“Azərbaycan vahid və bölünməz
Avropada”
Heydər Əliyev
İrsini Araşdırma Mərkəzinin Azərbaycan və
ingilis dillərində yeni nəşri işıq üzü
görüb. “Azərbaycan vahid və bölünməz
Avropada” adlı kitab Azərbaycanın Avropa Şurasına
üzv qəbul edilməsinin 10 illiyinə həsr olunub. Kitaba
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
Avropa Şurasının nümayəndələri ilə
görüşlərinin mətni və eləcə də, bu
təşkilatın tədbirlərindəki
çıxışları daxil edilib. Avropa
Şurasının Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı qətnamə
və tövsiyələri də kitabda yer alan sənədlərdəndir.
Həmçinin burada Azərbaycan dövlət müstəqilliyini
əldə etdikdən sonra dünya inteqrasiya proseslərinə
qoşulmaq üçün olduqca əlverişli perspektivlər
və real imkanlar qazandığı qeyd edilib. Bildirilib ki, bu
dövrdən başlayaraq, Avropa dövlətləri,
onları təmsil edən demokratiya institutları,
qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq
şəraitində Azərbaycanda hüquqi dövlət
quruculuğu həyata keçirilib. 1992-ci ildə Azərbaycan
Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq
üçün Avropa Şurasına müraciət etsə də,
yalnız ümummilli lider Heydər Əliyevin
başçılığı ilə həyata keçirilən
məqsədyönlü tədbirlərin məntiqi nəticəsi
kimi 1996-cı ildə Avropa Şurası Parlament
Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət
edilmiş qonaq” statusu verib. 2001-ci ildə isə Avropa
Şurası Nazirlər Komitəsinin nümayəndələr
səviyyəsində keçirilmiş iclasında Azərbaycan
Respublikasının Avropa Şurasına tamhüquqlu üzv
seçilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin
Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi
“Azərbaycan vahid və bölünməz Avropada” kitabı tədqiqatçılar,
beynəlxalq münasibətlər üzrə mütəxəssislər,
politoloqlar və tələbələr üçün dəyərli
mənbədir. Kitabın ön söz müəllifi Milli Məclisinin
beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd
Seyidovdur. Elmi məsləhətçilər Almaniya-Azərbaycan
Əlaqələrinin inkişafına Yardım Cəmiyyətinin
sədri Eduard Lintner və Milli Məclisinin üzvü Elxan
Süleymanovdur. Kitab Heydər Əliyev İrsini
Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin rəhbərlik
etdiyi yaradıcı heyət tərəfindən ərsəyə
gətirilib.
Bəxtiyar MƏMMƏDLİ
525-ci qəzet.- 2011.- 25 yanvar.- S.4.