TəhsilTəhsil Problemləri İnstitutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu hesabat verdi  

 

Dünən Təhsil Nazirliyində Təhsil

 

Problemləri İnstitutunun və Bakı Pedaqoji Kadrların İxtisasartıma və Yenidənhazırlanma İnstitutunun 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavinləri və Təhsil Nazirliyinin mərkəzi aparıtının struktur bölmələrinin müdir və əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov bildirib ki, institutun strukturu Təhsildə Nəzəri Tədqiqatlar Mərkəzi, Kurikulum Mərkəzi, Təhsildə Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə Mərkəzi, İlkin Peşə-İxtisas təhsilinin İnkişaf Mərkəzi və İnzibati Təsərrüfat İşləri Şöbəsindən ibarətdi: “Hər bir mərkəzin fəaliyyəti Ədliyyə Nazirliyində qeydə alınan institutun yeni nizamnaməsi əsasında hazırlanan əsasnamə və müvafiq şöbələrin əsasnaməsi əsasında tənzimlənir. Hər ilin başlanğıcında mərkəzlərdə çalışan işçilərlə əmək müqaviləsi bağlanılır, orada onun bir ildə görəcəyi elmi-tədqiqat, metodiki və digər işlər öz əksini tapır. Təhsildə Nəzəri Tədqiqatlar Mərkəzi Təhsilin Konseptual Problemləri şöbəsi, Məktəbəqədər və ibtidai təhsilin nəzəri problemləri, Tərbiyə Problemləri, Ümumi orta və tam orta təhsilin nəzəri problemləri, Ali və orta peşə-ixtisas təhsilinin nəzəri problemləri, Əlavə təhsilin nəzəri problemləri, İnkluziv təhsil, Psixologiya və yaş fiziologiyası, Sosioloji tədqiqatlar şöbəsindən ibarətdi. Mərkəzin direktoru professor Yusif Kərimovdur. Mərkəzin tədqiqat istiqamətləri təhsilin konseptual problemlər, təhsil sistemində yeni pedqoji texnologiyalar, təhsilin məzmunu, onun təhsil islahatının tələblərinə uyğun təkmilləşdirilməsi, psixologiya, yaş fiziologiyasının müasir problemləri, inkluziv təhsilin və təhsilin sosioloji problemləri, təhsil sistemində tərbiyə problemləri, pedaqoji kadrların hazırlanması, ixtisasının artırılması sisteminə yeni texnologiyaların tətbiqi, təhsilin idarə olunması ilə bağlı problemlərdir. Kurikulum Mərkəzi Məktəbəqədər təhsilin kurikulumu Şöbəsi, İbtidai təhsilin kurikulumu və Ümumi orta və tam orta təhsilin kurikulumu şöbəsindən ibarətdi. Mərkəzin tədqiqat istiqamətləri məktəbəqədər təhsilin kurikulumunun hazırlanması və ümumi orta, tam orta təhsil pilləsi üzrə fənn kurikulumlarının hazırlanması, tətbiqidir. Təhsildə Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə Mərkəzinin Strukturu Qiymətləndirmənin məzmunu, vasitələri şöbəsi, Monitorinqin təşkili, aparılma texnologiyaları, nəticələrin təhlili, qiymətləndirilməsi və Tədqiqatların İKT təminatı şöbəsindən ibarətdi. Mərkəzin əsas tədqiqat istiqamətləri xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər və şagird nailiyyətlərinin qiymətləndirilməsi problemi üzrə görülən işlərdir”. Onun sözlərinə görə, İlkin Peşə-İxtisas Təhsilinin İnkişaf Mərkəzinin strukturu isə Monitorinq, proqnozlaşdırma şöbəsi və İlkin peşə-ixtisas təhsilinin kurikulum şöbəsindən idarətdi. Mərkəzin tədqiqat istiqamətləri ilkin peşə təhsili sahəsində kadr hazırlığı prosesinin proqnozlaşdırılması, ilkin peşə təhsil pilləsi üçün yeni standartların hazırlanması, müxtəlif peşələrin kurikulumlarının işlənilməsi, mühəndis-pedoqoji heyətin yeni təlim texnologiyaları barədə məlumatlandırılması, peşə təhsili müəssisələrinin strukturu və idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması, regionlarda sosial-iqtisadi potensial nəzərə alınmaqla yeni tip təhsil müəssisələrinin yaradılmasıdır. Ötən il mərkəzdə Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsi ilə birgə maddi-texniki bazasını gücləndirmək üçün ilkin peşə ixtisas təhsili müəssisələri üçün, 8 adda dərslik hazırlanıb və məktəblərə çatdırılıb. Layihə üzrə İşçi qrupu N.Babaşov adına 14 ¹-li Bakı Peşə Məktəbi və Y.Rüstəmov adına 16 ¹-li Bakı Peşə Liseyində “Elektrik-qaz qaynaqçısı” və “Təmirçi-çilingər” peşələrinin modul metodu ilə kurikulumlarıni işləyib hazırlanıb və İnstitutda müzakirə olunaraq müsbət rəy alınıb. Hər iki peşə üzrə hazırlanan kurikulumlar kitab şəklində 2011-ci ildə dərc olunacaq. A.Mehrabov vurğulayıb ki, hesabat ilində institutun əməkdaşları tərəfindən aparılan tədqiqat işlərinin nəticələri əsasında monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlər, seçilmiş əsərlər, kitablar, elmi nəşrlər, toplular nəşr olunub: “Ölkədə təhsil sahəsində tədqiqatların səmərəliliyini artırmaq, alınmış nəticələrin tətbiqini müvafiq təhsil müəssisələrində həyata keçirmək məqsədilə AMEA-nın prezidenti, RTTƏŞ-in sədri akademik M. Kərimovun sərəncamı ilə 2006-cı ilin may ayının 2-dən “Azərbaycan Respublikasında Təhsil Tədqiqatlarının Əlaqələndirilmə Şurası” yaradılıb. Şura Təhsil Problemləri İnstitutunda fəaliyyətə başlayıb. 2006-2015-ci illərdə təhsilin pedaqoji, psixoloji, sosioloji, fizioloji və metodik problemləri üzrə aparılan tədqiqatların strateji istiqamətlərini bu sahədə tədqiqata cəlb oluna biləcək, təhsil sistemində xüsusi aktuallığı ilə seçilən problemlər üzrə 500-dən çox mövzu müəyyənləşdirilib. Hər il Əlaqələndirilmə Şurası tərəfindən problemlərə və tədqiqata cəlb olunması məsləhət bilinən mövzulara yenidən baxılır, yeni aktual problemlər üzrə mövzular dəqiqləşdirilir, xüsusi kitabçada çap olunaraq, təhsil sahəsində tədqiqatlar aparan təhsil müəssisələrinə çatdırılır”. Professor qeyd edib ki, ötən il 4 nəfər doktorant (aspirant) elmi işini tamamlayıb müdafiəyə təqdim edib, 3 nəfər pedaqogika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiya işini tamamlayıb və AAK-na müdafiəni təşkil etmək üçün müraciət edilib. Hazırda institutda 5 nəfər doktorant (aspirant) (bunlardan bir nəfəri əyani təhsil alır) və 16 nəfər dissertant (onlardan üç nəfər xarici ölkə vətəndaşıdır) təhsillərini davam etdirir: “2010-cu ildə institutda 13 problem sahəni əhatə edən 71 mövzu üzrə araşdırmalar aparılıb, onlardan 4 problem sahəni əhatə edən 8 mövzu üzrə işlər tamamlanıb, bu işlərin hamısının nəticələri ümumiləşdirilərək tətbiq üçün təhsil müəssisələrinə göndərilib. Hesabat dövründə institutda ştat cədvəlinə müvafiq 224 əməkdaş çalışıb, onlardan 167 nəfəri elmi işçidir. Bunların 17 nəfəri elmlər doktoru, professor, 56 nəfəri pedaqogika və psixologiya üzrə fəlsəfə doktoru, 95 nəfəri yüksək ixtisaslı mütəxəssislərdir. Hazırda İnstitutda: 118 kompyuter, 4 Notbuk, 7 surətçıxardan aparat,75 printer vardır. Onlardan səmərəli istifadə olunur. Misir Mərdanovun göstərişiylə İnstitut genişzolaqlı internetlə “Təhsil sisteminin informatlaşdırılması idarəsi” tərəfindən təmin olunub”.

Bakı Pedaqoji Kadrların İxtisasartıma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov isə deyib ki, danılmaz həqiqətdir ki, müasir şəraitdə pedaqoji kadrların təkmilləşdirilməsi və onların ixtisasının artırılması sisteminin təhsilin keyfiyyətinin yüksəldilməsində böyük rolu var. Bu sistem müasir tədris metodologiyasını, yeni texnologiyaları öyrənmək, qabaqcıl təcrübəni yaymaq, müəllimin bilik səviyyəsini yüksəltmək üçün səmərəli vasitədir. Ölkə təhsilində bu sistemin böyük əhəmiyyətini nəzərə alaraq, nazir Misir Mərdanov institutun fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır: “İnstitutumuzun son illər maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının keyfiyyətinin artması, bir neçə beynəlxalq elmi konfranslara ev sahibliyi etməsi, əməkdaşlarımızın dünyanın nüfuzlu elmi məclislərinə dəvət olunması, məruzələrlə çıxış etməsi məhz bu diqqətin və qayğının nəticəsidir. İxtisasartırma təhsilinin planlaşdırılmasına daim diqqət yetirilir, 2010-cu ilin yekununda ixtisasartırma təhsilinin vəziyyəti təhlil olunub, problemlər araşdırılıb, növbəti dərs ilində onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. İnstitutda əlverişli təlim şəraitinin yaradılması, instituta peşəkar və səriştəli təlimçilərin cəlb olunması, səmərəli idarəetmə ixtisasartırma təhsili sahəsində keyfiyyəti və yüksək davamiyyəti təmin edib”. Onun sözlərinə görə, son onillikdə təhsil sahəsində yeni idarəetmə modelinin yaradılması institutun işində və strukturunda ciddi və əsaslı dəyişikliklər tələb edirdi. Ona görə də son illərdə təhsil sahəsində aparılan uğurlu dövlət siyasətinə uyğun olaraq, İnstitutun yeni strukturu yaradılıb. Bu gün institutumuzda 2 fakültə, 11 kafedra, 8 şöbə, kitabxana və digər rəsmi qurumlar fəaliyyət göstərir. Tədris yükünün təxminən 80 faizi institutun professor-müəllim heyəti tərəfindən, 20 faizi isə kənardan dəvət olunan mütəxəssislər tərəfindən həyata keçirilir. 2010-cu ildə institutda 61 professor-müəllim heyəti (elmlər doktoru – 2, professor – 1, elmlər namizədi (fəlsəfə doktoru) – 18, dosent – 3, baş müəllim – 14, müəllim – 14, metodist – 18) çalışır. Ötən il institutun 7 əməkdaşının dosent elmi adı alması üçün Prezident yanında AAK qarşısında vəsatət qaldırılıb. 1 professor AAK-nın Riyaziyyat və mexanika üzrə Ekspert Şurasının tərkibində fəaliyyət göstərib, institutun yüksək ixtisaslı mütəxəssisləri Beynəlxalq və respublika elmi jurnallarının redaktoru, redaktor müavini, redaksiya heyətinin üzvü statusunda fəaliyyət göstəriblər. Professor-müəllim heyətinin 30-a qədər xarici ölkələrdə, həmçinin ölkədə beynəlxalq layihələrdə iştirak edib, müvafiq sertifikatlarla təltif olunublar: “İnstitutun Elmi Şurası 2008-ci ildən təhsil nazirinin müvafiq əmri ilə fəaliyyətə başlayıb və 2010-cu ildə 11 iclas keçirilib. İnstitut fakültələrinin işini səmərəli təşkil etmək məqsədilə 2010-cu ildə Elmi Şuranın qərarı ilə fakültə elmi şuraları yaradılıb. Fakültə elmi şuraları tədris planlarının və proqramlarının layihələrinin, kafedraların tədris-metodiki və elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir, fakültə heyətində olan professor, dosent, baş müəllimlərin seçkilərini aparır, onlara elmi ad verilməsi üçün İnstitutun Elmi Şurası qarşısında məsələ qaldırır. Təhsilin demokratik prinsiplər əsasında inkişaf etdirilməsi, texnologiyaların və idarəolunma sisteminin yenidən qurulması prioritet sahələrdəndir. Bu gün həmin istiqamətdə görülən işlər ilk növbədə təhsilin idarəolunması sistemində dəyişikliklərin aparılmasında həlledici amillərdən biri kimi qarşıya qoyulub. Məhz bu dəyişikliklərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, bu prosesin optimal təşkili üzrə metodik xidmətin göstərilməsi məqsədilə Təhsilin təşkili və idarəedilməsi kafedrası yaradılıb. Kafedranın dinləyiciləri BŞTİ-nin metodistləri, məktəb direktorları, direktor müavinləri, kitabxanaçılar, sinif rəhbərləri, metodbirləşmə sədrləri, kurikulum treninqlərinin iştirakçılarıdır. Kurslarda mühazirə oxumaq üçün Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, elm və təhsil ocaqlarının tanınmış professor-müəllim heyəti cəlb edilir. Kurslarda rəhbər kadrların iştirak etməsi institutumuzun üzərinə böyük etimadla yanaşı məsuliyyət də qoyur. İnstitutumuzda aparılan islahatlar təfəkkürün və elmi potensialın da ciddi təkmilləşməsini tələb edir. Biz yaxşı bilirik ki, elmi-pedaqoji potensialın güclənməsi ixtisasartırma və yenidənhazırlanma işində başlıca rol oynayır. Ötən illərdə olduğu kimi, 2010-cu ildə də yeni təhsil texnologiyasının çevik modelini yaratmaq üçün Təhsil Nazirliyinin müvafiq qurumları ilə əlaqəli iş aparılıb”. Professorun sözlərinə əsasən, İnstitutda ixtisasartırma təhsilinin təşkili prosesi xüsusi koordinasiya əsasında həyata keçirilir. Belə ki, müəllim hazırlığı, proqramın məzmunu və planlaşdırılması, dərsliklərin və dərs vəsaitlərinin yazılması, kadrların yerləşdirilməsi, pedaqoji fəaliyyətin öyrənilməsi, elmi-pedaqoji-metodiki tələbatın formalaşdırılması kimi fəaliyyət sahələri ixtisasartırmanın əsasını təşkil edir. Həyata keçirilən bütün bu məsələlər Təhsil Nazirliyi, BŞTİ, AMEA-nın institutları, ali, orta ixtisas və ümumtəhsil məktəbləri ilə əlaqəli şəkildə tənzimlənir. Elmi-tədqiqat işlərinin keyfiyyətini artırmaq üçün institutun professor-müəllim heyəti AMEA və universitetlərlə birgə əməkdaşlıq edirlər. Ötən il Təhsil Nazirliyinin TİMS şöbəsi ilə əməkdaşlıq etmiş, il ərzində Bakı şəhəri üzrə pedaqoji kadrların ixtisasartırma kurslarından keçməsi, sertifikat və vəsiqə almaları haqda məlumatları şöbəyə təqdim edilib. TİMS şöbəsinin hazırladığı baza məlumatına əsasən məktəblərdə işləyən pedaqoji kadrların ixtisasartırma kurslarında iştirakları tənzimlənir. 2011-ci ildən məktəbəqədər təhsil müəssisələri haqqında bazanın işlənməsini planlaşdırırıq: “Bu gün Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən-hazırlanma İnstitutunda ixtisasartırma təhsili bir neçə formada həyata keçirilir. Orta ümumtəhsil müəssisələrinin ixtisas fənn müəllimlərinin yarımillik, yay kursları və tematik kurslarında ixtisasartırma təhsilini həyata keçirmək üçün institutun müvafiq kafedraları ilə birlikdə hazırlanıb 60 adda tədris-tematik plan Institutun Elmi Şurasında müzakirə olunaraq təsdiq edilib. Bu tədris-tematik planlarda dinləyicilərin arzu və istəklərini nəzərə alaraq 2 saat sərbəst vaxt ayrılıb. 2010-cu ildə ixtisasartırma kurslarında iştirakçıların tələbatını nəzərə alaraq mühazirəçilərin tərkibinə xüsusi diqqət yetirilib. Ölkənin aparıcı elm xadimləri, ömrünü təhsilimizin inkişafına həsr etmiş mütəxəssislər bu kurslara mühazirəçi kimi dəvət edilən, onların təcrübəsindən müdavimlər, həmçinin gənc mühazirəçilər də faydalanıb. Təkcə onu demək kifayətdir ki, il ərzində institutla əməkdaşlıq etmiş 200-dən çox mühazirəçi-müəllimin 30-u elmlər doktoru, 70-i elmlər namizədidir. 2010-cu ildə ixtisasartırma və yenidənhazırlanma işinə xüsusi diqqət yetirilib, əvvəlki çatışmazlıqların aradan qaldırılması istiqamətində əsaslı irəliləyişlərə nail olunub. İxtisasartırma fakültəsində təşkil olunmuş ixtisasartırma kurslarına 10 minə qədər pedaqoji kadr cəlb olunub, onlardan 7728-i kursları bitirib. Ötən il ümumtəhsil məktəblərində çalışan informatika müəllimləri üçün “Proqramlaşdırma dilləri və verilənlər bazalarının idarəetmə sistemlərinin yeni təlim metodları ilə tədrisi” mövzusunda informatika müəllimləri üçün 98 saatlıq ixtisasartırma kursları da təşkil olunub. Hazırda kurslarda dərslər davam edir. Kursun əsas prinsipi informatika müəllimlərinin informatika fənninin tədrisində üzləşdikləri əsas problemləri aradan qaldırmaqdır. Məlumdur ki, məlum dövlət proqramı əsasında məktəblər müasir kompüter avadanlıqları ilə təchiz olunub. Ona görə də kompüter mühəndisliyinin öyrədilməsi də kursun proqramına daxil edilib”. A.Zamanovun dediyinə görə, ölkədə beynəlxalq təcrübəyə istinadən inklüziv təhsilin pilot layihələri həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsasən Xüsusi Təhsil Məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən müəllimlər üçün iki qrupdan ibarət İnklüziv təhsil üzrə 72 saatlıq ixtisasartırma kursları təşkil olunub: “Məlumat üçün bildirim ki, ötən il institutun kitabxana fondu 11 min nüsxə kitab olub. Ayrı-ayrı kitabxanaya 96 nüsxə ədəbiyyat bağışlanıb. 16 adda komplekt 106 ədəd jurnaldan ibarətdir. 7 adda illik xarici jurnala abunə olunub. Hazırda institut əməkdaşlarının elmi əsərlərinin bir nüsxəsi kitabxanada saxlanılır. Ötən il Təhsil Nazirliyindən il ərzində 71, Bakı şəhəri üzrə Təhsil İdarəsindən 121 və digər təşkilatlardan instituta daxil olan 77 məktub icra edilib. İnstitutdan 217 məktub müvafiq orqanlara göndərilib”. Qarşıda duran vəzifələrdən danışan professor qeyd edib ki, bu il üçün müxtəlif Dövlət Proqramlarının icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, elmi fəaliyyətin və beynəlxalq əməkdaşlığın davam etdirilməsi, ixtisasartırma prosesində elektron resurslardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, kadr potensialının inkişaf etdirilməsi, beynəlxalq və respublika elmi konfranslarının keçirilməsi və distant təhsil kurslarının təşkili nəzərdə tutulub.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 20 yanvar.- S.5.