“Daşaltı” əməliyyatının iştirakçıları yad edilib

 

“Həsrət Yolu” Əsir Girovlara Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 yanvar 1992-ci ildə “Daşaltı” əməliyyatı zamanı əsir itkin düşmüş şəxslərin ailə üzvlərinin iştirakı ilə dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə İctimai birliyin sədri Esmira Orucova açaraq, Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından söhbət açıb. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində müxtəlif iğtişaşlar törədərək yerli əhalini qətl etməyə başlayan ermənilər sonralar Azərbaycana aid trpaqları işğal etməyə başlayıblar: “Torpaqların azadlığı uğrunda yüzlərlə Vətən övladı canından keçərək şəhid oldu, əsir düşdü, əlil oldu. 19 il əvvəl Şuşanın Daşaltı kəndinin ermənilərdən azad olunarkən xeyli sayda oğullarımızı itirdik. Vahid komandanlığın nizami ordunun olmaması səbəbindən uğursuzluğa uğramış “Daşaltı” əməliyyatında təxminən 150 nəfər iştirak etsə onlardan cəmi 40-50 nəfər sağ qalıb. Şəhid olanların sayı isə bəlli deyil. 55 nəfər itkin düşüb, 9 nəfər-polkovnik-leytenant Riyad Əhmədov, Ramin Abdullayev, Yusif Ağayev, İmanqulu Əhmədov, Oqtay Quliyev, Nofəl Qurbanov, Elman Camalov, Tofiq Hacıbababəyov, Sabir Rüstəmov isə əsir götürülüb. Ermənilər adı çəkilən şəxsləri əsir götürdükləri faktını inkar etdikləri üçün onlar bu günə kimi qaytarılmayıblar. Şəhid olanların, əsir itkin düşənlərin sırasına polislər, bələdçilər, o cümlədən polkovnik-leytenant Riyad Əhmədovun 11 nəfərdən ibarət xüsusi təyinatlı dəstəsi daxildir. Əməliyyat zamanı Şuşa özünümüdafiə dəstəsindən 10 nəfəri şəhid olub, onlarin 8-i Cıdır düzündə dəfn olunub, 2 nəfər isə itkin düşüb. Eyni zamanda Bakı şəhərində təşkil olunmuş “Şıx” taborunun döyüşçülərinin əksəriyyəti itkin düşüb şəhid olub. Bu istiqamətdə araşdırmalar davam etdiyi üçün qeyd edilən rəqəmlər arta da bilər”. Tədbirdə “Daşaltı” əməliyyatı zamanı əsir itkin düşmüş insanların ailə üzvləri yaxınları 19 il ərzində əzizlərinin axtarışı istiqamətində keçdikləri əzablı yollardan danışıblar. Sonda tədbir iştirakçıları Daşaltı əməliyyatı zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək, əsir götürülmüşlərin qaytarılmasına yardım etmək məqsədilə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara-BMT-nin Azərbaycan nümayəndəliyinə, AŞPA-nın Bakı informasiya mərkəzinə, ATƏT-in Bakı ofisinə, ATƏT-in üzvü olan ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət qəbul ediblər.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2011.- 27 yanvar.- S.2.