“Qırmızı”mın qırmızı günü...  

 

Bir gün əvvəl mənasız şeylərə görə hamıya hirslənib ağlayanda, səbəbsiz yerə tədbirə geyinəcəyim paltarı kəsəndə başa düşdüm ki, çox gərginəm. İçimdə qəribə bir ziddiyyət vardı. Sabahın olmasını həm istəyir, həm də istəmirdim. Yadımdadı, bu hissi ad günümə, 18 yaşımın tamam olmasına bir gün qalmış da keçirmişdim. Bir il ərzində gözlədiyin bir hadisə bir günə tamamlanır və bir də heç vaxt təkrarlanmır. Uzun müddətdi həyəcanla gözlədiyim məqam sabah bir neçə saata bitəcəkdi. Mən bir də heç vaxt ilk kitabımın təqdimatını belə həyəcanla gözləməyəcəkdim. Həmin gün çox tez oldu günorta.Mən artıq təqdimatın keçiriləcəyi məkanda AYB-nin NatAvan klubunda idim. Hələ yarım saat vardı. Bu yarım saatda səbəbsiz yerə pilləkənləri neçə dəfə çıxıb-düşdüyümü xatırlamıram. Dostlarımın dəhlizdən gələn səslərini eşidəndə qəribə bir rahatlıq hiss etdim. Tez yanlarına gedib illərdi görmürmüş kimi görüşdüm hamısıyla. Ancaq hələ də içimdəki “heç kim gəlməyəcək” qorxusu qalmaqda idi. Sonra yenə səs gəldi dəhlizdən və bu səs- küy xeyli davam etdi. Artıq qonaqlarım gəlmişdi. Hamının əlində “Qırmızı” vardı. Tələm-tələsik kitabları imzalayırdım. Bir dostum əlində kitab gülə-gülə mənə yaxınlaşıb: “İçinə maraqlı nəsə yaz” –dedi.Çiynimi çəkib: “Guya ki, işim-gücüm elə kitab imzalamaq olub, nə yazım?” – dedim. O: “Nə istəsən, yaz” –deyənə kimi kitaba böyük hərflərlə “bilmirəm nə yazım” yazıb imzaladım. Saat 14:10-du. Hamı yerində əyləşib, bircə mən yenə ora-bura gedirəm. Otağın küncündəki monitordan uşaq səsi eşidiləndə zala tam sakitlik çökdü. O uşaq mən idim. 3 yaşımda Füzulinin yaradıcılıq günündə dediyim qəzəlin lent yazısı səslənirdi. Uşaqlara məxsus maraqlı tələffüzlə qəzəli deyirdim. “Məni cannan usandıydı, cafadan yal usanmaşmı?” Üzlərdəki təbəssüm həyəcanımı tamamilə yox etdi. Nəhayət, əyləşdim yerimə. Dolu zala baxıb ürəkləndim. Məclisi açan Rəşad müəllim həmişəki kimi səmimiyyətindən, zarafatından eləcə də, minnətindən qalmadı (bağça uşağı təqdimat edir). Estafeti çox sevdiyim şair, tərcüməçi Səlim Babullaoğluna ötürdü. Hə, bax bu lap ürəyimcə oldu. Çünki olduqca mülayim insan olan Səlim bəyin məni çox istədiyini və bolluca tərif eşidəcəyimi yəqin etmişdim. Məni tanıyanlar tənqidə dözümsüz olduğumu çox yaxşı bilirlər. Elə bil bunu gələn hörmətli qonaqlarım da sezmişdi. Tərif tərif dalınca yağdırılırdı. Gənc dostlarımın yazılarıma bələdliyinə və məni anlayacaqlarına əmin idim. Ancaq yaşlı nəsil nümayəndələrinin gəlişi, məni təbrik etmələri, yazılarımdan ağızdolusu danışmaqları, hətta ayrı-ayrı nümunələri təhlil etmələri məni məmnun etdi. Yaşı 80-i haqlamış Bilal babanın “yazını elə yazır elə bil ki, bütün hadisələrin bilavasitə iştirakçısı olub.Toydan 5-6 oğul evləndirib, qız köçürdən, hərbi xidmətdən illərdi xidmət çəkən əsgər kimi yazıb” deməsi, Əməkdar artist, radionun veteran diktoru Eldost Bayramın “Qırmızı ayaqqabımın xatirəsinə” hekayəmi özünəməxsus tərzdə oxuması, filologiya elmləri nazimədi Seyfəddin Rzasoyun yazılarıma elmi dəyər verməsi, şair Fəxrəddin Meydanlının yazılarımın hər gün bir boy böyüdüyünü deməsi çox xoşuma gəldi. Ancaq etiraf edim ki, gənclərin zarafat, səmimiyyət, tənqid dolu çıxışlarını daha səbirsizlikə gözləyirdim. Həmişəki kimi ilk sözü gənclərin “ağsaqqalı” Qismət desə də, elə dedi ki, guya məni elə burdaca tanıyıb. Qismətin “sağdışı” Mövlud gənclərin ən istedadlısı Nərmindi” –deyibən, çıxışını bitirməsi ürəyimdən tikan çıxartdı. Gənc yazar dostum Şahlar iki cəhddən sonra Dostayevskidən misal çəkə bildisə də, məramını anlaya bilmədim.Gülümsəyərək, bir az da pafoslu çıxışından məni təriflədiyini anladım. Sevinc Çılğın isə yaşca ondan kiçik olmağıma baxmayaraq, yazılarımda məni boyumdan böyük gördü. Rəbiqə isə “Nərminin geyimi, qayğısız görkəm, ədası ilə yazıları tərs mütanasibdi. Bu hekayələr qayğılı,duyumlu, həssas, çoxlarının görə bilmədiyini görən bir qızın qələminin məhsuludu” dedi (Sağ ol Rəbiqə). Sıra gəldi Burxana. 5 ildən bir az da artıq tanıdığım parlament dostuma. Tədbirlərin birində ilk əlimə keçən dəftərin- Burxanın dəftərinin birinci vərəqinə tələsik yazdığım balaca bir yazını xatırlatdı. “Bu vərəq cırılsa, səninlə salamı kəsəcəyəm demişdi” – mənə. Nərmin dediyini eliyəndi, elə ona görə də bircə vərəqi qalan dəftəri hələ də saxlayıram. Və saxlayacağam da. Sizin Nərmin kimi tanıdığnız bizim Nəmiş, yeməyimiz qurtaranda da harayımıza çatır həmişə. Tələbəçilikdi də...”

Kitabımın redaktoru-anam Yaqut Bahadurqızı məni bu tərif ümannından ayırdı. “Nərmin siz gördüyünüz qədər ideal deyil. Bir az eqoist, bir az səbirsiz, biz az da məsuliyyətsiz qızdır. Nərmin hər şeyə meyl göstərib: müsiqiyə, idmana, rəsmə, şahmata,rəqsə. Məncə, bütün bunlar onun yazılarına müəyyən qədər öz təsirini göstərir. Nərmin, adətən, gördüyü işləri yarımçıq qoysa da, deyəsən, yazmaqda qərarlıdı. Yaxşı yazıçı olub-olmayacağını zaman göstərəcək. Ancaq mən onu xoşbəxt qadın, yaxşı anna kimi görmək istəyirəm”. Məclisi bəndənizin çıxışı yekunlaşdırdı. Anam demişkən, çıxışım da məsuliyyətsiz oldu. Geyimim, hədiyyələrim və sair mənasız, lüzumsuz şeylər haqqında o qədər fikirləşdim ki, çıxışım yadımdan çıxdı. Xeyli danışsam da, sərxoş adamlar kimi dediklərimdən heç biri yadımda deyil. Bircə onu bilirəm ki, səmimi oldu deyə hamı gülürdü, elə özüm də....

 

 

Nərmin HÜSEYNZADƏ

 

525-ci qəzet.- 2011.- 22 yanvar.- S.27.