Həyat rejissoru

 

“Dünya bir səhnədir,

insanlar da aktyor,

hər kəs öz rolunu

oynayıb gedir”.

 

V.Şekspir

 

“Dünyanın tanınan, sayılan, seçilən insanlarına fərqlənmək üçün, elə bil, tanrı bəxş etdiyi bütün gözəl sifətlərdən əlavə həm də xüsusi bir istedad bəxş edir və bu istedadın sayəsində kimi şair, kimi heykəltəraş, kimi bəstəkar, kimi rəssam, kimi də siyasətçi olur. Babam haqqında yazılan qəzet məqalələrini, kitabları oxuyanda mən bir şeyi daha çox duyuram. Tanrı bütün gözəl xüsusiyyətlərdən başqa, mənim babama ayrı bir istedad da bəxş edibmiş: insanlıq istedadı. Və babam da bəxtinə, qismətinə düşən bu istedad payını öz nurlu çöhrəsində, həssas qəlbində, xeyirxah əməllərində nə az-nə çox – düz 76 il anbaan, günbəgün daşıyıb”.

Gənc yazıçı, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Əzizə xanımın “Əliqismət Lalayev – həyat rejissoru” kitabında (müəllifi və tərtibçisi yazıçı-publisist Qulam Sadiq) yer alan sözləri məni elə təsirləndirdi ki, istər-istəməz ilk gənclik çağlarımdan yaddaşıma həkk olan ibrətamiz məqamlar gözlərim önündə canlandı. Rayonumuzda yaxşı mənada söz-söhbətləri gəzən, xeyirxah əməlləri diqqət çəkən köhnə kişiləri xatırladım: Hümmət Lalayev, Mikayıl Hüseynov və Qəzənfər Hümmətov. Müqtədir şairimiz Əliağa Kürçaylı gənc çağlarında Salyana gələn zaman mütləq onlarla görüşür, əməli-saleh, sayılıb seçilən, sanballı kişilərlə ünsiyyətdə olur, görüb götürür, həyatın yazılmayan qanunlarını, xalqın cilalana-cilalana gələn qədim adət-ənənələrini öyrənirdi.

Müharibədə həlak olan atamın dostu Mikayıl Hüseynov həmişə Hümmət kişini tərifləyir, “Əsl insandır, – deyirdi, – imkansızlara əl tutan nəcabətli, xeyirxah əməl sahibidir”.

Bir gün hamını sevindirən şad xəbər rayona yayıldı: Hümmət Lalayevin oğlu olub. Qardaşı və bacısı uşaqlarını saxlayan, yaxın qohumlarını ərsəyə gətirən, evləndirib oğul-uşaq sahibi edən Hümmət kişinin 18 ildən sonra övladı gəlmişdi dünyaya. Rayonda danışırdılar ki, onun xeyirxah əməlləri, etdiyi yaxşılıqlar qabağına çıxıb.

“Ot kökü üstə bitər”, – deyiblər. Altı övladının hamısı atasına çəkmişdi: ağıllı-kamallı, savadlı, bacarıqlı sənət sahibləri. Kiçik oğul Əliqismət isə sənət seçimində ailəni də, onu yaxından tanıyanları, qələminə bələd olanları da təəccübləndirdi. Rayon qəzetində işləyən, maraqlı yazılarla çıxış edən Əliqismət sənədlərini İncəsənət İnstitutuna verdi. Kitabın müəllifi Qulam Sadiq yazır: “Bu həmin günlər idi ki, Əliqismət özünü xoşbəxtlərin xoşbəxti sanırdı – respublikada rejissorluq fakültəsinə qəbul olan cəmi üç nəfərdən biri olmaq, doğrudan da böyük xoşbəxtlik idi.”

O, xalq artisti, görkəmli rejissor – Tofiq Kazımovun kursunda arzusunda olduğu sənətin sirlərini dərindən mənimsəməyə səy göstərirdi. Nəhayət, beş illik gərgin və romantik zəhmətin yaradıcılıq hesabatını verdi. “Kommunist” qəzeti 21 may 1980-ci il tarixli sayında yazırdı: “Azərbaycan Dövlət İncəsənət İnstitutunun tədris teatrı öz repertuarını yeni tamaşa ilə zənginləşdirmişdir. Amerika dramaturqu T.Uilyamsın “Sökülən yurd” pyesini rejissorluq fakültəsinin diplomantı Əliqismət Lalayev hazırlamışdır... Gənc kollektiv həmin tamaşanı S.Vurğun adına Rus Dram Teatrında göstərmişdir...”

İnstitutu fərqlənmə diplomu ilə bitirən Əliqismət təyinatla Naxçıvan teatrına göndərildi. Onun burada ilk işi P.Messianın “Sükut divarı” pyesində Antonio rolu oldu. Həmin tamaşa Bakıda göstəriləndən sonra “Ədəbiyyat və incəsənət” qəzeti yazırdı: “Ə.Lalayev öz emosional və təbii oyunu ilə bütün tərəf-müqabillərindən fərqlənirdi”.

Naxçıvan teatrında Əliqismət rejissor kimi fəaliyyətə “Hicran” komediyası ilə başladı. Bu tamaşa özünün bədii kamilliyi, maraqlı teatr tapıntıları ilə sənətsevərlərin diqqətini çəkdi. Rejissor işinin səliqə-sahmanı, aktyor ansamblının yerində olması, tamaşanın sağlam komik ovqatı göstərirdi ki, Naxçıvan teatrına böyük potensial imkanlara malik istedadlı gənc rejissor gəlib.

1982-ci ildə Respublika Nazirlər Soveti Hüseyn Cavidin anadan olmasının 100 illiyi münasibətilə xüsusi qərar qəbul etdi. Qərarda deyilirdi ki, Naxçıvan teatrının nəzdində “Cavid Poeziya Teatrı” yaradılsın.

Az keçmiş “Cavid Poeziya Teatrı” “Ana” pyesi ilə sənətsevərlərlə görüşə gəldi. Əsl peşəkar rejissor tapıntıları ilə zəngin olan bu tamaşanı ədəbi tənqid romantik tamaşa adlandırdı. Görkəmli teatrşünas Cabir Səfərov “Ədəbiyyat və incəsənət” qəzetində (4 noyabr 1983) dərc edilən resenziyasında yazırdı: “Əsərə rejissor Əliqismət Lalayev quruluş vermişdir. O, forma və moda orijinallığı ardınca qaçmamış, əksinə, səhnədə sərt həyat həqiqətini əsərdəki iki zidd qüvvə – qanlı faciə törədən, İsməti nakam qoyan Murad və onunla üz-üzə dayanan xeyirxahlıq rəmzi Səlmi ana arasındakı mübarizəni bədii inandırıcılıqla əks etdirmişdir”.

“Ana” tamaşası 1983-cü ildə teatrın repertuarına salınmış və keçən əsrin sonlarına kimi böyük müvəffəqiyyətlə oynanılmışdır. Tamaşanın qastrol coğrafiyası da yetərincə geniş olmuşdur: Bakı, Gəncə, Türkiyə, İran, Azərbaycanın əksər bölgələri. Azərbaycan televiziyası “Ana” tamaşasını lentə almış və fonotekasının qızıl fonduna daxil etmişdir.

Geniş əks-səda doğuran yaradıcılıq uğurları istedadlı rejissoru ruhlandırdı və o, bir-birinin ardınca müxtəlif dramaturqların əsərlərinə müraciət etdi. Nəhayət, Azərbaycan teatrının inkişafındakı səmərəli xidmətinə görə Əliqismət Hümmət oğlu Lalayev Naxçıvan teatrının yaradılmasının 100 illiyi böyük təntənə ilə qeyd olunduğu günlərdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görüldü. Onun ünvanına axın-axın təbrik teleqramları göndərildi: doğma yurdu Salyandan, Bakıdan, Gəncədən, Şəkidən, Şirvandan, Gürcüstandan, Dağıstandan.

Təsadüf elə gətirdi ki, mənə və Əliqismətin bir çox yaxın dostlarına onu təbrik etmək elə iş yerində, Naxçıvan teatrında nəsib oldu. Həmin günlərdə Naxçıvan şəhərində o vaxt ideoloji məsələlər üzrə respublika müşavirəsi keçirilirdi. Müşavirənin iştirakçıları ilə birlikdə mən də Muxtar Respublikanın tarixi yerlərini gəzdim, teatrda oldum, rejissor həmyerlimin quruluş verdiyi H.Cavidin “Ana” pyesinin tamaşasına baxdım və Əliqismətə ən xoş arzularımı bildirdim.

Bir qədər sonra respublikanın bölgələrinə qastrol səfərinə çıxan Naxçıvan teatrı Cəlilabadda da oldu, onun kəndlərdə və rayon mərkəzində göstərdiyi tamaşalar alqışlarla qarşılandı. Əliqismətlə, onun həyat yoldaşı və həmkarı Svetlana xanımla görüşdüm, rayonun məsul işçisi kimi onlara, teatrın yaradıcı kollektivinə yardımçı olmaqdan məmnunluq duydum.

Sonralar o, Salyanda və Mədəniyyət nazirliyində işləyəndə vaxtaşırı görüşürdük. Tale elə gətirmişdi ki, biz, necə deyərlər bir qurumda çalışırdıq. Mən Mədəniyyət nazirliyinin “Mədəni-maarif işi” jurnalının baş redaktoru idim. O, bir müddət Salyan rayon Mədəniyyət Şöbəsinin müdiri, sonra Bakıya gəlib Filarmoniyanın direktor müavini işlədi. Mədəniyyət nazirliyinin İncəsənət baş idarəsinin rəisi vəzifəsinə irəli çəkilən Əliqismət Lalayev bu çox məsul işdə çalışdığı 15 il müddətində təcrübəli sənət sahibinə və yüksək təşkilatçılıq qabiliyyətinə malik idarə rəhbərinin keyfiyyətlərini özündə təcəssüm etdirdi.

Uzun illər ərzində qazandığı bilik və təcrübəsini bu gün o, direktoru olduğu və böyük həvəslə çalışdığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivi ilə bölüşür.

Qulam Sadiq “Əliqismət Lalayev – həyat rejissoru” kitabında orta məktəbdə dərs dediyi yetirməsinin keçdiyi həyat yolundan, ürəkdən ülfət bağladığı sənətində qazandığı uğurlardan, teatr tariximizə gətirdiyi yeniliklərdən böyük məhəbbət və səmimiyyətlə söhbət açır. Və bu dəyərli, oxunaqlı kitabın ön sözündən son sözünədək görkəmli teatr, sənət xadimlərinə, ustad sənətkarlara istinad edir.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə İncəsənət institutunda vaxtilə dərs dediyi sevimli tələbəsini Azərbaycanın görkəmli teatr xadimi kimi qiymətləndirir.

Filologiya elmləri doktoru, professor Temurçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Sənətşünaslıq doktoru, professor İnqilab Kərimov, Xalq artisti, professor Ağakişi Kazımov, Sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri, Xalq artisti, professor Azər Paşa Nemət, Prezident təqaüdçüsü, Xalq artisti, professor Cənnət Səlimova, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov, filologiya elmləri namizədi, dosent Nigar Rüstəmova Əliqismət Lalayevin Azərbaycan – Orta Asiya teatr əlaqələrinin tədqiqi sahəsində fundamental elmi işini – namizədlik dissertasiyasını incəsənət aləmində diqqətəlayiq, qürur doğuran hadisə, teatrşünaslığımıza layiqli töhfə hesab edirlər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Aktyor sənəti” fakültəsinin dekanı, Əməkdar artist, dosent Ötkəm İsgəndərov Əliqismət Lalayevi “gələcək rejissorların müəllimi” kimi xarakterizə edərək yazır: “Yaradıcılığını uzun müddət izlədiyimə görə qeyd edə bilərəm ki, rejissor sənətində daim axtarışları ilə seçilən Əliqismət Lalayev öz dəst-xətti ilə teatr sənətinə orijinal iş ahəngi gətirmişdir... 2008-ci ildən artıq pedaqoji fəaliyyətə başlayıb. Rəhbəri olduğu I kurs “Musiqili teatr rejissoru” ixtisasının tələbələri çox uğurlu imtahan proqramı göstərdilər. Mən universitetin “Aktyor sənəti” fakültəsinin dekanı kimi əmin oldum ki, gələcək rejissorların taleyi möhkəm əllərdədir”.

Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov kitabın “Son söz yerinə” rubrikasında “Vətəndaş” sərlövhəli məqaləsində istedadlı həmkarının yaxşı həyat yoldaşı, ata, baba, dost olduğunu yüksək qiymətləndirməklə xüsusi olaraq vurğulayır: “O, böyük hərflərlə yazılacaq bir VƏTƏNDAŞDIR”.

Vətəndaş fəxri ad deyil, yüksək qiymətdir ona – ürəyinin odu gözlərində nurlanıb üzündə təbəssümə çevrilən, ustad sənət müəllimlərini zaman-zaman heyrətləndirən, müqəddəs saydığı teatr ocağını ömrünün mənası bilən sadə, təvazökar, ləyaqətli insana, köhnə kişinin sənətkar oğluna!

 

 

Əlövsət BƏŞİRLİ

 

525-ci qəzet.- 2011.- 22 yanvar.- S.25.