Qarabağ danışıqları prosesində intensivlik arta bilər

 

YENİ AZƏRBAYCAN PARTİYASI (YAP) İCRA KATİBİNİN MÜAVİNİ MÜBARİZ QURBANLI: “AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ ÜSTÜNLÜYÜ ERMƏNİSTANDA DAXİLİ-SİYASİ BÖHRANI DAHA DA DƏRİNLƏŞDİRƏCƏK”

 

Mübariz müəllim, bu ilin ilk ayı artıq başa çatmaq üzrədir. Necə hesab edirsiniz, bu il 23 ildən artıq davam edən Ermənistan- Azərbaycan münaqişəsi danışıqlar yolu ilə tənzimlənməsi yönündə ciddi irəliləyişlərin əldə edilməsi mümkündürmü, gözləniləndirmi? Yoxsa, bu il ötən illərin davamı olacaq, münaqişənin həlli öz yerində sayacaq? 

Qarabağ münaqişəsi ilə bağlı məsələni cavabandırmazdan öncə onu qeyd etmək istərdim ki, ötən illərdə olduğu kimi, 2011-ci ildə iqtisadi artım, iqtisadi inkişaf davam edəcək. Bəlkə , 2011-ci il iqtisadi baxımdan Azərbaycan üçün daha əlverişli illərdən biri olacaq. Çünki dünya iqtisadiyyatı postböhran dövrünüböhrandan sonrakı dövrü yaşayır bir sıra ölkələr artıq bu böhrandan çıxıblar, onlarda maliyyə-iqtisadi vəziyyət yaxşılaşmaqdadır. Belə olan şəraitdə, mən belə düşünürəm ki, Azərbaycanda iqtisadi sahədə əldə olunan uğurların sayı bu il daha da çox olacaq. 2011-ci ildə eyni zamanda, Qarabağ məsələsinin dinc danışıqlar yolu ilə həll edilməsi yönündə aparılan danışıqlar prosesində intensivlik arta bilər. Lakin Qarabağ məsələsinin həlli ilə əlaqədar hansısa böyük sıçrayışın olacağını da proqnozlaşdırmıram. Təəssüf ki, bunu demək zorundayıq. Hərçənd ki, biz daha çox ümidverici fikirlər səsləndirməliyik, ancaq yuxarıda dediyim kimi, bu il Qarabağ məsələsi ilə bağlı sıçrayışlı hadisələri gözləmirəm. 2008-ci ilin məlum Rusiya-Gürcüstan müharibəsindən sonra Qarabağla əlaqədar danışıqlar prosesinin istiqamətində müəyyən dəyişiklik müşahidə olunur... 

Söhbət hansı dəyişikliyin müşahidə olunmasından gedir? 

– Bilirsiniz, ötən dövrdəki hadisələr onu göstərir və göstərdi ki, bu məsələ – yəni, Qarabağ məsələsi təkcə Ermənistanla Azərbaycan arasında münaqişə deyil, bu məsələ, bu münaqişə geopolitik baxımdan böyük münaqişələrdən biridir və bu münaqişə yalnız Qafqazı əhatə edən bir məsələ də deyil. Bu münaqişə bütövlükdə hazırda böyük bir ərazidə gedən mübarizənin nəticəsidir. Bu münaqişə eyni zamanda, Qafqaz, Mərkəzi Asiya, Ön Asiya uğrunda gedən “döyüşün” tərkib hissəsidir. Ona görə Azərbaycan üçün bu, mürəkkəb bir münaqişədir. Bununla yanaşı, 2011-ci ildə Azəbaycanın diplomatik cəbhədə yeni-yeni uğurlar əldə edəcəyinə əminəm. Həmçinin, Azərbaycanın sosial-iqtisadi üstünlüyü Ermənistanda daxili-siyasi böhranı daha da dərinləşdirəcək. Yəni, Ermənistanda daxili-siyasi böhranın dərinləşməsi və bu böhran nəticəsində erməni əhalisinin əhval-ruhiyyəsində ciddi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırmaq mümkündür. Ermənistanda bu problemin həlli ilə bağlı kompromisə çağırışlar daha çox səslənə bilər və səslənəcək. Bu ehtimalı daha güclü hesab edirəm. Bütövlükdə bu il dünyanın özündə də “Wikileaks”ın yaratdığı həmin o əks-sədaların nəticəsi olaraq bəzi problemləri ortaya qoya, bəzi məsələləri gündəmə gətirə bilər. Xüsusilə, böyük dövlətlər arasında münasibətlərdə açıq diplomatiyanın fəsadlarını görə bilərik. Daha doğrusu, qapalı diplomatiyanın önə çıxmasının fəsadlarını görə bilərik.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 25 yanvar.- S.5.