“Norveçdə Azərbaycan
haqqında müəyyən fikir formalaşdıra
bilmişik”
RAMİL ƏLİYEV: “NAYO
NORVEÇDƏ AZƏRBAYCANLILARIN GÖRÜŞ NÖQTƏSİDİR”
Bu gün xarici ölkələrdə fəaliyyət göstərən və əsasən gəncləri bir araya gətirən ən aktiv diaspora qurumlarından biri də Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır (NAYO).
Bu təşkilat ətrafında yalnız azərbaycanlı deyil, əcnəbi gəncləri də birləşdirir. Ötən il NAYO-nun fəaliyyəti daha geniş miqyaslı olub. Müsahibimiz NAYO sədri Ramil Əliyev bu barədə daha ətaflı danışıb.
– NAYO artıq beş ildir fəaliyyət göstərir və bu müddət ərzində Norveçdə aktiv surətdə Azərbaycan reallıqlarını, tarixini, mədəniyyətini, eyni zamanda azərbaycanlıları təmsil və təbliğ edir. İndi deyə bilərik ki, bir diaspor təşkilatı olaraq biz Norveçdə Azərbaycan haqqında müəyyən fikir formalaşdıra bilmişik. Təbii ki, biz bütün Norveçi əhatə edə bilmərik, ancaq orda olan böyük əlaqələrimizi, şəbəkələrimizi, tədbirlərdə iştirak edən insanları nəzərdə tutaraq yuxarıdakı fikri qeyd etdim. Norveçlilər Azərbaycan mədəniyyətinə, tarixinə maraq göstərirlər, ölkəmizdə gedən proseslərə həssaslıqla yanaşırlar. Həmçinin milli şirkətlərinin Azərbaycanda gördüyü işlərlə çox maraqlanırlar. Biz mədəni nümunələrimizin Avropada-Norveçdə təbliği istiqamətində bir sıra layihələr həyata keçirmişik. Ümumiyyətlə, bu mədəni layihələrin iki əsas məqsədi var: biri norveçilərə Azərbaycan mədəniyyətini təqdim etmək, ikincisi isə orda dünyaya göz açan uşaqlarımıza və gənclərimizə Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat vermək. NAYO olaraq biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirik.
–Bəs beş illik fəaliyyət müddətinə hansı hədəflərə çatmısınız?
–Ötən il NAYO üçün uğurlu olub. Belə ki, ümumilikdə NAYO ötən il 50 layihə həyata keçirib. Bu da onu bir daha sübut edir ki, NAYO Norveçdə öz işinin öhdəsindən layiqincə gəlir. NAYO olaraq ötən beş ildə biz Norveçin ən fəal gəncləri kimi, eyni zamanda Azərbaycanın Avropada olan ən fəal gənclər təşkilatı olaraq özümüzü sübut etmişik. Bundan başqa Norveçdə azərbaycanlıların birləşdirilməsi, onların təşkilatlanlanması və bir araya gətirilməsi istiqamətində bir sıra işlər görmüşük. Azərbaycanın rəsmi qurumlarının Norveçdə keçirdiyi tədbirlərin reallaşmasındada onlara dəstək oluruq.
–Bu il nə kimi
planlarınız var?
–2011-ci ildə biz daha
böyük layihələr həyata keçirmək
haqqında düşünürük. Belə ki, iki ölkə
gəncləri arasında əməkdaşlığa dəstək,
Norveçdəki azərbaycanlı icması ilə iş və
ordakı dövlət təşkilatları ilə birgə
layihələr gerçəkləşdirməyi
düşünürük. Fəaliyyət göstərdiyimiz
bu beş il ərzində əsas hədəflərimizə
nail olmuşuq. NAYO bu illər ərzində Oslo Universiteti,
Norveçin Biznes Menecment İnstitutu və Beynəlxalq Əlaqələr
İnstitutu, Norveçin Xarici İşlər Nazirliyi, Gənclər
Konsulluğu, Mədəniyyət Nazirliyi, Oslo və Drammen
şəhərlərinin meriyası ilə əlaqələri
və əməkdaşlığı olub. Bundan başqa
Norveçin 4 ayrı-ayrı şəhərlərində
müxtəlif layihələr həyata keçirmişik və
həmin şəhərlərdə yaşayan azərbaycanlıların
təşkilatlandırılması istiqamətində bir
sıra işlər icra etmişik. Qeyd edim ki, bu beş illik fəaliyyətimizi
özündə əks etdirən hesabat xarakterli bir jurnal nəşr
etmək istəyirik.Ümid edirik ki, bu hesabatı Azərbaycandakı
NAYO sevərlərə çatdıracağıq. Yəni hər
iki ölkədə bu beşilllik fəaliyyətimizi əks
etdirən jurnalı geniş auditoriyaya təqdim edəcəyik.
–Norveçdə “Azərbaycan
evi” açmaq planınız gerçəkləşdimi?
– Təəssüflər
olsun ki, 2010-cu ildə biz bu layihəni həyata keçirə
bilmədik. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri
var. Beş il NAYO üçün elə də böyük
tarix deyil. Amma bu qısa zamanda struktur quruculuğunda, əməkdaşlığın
genişlənməsində, təcrübə toplanmasında
uğurlarımız olub. Ona görə də ötən ili
sırf Norveç hökuməti, ordakı təşkilatlar
ilə şəbəkəmizin genişlənməsinə və
əlaqələrimizin güclənməsinə sərf etdik.
Bu cür müsbət işgüzar əlaqələrimizin
qurulması bu il “Azərbaycan evi”nin açılmasına dəstək
olacaq. 2010-cu ildə Norveçdə Azərbaycan dili məktəbini
yaratdıq. Bu Norveçdə yaşayan azərbaycanlıların
Azərbaycan dilini öyrənməsi üçün
uğurlu bir layihədir. Bu kimi layihələr növbəti
illərdə də davam edəcək.
–Azərbaycan diaspor təşkilatlarının
bugünkü fəaliyyəti sizi qane edirmi?
– Diasporumuz bu gün yüksək səviyyədə təşkilatlanma səviyyəsindədir. Müxtəlif istiqamətlər üzrə fəaliyyyət göstərən təşkilatlarımızı qiymətləndirmək çətin olardı. Norveç təcrübəsindən danışaraq onu deyə bilərəm ki, NAYO –nun Norveçin müxtəlif şəhərlərində şöbələri açılıb və biz onlara dəstək göstəririk. Xaricdə müəyyən müddətdə fəaliyyət göstərən diaspor təşkilatı öz təcrübəsini yeni yaranmaqda olan diaspor təşkilatı ilə bölüşməlidir. Məsələn, Norveçdə faəliyyət göstərən Norveç-Azərbaycan Assosiasiyasının qurulmasında və inkişafında NAYO-nun böyük rolu oldu. Yəni NAYO Norveçdə azərbaycanlıların görüş nöqtəsidir. Qeyd edim ki, təşkilatımız Norveçdə fəaliyyət göstərən bir sıra xarici ölkələrin təşkilatları ilə əməkdaşlıq edir. Belə ki, NAYO-nun Norveçdəki ABŞ, Türkiyə səfirlikləri ilə əlaqələri çox yaxşıdır. Bundan əlavə orda fəaliyyət göstərən Norveç təşkilatları və türk icmaları ilə də əməkdaşlığımız var. Bir-birimizin təşkil etdiyi tədbirlərdə iştirak edirik. Beynəlxalq Tələbələr Təşkilatı və Beynəlxalq Yay Məktəbi ilə də iş birliyimiz mövcuddur. Diasporumuzun Norveçdə inkişaf etməsinə və ordakı digər diaspor təşkilatları ilə əlaqələrimizin qurulmasında maraqlıyıq və bu istiqamətdə əlimizdən gələni edirik. Məlumat üçün bildirim ki, bu ilin fevral-mart aylarında da layihələrimiz olacaq. Diaspor təşkilatı olaraq hər il “Xocalı soyqırımı”nın anım gününü qeyd edirik. Ermənilər tərəfindən həyata keçirilmiş bu faciəni, vəhşiliyi Avropaya-Norveçin rəsmi dairələrinə və ümumilikdə ictimaiyyətə təqdim etmək üçün tədbirlər keçiririk. Bu ilin fevral ayında da bu soyqırımla bağlı sərgi nümayiş etdirəcəyik. Martın əvvəllərində də gözəl bir layihəmiz reallaşdıracayıq. Norveçin qeyri-hökumət təşkilatlarından, parlamentindən, Oslo meriyasından, tələbə təşkilatlarından ibarət 10 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək. Və bu tədbir çərçivəsində seminar təşkil edəcəyik, Azərbaycandakı gənclər təşkilatları ilə görüşümüz olacaq, Azərbaycanın uğurları və Qarabağ münaqişəsi haqqında onlara məlumat verəcəyik. Hazırda bu layihənin ilkin mərhələsindəyik. Norveçdə Novruz bayramını təntənəli olaraq keçirməyi qərara almışıq.
– Bildiyimizə görə, NAYO-nun elektron saytı üzərində son hazırlıq işləri aparılır. Nə vaxt saytı istifadəyə verməyi düşünürsünüz?
– Bu çox böyük bir layihədir. Çünki biz Azərbaycan, Norveç və ingilis dillərində Skandinaviyada və Avropada informasiya boşluğunu doldurmaq üçün çox geniş mövzuları əhatə edəcək bir internet səhifəsi qurmaq üzrəyik. Eyni zamanda bu internet səhifəsinin xaricdə yaşayan, təhsil alan və diaspora işlərində fəallıq göstərən azərbaycanlılar üçün də yararlı olacağını düşünürəm. Ona görə ki, saytımızda yerləşdiriləcək materialların xaricdə tədbir keçirən insanlar üçün praktik olaraq informasiyaları asanlıqla əldə etmək baxımından yararlı mənbə olacağına inanıram. Bu saytın hazırlanmasında bizə Norveçdən və Azərbaycandan jurnalistlər köməklik edir. Yenilənmiş internet səhifəmizi iki auditoriya – Norveç və onun timsalında Skandinaviya xalqlarının, eyni zamanda azərbaycanlıların düşüncəsi və başa düşəcəyi yanaşma ilə hazırlamışıq. Onu da qeyd edim ki, ingilis dilində olan bölmə qlobal yanaşma ilə olacaq. Hazırda da sayt üzərində intensiv olaraq işləyirik. Ancaq konkret olaraq hansı tarixdə istifadəyə veriləcəyini deyə bilmərəm. Çünki istəyirik ki, hədəflərimizə çatandan sonra internet saytını istifadəyə verək, yəqin ki, Novruz bayramına qədər təqdim edəcəyik. Bir sözlə, NAYO (www.nayo.no) internet saytı Norveç və Azərbaycan , həmçinin keçirdiklərimiz layihə və tədbirlər haqqında məlumat əldə etmək üçün yaxşı bir məlumat mərkəzi olacaq.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 25 yanvar.- S.5.