Yaşıl-çəhrayı şəhər

 

Söhbətin Amsterdamdan getdiyini çox gəzənlər və çox bilənlər duydu, yəqin.

Sizi bilmirəm, indiyə qədər mənim təsəvvürümdə Hollandiya və onun paytaxtı Amsterdam kişilərin bir-birilə evləndiyi, fahişələrin erkək ovuna çıxdığı, nəşənin azad satıldığı çəhrayı məkan kimi canlanırdı. Amma deyirlər ki, min dəfə eşitməkdənsə, bir dəfə görmək lazımdır. Mən də gördüm. Gördüm və heyrətləndim, gəzdim və təsəvvürlərim alt-üst oldu. Niyəsini zaman-zaman xırdalayacam.

Sizi bilirdinizmi ki, Amsterdamda minik maşınlarını barmaqla saymaq olar, bəs bilirdinizmi ki, bu çəhrayı şəhər kanalların və körpülərin əhatəsində yerləşir, bilirdinizmi ki, burada insanların bir-birinə etimadı sonsuzdur. Marixuananın və seksin az qala rəmzə çevrildiyi bir şəhərdə kriminal və oğurluq yoxdur. Yalnız velosiped oğurluğundan başqa. Ona görə də çoxu velosipedini “höküləyir”. Şəxsən mən bilmirdim. Bu barədə də zamanında danışacam. İndi isə keçək mətləbə, yəni məni Amsterdama –zambaqlar ölkəsinin paytaxtına aparan, yaxud çağıran səbəblərə.

Oxucuların yadındadırsa, təxminən yeddi il öncə beş ədəbiyyatı (azərbaycan, gürcü, erməni, abxaz və osetin) özündə birləşdirən “Yaşamaq zamanı” adlı bir kitab çap eləmişdik. Kimlərsə buna ağız büzdü, kimlərsə də öydü. Ağız büzənlər ermənilərlə bir kitabda çap olunmağımızı irad tutdular, öyənlər isə yaddan çıxan ədəbi əlaqələrin təzələnməsini təqdir elədilər. Hər halda, cəmiyyət buna birmənalı yanaşmadı. İndi təxminən o cür, yəni ildə iki dəfə beş ədəbiyyatı birləşdirən almanaxın buraxılması nəzərdə tutulur. Rus dilində olacaq almanaxı İngiltərənin “İnternəşnəl Alert” Qeyri-Hökümət təşkilatı maliyyələşdirir.

Layihənin rəhbəri Uuliya Skopfild, yardımçısı Nargiza Saipiddinova, ilhamvericiləri, yəni layihəni hazırlayanlar abxaz Batal Kobaxiya və gürjü Quram Odişariyadır. Bu cür məlumatların və Hollandiya barədə statistikanın cansıxıjı olduğunu bildiyimdən ətraflı izahatdan vaz keçirəm. Ölkə və Amsterdam barədə məlumatları ətraflı bilmək istəyənlər internetə baş vura bilərlər, amma mən deyəcəklərimin, yəqin ki, çoxu orada yoxdur, çünki Amsterdama özəl yanaşma və şəxsi müşahidələrlə bağlıdır. Yalnız onu deyim ki, Amsterdamın bir milyona yaxın əhalisi var, adı Amstel çayı ilə Dam meydanının birləşməsindən ibarətdir.

Bakıya düşəndə şəhərəmizə baxıb düşündüm ki, doğma Bakımız şəhərlikdən çoxdan çıxıb. O zaman ki, işıqlı xatirələri özündə cəmləşdirən İnturist kimi binalar söküldü, İçərişəhərə təcavüz olundu, trolleybus və tramvaylar küçələrdən yığışdırıldı. Amsterdamda bir daha əmin olursan ki, hər bir qədim və sivil şəhərin pasportu tramvaylardır.

Məni şəhərlə ilk günü türk arxadaşım, yazar Sadiq Yəmni tanış elədi. Mən onunla bir ay öncə Ankaradakı toplantıda tanış olmuşdum. Sonrakı günlər ayaqlarım məni tanış küçələrə, bir az da yad yerlərə apardı.

Amsterdam Avropanın məşhur şəhərlərinə oxşayır. Qotik üslubda tikilmiş binalar bir-birinə bənzərdir. Öncə bu binalar adamı valeh etsə də, sonradan monotonluq adamı yorur. Küçələr, binalar, körpü və kanallar bir-birinə oxşadığından şəhərdə azmaq çox asandır. Ona görə də turist xəritəsinə ehtiyac var. Yaddaşıma əminlik və xəritədən imtina mənə baha başa gələ bilərdi. Bir neçə dəfə azsam da, çətinliklə də olsa, mehmanxananın yerini tapa bildim. Şəhərdə gəzəndə çətiriniz yanınızda olsun. Yağışlı şəhərdir. Dörd gün ərzində bircə gün günəşi görə bildim.

Öz qulağını kəsmiş, elə bu halda da avtoportretini yaratmış Van Qoqun və Rembarantın muzeyləri bu şəhərdə olsa da, onlara baş çəkə bilmədim, amma gəmi gəzintisi zamanı onları aralıdan da olsa görə bildim. 13 avroya Amsterdamı dövrələyən kanalla kruizə çıxmaq olar. Çiçkinli və dumanlı havada gəmi gəzintisi adamda qəribə əhval yaradır, daha doğrusu, yad adamın vətəninə və keçmişinə xiffətini artırır.

Amsterdamda məni heyrətləndirən küçələrdə minik maşınlarının azlığı və velosipedlərin bolluğu oldu. Velosipedlər burada minlərlədir. Səkilərdə maşınlar əvəzinə, velosipedlər “parkovka” olunur. Bir neçə mərtəbəli velosiped dayanacaqlarına şəhərin çox yerində rast gəlmək olar. Adamlar iki təkərli “maşınlarını” harda istəsələr saxlaya bilərlər, təbii yoldan və parklardan başqa.

Dünyanın ən kiçik, amma ən məşhur gül-çiçək küçəsi buradadır. Aralıdan çiçək ətri adamın burnuna dəyir. Deyilənə görə, dünyada bitən gül toxumlarının hamısından bu küçədə var.

İnsanların bir-birinə etimadı, alıcı-satıcı münasibətləri əladır. Ona görə alıcı-satıcı deyirəm ki, Amsterdamın mərkəzi küçəsi alış-veriş meydanıdır. Dar küçənin ortasından tramvay xətti keçir. İlk günlər bu adamı çaşdırsa da, sonradan öyrəşirsən. Hindistanda heyvanlar insanlarla qaynayıb-qarışdığı kimi, burada da ictimai-nəqliyyat və insanlar bir-birini gözəl anlayır.

Velosipedlilər dəstəsi hər an suda üzən qaz sürüsü kimi böyründən ötüb keçir. Burada velosiped sürən cütlüklərə addımbaşı rast gəlirsən. Sanki bir-birilərilə yarışa çıxıblar. Şəhər o qədər kompakt və planlı tikilib ki, bir başından o biri başına piyada getmək mümkündür. Hava limanına maşınla 15 dəqiqəlik yoldur.

Şəhərin üz-gözündən qədimilik yağır. Körpülər və binaların üstündə tikilmə tarixi yazılıb. Amsterdamda yeni tikiliyə icazə verilmir. Burada hər daşın, hər ağacın “doğum şəhadətnaməsi” var.

Hollandiyaya köçüb yaşamaq istəyənlər Amsterdamın ətrafındakı yeni şəhər və qəsəbələrdə məskunlaşa bilərlər.

Hollandlar “Heynken” pivəsini o qədər sevirlər ki, ona heykəl də qoyublar. Hər yerdə bu pivə reklam olunur.

Narıncılar ölkəsində ekologiyaya xüsusi diqqət yetirilir. Təyarədən düşər-düşməz bunun şahidi olursan. Hava limanının divar və şüşələrini fauna və flora sakinlərinin şəkilləri bəzəyir. Reproduktorlardan mahnı əvəzinə, quşların civiltisi süzülür, sanki vağzalda yox, təbiət qoynundasan.

Zambaqlar ölkəsinin sakinləri, sanki, seksual çatışmazlıq sindromu yaşayırlar, hər halda ilk təəssürat belədir. İstehsal etdikləri məhsulların üstündə kişi və qadın “nişanələri” həkk olunub. Onlar bu sahədə çox irəli getdiklərinə görə, kişilərin “qürur mənbəyinə”də heykəl qoyublar.

Marixuana burada az qala kultlaşdırılıb. Marixuanalı peçenye və şkoladlar, sümürmə konfetlər addımbaşı adamı gəl-gəl deyir. İstehsal etdikləri məhsulların etiketlərində də marixuana təsvirləri gen-boldur. Həşiş və marixuana çəkilməyə icazə verilən kafelərin də lövhəsində marixuana təsviri var.

Hə, çatdıq, kişiləri ən çox maraqlandıran “Çəhrayı məhəlləyə”, yaxud “Qırmızı fənərlər küçəsi”nə.

Bu küçə barları, kafeləri və bədəninin satan xanımları ilə seçilir. Mən deyərdim ki, Hollandiya seksual azadlığı ilə fəxr edir. Xanımlar oturan odaların qapısının başında qırmızı fənərlər yanır. Əgər fənər sönübsə, deməli, Həvva Adəmi 50-70 avroya ovsunlaya bilib.

Öz aramızda deyim ki, keçiləsi xanımlar deyillər, amma mən keçdim. Səbəbini xırdalamaq çox vaxt aparardı.

Gözəl qamətli xanımlara xüsusi yerlərdə də rast gəlmək mümkündür. Havanın soyuq və yağışlı olmasına baxmayaraq, onlar yarıçılpaq şəkildə, əllərində yağmurluq müştəri gözləyirlər. Çətirsiz kişilərə: “yağmurluq ikimizə də bəs edər”-deyə söz atırlar. Hər halda onların holland dilində atmacalarını bu cür anlamaq olar.

Amsterdamda insanların azadlığı və xoş davranışı adamı valeh edir. Sanki burada insanların problemi yoxdur. Siyasətdən danışmağı xoşlamırlar. Bizdəki kimi divarları və dayanacaqları deputatlığa namizədlərin köhnə şəkilləri bəzəmir.

Siyasəti andıran nəsnələr çox azdır. Televizorlarda daha çox əyləncəli və uşaq verilişlərinə üstünlük verirlər.

Amsterdamda azərbaycanlıar da yaşayır, amma mən onları görə bilmədim. Azərbaycan diasporunun rəhbəri Sahil müəllimlə telefonla danışsaq da, görüşümüz baş tutmadı.

Bax belə. Amsterdamı görməyənlər üçün bu xırdaca bir icmal idi. Hər şey əlbəttə ki, batindədir, mənsə yalnız zahiri gördüm və sizə danışdım.

Vəssalam...

 

14-21 yanvar.

Bakı-Amsterdam-Bakı

 

 

Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.- 2011.- 22 yanvar.- S.11.