. Ən azı ona görə ki, hər bir saralmış sənəd, ilk baxışdan lazımsız görünən yazı, arxiv materialı, jurnal və kitab vərəqləri zamanın əli ilə “oğurlanmış ulu tariximizin düşüb qalmış” bir vərəqidir. Bu vərəqləri toplamaq və gələcək nəsillərə çatdırmaq hər kəsin borcudur.
Cəlal YAQUBOĞLU
525-ci qəzet.- 2011.- 20 yanvar.- S.6.