QAR YAĞACAQ
etüd
– Qalx ayağa... Əllərini irəli uzat... Düz tut...
Nevropatoloq qadının sözündən sonra ayağa qalxıb əllərimi irəli uzatdım.
– Deyəsən, sən ürəyinlə çox danışırsan.
Yaşı bəlkə də 40-dan çox olan, amma görünüşü, bədən hərəkətləri, çevikliyindən gününün çox hissəsi Fitness klublarda keçməsi ehtimal olunan bu qadının falçılıq qabiliyyətinə heyrət etdim...
Sakitcə – Hə – deyə etiraf elədim.
Həkim mənalı tərzdə üzümə baxıb gülümsəyərək təzyiq ölçəni qoluma bağladı. Uşaq vaxtı atamın təzyiqini ölçən həkim bizə susmağı, evdə səs yaradan hər şeyi söndürməyi tapşırardı. Qardaşım sonra bunu ləzzətlə danışıb gülərdi: “Görəsən, müharibə vaxtı yaralıların təzyiqini ölçmək istəyən həkimlər atəş səslərini necə susdururdular ?” Qardaşımın məzəli mimika və jezstlərlə necə danışıb gülməsini xatırlayaraq şənləndim. Yəqin həkim üzümün ifadəsindən bunu hiss etdi.
– Ay sağ ol! Ürəyinlə danışanda da, yaxşı nələrdənsə söhbət elə – deyərək cihazı qolumdan açdı.
Bəlkə ürəyim bu
qadının agentidir? Söhbətlərimizi ona sms-lə
göndərir – deyə düşündüm.
Həkim öz işində
idi. Rahat otur – deyib taxta çəkicini siyirtmədən
çıxardı. Dizlərimə yavaş-yavaş vururdu...
Birinci dəfə vuranda heç nə hiss eləmədim. Amma
ikinci, üçüncü dəfədə ayağım
qeyri-ixtiyari qabağa atdandı. Sonuncu dəfədə isə
elə bil çəkici dizimə yox başıma vurdu.
Gicgahımdan qəribə sızıltı keçdi.
Gözlərimi qeyri-ixtiyari bərk yumdum, açanda isə ani
olaraq həkimi 3 nəfər gördüm. Amma 2-3 saniyədən
sonra keçdi.
Həkim xəstəlik
kağızında nəsə qeydlər edərək
danışmağa başladı:
– Nevroz əmələ gəlir
səndə –başını qaldırıb mənə
baxdı – yuxusuzluğun, başağrıların da
ondandı.
– Elədir...Nə qədər
başağrı dərmanı atıram, xeyri yoxdu, sutkada 2-3
saatdan artıq yata bilmirəm – deyərək həkimə elə
baxdım sanki, bütün bunların günahı ondadı.
– Yox, atma, sənin
başağrıların əsəb gərginliyindəndi. –
yazdığını kənara qoydu. –Bax, cavan, gözəl
qızsan. Hiss olunur, özünə də qulluq edənsən.
Bəs nə üçün belə əsəbisən, niyə
ürəyinlə bu qədər danışırsan? Məgər
danışmağa adam tapmırsan?
Guya mənimlə zarafat etmək
istədi. Süni təbəssümündən və
sualından əsəbləşdiyimi hiss elədim. İstədim
deyim: Mən ürəyimdən başqa Həmsöhbətimin
necəliyindən danışsam, siz özünüz
depressiyaya düşəcəksiniz. Amma sözləri hardasa
boğaza yaxın bir yerdə sıxıb saxladım. Elə
bil boğazımda tıxac əmələ gəldi. Olmaz...
Axı o məndən böyükdür? Anam bilsə, hirslənər.
Susmağımdan yorulan həkim
növbəti suala keçdi:
– Bəlkə evdə bir
problem var? –
– Yox, –dedim.
– Onda yəqin işdə...
Cavab vermədim. İşi
yadıma salıb daha da əsəbləşəcəkdim.
Belə hirslənəndə elə bil gicgahlarıma iynə
batırırlar.
Deyəsən, həkim
susmağımın səbəbini başa düşdü.
Bir anlıq fasilə verib fikrə getdi. Yəqin əsə-əsə
auditoriyaya girən qoca Psixologiya müəlliminin sözlərini
xatırlamağa çalışırdı: “Xəstəni
ilk olaraq psixoloji cəhətdən müəlicə etmək,
onu sağalacağına inandırmaq lazımdı.”
– Qulaq as mənim balam, – elə
bil həkimin səsində yumşaq, həlim bir istilik peyda
oldu. Yanılmamışdım. Həkim yazacağı dərmanlardan
əvvəl mənim əsəb gərginliyimi psixoloji
üsulla aradan qaldırmaq istəyirdi.
– Yenə təkrar edirəm,
ali savadlı, gözəl qızsan. Yüksək
zövqün hiss olunur. Bəlkə bu saat sənin kimi
olmaqçun dəridən-qabıqdan çıxan yüzlərlə
qız var. Başa düşürəm, indi pis zəmanədi.
Adamlar içlərində toplanmış mənfi enerjidən
gərginləşir, bunu başqasına ötürməyə
məqam axtarırlar. Sənin kimi gözəl qızların əsəb
gərginliyi bir az da çox olur. Amma pisliyi görəndə
yaxşılığı da görməyə
çalış. Narazılıqlarını nə yollasa
çıxar içindən. Axı ətrafda o qədər
müsbət enerji verən hadisələr var. Dünya ancaq
qara-boz rənglərdən ibarət deyil. Bax, bayırda
yağış yağır. Bayaq çıxıb baxdım.
Adamın lap ruhu dincəlir. Sənin kimi estetik, gözəl
qız bundan zövq almaya bilməz. Çıx belə havada
bir az gəziş, heç nə fikirləşmə. Sadəcə
yağışdan həzz almağa çalış. Mən
dərmanlar yazacağam, amma sən daxilindəki gərginliyi
azaltmağa çalışmasan, müalicənin xeyri
olmayacaq, qısa zamandan sonra yenə əvvəlki halına
qayıdacaqsan...
Anam yaşında olub məndən
o qədər də fərqlənməyən qadının mənə
“balam” deyə müraciət etməsi nəsə qəribə
göründü. Amma ən marağlısı həkimin
yanaşması idi. Müasir qızların gözəl
olmaqdan əlavə heç bir məqsədinin
olmadığını bilirdi yəqin. Ona görə qısa
monoloqunda gözəl olduğumu 88 dəfə
vurğuladı.
Həkimlə estetika və gözəllik
barədə xeyli mübahisələr edə bilərdim. Amma
buna həvəsim yox idi. Əsas olan
başağrılarımın müalicəsidir. Bunun
üçün də dərmanlar yazıb. Nəzakətlə
təşəkkür edib resepti götürərək
Poliklinikadan çıxdım. Artıq hava
qaralmışdı. Soyuq hava adamın sümüklərini
sızıldadırdı. Bir neçə dəqiqə ərzində
arkanın altında dayanaraq yağışa baxdım. Nə
olsun? Yağışdı da. Həm də soyuq. Burda həzz
almalı nə var ki?
Həkimin sözləri
qulağımda səsləndi – dünya təkcə qara-boz rənglərdən
ibarət deyil.
Eehh... Dildə demək asandı...
Çox yox bircə həftə mənim yerimdə işləsəydi,
belə deməzdi. Nazirlik deyil e, əsl Monqolustandı. Bizim
şöbənin işi lap dəhşətdi. Adam gün ərzində
nə qədər kostyumlu, qalstuklu maymaqlar, bahalı ətirləri,
qızıl zəncirləri (bəli-bəli zəncirləri...
çünki bunların taxdığı boyunbağı
deyil, zəncirdir...), brend firmalardan geyindikləri geyimləri,
bütün günü əllərindən qoymadıqları
maşın açarlarını, boyaxana küpündən
çıxmış sir-sifətləri ilə səviyyələrinin
sıfır olduğunu ört-basdır edən “xanım”larla
danışmalı olar? Hərəsinə çox yox, on qram əsəb
sərf eləsən, axşama başın piramidaya dönəcək.
Hamı özünü ağıllı, istedadlı, səviyyəli
hesab edir. Bir idarənin qapıçısı
özünü ağa kimi aparırsa, orda əsəblərini
necə qoruyasan? Adi bir katibəyə Faks aparatını idarə
etmək tapşırılırsa, sabahdan o özünü rəis
kimi aparır. Çünki, ona cansız bir aparatı da olsa,
idarə etmək tapşırılıb. Hardakı “idarə
etmək” ifadəsi var, orda normal insani davranışdan
söhbət gedə bilməz ...
... Narazı, əsəbi
olmayasan neyləyəsən. Evdəkilər də hiss edir gərginliyimi.
Gün ərzində içimdə yığılan mənfi
enerji onlara qarşı münasibətimə də təsir
edir. Neyləyim, əlimdən nə gəlir? Necə olur
olsun, hələ işləməliyəm orda, gələcəyimçün
lazımdı. O gələcək yetişənəcən məni
min cür əsəb xəstəliyi tapmasa yaxşıdı.
Bütün bunları
düşündükcə bəzi sifətləri, hadisələri
xatırlayıb daha da pis oldum. Təzyiqim qalxırdı elə
bil. Başımın arxasından yenə ağrılar
başladı. Sanki ağrı onurğa sütunu boyu
bütün bədənimə yayılırdı.
Ağrılar məni evə tələsdirdi. Arkanın altından
çıxaraq dilxor halda metroya tərəf addımlamağa
başladım. Yolüstü aptek yox idi, ona görə dərmanları
sabah səhər tezdən işə gələndə almaq qərarına
gəldim. Mütləq gərək müalicəyə
başlayım, yoxsa Monqolustan mənim axırıma
çıxacaq, başım xarab olacaq.
...Yağış səhərdən
yağsa da, havadan qar iyi gəlirdi ... Sanki qar bir az öz
qoxusundan yağışa verib onu özündən əvvəl
kəşfiyyata göndərmişdi. Görsün bu şəhər
qar istəyirmi?
Şəhərin
işıqları yağışın altında islanıb,
qəribə rəng almışdı. Sarı ilə
narıncının arasında bir rəng... Həkimin sözlərini
fikirləşərək, heç olmasa, qısa müddət
ərzində də olsa işdən qalan gərginliyi
yaddaşımdan silməyə, mənim üçün
mexanikiləşmiş ağrılara fikir verməməyə,
özümdə müsbət əhval yaratmağa
çalışsam da, alınmırdı. Hər şey mənfi
təsir edirdi mənə. Bu gün yağış da
özünə bənzəmirdi elə bil. Əlindən rahat
yol getmək olmurdu. Demək olar, qaça-qaça gedirdim.
Yağış damcıları da sanki iynələrə
çevrilib sifətimə batırdı. Fikirləşdim yəqin,
yağış evə tələsdiyim üçün hirslənib
mənə. Çünki, o soyuq iynə terapiyası ilə məndən
daha əsəbi görünürdü. Bəlkə hər dəfə
ayağını şəhərə qoyanda mənim onu
xüsusi qarşılamağımı, ayağının
altına xalçalar sərməyimi istəyir?! Bəlkə
yağış heç hirslənmirdi də... İndi ona
göstərdiyim yeganə və böyük ehtiramdan –
çantamdakı çətirdən istifadə etməməyimdən
məmnun idi. Elə fikirləşirdi ki, onu saçlarıma
qovuşdurmaq üçün belə edirəm. Hətta bu məmnunluğundan
dodağı altında arabir züm-zümə də edirdi...
Amma maşınların səsi mahnısının sözlərini
eşitməyə imkan vermirdi. Arada qulaqlarımın güclə
sezdiyi sözlər – Qar... yağ... qar... yağacaq...
Cibimdən gələn səs
məni yağışın melodiyasından ayırdı.
Telefonumun səsi imiş. Telefonu çıxarıb ekranda
anamın adı ilə yanaşı yazılmış
xanım sözünü görüncə qarşıda məni
geniş müsahibə gözlədiyini bildim. Səsimin
şirin yerinə salıb – Ay can! – deyə cavab verdim.
– Neyniyirsən? Hardasan? Həkimə
getdin? Nə dedi?
– Yaxşıyam. Yoldayam. Həkimə
getdim. Elə bir ciddi problem yoxdu. Dərmanlar yazdı.
– Alarıq dərmanları,
müalicəyə başlayarsan. Amma dərmanlardan əlavə
özün də özünü müalicə eləməlisən.
Sonra gülə-gülə əlavə etdi – Yoxsa, sənin bu
it sifətinə çox dözməli olacağıq.
– Yaxşı. Nə istəsən,
eliyərəm. Təki Sən istə! – deyə, sakit tərzdə
cavab verdim.
Anam özünəməxsus
üslubda “mənim balam”, “ağıllı balam”, “canımsan”
deyə-deyə xeyli danladı məni. Mövzu isə həmişəki
kimi mənim əsəbiliyim idi. Bu sözləri 88 dəfə
eşitməyimə baxmayaraq, 89-cu dəfə də diqqətlə
dinlədim. Anamı söhbətin davamını axşam evdə
etməyə razı salıb sağollaşdım. Əsəbiliyim
və başağrım davam edirdi. Çox danışmaq
halında deyildim.
Telefonu qapadıb cibimə
qoyanda qəfildən gözümə göy rəngdə adam
göründü. Onun rəngi yağışın
tutqunlaşdırdığı şəhərin rənglərinin
içində Səttar Bəhlulzadənin tablosuna
düşmüş ləkə kimi görünürdü.
Fikirləşdim yəqin eynəyim belə göstərir. Əynindəki
gödəkçənin rəngini kölgə kimi
görürdüm. Yaxınlaşanda gördüm balaca
qızdı. 12-13 yaşı olardı... Sürətimi
azaldıb qızın üzünə diqqətlə baxanda
soyuqdan göyərdiyini başa düşdüm. Əynindəki
gödəkcə çox nazik idi, boynu, başı, sinəsi
də açıq. Saçları islanmışdı. Rus
qızı idi. Mənim ayaq saxladığımı
görüb dedi: “Podayte pojaluysta na xleb”
Addımlarımı sürətləndirsəm
də, əlimi cibimə salıb qəpik axtardım. Soyuqdan
donmuş barmaqlarım açarla qəpikləri bir birindən
güclə ayırdı. 50 qəpikliyi qıza uzatdım.
Pulu götürüb
“Spasibo” dedi.
Mən uzaqlaşdıqca
ardımca eyni istiqamətdə hərəkət edirdi. Küçə
boyu müxtəlif dükanlar sıralanmışdı. Disk
mağazasından şən əhval ruhiyyəli, ritmik bir rus
mahnısının səsi gəlirdi. Mağazanın
qapısından beş addım aralanmamış, arxadan yenə
qızcığazın səsini eşitdim. Ani olaraq
çevrilib gördüm ki bu göyrəngli uşaq
mağazadan gələn səslə paralel həmin
mahnını oxuyur. Valeriyanın səsi
qızcığazın səsinə
qarışmışdı.
Tələsdiyimdən tez də
yolumu davam etmək istədim. Amma soyuqdan göyərmiş
balacanın bu şən mahnını oxumasında, oynaq
yerişində elə bir rahatlıq, razılıq var idi ki...
...Qeyri-ixtiyari ayaq
saxladım. Qız oxuya-oxuya gəlib mənə çatanda
soruşdum:
– Tebe tak veselo çto tı
payoş?
Uşağın cavabı məni
yerə yapışdırdı.
– Da veselo. Qovoryat çto
zavtra sneq poydyot.
Sözünü deyib
oxuya-oxuya uzaqlaşdı. O, tini burulana qədər
yağışın altında dayanıb arxasınca
baxdım.
Nədənsə mənə
elə gəldi ki yağışın məhz onun
üstünə düşən damcıları soyuq yox, istidi.
Çooox istidi... Sabah qar da yağsa belə olacaq. Məhz onun
üstünə soyuq yox, ilıq qar dənələri qonacaq.
Hələ bəlkə o ilıq qardan isti Qar adamı da
düzəldəcək...
Bir-iki dəqiqə
yağışın altında dayanıb həmin mahnıya
qulaq asdım. Nəhayət mahnı bitdi. Çantamı
açıb bayaq nevropatoloq həkimin yazdığı resepti
çıxartdım, tələsmədən dörd yerə
qatlayaraq səliqəylə cırdım, mağazalaradan
birinin qarşısındakı zibil qabına tulladım...
Hmmm... Neynirəmeee müalicəni?!
Axı, sabah qar yağacaq !
PƏRVİN
525-ci qəzet.- 2011.- 22 yanvar.- S.26.