SƏS

 

(Esse-kollaj)

 

Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

İfaçılar batindəki səsi zahirə çıxaranlardır. İnsanoğlunun ilk musiqi aləti daşlardır. Daşı daşa vurmaqla yaranan ilk ritm ibtidai şüurlu varlığı vəcdə, ekstaza gətirmişdir. Bizim Qobustandakı qaval-daş, bunun ən gözəl örnəyidir. Musiqi, rəqs, ekstaz bir ayin, mərasim, ritual içində gerçəkləşmiş, söz, hərəkət, səs vəhdəti insanı insanlıq mədəniyyəti adlı səviyyəyə yüksəltmişdir. Nəfəs alətlərinin, simli alətlərin, yaylı alətlərin əsrlər boyu sürən dəyişimləri, ifadə imkanları dünyaya adı bilinən və bilinməyən yüzlərcə, minlərcə ustadlar bağışlamışdır. Neyin yeddi dəliyi, göyün və yerin yeddi qatı, yeddi səyyarə, yeddi insan tipi, yeddi tale cizgisidir.

Fəqət iç dünyanın təzahürü olan bu əsrarəngiz alətlərin – ilanı belə yerindən oyadan neyin, barmaqların nadir təması, hərəkəti ilə dinlənən dürlü-dürlü alətlərin meyarı, məhək daşı insan səsi olmuşdur. İnsan səsinə yaxın olmağı ilə, insan səsinin incəliklərini verə bilməyi ilə ölçülmüşdür.

İslam dini insanları ibadətə, əzanla – insan dili ilə, səsi ilə çağırmaqla son dinin, son peyğəmbərin zəfərini dünyaya elan etdi.

Ləhni-Davud deyilən ilahi səs peyğəmbərlər səsi idi. Mən hər gün ləhni-Davudu bir anlıq belə olsa dinləyirəm. Allahın dərgahından gələn səsin gözəlliyi, əsrarı, ilahi kodu heç kəsə bəlli deyil. O sirr də Allah sirridir. Yer üzünə gəlmiş-keçmiş bütün müğənnilərin adı mənim üçün Cabbar Qaryağdıoğludur. İstər italyan olsun, fransız olsun, hind, fars, ərəb, zənci... olsun. Pavorottisindən Maykl Ceksonuna qədər hamısının adı Cabbar Qaryağdıoğludur. Bizim keçəçi Məhəmmədin də, Seyidin də, Xanın da, Bülbülün də, Rəşidin də, Müslümün də, Rübabə xanımın da, Şövkət xanımın da, Yaqubun da, Qədirin də... adı Cabbar Qaryağdıoğludur.

Ən yaxın ən doğma olanların simvol – rəmzi adı mənim öz dünyama xas olan şifrədir. Necə ki, dünyanın bütün ulu şairlərinin adı mənim üçün Füzulidir.

Desəm ki, mən dədəm Füzulinin şeirini muğam içində öz səsindən dinləyirəm mənə inanın.

Şərqdə sözü söz kimi deyil, musiqi içində, muğam haləsində də oxuyublar. Sözün möcüzəsi səsin əl-kimyasının içindədir.

Mən dünyadakı səslərin itmədiyinə inanıram. O səslərin özü deyil, açarı itmişdir. Dağa, daşa, suya, buluda... yazılan, həkk olunan səsin itməsi imkansızdır. Səsin fiziki vahid olması səbəbi deyil, nəticəsidir. Səbəb Allahdır. Yoxu var eləyən, varı yox eləyən böyük Allah.

Allah insanın canın alır, bədənin torpaq edir, ruhunu əbədiyyətə qovuşdurur.

Allah dünyanın əziz səslərini də hifz edir. O səslər zaman-zaman dirilirsə, zaman-zaman dünyaya qayıdacaqsa, bu Allahın biləcəyidir. İstəyər o səsi göydən yerə endirib daşa yazar, istəyər çiçəyin ləçəyinə həkk edər, istəyər sevdiyinin qulağına pıçıldayar. Bu da bir sirri-xudadır. Əgər 10-12 yaşlı uşağın haqdan gəlmiş səsini eşidirsinizsə bunun Allah vergisi – pıçıltı olduğuna inanın.

Dərvişin can yandıran səsinin ilahi aləmdən insanın içindəki xarabazara enmiş vəhy olduğuna da inanın.

İnanan etiqad da edər. Göydə Allaha, yerdə səsə. Mənim içimdəki biçarə dərviş də göydə Allaha, yerdə səsə etiqad edənlərdəndir.

 

lll

 

Səs aləmində nə qartalam, nə şahin, nə çalağan, nə bülbül, nə də qumru. Uzaqbaşı kəpənəyəm. Güllər, çiçəklər arasında dolaşan, ömrü bir gün olan, alabəzək kəpənək elə mən özüməm. Mən də uçuram, mən də Allah verdiyini alanlardanam. Zərrədən doğuluram, çiçəklərlə sevişirəm və eşq yolunda ölürəm. Kəpənək səsi ilə oxuduqlarımı eşidirsinizmi? Necə eşidirsiniz ki?.. O kəpənək səsinin insan səsinə tərcüməsini mənim ruhumun siz tanıdığınız tərcümanı oxuyur. Dinləyirəm bu firuzə rəngli səsin içində yenidən yaşamaq, eşqə düşmək və ölmək istəyirəm.

 

lll

 

Oxumaq, ifa mənim ölümümdür. Bu dünyadan, bu beş duyğu və onların aləmindən ayrılmağın bir adı da ölümdür. Məni sevənlər, ifama vurğun olanlar mənim ölümümə baxmağa gələnlərdir. Mən can verirəm dinləyən həzz alır. Mənim içimdəki yaradan qan axır. Dinləyən ləzzət içində üzür. Bunun adı qəddarlıqdırmı? Ruslar həmin duruma xanjalıq deyirlər, vurğu saldığım kəlməni tərcümə etmirəm. Amma mən minlərlə, milyonlarla dinləyicimi anlayıram və onları bağışlayıram. Yer üzündə var olmuş adı bəlli və bəlli olmayan bütün ifaçıların taleyi birdir: bütün insanlar, dünya, kainat və Allahın özü də onların ölümündən həzz, ləzzət alırlar.

Arının hazırladığı bal, hörümçəyin toxuduğu tor təkrarsızdır. Sənət də mahiyyətcə təkrardır. Səs də təkrarsızdır, səs sahibi ifaçı da.

 

 

DƏRD

 

Tək oğlunu itirən ananın fəryadı, son dəfə dünyanın gözəlliyinə baxan yeniyetmə qızın inləməsi, sevgilisindən əbədi ayrılan gəncin naləsi, körpənin söylədiyi ilk kəlmə, Vətən yolunda şəhid olan savaşçının son pıçıltısı... damla-damla, zərrə-zərrə bizim bağrımıza cəzb olunur və o həsrətləri, qüssələri, sarsıntıları, dərd-ələmi yenidən insanlara yaşadır. O səslər mənə haqdan gəlib-əmanətdir. Mənim borcum o müqəddəs əmanətləri insana, dünyaya, Allaha qaytarmaqdır.

Dünyanın başqa bir möcüzəsi səs olmayan həyəcanı, duyğunu səsə çevirməkdir – haqq-təala izn verirsə, ilham və güc bağışlayırsa, səs olmayanı səsə çevirmək mümkün. Lal baxışların cizəmini, Allaha ümidlə uzanmış əllərin titrəyişini, babanın nəvəsinə sevgisini, gördüyün acı ayrılıqların dəhşətini səsə çevirə bilmək məqamında dünyaya hayqırmaq mənim də missiyamdır, deyə düşünürəm və bunu gerçəkləşdiyməyi idealım hesab edirəm.

 

lll

 

Muğamın elə məqamı gəlir ki, dünyada zamanın bitdiyini hiss edirəm. “Hiss edirəm” sözü o tükənməni, bitməni, havasızlığı, çeçələ barmaqla Allahın ətəyindən asılı qalmağı... bu dəhşətdən, qiyamətdən məni yenə o çeçələ barmağın ilişdiyi o gözəgörünməz ətək, bəlkə də fələk, bəlkə də namaz üstə olan qadınım xilas edir, muğamın insan boyunda olan, insan hisslərinə hesablanmış yerinə, məqamına düşürəm və zaman içimə-içimə dolur, havanın varlığını, hərarətini hiss edirəm. “Çox şükür”, Allahım, bu dəfə də geriyə dönə bildim, dünyaya qayıtdım. Şükürlər olsun, ilahi...”

Sən qapalı, qara qutu kimisən. Kənardan baxan elə bilər ki, bu balaca qutudan sakit, səssiz, izsiz, tozsuz nə var dünyada. Amma elə ki, bu qutunun qapağını qaldırırsan, dünyanın heç bir yerində görmədiyin tufanı, boranı, qasırğanı görürsən. Görmək azdır, o fırtınanı özündə hiss edirsən – sözlərini mənə şam işığında ağsaqqal dostum İsaq müəllim, yazıçı tərcüməçi hərdən bir şeir yazmağı olan İsaq İbrahimov deyib. Qəribə adam idi. Ailəsi, uşaqları olsa da ömrünün son illərini Şüvəlanda Yazıçılar evində yaşayırdı. İşə də ordan gəlib-gedirdi.

Şərq və Qərb musiqisini, muğam aləmini gözəl bilirdi. Tez-tez onu ziyarət edərdik, arabir məni, başqa dostlarımı Şüvəlana dəvət edər, yeyib-içəndən sonra onun otağına gedərdik – o zaman məşhur, özündən deyən şairlər, yazıçılar, tənqidçilər, musiqiçilər, alimlər... hal əhli, irfan sahibləri... O, işıqları keçirib şam yandırar “Oğlum, ürəyin istəyirsə, bir şey oxuyarsan. Nə istəyirsən onu oxuyarsan. İstəməsən də canın sağ olsun”.

Masanın üstündə bir qayda olaraq Füzuli cildləri olardı. Bir gün baməzə dostlardan biri, səhv etmirəmsə Vidadi adlı qəribə adam ərklə: “Ay İsaq müəllim, bu Füzulinin cildlərini yaraşıq üçün bura qoyublar?” İsaq müəllim bir söz demədi. Altı cildi Vidadinin önünə itələyib “İstədiyin cilddən, istədiyin yerdən bir misra oxu” – dedi.

Vidadi hansısa cildi açıb birinci misranı oxudu. İsaq müəllim əli ilə sus işarəsi elədi və o şeiri sonunacan dedi, şərh etdi. Sonra başqa şeiri, sonra “Leyli-Məcnun”dan bir parçanı... Gecə də uzanır, söhbət uzanırdı. Aydın Məmmədov rəhmətlik İsaq müəllimin ən çox istədiyi şair Vaqif Cəbrayılzadəyə pıçıldadı: “Ay Vaqif, Vidadini də, bizi də bu xəcalətdən qurtarsa Alim qurtarar”. Vaqif xahişini dedi, İsaq müəllim başını razılıqla tərpədib: “Oğul, oxu demərəm. Məqam gəlibsə, hal o haldırsa onu öldürsən də oxuyacaq, yox əgər hal o hal deyilsə, başına güllə dirəsən də, oxumayacaq”. Kimsə qavalı yavaşca tıqqıldatdı və yavaş-yavaş bir ritmik şey çalmağa başladı... Bir də gözümü açdım ki, hava işıqlanmaqdadı. İsaq müəllim bulud kimi tutulmuşdu. Dostlar fikir-xəyal içindədi...

Ortaya ağır sükut çökmüşdü. Deyəsən mən hər kəsi özünün istəmədiyi yerə aparmışdım. Bu, keyf məclisini pozmuşdum.

İsaq müəllimin həyat dolu səsi ortadakı soyuqluğu, kədəri yavaş-yavaş əritdi. Səhər çayını dəniz kənarında içib deyə-gülə maşınlara dolduq, üzü şəhərə gündəlik həyatımıza, işimizə, qayğılarımıza döndük.

İllər keçib. Dünyada nə İsaq müəllim var, nə Vidadi, nə də Aydın. O gecə deyəsən mən Füzuli havasında göylərə uçmuş göydə eşitdiklərimi yerdəkilərə danışmışdım. Ağır talelərdən söhbət açmışam. Mən bunu bilə-bilə etməmişəm, hisslərin anatomiyasını – filanını da bilmirəm, hatiflik, parapsixologiya da mənim işim, gücüm deyil. Mən ürəyimə damanlardan daha çox qulağıma, qəlbimə dolanları oxuyuram. O səslərin içində İsaq müəllimin tüstüyə verilmiş kimi qubar qoxuyan səsini indi də eşidirəm. “Oğlum, muğam incə tel kimidi. Sən bu tarıma çəkilmiş teli ilə odun üstündən keçirsən. Bir yanlış xal səni başqa muğama, yanlış xal bir başqa muğamın oduna salacaq. Sən düz getməlisən, ayağın sürüşsə, od tutub yanarsan. Ehtiyatlı ol. Gözünü bağlasalar da, o tarım simin üstündən ürəyinlə keç get. O tərəfdə səni səsin heç kəsə qismət olmayan xoşbəxtliyi gözləyir. Bu xoşbəxtliyin də nə olduğunu səndən başqa heç kəs bilməyəcək. İnşallah...”

Bu sözlər mənim yaddaşımın bətnindədir. Bu yaddaşın nə vaxt azad olacağını, dünyaya nə gətirəcəyini bilmirəm. Bildiyim İsaq müəllim kimi insanların artıq kökünün kəsildiyi, dünyanın ağıla gəlməyəcək dərəcədə cılızlaşmasıdır. Nə isə... Çox dərinə getməyək. Sonra dünya üzünə çıxa bilmərik.

 

 

EY İNSAN...

 

Fərabinin, S.Urməvinin, Marağayinin, İtrının tətbiq etdikləri dünyada ilk olan not sistemi əsrarəngiz bəstələri fəlsəfi dərinliyi, batini zənginliyi, ilahi qüdrəti ilə dünyaya səs salmışdır. Dərgahı olan bilgilərin musiqiyə, səsə bağlılıqları tarixin hər səhifəsində açıq-aydındır.

Savaş musiqisindən, yürüş ritmlərindən ruhun həzinliyinə, qəlbin zərifliklərinə, hikkədən, qəzəbdən, kindən rəhmə, munisliyə, həmdəmliyə, xeyirxahlığa, səmimiyyətə uzanıb gedər.

Səs çobanın tütəyindən süzülmüş, ozanın qopuzundan, aşığın sazından, sarayların sazandələrinin, xanəndələrinin ciyərindən qopmuş məmləkət-məmləkət, yurd-yurd, oba-oba, oymaq-oymaq gəzib dolaşmışdır.

Harda olursa-olsun insan insandır. İnsanın səsə, səsin insana ehtiyacı əbədidir.

 

lll

 

Hər muğam minlərlə sirr yumağıdır. Mifdən, tarixdən, dindən, elmdən, sənətdən gələn minlərlə sirr ilan kimi bir-birinə dolaşıb zamansızlıq içində uyuyur.

Oxuyan hər ifasında bu sirrin tək birini açırsa o xoşbəxtlikdir. Mən müğənnidən danışıram və hər ifadan da danışmıram.

Həyatım boyu muğamın tək bir sirrini açsam dünyanın ən xoşbəxt adamı mən olaram.

 

lll

 

Muğam yalnız duyğulandırmır, duyğulandırmaqdan daha çox düşündürür, fikir burulğanı içində həyat, insan, Allah, tale, eşq, bədbəxtlik, xoşbəxtlik... haqqında düşüncələrə qərq edir. İnsanın ən dolğun tərifi onun düşünən olmasıdır. Muğam insanın əlindən tutub dünyanı, tarixi, yaddaşı gəzdirir. “Bu həyata niyə gəlmişik?”, “Qəzavü qədər bizi bədbəxtliyə aparır, yoxsa xoşbəxtliyə?”, “Niyə Allahımızı dərk edə bilmirik?”, “Şeytanı qəlbimizdən, qanımızdan niyə çıxarmırıq?”, “Eşqin sonu varmı?”, “Ölüm xilasdırmı?”, “Səbrin hüdudları, hardan başlayır, harada bitir?”... suallarını verir və cavabı sual verdiyi ilə birgə cavablandırmaq üçün cavablayır, iradənin, əzmin, inamın, imanın, təhəmmülün, gözəlliyin, ədavətin, vicdanın, mücadilənin... xilas gücünü aşkara çıxarmağa çalışır.

Böyük ifalar böyük xilaslardır və bu, qiyamətə qədər sürüb gedəcəkdir.

 

(Ardı gələn şənbə sayımızda)

 

 

KAMİL VƏLİ

 

525-ci qəzet.- 2011.- 22 yanvar.- S.22.