MÜBARİZ ƏHMƏDOĞLU: “BU MÜHARİBƏNİN AZƏRBAYCANIN QƏLƏBƏSİ İLƏ BAŞA ÇATMASI RUSİYANI BÜTÜN TƏHLÜKƏLƏRDƏN SIĞORTALAYA BİLƏR”  

 

Dünən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində növbəti mətbuat konfransını keçirərək, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyəti təhlil edib. SİTM rəhbəri münaqişənin dinc yolla tənzimlənməsi məqsədilə aparılan danışıqlarda Ermənistanın tutduğu mövqeyi diqqətə çatdırıb. Bildirib ki, rəsmi İrəvanın bu danışıqlardakı əsas məqsədi tənzimləmə prinsiplərinin və maddələrinin düzülüş ardıcıllığının Azərbaycana verdiyi üstünlüyü neytrallaşdırmaqdır: “Əgər işğal altında olan torpaqları boşaltmaq üçün Ermənistana 7 il vaxt lazımdırsa, statusun müəyyənləşdirilməsi üçün lazım olan vaxt 6 aydır. Ermənistan hər iki prosesi eyni vaxtda başlatmaq istəyir. Bəllidir ki, torpaqların işğaldan azad olunmasına 6 il yarım qalmış status artıq müəyyən olunacaq. Bu iki maddənin təkcə əvvəlini deyil, sonunu hüdudlandırmaqla Ermənistanın məqsədini neytrallaşdırmaq olar. İndi danışıqlar elə mərhələdədir ki, Ermənistan danışıqlar prosesini ya qəbul etməli, ya da rədd etməlidir”.

Politoloq Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın münaqişə ilə bağlı son zamanlar səsləndirdiyi fikirlərə də münasibət bildirib. O, ermənilərin baş diplomatını savadsızlıqda və məntiqsizlikdə suçlayıb: “E.Nalbandyan vəzifədə olduğu müddətdə Ermənistanı rüsvay edib. O, açıq-aşkar bildirib ki, Dağlıq Qarabağ prosesində əsas söz sahibi onlar deyillər, onların havadarlarıdır. Ermənistanın xarici işlər naziri hələ də Madrid sənədindəki prinsipləri və maddələri ardıcıllığı ilə sadalaya bilmir. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Madrid prinsiplərində əksini tapan məsələləri təhrif edir. E.Nalbandyan deyir ki, Madrid prinsiplərində hansı ərazinin Azərbaycana qaytarılacağı göstərilməyib. Halbuki sənəddə bununla bağlı konkret müddəalar var. Bu məntiqlə Ermənistanın indiyə kimi danışıqlar prosesində duruş gətirməsi özünün deyil, onun havadarlarının fəaliyyətinin nəticəsidir”.

M.Əhmədoğlu deyib ki, Ermənistan “iki icmalı Dağlıq Qarabağ” terminini qəbul etməlidir. Onun sözlərinə görə, bu ifadə Ermənistanın ortaya qoyduğu təkliflərin mahiyyətindən doğur: “Ermənistanın bu strukturu qəbul edəcəyi təqdirdə Dağliq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə xeyli yaxınlaşmaq olar. Bu model Ermənistanın və vasitəçilərin danışıq imitasiyasına son qoyacaq. Ermənistan ya Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna razılıq verməli, ya da müharibə variantını seçməlidir”.

Siyasi şərhçi münaqişənin tənzimlənməsində Ermənistan rəhbərliyinin arzu və imkanlarının tədricən tükəndiyini də bildirib. Onun sözlərinə görə, buna səbəb ASALA-nin Ermənistanda təsir imkanlarının artmasıdır: “ASALA Ermənistanda hakim qüvvəyə çevrilir. Bu terror təşkilatı Ermənistanı sürətlə müharibəyə sürükləyir. ASALA-nın mövcudluğu Ermənistan üçün böyük faciələr vəd edir”.

Politoloq müharibənin başlayacağı təqdirdə, Rusiyanın Ermənistanı dəstəkləyəcəyilə bağlı səslənən fikirləri əsassız adlandırıb. O, qeyd edib ki, müharibə zamanı Rusiyanın yalnız bir istiqamətdə fəaliyyəti mümkündür: “Müharibə zamanı Rusiyanın yalnız bir istiqamətdə fəaliyyəti mümkündür-müharibəni zaman və məkan baxımından lokallaşdırmaq. Yəni, savaş başlanacağı təqdirdə Rusiya çalışacaq ki, müharibə yalnız Qarabağla məhdudlaşsın. Çünki müharibə Qarabağdan qırağa, Şimali Qafqaza da keçə bilər. Bu isə nə Rusiyaya, nə də Azərbaycana sərf edir. Ona görə də Rusiya çalışacaq ki, müharibə qısa müddət ərzində başa çatsın. Rusiya müharibənin 5-6 gün uzanmasına yox, hətta əlacı olsa bir neçə saat müddətində başa çatmasına çalışacaq. Rusiya müharibədə Azərbaycanın qalib çıxmasına məhkumdur. Onun Azərbaycanı müdafiə etməkdən başqa yolu qalmayacaq. Çünki müharibənin Azərbaycanın qələbəsi ilə başa çatması Rusiyanı bütün təhlükələrdən sığortalaya bilər. Başqa variantlar müharibənin Rusiyanın ərazisinə keçməsi deməkdir”.

Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə amilinə də toxunan M.Əhmədoğlu qardaş ölkənin hazırki mövqeyinin qənaətbəxş olduğunu söyləyib: “Türkiyənin mövqeyində yeganə qane etməyən cəhət onun müharibə olarsa, hər zaman Azərbaycanın yanında olacağını söyləməsidir. Düşünürəm ki, Türkiyə Azərbaycanın yanında olacağı barədə deyil, bizə dəstək verəcəyi haqqında bəyanat verməlidir. Əgər belə olarsa, o zaman Türkiyə bu bəyanatı ilə Avropaya mesaj göndərmiş olar. Belə olan vəziyyətdə münaqişə tez həll oluna bilər. Hazırda Azərbaycan ilə Türkiyə arasında müvafiq müqavilə var və müharibənin başlayacağı təqdirdə Türkiyənin də Azərbaycana hərtərəfli köməyi dəyəcək”.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 27 yanvar.- S.4.