Qulu Ağsəs: “Oxucunu itiririk, cəhənnəmə
ki...”
“Ağlı başında olan arvad şair və ya
yazıçı ərindən məişət problemləri
barədə soruşmaz”
– Sizcə şair
doğulurlar, yoxsa olurlar?
– Bilirsən, şairlik hava
kimidi: gah olur, gah da olmur. Hava yoxdursa, ölməlisən,
yaşayırsansa, deməli, hava var. Məncə, bu fikri təkzib
eləməkdən ötrü növbəti fikir yaranmayıb
hələ.
Bu fikri xüsusilə son
zamanlar poeziyaya gələn kütləvi axın təsdiqlədi.
Hamı başladı yazmağa... Şeir ilk növbədə
öz ana dilinin məhsuludu. Əsil şeir odur ki, onu başqa
dillərə çevirmək qeyri-mümkündü. Əgər
mən şeiri dilin üstündə yox, dilin
qırağında yaradıramsa, o batdı getdi... Bunu bir dəmiryol
kimi təsəvvür etmək olar. Dil özü bir dəmiryoldu.
Biz şeirləri bu “relsin” üstünə qoyanda yol nə qədər
uzanırsa, şeir də o qədər gedəcək. Əgər
şeiri kənara qoymuşuqsa, onlar yanlarından ötən
şeirlərə əl eləməklə məşğul
olacaqlar. Bu gün Azərbaycanda baxıb əl olunası
yüzlərlə, minlərlə “poetik” nümunə
yaranır. Amma onları əsil
şeirdən ayırmaq çox çətindi.
– Bəs şair nə ilə
seçilməlidir?
– Bayaq dediyim, o “poetik”
nümünələr yaradanlar var ha.. Şeirin
konsepsiyasını, nəzəriyyəsini bilənlər...
Onlar da bilirlər ki, mükafat hər şeyi həll etmir.
İstedadsız adam özü də bilir ki, istedadı yoxdur.
Ona görə mükafatla-zadla adam aldatmaq, gözə kül
üfürmək əbəs işdir. Hamı içində
bilir ki, o nə edib və nə edə bilər.
Hüdudları hardadı.
– Ədəbi cəhətcə
savadlı cəmiyyətin vacibliyi ortaya çıxır...
– Mən xalqımı
çox sevirəm. Amma müəyyən şeylər var ki,
onu xalqa etibar eləmək olmaz. Məsələn, ədəbiyyatı...
Mən ədəbiyyatda, mətn üzərində, misrada
“sürünməyi” görəndə düşünürəm
ki, bunu yazan adam təkcə talantlı deyil, həm də
sözün variasiyalarının ən sonuncusunu tapmış
adamdır. İstedadlı olduqdan sonra yazmağa nə var ki?
Yazdıqlarını pozmağı, redaktə eləməyi,
öz-özünü aldatmamağı bacarmaq lazımdır.
Əsl nümunə odur. Mən bilirəm ki, bunu yazacağam,
hamı da bəyənəcək. Amma mən həm də
bilirəm ki, bu mənim ağlıma gələn birinci
variantdır. Mənim fikrimcə, şeiri birinci variantda yazan adam
öz istedadına, qələminə xəyanət edən
adamdır. Söhbət
istedadlı adamdan gedir ha... O bütün variantları
götür-qoy eləməli və ən axırıncı
variantı yazanda bilməlidir ki, nə yazır. Mən hər
bir şeirin, essenin variantlarının hər biri üzərində
düşünürəm, axırıncı variant üzərində
dayanıram, qeydlərimi edirəm. Oturub yazanda heç bir
düşündüyümə dəxli olmayan variant
yaradıram. Özüm-özümü heyrətləndirirəm.
Əgər hər birinci variantda yazdığım şeirləri
çap etsəm, o zaman hər il qalın-qalın kitablar
buraxdıraram. Mən həmişə
özümü yazmaqdan qoruyuram. Deyirəm ki, Allah, elə elə
ki, mən az yazım. Əvvələr gündə 15-20
şer yazırdım. O məsuliyyəti hələ duymurdum.
–Bu məsuliyyət nədən
doğur?
– Nədən doğacaq?
Qorxudan..
– Qorxudan???
– Bəli. Biz Allahı
qorxudan sevirik. Söz də Allah kimidir. Sən yazanda bilirsən
ki, bu sözlə heç nə edə bilməzsən. O biri
ilə də. Bax, o zaman insanda
qorxu yaranır. Bilmirəm, ona məsuliyyət deyək, ya
qorxu. Əşşi, lap axırda oxucunu aldadıb deyə bilərik
ki, sevgidən yaranıb. Sevgi asan şeydir eee... Vurulursan,
çıxır gedir işinin dalınca. Amma qorxu... Bu
çətin məsələdir. Qorxudan xilas olmaq
lazımdır. Sevgi ilə yazmaq asandır, qorxu ilə çətin.
Qorxu ilə yazanda bilirsən ki, bax, bu söz yerində
oturmayıb, bu söz saitlə başlaya bilər, bir misrada 4
kar samit ola bilməz...
– Bəlkə oxucunun ədəbi
zövqü elə budur... Onsuz da bizi Sovet hakimiyyəti qəzetə
zorla abunə edirdi, kitabı da belə oxudurdu....
– Məncə, ədəbiyyat
indi təbii halına gəlir. Son illər ədəbiyyatın
ən gözəl günləridir. İndi məlum olur ki, Azərbaycanda
istedadlı yazıçı qədər də istedadlı
oxucu var. Niyə zorla hamıya kitab oxutmaq istəyirik? Oxumur da,
qardaş... O mənim şeirim olmadan ərə gedir, arvad
alır, maşın sürür, “QAİ”yə pul verir. Mənim
yaradıcılığımın onun həyatına bir təsiri
varmı? Yox. Onda niyə məni oxumalıdır? Biz deyirik ki,
Füzuli şeiri dünya ədəbiyatında nadir hadisədir.
Avropa Füzulini oxumadan dünya nəsrinin şedevrini
yaradıb. Bizim yazdığımız bugünkü
insanın həyatına təsir eləmir. Eləmir də,
qardaş...
– Niyə təsir eləmir?
Bəlkə xalqın “giriş kodu”nu itirmisiniz...
– Ədəbiyyatla kütləvi
oxucu ayrılıb. Bu təbii bir şeydir. Bilirsiniz, mən
buna təbii baxıram. O qədər itkilərimiz var ki,
atamızı, anamızı itiririk, torpağımızı,
yaxınlarımızı... Oxucunu itiririk, cəhənnəmə
ki...
– Bəs ədəbiyyat
itirmir?
– Yox.
– Onda kimin üçün
yazırsınız?
– Az sayda insan
üçün. Mənim sonuncu kitabım 250 nüsxə ilə
çıxıb.
– Bu yaxşıdır?
– Əladır. 500 nüsxə
olsaydı, deməli, yarısı bu günə kimi
qalardı. 1000 olsaydı, ona-buna yalvaracaqdım ki, siz Allah, gəlin
kitabımı götürün.
– Belə bir cəmiyyətdə
yaşamaq sıxmır sizi?
– Yox... Əksinə, mənim
üçün çox rahatdır. Həmişə
demişəm ki, ədəbiyyat – insanları təkləyib məğlub
etmək sənətidir. Ədəbiyyat kütləvi hucum
silahı deyil. Bunun gözəlliyi budur ki, zəifi deyil,
güclünü məğlub edir.
– Səsin rəngi olurmu?
– Əlbəttə... Səsin
49 rəngi var. 7 rəngi var, 7-sinin də yeddi çaları
var.
– Şeirləriniz başqa
dillərə tərcümə olunubmu?
– Hə, olunub. Rus, özbək,
gürcü, ukrayna, polyak dilinə tərcümə ediblər
şeirlərimi. Türk dilini demirəm, çünki tərcüməyə
ehtiyac olmayıb.
– Tərcümə
olunmuş şeirlərinizə qulaq asanda hansı hissləri
yaşayırsınız?
– Ağlıma gəlir ki,
onlar mən deyiləm. Tərcümələr heç vaxt məni
qane eləməyib. Türkiyədə xahiş elədim ki,
şeirlərimi olduğu kimi versinlər. Mən dilin
qatında yazan adamam. Odur ki, tərcümələrdən
razı qalmıram.
– Bir ara Allaha müraciətlə
bir neçə şeiriniz çıxdı. Yaradana o cür
üz tutmağa Sizi nə vadar etmişdi?
– O zaman mən Allahın
varlığını öyrənmək istəyirdim. Varmı,
yoxmu? O şeirlər mənim Allaha suallarım idi. İndi daha
mən o şeirləri yazmıram. Demirəm ki, cavabları
tapdım. Amma sonradan başa düşdüm ki, bu sualları
vermək lazım deyil. O, bir mərhələ idi, oldu,
yazdım...
– Hazırda yazılan
şeirlərdə nə üstünlük təşkil edir:
sevgi, yoxsa qüssə?
– Mən nəyi isə
ünvanlayıb yaza bilmirəm. Mən ancaq şeir yazıram.
Bu şeir hər şeydən ola bilər.
– Sonuncu şeiri nə vaxt
yazmısınız?
– Ötən ilin sonunda.
Dekabr ayında. Mövzusu... Vallah şeir idi də.. Şeir
haqqında şeir.
– Sizcə, bizim şeirdə
bütün sözlər işlənib, yoxsa hələ var?
– Yox, işlənməyən
sözlər hələ var. Şeir dil hadisəsidir. Dil
inkişaf elədikcə, təbii, sözlər də
artıb gəlir. Gör son zamanlar dilimizə nə qədər
söz gəlib: telefon, sms, feysbuk, çat, email...
– Onlardan istifadə etmək
olar?
– Yerində işlənə
bilsə hə....
– O gün bir aşıq
“ekrana bax, ekrana” deyə çalıb oxuyurdu....
– O, aşıq deyil. Bizdə
ümumiyyətlə aşıq yoxdur. Aşıq çalan,
oxuyan və yazan adamdır. Bizdə
saz çalana aşıq deyirlər.
– Deyirlər, qadağalar ədəbiyyatı
inkişafa aparır. Bu düzdür?
– Bəli. Qadağalar
dövründə ədəbiyyat inkişaf edir. Ölkədə
əgər hər söz deyilirsə, sən nə yazasan? Bu
gün yazmaq çox çətindi. Bizim dolayısı ilə
dediyimiz sözü adamlar adı ilə
çağırır.
– Bugünkü Azərbaycan ədəbiyyatının
qəhrəmanı kimdir?
– Ədəbiyyatın qəhrəmanları
elə ədəbiyyatı yaradan adamların özləridir.
Hansı ki, bu vəziyyətdə də yazırlar. Oxuyan yox,
qiymət verən yox... Kitablarımız satılmır.
Heç bir gəlirimiz yox. Beynimizin məhsulunu satıb dolana
bilmirik. Qərbdə ədəbiyyat təsərrüfatdır,
yazıçı da təsərrüfat
başçısıdır. Avropada yazıçı
kitabı yazandan sonra qeyd edir ki, işıq
yandırmışam, qazda isinmişəm, xeyli pulum
çıxıb. Kitabını çıxaranda xərclərini-borclarını
hesablayıb nəşriyyata deyir ki, qardaş, bu qədər
xərcim çıxıb, tutaq ki 30 min dollar qonarar istəyirəm.
Biz nə yazsaq da, alan yox, oxuyan yox. Ədəbiyyat şöhrət və pul gətirmir.
– Bəs Çingiz Abdullayev?
– O, rusdilli
yazıçıdır, kitablarını da burda yox, xaricdə
satır.
– Bəlkə ona görə
ortada əsəbi və çılğın bir ədəbiyyat
var?
– Ədəbiyyat əsəbi
olmalıdır. Sakit, qoyun kimi başını
aşağı salmaqla nə ədəbiyyat olar?
İnsanın bu halıdır da ədəbiyyat. Düzdü,
bu əsəbin içində yazarın maddi durumunun
yaratdığı acıq da var.
– Bəs şairlər məişət
problemlərini necə həll edirlər?
– Lap yaxşı.
Ağlı başında olan heç bir arvad şair və ya
yazıçı ərindən məişət problemləri
barədə soruşmaz. Çünki bilir ki, mənası
yoxdur. Mən bazar-dükana gedirəm hərdən. Daha məndən
maşın istəsin, ev istəsin. Xeyr. Bu bizlik deyil. Bu məsələ
biryolluq həll olunub.
– Qarabağ müharibəsi
barədə nəsə yazmaq fikriniz varmı?
– Neçə ildir istəyirəm
bu barədə yazam. Bilmirəm nə olacaq. Gözləyirəm
müharibə qurtarsın. Mənim yazmaq istədiyim yazıda
kənddə gedib görmək istədiyim yerlər
çatışmır. İstəyirəm o yerləri
işğaldan sonra gedib görəm. Mənə
maraqlıdır, evdən çıxanda “Dünya Ədəbiyyatı
Kitabxanası”nı gizlətmişdim. Maraqlıdır, görən
ermənilər həmin kitabları tapıblarmı? Telefon dirəyinə
söz yazmışdım, görən dururmu? Həmin
yazıya mane olan çox şifrələr var. Tragikomik bir əsər
olacaq.
– Nifrət eləməyi
bacarırsınız?
– Olur. Amma nifrət eləməyə
hövsələm yoxdur. Səbirsiz adamam.
– Nəyə hirslənirsiniz?
Hövsələdən çıxaran nə olur sizi?
– Səhər qəzetlərə
baxırsan ki, yazıların hamısı saxtadır.
Oxumağa heç nə tapmırsan.. Bu bəsdi də.
Televizora baxırsan... Adamlar elə xoşbəxt
görünürlər ki... Hamı gülür, qəşş
eləyir. Nəyə gülür, bilinmir, amma hamı
şad-xürrəm görünür. Ya da baxırsan ki, bir dəstə
adam düşüb birinin üstünə ki, arvadını
niyə boşamısan? Yazıçılar e... Gedib dirəniblər
kişiyə ki, niyə boşanmısan?... Ayıbdı...
– Alternativ ədəbiyyata
münasibətiniz necədir? Postmodernistləri oxuyursunuz?
– Ədəbiyyatın
alternativi yoxdur. Postmodernizmə gəlincə, onun Azərbaycanda
oturuşmağını, gəlişməyini görmədim.
İşartılar, cəhdlər var. Postmodernist mətnlər
özündə ikinci və üçüncü qatı
ehtiva edən mətnlərdir. Burada işlədilən
söyüşlərin, anti-tabunun, pornoqrafiyanın,
erotikanın arxasında çox ciddi ədəbi mətləb
durmalıdır. Bir var pornoqrafiya ədəbiyyata xidmət eləsin,
bir də var ədəbiyyat pornoya xidmət etsin. Bizdə ədəbiyyat
pornoqrafiyaya xidmət edir. Bizdə bu, postmodernizmdə aydın
görünür.
– Bu cərəyana kömək,
dəstək lazımdırmı?
– Nə kömək... Ədəbiyyatda
hamı özünü xilas edir. Kim kimə kömək edir
ki?...
– Şairin musiqi ilə
arası necədi?
– Yaxşı. Xalq
mahnılarından ötrü ürəyim gedir. Muğamlar da
həmçinin. Bir də Flora Kərimovanın
mahnılarını çox sevirəm. Caza qulaq asıram.
– Dünya səyahətinə
çıxmaq arzunuz varmı?
– Yox. Marağım yoxdu. Elə
bil dünyanı görmüşəm. Bilirəm də...
Adamlar hamısı eyni cürdü. İnsanın
materialını biləndən sonra çətin olmur. Bilirsən
ki, bir hissəsi millətçidi, bir qismi kosmopolitdi, bir qismi
də...
– Hansı şəhərdə
olmaq istərdiniz?
– Şuşada.
– Zamanınızda
doğulmusunuz?
– Hə... Nəyim varsa, məni
təmin edir.
– Evdə kitabxananız var?
– Kitabxana deyəndə ki,
bütün kitablarımı “meşoklara”
yığmışam...
– Oxumaq istədiyiniz, amma əliniz
çatmayan kitab varmı?
– Var – Qurani-Kərim. Onu ərəbcədən
oxumaq istərdim. Həmişə istəmişəm
orijinaldan oxuyum. Bəlkə o dilin poetikası mənə deyər
ki, orada daha nələr var. Quran kitab kimi möcüzədir.
– Ailədə despot deyilsiniz
ki?
– Yox vallah. Amma səs-küydən
acığım gəlir. Kənddə anamla yaşayanda evdə
tam sakitlik olurdu. Anam mənim çay-çörəyimi
vaxtında verirdi yazı-pozuma qarışmırdı, bəlkə
də ondandır, mənə oxumağı, yazmağı
heç kim öyrətməyib. Çöldə bitən
çiçək kimi olmuşam. Özüm öyrənmişəm
hər şeyi. İndi də evdə səs–küy olanda
xoşum gəlmir. Qızım deyir, qoymursan
danışmağa... Zehinli qızdı yaman. 6 yaşı
var, kompüterdə işləyə bilir, hazırcavabdı.
Çox obrazlı danışır. Deyir, jurnalist olacağam.
– Bütün şəkillərdə
eyni qaydada düşürsünüz. Poza verə bilmirsiniz,
ya şəkil sizin üçün əhəmiyyətsizdi?
– Mənim yaxşı
düşdüyüm tək şəklim yoxdu. Evdə alboma
baxanda bunu bilmişəm. Qəribədi, hətta
kitabımdakı şəkildə belə, yanımda
oturanın qolu düşüb. Ağlıma gəlməyib tək
şəkil çəkdirmək. “Təbəssüm”
fotoatelyesinin böyüyü dostumdu. Heç mənə deməyib
gedək şəklini çəkim. Aparıb məni atelyeyə,
ikimiz şəkil çəkdirmişik. İstəmişəm
şəklim olsun, amma çəkdirmək ağlıma gəlməyib.
525-ci qəzet.- 2011.- 22 yanvar.-
S.16.