Gövhər Baxşəliyeva: “Elmin inkişafına böyük töhfələr verən Şərqşünaslıq İnstitutu ötən il də yüksələn xətti qoruyub”

 

“İldən-ilə Azərbaycan elminin inkişafına daha böyük töhfələr verən institutumuz 2010-cu ildə də bu yüksələn xətti qoruyub. Yeni-yeni sanballı əsərlərlə, beynəlxalq əlaqələrini genişləndirməklə dünya şərqşünaslığında nüfuzunu artıran bu elm müəssisəsində ötən il görülən işlərə nəzər saldıqda qürurverici bir mənzərə yaranır. 2010-cu ildə institutda elmi tədqiqat işləri 4 istiqamət, 11 problem, 27 mövzu çərçivəsində aparılıb. Plan üzrə icra olunan 75 elmi-tədqiqat işindən 33-ü bitirilib qalan 42 işin isə 2010-cu il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib”. Bu fikirləri “525”ə açıqlamasında professor, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva dilə gətirib. Onun sözlərinə görə, ötən il institutun elmi tədqiqatları bu istiqamətlərdə aparılıb – Şərq ölkələrinin tarixi, bu ölkələrdə cərəyan edən ictimai-siyasi, iqtisadi və etnik proseslər, bu ölkələrin beynəlxalq münasibətlər sistemində rolu, Azərbaycanla əlaqələri; Şərqin yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri. Şərq ədəbiyyatı və dillərinin tədqiqi; Yaxın və Orta Şərq ölkələrində fəlsəfə, ictimai fikir və din tarixi, Azərbaycanda islam; Şərq-Qərb sivilizasiyalararası münasibətləri və Azərbaycan. Bitirilmiş işlər isə əsasən bunlar olub – Osmanlı tarixinin aktual məsələləri; Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin sosial-mədəni inkişafı və siyasi əlaqələri; Orta əsr türkdilli mənbələrin tekstoloji təhlili və tərcüməsi; lüğət və dərs vəsaitlərinin hazırlanması; Qarabağ probleminə və digər prioritet mövzulara həsr olunmuş müxtəlif materialların ərəb-fars və türk dillərinə tərcüməsi və nəşri və sair. G.Baxşəliyevanın qeyd etdiyinə görə, institut əməkdaşlarının səmərəli fəaliyyəti onların çap olunmuş əsərləri ilə özünü büruzə verir: “Ötən il ərzində çap olunmuş 22 kitab sırasında görkəmli şərqşünas Aida İmanquliyevanın məqalələr və tərcümələrini əhatə edən kitab xüsusi önəm daşıyır. Bundan əlavə, ərəb dilindən tərcümə olunan Cübran Xəlil Cübranın “Qırılmış qanadlar” əsəri, Şahin Mustafayevin “Səlcuqilərdən osmanlılara: XI-XV yüzilliklərdə Anadolunun türk mühitində etnosiyasi proseslər”, Vüqar Məmmədovun “Fars dili qrammatikası terminləri” kitablarını və sair qeyd etmək olar. İnstitutda ötən il həmçinin “Azərbaycan şərqşünaslığı” jurnalının 3-cü və 4-cü sayları, “Şərq filologiyası məsələləri” məqalələr toplusunun 6-cı buraxılışı, “Müasir Şərq” analitik informasiya bülleteninin ilk sayı işıq üzü görüb”. G.Baxşəliyeva eyni zamanda qeyd edib ki, institutun əməkdaşları məqalə yaradıcılığı sahəsində də məhsuldar olublar. İnstitut əməkdaşların ölkədə və xaricdə çıxan elmi jurnal və toplularda, konfrans materiallarında 200-ə yaxın məqalə və məruzəsi dərc olunub. Türkiyənin Ankara, İstanbul, Adana, Nevşehir, İranın Tehran, Təbriz, Rumıniyanın Kluj-Naboka, Konstanta, Rusiyanın Moskva, Kazan şəhərlərində, eləcə də Özbəkistanda və sair, nəşr olunan məqalə və tezislər Azərbaycan şərqşünaslığının beynəlxalq aləmdə təbliği sahəsində mühüm rol oynayıb: “2010-cu ildə institutumuzun beynəlxalq əlaqələri xarici ölkələrdə elmi konfrans və seminarlarda iştirak, müştərək beynəlxalq tədbirlərin təşkili, xarici ölkələrin elm və təhsil müəssisələrinin nümayəndələri ilə görüşlərin keçirilməsi, ərəb ölkələri səfirləri ilə müntəzəm görüşlər və sair formalarda həyata keçirilib. İnstitut əməkdaşları 38 dəfə beynəlxalq elmi tədbirlərdə məruzə ilə çıxış ediblər. Ötən il institutda bir çox xarici ölkələrin səfirləri və alimləri ilə görüşlər keçirilib, əməkdaşlar xarici ölkələrdə staj keçiblər. Misirin İsgəndəriyyə kitabxanasının müdiri İsmayıl Səragəldinə institutumuzun fəxri doktor diplomu təqdim edilib. Bir qrup şərqşünas alimimizin oktyabrın 24-dən noyabrın 8-dək Misirə səfərini də İnstitutun xarici əlaqələri sırasında uğurlu bir addım hesab etmək olar. Alimlərimizin bu səfərini Misir XİN-nin MDB və Şərqi Avropanın yeni müstəqillik qazanmış müsəlman ölkələri ilə əlaqələr fondu təşkil edib. İnstitutun əməkdaşları Misirdə olarkən Əl-Əzhər Universiteti və Qahirə Universitetinin təşkil etdikləri elmi məclislərdə iştirak edib, yerli alimlərin mühazirələrini dinləyiblər. Şərqşünaslıq İnstitutu 2010-cu ildə beynəlxalq və respublika miqyaslı tədbirlərin keçirilməsi sahəsində də fəal olub. Bu sıradan Rumıniyanın Kluj-Naboka şəhərində həmin ölkənin Babeş-Bolya universiteti ilə birgə beynəlxalq elmi konfransı, “Şərq xalqlarının Bakı qurultayı – 1920: tarix və reallıqlar” və “Əhməd Zəki Vəlidi Toğan – 120” mövzularında beynəlxalq elmi konfransları, “Müasir Şərqin sosial-iqtisadi inkişafı və Azərbaycan modeli” və “Şeyx Məhəmməd Xiyabani hərəkatı-90” mövzularında elmi konfransları, görkəmli şərqşünas Aida İmanquliyevanın “Məqalələr və tərcümələr” kitabının və professor Mehdi Kazımovun çap etdirdiyi “Məhəmməd İbn Münəvvər. Əsrar ət-tövhid fi-məqamat əş-Şeyx Əbu Səid” kitabının təqdimat mərasimlərini qeyd etmək olar” G.Baxşəliyevanın dediyinə görə, ötən il institutda 1 nəfər doktorluq, 7 nəfər namizədlik dissertasiyasını müdafiə edib: “Bir sözlə, institutumuzun əməkdaşları 2010-cu ildə nəzərdə tutulan elmi-tədqiqat işlərini yüksək səviyyədə yetirənə yetirib, Azərbaycanda şərqşünaslıq elminin inkişafına mühüm töhfələr verib və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil ediblər”.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 25 yanvar.- S.5.