Xoş gəldin, XXI əsr!

  

Hörmətli xanımlar və cənablar! Azərbaycan Yazıçılar Birliyinin qurultayı ərəfəsində keçirilən müzakirə üçün hazırladığım

“Gənclərin poeziya və proza yaradıcılığı” mövzusunda məruzəmi “Xoş gəldin, XXI əsr adlandırmışam. İcazənizlə,məruzəmi diqqətinizə çatdırmaq istəyirəm.

Azərbaycanın müstəqilliyə gedən yolu 20 yanvardan keçməli oldu. Küçələr qırmızı, təqvimlər qaraya boyandı. Şəhidlər xiyabanından baxanda Qorbaçovun yenidənqurması daha çox, yenidən qırmağa bənzəyirdi. Sonra Qarabağ hadisələri gəldi. XX əsr bizdən 20 faiz torpaq qopardıb, canını tarixə tapşırdı. Müstəqillik dövrü gənclərinin birinci dalğasına mənsub olan yazarların əsərlərinə əsrin sonlarındakı ağrılı hadisələrin təsiri böyük olmuşdu. Mövzularına deyil, təkcə obrazlar sisteminə baxmaq kifayətdir ki, həmin illərin havasını, ağrısını anlayasan. Kəfən, tabut, mürdəşir, ölüm,tənhalıq... Təbii ki, bunlarla yanaşı fanilik hissi, çaş-başlıqdan yaranmış ümidsizlik və özünütəsəlli üçün ironiya.

Milleniumda ədəbiyyatımıza inkarçı, nihilist bir gənclik gəldi. Bu gənclərin ədəbiyyatdakı durğunluğun qarşısını almaq cəhdləri lazımlı olsa da, böyük mənada ortaya ciddi mətn qoya bilmədilər. Postmodern estetikaya məxsus bütün keyfiyyətləri lokal şəkildə təqlid edən bu gənclərin klassiklərə münasibətdə inkarçılığı, qutsal dəyərlərə qarşı nihilizmi yalnız səs-küy yarada bildi. Çox qəribədir ki, müxtəlif qəzetlərin səhifələrində postmodernizm adı altında gündə bir bəyanat, manifest çap olunsa da, bütün bu iddialar, davakarlıq, dağıdıcılıq cəhdləri postmodernizmdən çox futurizmə bənzəyirdi. Ara sakitləşəndə isə əldə yalnız həqiqi ədəbiyyata sadiq ikən yazdıqları 5-6 şeir və bir neçə hekayə yadda qaldı. Yaşasın istisnalar!

Bu dönəmdə “Vətəndaş Həmrəyliyi”, “Ədalət”, “Yeni Azərbaycan” və s. qəzetlər ədəbiyyatçılara səhifələr ayırdı. Tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirin redaktorluğu ilə Azərbaycan Yazıçılar Birliyinin nəzdində ilk peşakar ədəbi-tənqid dərgisi olan “Körpü” nəşrə başladı. Yenə AYB-nin nəzdində şair-tərcüməçi Səlim Babullaoğlunun redaktorluğu ilə peşəkar tərcümə jurnalı olan “ Dünya ədəbiyyatı” jurnalı işıq üzü gördü. Yeni əsrin özü ilə gətirdiyi dünyaya inteqrasiya çabaları, lokal çərçivələri aşmaq cəhdləri, adları çəkilən hər iki jurnaldakı materiallarda aydın görünür.

Əfsuslar olsun ki, nə 2000-cilərin birinci dalğası, nə də indi əsərləri barədə danışacağım nəsildaşlarımın yazılarını “Ədəbiyyat qəzeti”nin səhifələrində görə bilmədik. Bu qəzet sanki qapılarını həm ortayaşlı yazarların, həm də gənc nəslin üzünə bağlayıb və hər yeni çıxan kitab barədə informasiya əvəzinə, nekroloqlar yayımlamaqla ədəbiyyata münasibətini göstərir.

Birinci dalğadan sonra ədəbiyyatımızda təxminən 2005-ci ildən görünməyə başlayan 2000-cilər nəslinin ikinci dalğası gəldi. Bəndənizin də aid olduğu bu ədəbi nəsli Əsəd Cahangir müsahibələrinin birində “xoşbəxt gənclik” adlandırıb. Əsəd bəylə razılaşmamaq olmur. Çünki doğrudan da bu ədəbi nəsil heç kimi söymədən, təhqir etmədən, qəzet künclərində nifrin, kin püskürmədən, oğurlamadan, sakit, rahat şəkildə ədəbi mühitə qədəm qoydu. İnsani münasibətlərdə 2000-cilərin birinci dalğasından daha humanist, daha əxlaqlı və təkcə etik yox, həm də dünyagörüşü baxımından daha diri, daha çağdaş bir gənclik ortaya çıxdı.

Bu yerdə fikrimi qüvvətləndirmək üçün Əsəd Cahangirin Elxan Qaraqanın bestseller olmuş “A” romanı haqqında yazdığı “Bir de görüm A!” məqaləsinin birinci hissəsindən bir parçanı sitat gətirmək istəyirəm. Əsəd bəy yazır: “90-cı illər üçün səciyyəvi olan radikal müxalifət-iqtidar qarşıdurması bugünkü sosial-siyasi həyatda öz önəmini itirdiyi, ikinci plana keçdiyi kimi, anoloji vəziyyət ədəbi-bədii düşüncə sahəsində də müşahidə olunur. Cəmiyyətdə ildən-ilə daha qabarıq görünən siyasi, iqtisadi, mənəvi stabilləşmə ədəbiyyatda da əks olunur. İnqilablar dövrünü daha sivil, daha elitar islahatlar dönəmi əvəzləyir. Elxanın da mənsub olduğu müstəqillik dövrü üçüncü nəsil yeni yazarların əsas təmsilçilərində ( Z.Quluzadə, C.Zeynallı, Ə.Əlioğlu, Zərdüşt Şəfizadə, E.Bakiroğlu və s.) davranışlarından tutmuş yazı-pozularına qədər bir fərqləndirici cəhəti qabarıq hiss edirəm: sözügedən qarşıdurmanın fövqünə qalxmaq: bu qarşıdurmanın lokal milli, məhdud ədəbi-bədii çərçivələrindən çıxaraq daha geniş miqyasda düşünmək cəhdi! Üstəgəl həm hər cür saxta millilik, məqsədyönlü konservatizm, həm də hər dürlü inqilabçılıq, vulqar radikalizmdən uzaq ziyalılıq, elitarlıq. Və bunu üçüncü nəsil yeni yazarların birbaşa qəhrəmanlığı saymadığım kimi, onların ayağına günah kimi yazmaq fikrim də yoxdur. Şübhəsiz ki, bu da ilk öncə yuxarıda göstərdiyimiz zaman, dövr məsələsiylə bağlıdır. İnsanlar valideynlərindən çox zəmanələrinin övladları olur. Estetik zövqü, dünyagörüşü milli ədəbi-bədii ənənələrdən daha çox ən yeni dünya ədəbiyyatı, xüsusən də Hollivud filmləri, ən son dünya musiqisi əsasında formalaşan bu gənclərin bəziləri üçün çağdaş milli ədəbi proses və bu prosesdəki qarşıdurmalar ikinci dərəcəli fakta çevrilir, bəziləri üçün isə sadəcə öz önəmini tamamilə itirir. Onların ən tipik təmsilçiləri dünya ədəbiyyatı və mədəniyyəti ilə sadəcə rus dili yox, həm də ingilis dili və ya Türkiyə türkcəsi vasitəsilə tanış olan qloballaşma dönəmi cocuqlarıdır.” Sitatın sonu.

XXI əsrin ilk on ilini arxada qoyarkən bir neçə maraqlı olaya şahid olduq. Bunlardan birincisi Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın təşəbbüsü ilə BSU-da Yaradıcılıq fakültəsinin yaradılmasıdır. İki il sonra, 2008-ci ildə isə ölkənin iki nüfüzlu qurumu Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlığı nəticəsində böyük rezonans doğuran “Gənc Ədiblər Məktəbi” yarandı. Ayda bir dəfə M.F.Axundov adına Milli Kitabxanada toplaşan məktəbin sıraları qısa zaman ərzində genişləndi. Təkcə paytaxtda yaşayan yaradıcı gənclər deyil, əyalətdə yaşayan istedadlı cavanlar da məktəbə qoşuldular. Hazırda həmin məktəbin sıralarında 100-ə yaxın yaradıcı gənc var. Onların müəyyən hissəsi Azərbaycan Yazıçılar Birliyi üzvü, xüsusi fəallıqları ilə seçilənlərisə həm də prezident təqaüdçüsüdür. Əsərləri haqqında danışacağım gənclərin əksəriyyəti “Gənc ədiblər məktəbi”nin üzvləridir.

İndisə bu ədəbi nəsil barədə daha konkret nümunələrə keçək. Şərti olaraq 3 bölüm üzrə danışmaq istəyirəm: poeziya, proza və bədii tərcümə. Publisistikanı və esseistikanı prozanın tərkibinə qatmışam. Bu nəsildən hələ ki, dramaturq yetişmədiyi üçün bölgümüzün içində dramaturgiya yoxdur.

Başlayaq poeziyadan.

Əvvəlcə avtomobil qəzası sonucu, çox sevdiyi Həzrəti İsa yaşında aramızdan ayrılan Fərhad Metenin şeirlərindən danışmaq istəyirəm. Fərhad Metedən başlamağım mərhum xalq şairi Məmməd Arazın məşhur şeirinin təsdiqi kim görünə bilər:

 

Soruşdum birindən: şairəmmi mən?

Özüm ki özümü öyə bilmərəm.

Cavabı asanca qopdu dilindən:

“Hələ ölməmisən, deyə bilmərəm”,

 

Lakin məni Fərhadın şeirlərindən başlamağa təhrik edən onun bizim nəslin ən istedadlılarından biri olmasıydı. İkinci isə haqqında deyilənləri eşitməyəcək deyə (hərçənd ki, bunu dəqiq deyə bilmərik) onun yazdıqlarını yalnız ötəri xatırlamağı və ya üstündən keçməyi içimə sindirə bilmədim.Fərhadın şeirlərində metafizik düşüncə dominant idi. Bəlkə də bu heç metafizik plastda düşünmək deyil, yalnız ona cəhd idi. Onun şeirlərində mediativ intonasiya, arxetiplərlə işləmək, dini mənbələrdən qidalanan simvolik dil və bütün bunların vasitəsilə, ən adi həyat mətləbləri arasında körpü yaratma cəhdi diqqəti cəlb edirdi. Metenin “Ailə” adlı şeirindən bir parçaya baxaq:

 

“Bir sabah ayılıb görsən ki,

Hər şey dəyişib,

Yəni, gördüyün kimi deyil nə varsa –

Yəni, göy üzü yerində günəşdi.

Sonra yadına düşsə ki, yuxunda qadın görmüşdün.

Uşaq yerinə iri buğda dənəsi doğan

Çılpaq qadın.

Qorxma, sığal çək sevgilinin saçlarına

Və də pıçıltı ilə “səni sevirəm” de.

O da mütləq “mən də sevirəm”

deyəcək.

 

Bu balaca şeir parçasında “buğda dənəsi doğan qadın” ifadəsi var. “Buğda” sözü burda uşağı əvəzləyib. Buğda həm xristianlığın dini mətnlərində çox işlənən simvol, həm məlum Adəm-Həvva əhvalatını xatırladan arxetip, həm də şeirin ailəyə aid olması baxımından fərdi anlam kəsb edən maraqlı obrazdı. Göründüyü kimi, şeir yozuma geniş imkan verir. Sağlığında kitabı dərc olunmayan Fərhad Metenin ölümündən sonra xalq yazıçısı Anarın şəxsi dəstəyi və Səlim Babullaoğlunun redaktorluğu ilə “Bu şəhərə uzadan baxarsan” adlı kitabı işıq üzü gördü. Dəyərli şair, nasir Əjdər Olun dəstəyi ilə “Əjdər Ol və onun dostları” adlı səsli şeir diski də Fərhad Metenin xatirəsinə ithaf olundu. Fürsətdən istifadə edib bu dəstək üçün həm xalq yazıçısı Anara, həm dəyərli Əjdər Ola, həm də şair Səlim Babullaoğluna yazar dostlarımız adından təşəkkür edirəm.

2009-ci ildə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin təklifi ilə jurnalın iki sayı – aprel və sentyabr nömrələri gənc ədiblərin ixtiyarına verilməsindən dolayı Elçin bəyə də öz təşəkkürümü bildirməyi lazım bilirəm. Məruzəmin ulduz yarışlarındakı sms yığmaq üçün hamıya təşəkkür edən müğənnilərin çıxışına oxşamasından ehtiyatlanmayaraq, sonuncu minnətdarlığımı yazar dostlar adından Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, “Gənc Ədiblər Məktəbi”nin yaradıcılarından olan Rəşad Məcidə bildirmək istərdim. Həm AYB-də, həm “525-ci qəzet”də, həm də həyati məsələlərdə yaradıcı gənclərə qayğıyla yanaşdığı üçün!

Haqqında danışıb təqdir etmək istədiyim və ya əksinə tənqidə tuş etmək istədiyim gənc yazarların hamısından ayrı-ayrılıqda danışsam, bu məruzə, nağıl dili ilə desək, 40 gün-40 gecə davam edə bilər. Bunun üçün də şairləri iki qrupun içində ümumiləşdirsəm yaxşı olar : hecaçılar və modern şeiri təmsil edənlər. Yəni, ənənəvi şeir tərəfdarları və modernistlər. İstisnalar var ki, hər ikisinə aiddir.

Beləliklə, poeziyada modernist qolu təmsil edən gənclərdən danışaq. Bunlar Alik Əlioğlu, Aysel Əlizadə, Feyziyyə, Rəbiqə Nazimqızı, Kəramət Böyükçöl, Fərid Hüseyn, Aytən Təhmasib, Səxavət Sahil, Seyid Ramin, Musa Əfəndi, Aysel Novruz, Nuranə Nur, Vüsal Nazimoğlu, Günel Rüstəmova, Orxan Zaman, Mirbəhram Əzimbəylidir.

Modernist xətti təmsil edənlərdən Alikin şeirlərinin mövzusu daha çox naturalistlərin sevdiyi aşağı təbəqədən olan, əzilmiş insan talelərilə bağlıdır. O, şeirlərindən birində fahişə ananın oğluna oyuncaq düzəltməyindən bəzək-düzəksiz və antiestetizmə sapmadan, çox sadə, amma ağrıyla yazır :

 

“Ən gülməli sözlər

ən dəyərsizidir, ən axmağıdır

sözlərin.

Amma misal üçün bu,

Görün bu nə gözəldir:

Fahişə qadın

Anadır və

Oğluna oyuncaq düzəldir... “

Alik Əlioğlu bədii yaradıcılıqdan başqa həm də bir neçə internet qəzetinin təsisçisi və “Xəzərin səsi” internet radiosunun icraçı direktorudur.

Mövzuları Aliklə oxşar olmasa da, eyni modernist xəttə aid etdiyim Feyziyyənin şeirləri də çap olunanda diqqəti cəlb etmişdi:

“Nədənsə başlamaq lazımdı,

Məsələn,

Küsə biləcək birini tapmaqdan,

Və səni küsdürə biləcək

bir şeylər uydurmaqdan.

Sonra kimsə xətrinə dəyibmiş kimi

için-için ağlamaqdan,

Və küsə biləcək birinin gəlib könlünü almağını gözləməkdən,

Bir ömür boyu...

 

Feyziyyənin “Ulduz” jurnalının 2009-cu ilin aprel sayında dərc olunan şeirləri barədə “525-ci qəzet”də, gənc ədiblər haqqındakı icmal yazısında tənqidçi Vaqif Yusifli dəqiq ümumiləşdirmə aparaq yazır: “Feyziyyənin bu adsız şeirinin hər bəndinin (bəndlərin sayı qeyri-sabitdir) ilk misraları həmin fikrin digər çalarlarını səsləndirir. Deməli, bu şeirin müəyyən konstruksiyası var və Feyziyyə adlı cavan şair də şeirini bu konstruksiya əsasında davam etdirir.

Bu “konstruksiya” işi Feyziyyənin digər şeirlərində də diqqəti cəlb edir. Bu üsul onun şeirlərində bir səliqə-səhman, əvvəldən-axıra bir nizam yaradır. Onun şeirlərinin bir üstünlüyü də obrazlı ifadələrin, metaforaların, təşbihlərin təzəliyidir. Bəzən ənənəvi obrazlar da onun şeirlərində yeni biçimdə üzə çıxır.”

“525 kitab” seriyasından “Doğulacaq qadın” adlı şeirlər kitabı çıxan Aysel Əlizadəninin yaradıcılığında da modernizm üstündür və onun yaradıcılığı adlarını çəkdiyim gənc xanımların yaradıcılığından həm də cəsarətli publisist vurğusuyla fərqlənir. Təkcə “Postmodernist aparıcıya realist cavab” məqaləsini xatırlamaq kifayətdir. Şeir kitabından başqa Ayselin həmin seriyadan “Ora” adlı hekayələr-etüdlər kitabı da dərc olunub. Ayselin də şeirləri barədə Vaqif Yusifli “ Təzə səslər, nəfəslər” silsilə yazısının bir hissəsində yazıb. Burda mənim Vaqif müəllimlə razılaşdığım və razı olmadığım məqamlar var. Fikrimizin üst-üstə düşdüyü məqam odur ki, Ayselin şeirlərində ictimai yönüm var. Məsələn, yuxarıda adıkeçən məqaləsində Vaqif müəllimin də sitat çəkdiyi “Mən türk qızıyam, sonra qadın” fikri. Bu xətti mən Ayselin şeirlərindən başqa gənc xanım yazarların heç birində görməmişəm. Lakin hörmətli Vaqif müəllim öz məqaləsində mənim Aysellə bağlı işlətdiyim “ictimai” sözünü dırnağa alır onu fərdiyyətçilikdə qınayır. Məncə, fərdiyyətçilik istər şəxsi hisslərin ifadəsi, istərsə də ictimai məsələlərdə poeziya üçün qüsur tutulmamalıdır.

Peşakar jurnalistika fəaliyyəti ilə yanaşı, şeirləri ilə də adı çox yerdə çəkilən, tez-tez xatırlanan imzalardan biri də Rəbiqə Nazimqızıdır. Rəbiqə 2008-ci ildə Rəsul Rza Ədəbiyyat fondunun gənc yazarların debüt əsərləri üçün təsis etdiyi “Ümid işığı” mükafatının lauretatı olmuş və fondun hesabına onun “Sənə qədər” adlı şeirlər kitabı nəşr olunmuşdur. Rəbiqənin şeirləri barədə çox yazılıb. Onlardan yadımda qalanları Vaqif Yusiflinin “Təzə səslər, nəfəslər” və Səlim Babullaoğlunun 2008-ci ilin noyabrında 525-ci qəzetdə dərc olunmuş “Gənc ədiblər məktəbinin müdavimləri haqqında” adlı yazılarındakı müvafiq parçalardır. Bəlkə sözlərim şişirtmə və ya nəsildaşlarımı olduqları yerdən daha yuxarı qaldırmaq cəhdi kimi səslənəcək, lakin mənə belə gəlir ki, əgər bizim əsrin sonunda XXI əsri qadın şeiri antologiyası tərtib olunsa, orda mütləq Rəbiqənin qızına yazdığı “Aynur üçün” şeiri olacaq. Rəbiqənin maraqlı mikroşeirləri var. Ovqatımdan asılı olaraq gah razılaşıb, gah sevmədiyim bir Edqar Po kəlamı var: “Təbiətdə uzun şeirə rast gəlinmir.” Rəbiqənin bu mikroşeirləri həm onun şairə kimi talantına, həm də içimdəki Po sevgisinə rəğbətimi artırır.

Modernist qolun digər təmsilsçisi Kəramət Böyükçölün 2009-cu ildə “Çatlamış fincan” adlı şeirlər kitabı nəşr olunub. O, eyni zamanda, Bakı Dövlət Universitetinin nəzdindəki “Metafora” ədəbi dərnəyinin yaradıcısıdır. Kəramətin şeirlərində Alikdən, Feyziyyədən, Rəbiqədən fərqli olaraq ictimai-siyasi həyatda baş verənlərə reaksiya daha güclüdür. Daha doğrusu, Alikin və digərlərinin şeirlərində sosial ədalətsizlikdən, narazılıqdan yaranan ovqatın, hissin vektoru narazılıq obyektinə yox, içəri, şairin özünə istiqamətlənirsə, Kəramət də bu əksinədir. Bu mənada Kəramət daha aktiv ictimai mövqeli şeirlər yazır. Qarabağla, Xocalıyla, ATƏT-lə bağlı şeirləri bu qəbildəndir. Amma Kəramətin şeirlərində istər forma, istərsə də məzmun baxımından şair Qəşəm Nəcəfzadənin qabarıq təsiri hiss olunur və bütün bunlar onun şeirlərini hələki özünüaxtarış nümunələri kimi dəyərləndirməyə əsas verir.

Modernist qola aid etdiyim şairlərindən növbətisi hazırda hərbi xidmətdə olan Fərid Hüseyndir. Fəridin 2009-ci ildə “Əlifaba sırası” adlı şeirlərdən və esselərdən ibarət kitabı dərc olunub. Kitaba “Fərid üçün məktub” adı ilə son sözü Səlim Babullaoğlu yazıb. Bu yazısında Səlim bəy Fəridin uğurlu, yaddaqalan misralarından sitatlar çəkib. Onlardan bəzilərinə baxaq: “insanlar insanlardan başlayır, ölkələr sərhədlərdən” yaxud, “qaraçıya pulla bərabər mərhəmətini də ver” və ya “dünya kimləri itirib: amma özünü heç nə itirməmiş kimi göstərir. “

Fəridin kitabı haqqında Xalq şairi Zəlimxan Yaqub “Düşündürən nə varsa, düşünməyə dəyər” adlı məqaləsində yazır: “21 yaşlı bir gənc üçün mən bu şeirləri və esseləri uğurlu başlanğıc hesab edirəm. Səndə düşünmək və düşündürmək qabiliyyəti var. Ədəbiyyata gəlmək istəyən adamın ən vacib keyfiyyəti bu meyarla ölçülməlidir ...Sənin kitabını oxumayan oxucular mənim məqaləmi, ürək sözümü, xeyir-duamı oxumaqla qoy səni daha yaxından tanısın, kitabını tapıb sənin könül aləminə səyahət eləsin. Gənclik vaxtında kəşf olunmayanda, diqqəti çəkməyəndə, qayğı görməyəndə istər-istəməz içəridən qırılır, sınır, yeni uçuşlara ürəklə qanad gərə bilmirsən “. Sitatın sonu.

Modernist qolu təmsil edən gənclərdən Səxavət Sahilin “Hər zaman və heç vaxt”, Vüsal Nazimoğlunun “23 addım”, Seyid Raminin “Yaşasın ölmək!”, Nuranə Nurun “Yanaqda yağış yeri”, Mirbəhramın “Bir çoçuğun dünyasından səslər” və “ Səssizliyin harayı” kitabları dərc olunub. Adları çəkilən müəlliflər və onların kitablarını ümumiləşdirən bir cəhət var. Bunu Səxavət Sahilin kitabına önsöz yazan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı belə ifadə edib: “Bu , sevgisini telefon mesajlarıyla, çatlarla bildirən, ayrılığı “sildi telefonundan nömrəmi”, təkliyi “həyat yollarımda qırmızı işıq yanır” kimi ifadə edən bir nəslin şeirləridir. Yeni texnologiya həyatımıza gəldiyi kimi, duyğuların ifadə vasitələri arasına da daxil olub. Bu şeirlər yığcamlığı, fikri hədəfə yönəltməyə çalışması ilə maraqlıdır.” Sitat sonu.

Kitabı dərc olunanlardan başqa, “Ulduz”, “Azərbaycan” jurnallarında, müxtəlif saytlarda şeirləri dərc olunan Aysel Novruz, Aytən Təhmasib, Musa Əfəndi, Günel Rüstəmova, Yeganə Cansail, Leyla Şərifova, Məmməd Ağayev, Günel Xəzəl də modernist qolu təmsil edən, xüsusilə virtual məkanda fəallıq göstərən gənc yazarlardı.

Ənənəvi şeiri təmsil edən gənclərin yaradıcılığına keçmədən öncə, həm ənənəvi ,həm də modernist formalarda qələmini sınayan bir neçə gənc yazarı da təqdim etmək istəyirəm. Bunlardan “Yaxşı ki yaza bilirəm...” adlı şeirlər kitabının müəllifi Elnaz Eyvazlı, “Yağış damlasıyam” adlı şeirlər kitabının müəllifi, “Turan” ədəbi birliyinin yaradıcısı Vüsal Nuru və “Atillaya məktublar” və “Dərdimdən ölən dərdlərim” kitablarının müəllifi Hafiz Hacıxalılın adlarını çəkmək olar.Hər üç müəllifin adları çəkilən kitabları daha çox ənənəvi xəttə aid olan şeirlərdən ibarətdir. Lakin bu kitabların çapından çox qısa zaman keçdi və bu gənc yazarların mətbuatda, ədəbi portallarda modernizmə xas forma axtarışları olan şeirləri göründü. Bunu də mən müsbətə doğru keyfiyyət dəyişkənliyi kimi qiymətləndirirəm. Demək, bu gənc şairlər ənənəvi poetik vərdişləri qırıb yeni nəsə yaratmaq istəyirlər.

Heca vəznli şeirdə haqqında danışmaq istədiyim maraqlı imzalardan birincisi adını məşhur türk serialının baş qəhrəmanı Polad Ələmdardan, soyadını isə böyük Cəfər Cabbarlıdan alan, “Bizim söz” qəzetinin təsisçisi, ədəbiyyata fədakarlıqla xidmət edən Ələmdar Cabbarlıdır. Ələmdarın şeirlərində əksər yazarlarda olduğu kimi aparıcı xətt lirikadır, lakin digərlərindən fərqli olaraq bu lirikada zaman-zaman ictimai narazılıq görünür və tez də gözdən itir. Ələmdar elə bil şeirini ictimailəşməyə qoymaq istəmir və yəqin ki, düz edir. Şeirində narazılığının göründüyü yerlərdə belə qınaq vektorunu özünə tuşlayır, üzünü Allaha tutur, dərdini yaradanla bölüşmək istəyir.

 

“Qaçıb gətirmişəm tək Sənə pənah.

Qoyma gora getsin mənlə bu günah;

Hər gün aldadıram anamı, Allah

Hər gün deyirəm ki, yaxşı olacaq...

 

Vaxtilə məşhur türk şairi Cəmal Sürəyya şeirlərinin birində bəyan etmişdi ki, soyadımdakı “y” hərflərindən birini atıram. Sonradan C.Sürəyanın atdığı hərfi başqa bir şair götürüb soyadına əlavə etmişdi. Türk ədəbiyyatında məşhur olan bu əhvalatı elə-belə xatırlamadım. İndi poeziyası barədə danışacağım Elvin Bakiroğlu məşhur türk şairindən daha cəsarətli davranıb. Vaxtilə Elvin Kədər təxəllüsü ilə yazan gənc şair, sonradan bu təxəllüsün bir hərfini deyil, bütünlüklə adının yanından atıb. Arzumuz budur ki, Elvinin atdığı təxəllüsü götürmək heç kimin ürəyindən keçməsin.

E.Bakiroğlunun 2009-cu ildə “Şəms” nəşriyyatında “İki ürəkli adam” adlı şeirlər kitabı dərc olunub. Bu kitabda müəllifin mətbuatda, ədəbi portallarda qısa zamanda sevilən şeirləri yer alıb. Elvin dəqiq qafiyələrlə işləməyi sevir. Yaradıcılığında əsas xətt lirikadır. Fikrimin təsdiqi üçün Elvindən bir şeir parçasını diqqətinizə çatdırmaq istəyirəm:

 

“Dənizə daş atmayın,

Dalğalar yaralanar.

Su sudan ayrı düşər,

Su sudan aralanar.

Dənizə daş atmayın,

Üzündə qalar izi.

Gedin üzün dənizdə,

Üzməyin bu dənizi.

Yenə zalım uşağı

Gör dənizə neyniyir?

Dənizə daş atmayın,

Dəniz sizə neyniyir?

 

Ötən il iki ədəbi mükafat qazanandan sonra dostlar arasında Elvinə “mükafat ovçusu” deyirlər. O, 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Yeni adlar” müsabiqəsinin qalibi və “Nəsimi” ədəbiyyat müsabiqəsinin xüsusi mükatını qazanıb.

Bu sırada, yəni ənənəvi şeiri təmsil edən gənclər sırasında Elşad Ərşadoğlunun “Kələfin ucu”, Qılman İmanlının “ Hardan düşdün yadıma sən?” , Xəyalə Sevilin “Daş“, Orxan Adiloğlunun “Yurd yanğısı” kitabları dərc olunub. Bu xətti təmsil edən Anar Amin, Tapdıq Türksoy, Günel Şamilqızı, Cahad Göyçəli və Şahəstə Qarayeva da fəallıqları ilə seçilirlər. Onların poetik axtarışları həmişə uğurla sonuclanmasa da, bəzilərinin şeirlərində müəyyən epiqonçuluq duyulsa da, həm öz içlərindəki qəlibləri, həm uzun əsrlərlə klişeləşmiş deyim formalarını qırmaq cəhdləri ilə maraq doğururlar.

Poeziya barədə fikirlərimi yekunlaşdırarkən deməliyəm ki, gənclərin əksəriyyətinin poeziyasında maraqlı, ümidverici tərəflərlə yanaşı, neqativ çalarlar da var. Tutaq ki, əksər gənclərin poeziyasında ifrat eqosentrizm var. Texnologiyanın həyatımıza daxil olmasıyla birgə yazarların həyatının bir hissəsini noutbuklar tutdu. Hələ də vərəqdən ayrılan bilməyən bəndəniz kimi çox az gənc var ki, noutbukdan istifadə etməsin. Noutbukda yazan gənclər (noutbukda yazmağı pis iş saydığım zənn olunmasın, tam əksinə. Sadəcə, noutbuk yazı adamının həyatındakı sivilizasiyanı təmsil edən və ən çox işlənən nəsnədir) bəzən hərfləri böyüdən caps lock düyməsini söndürməyi unudurlar. Bu da MƏN sözü ilə başlayan və bütün hərfləri böyük yazılan ədəbiyyat nümunələrinin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, caps locku söndürmək lazımdır.

Proza barədə poeziyada olduğu kimi ənənçilər-modernistlər bölgüsü çərçivəsində danışmaq istəmirəm. Hesab edirəm ki, təsnifatı yanrlar üzrə aparmaq – romançılar, hekayəçilər və esseistlər bölgüsü daha yaxşı bölgüdür.

Başlayaq romanlardan.

Ötən ilin ən qalmaqallı romanını Elxan Qaraqan yazdı. “A” romanı təkcə kitab bazarındakı statistikanı silkələmədi, həm də ədəbi mühitdə qızğın dartışma konusu oldu. Elxanın ilk dəfə keçirilən Milli Kitab Müsabiqəsində qalib olmasından sonra isə əməlli- başlı hay-küy qopdu. Son bir ildə Elxan və onun “A” romanı ədəbi gündəmin əsas predmetinə çevrildi. Elxanı ədəbi plagiatda suçlayanlar da, əsərinin ümumiyyətlə, ədəbiyyat olmadığını deyənlər də oldu. Qaraqanın ədəbiyyatımız üçün yenilik saya biləcəyimiz alternativ nəsr tipində yazdığı debüt romanının təyinatını bəzi tənqidçilərimiz düzgün anlaya bilmədilər. Romanı bəyənməyənlərin birmənalı şəkildə xorla təkrar etdikləri iradlar beləydi :dili bərbaddı, yazıçı cümləsi yoxdur, sonluq qeyri-müəyyəndi, milli deyil, tip yarada bilməyib və s. Az-maz çağdaş dünya nəsrinin alternativ qanadına mənsub yazarların əsərlərindən xəbəri olanlar bilir ki, bu tipli əsərlərdə zatən məqsəd cilalı dil, milli xarakter və ya tip yaratmaq deyil. Alternativ nəsr klassik olan hər şeyin əleyhinədir, hətta bir dövr məşhuri-cahan olan postmodernizmin özünə belə. Nə yaxşı ki, Əsəd Cahangir var və o Elxanın “A” romanı haqqında yazdığı “Bir de görüm A” adlı silsilə yazısıyla sübut etdi ki, deyilənlər yalnışdır. Məşhur ifadəylə desək, “qeysərin haqqını qeysərə” qaytardı. Romanı çağdaş dünya nəsrinin ən dəbdə olan anlayışı – alternativ nəsr anlayışı ilə yorumladı. Romanı 50 il bundan öncənin tələbləriylə yorumlamaq istəyən adamlarla Ə.Cahangirin estetika fərqi burda su üzünə çıxdı. Gəlin roman barədə Ə.Cahangirin adıçəkilən məqaləsindən bir parçaya baxaq. Əsəd bəy yazır: “Xaosa tapınan, qeyri-müəyyənlik və tərəddüd zolağında dayanan postmodernizmdən fərqli alternativ düşüncə dünya nizamını, sosial-siyasi ədaləti bərpa etmək amacıyla çıxış edən, döyüşkən, mübariz ruhlu bir təmayüldür. (Təsadüfi deyil ki, bu təmayülün kult romanı “Döyüş klubu” adlanır). Postmodernizmdən fərqli o sadəcə dağıtmaqla kifayətlənmir, həm də yenidən qurmağa cəhd edir. Onun feminist (qadın) səciyyəli xristianlığa qarşı yönələn maskulin (kişi) xarakteri də dünyanı yenidən və ədalətlə qurmaq uğrunda mübarizə əzmindən doğur. Lakin bütün mübarizə çağırışlarına rəğmən alternativ düşüncə daşıyıcıları öz proqramlarının mütləq mənada həyata keçəcəyinə leninicəsinə sadəlövh inamdan da uzaqdırlar. Bir qayda olaraq alternativ nəsr təmsilçiləri əsərlərinin fiasko, intihar, qallüsinasiya səhnələri ilə bitməsi, yəqin ki, bu müdrik inamsızlıqdan doğur. Biz bunu istər Palanik, istərsə də Elxanın romanlarında görürük“.

Məndən olsaydı, mən də Elxan kimi məruzə janrına alternativ yanaşar və Ə.Cahangirin Elxanın romanı barədə olan məqaləsini bütünlüklə sitat kimi çıxışıma əlavə edərdim. Lakin məruzə roman deyil və elə zamanda yaşayırıq ki, Əsəd bəyin məqaləsini oxumaq üçün google-da balaca bir axtarış aparmaq kifayətdir.

E.Qaraqan “A” romanından sonra ikinci çox satılan “Bir milyon dollarım olsaydı... “romanını çap etdirdi. Birinci romandan fərqli olaraq bu roman psixoloji-realist roman tipinə daha yaxındır, amma bu romana da konkret realizmin parametrləriylə baxmaq kifayət deyil. Elxan ikinci romanı ilə “ müvəqqəti şöhrətdi, davam edə bilməyəcək” deyənlərə isbat etdi ki, hələ deyiləsi sözü çoxdur.

“A” romanından sonra gənclərdən Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı rezonans doğurdu. Bu romana qədər Cavid öz hekayələri ilə bir neçə müsabiqədə qalib olmuş, bundan başqa isə onun “525-ci qəzet”də çap olunan özünəməxsus üslubda yazılmış reportajları maraqla qarşılanmışdı. Hamının Caviddən ən yaxşı halda hekayələr kitabı gözlədiyi bir zamanda o, ortaya roman qoydu. “Günəşi gözləyənlər”də realist xətlə naturalist xətt aparıcıdır. Lakin Caviddə naturalizmə meyl daha qabarıqdır. Romanda kirayədə yaşayan tələbə Üzeyirin sonucu gedib mistikaya, şamançılığa çıxan taleyindən bəhs olunur. Romana yazdığı ön sözdə Əsəd Cahangir “Günəşi gözləyənlər”lə Nobel ödülçüsü, məşhur Norveç yazıçısı Knut Hamsunun “Aclıq” və Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtbəsi” romanıları arasındakı paralelləri üzə çıxarır. Əsəd Cahangir çox doğru olaraq təsdiq qdir ki, Cavidin Hamsunla oxşarlığı həm hadisələrin birinci şəxsin dilindən nəqli, həm qəhrəmanların çətin maddi durumları, bunların fonunda sevgi macəraları, polis və uşaq obrazlarının üst-üstə düşməsidir. Hamsundan fərqli olaraq isə Cavidin avtoironiyası var və Əsəd bəyin yazdığı kimi onun qəhrəmanı Üzeyir, Norveç yazıçısının qəhrəmanından fərqli olaraq sevgilisi Nərmini xilas etməyi özünə məqsəd seçir və buna nail olur. Bu da Cavidin romanına daha nikbin ruh verir. Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ilə Cavidin romanı arasında paralelləri isə Əsəd Cahangir belə aparır:

“Hər iki romanda kişi qadını fahişəyə, yoxsa mələyə çevirmək sorunu ilə üz-üzə qalır. Anarın Zauru bu dilemmanın istəməyərəkdən birinci, Cavidin Üzeyiri isə bilərəkdən ikinci tərəfini seçir. Zaur toplumla mübarizədən məğlub, Üzeyir isə özüylə mücadilədən qalıb çıxır. Anarın qayəsi bu məğlubiyyəti, Cavidin məqsədi isə bu qələbəni göstərməkdir. “ Sitatın sonu.

Cavidin romanı rəvan təhkiyəsi, orijinal metaforalarla zəngin dili, maraqlı süjeti, canlı xarakterləri ilə də seçilir. Bütün bunlar Cavid Zeynallının gələcəyin romançısı kimi yetişməkdə olduğunu söyləməyə əsas verir.

Prozada növbəti səs-küylü romanın müəllifi Taleh Şahsuvarlı oldu. Onun “Canlanma” romanı ədəbi mühitdə əməlli başlı canlanma yaratdı. Roman mətbuatda, xüsusilə ədəbi portallarda bir çox dartışmlara gətirib çıxardı. Müəllifin dediyi kimi, “Canlanma” Azərbaycanda ilk tarixi meta-romandır. İngilislərin meta-fiction dedikləri postmodern estetikanın meta-dil, meta-tarix anlayışları içində səciyyələnən meta-roman doğurdan da bizim nəsrdə olmayıb və bu o demək deyil ki, Talehin yazdığı da bu roman növünün ideal nümunəsidir. Talehi təkcə bu meta-roman cəhdinə görə də təqdir etmək olar.

Nəsrimizdə gənclər ən müxtəlif yöndən çox maraqlı cəhdlərə imza atdılar. Bu cür cəhdlərdən birini gənc nasir Orxan Muxtarlı etdi. Onun fentezi janrında yazdığı sovet dönəmində povest deyilən, çağdaş ədəbiyyatşünaslıqda long novel (Uzun hekayə) adlandırılan iki əsəri – “Xaç kölgəsində” və “Özgə Bədəndə” əsərləri çap olundu. Janrın tələblərinə tam cavab verməsə də, dil qüsurları çox olsa da, Orxanın yazdıqları cəhd kimi öz-özlüyündə maraqlıdır. Bundan başqa Orxan “İrəli” İctimai Birliyi tərkibindəki ədəbi məclisin rəhbəridir. 2010-cu ildə onun layihə rəhbəri olduğu Almanaxda gənc ədiblərin əsərləri işıq üzü görüb.

Bundan başqa Kəramət Böyükçölün tərəkəmə həyatından bəhs edən, maraqlı dil yaratmaq çabası ilə yazdığı “Çöl” romanı, Ülviyyə Heydərovanın qloballaşma dövrü gənclərinin problemlərindən bəhs edən “Noutbuk” romanı, Ziyad Quluzadənin ədəbi portallarda parçalarını çap etdirdiyi “Kəpənək ölümü” romanı da nəsrimizdəki eksperimentalizmin, ən müxtəlif yönümlü cəhdlərin maraqlı nümunələridir.

Gənc hekayəçilər romançılara nisbətən sayca az olsalar da, onların da yazdıqları arasında maraqlı bədii nümunələr oldu. “Gənc ədiblər məktəbi”nin koordinatoru Zərdüşt Şəfizadənin “Başqa adamlar” adlı hekayələr silsiləsindən müxtəlif dərgilərdə çap etdirdiyi “Zırrama”, “Heykəltəraş”, “Nuhun tufanı” hekayələri mövzuya maraqlı yanaşma ilə yadda qalsa da, düşünürəm ki, Zərdüştün nəsr dilinin durulmağa ehtiyacı var. Bu nəsildə yalnız Zərdüştdə magik realizm xətti var və bu da onu digərlərindən fərqləndirir.

Digər gənc hekayəçi Nahidin bu il çap olunan “21 hekayə” adlı hekayələr kitabında da maraqlı cəhdlər var. Nahid gözlənilməz vəziyyətləri kompyuterə almağı sevir və onun üçün novella daha doğma formadır. Amma Nahidin də nəsr dilində müəyyən qüsurlar var və bu mənada Cavid Zeynallı özünün dilə qarşı hədsiz tələbkarlığından nəsr dili qüsurlu olan bu dostlara pay versə, pis olmazdı.

Müxtəlif dərgilərdə, ədəbi portallarda çap olunan Ayxan Kiçikbəyin komik, ironik və çaparaq üslubdakı hekayələri də maraqlı bədii nümunələr kimi yadda qaldı.

Son illər gənc xanımların da hekayə yaradıclığında maraqlı nümunələr olub. Sahilə İbrahimovanın “Varlı kişinin portmanatı”, Jalə İsmayılın “Heykəlin içindəkilər”, Nərmin Hüseynzadənin “Qırmızı” hekayə kitabları dediklərimə misal ola bilər. Hər üç xanımda dil qüsurları var, lakin Sahilə yüksək realizm hissi, Jalə bəzək-düzəksiz optimizmi, Nərmin isə sirayətedici səmimiyyəti ilə oxucu qəlbinə yol tapa bilirlər.

Esseistikada Mövlud Mövludun “525-ci qəzet”də dərc olunan yazıları xüsusilə seçilir. Mövludun bu yazıları sanki “Hazırlaşın, çox yaxşı bir nasir gəlir” xəbərinin siqnal fişəngləridir.

Mövluddan başqa Pərvin Nurəliyevanın da “525-ci qəzet”də dərc olunan hekayə-esse arasındakı yazıları bunların müəllifinin yaxın zamanda esseistikadan uzaqlaşıb hekayə janrına keçəcəyinə işarə kimi görünür.

Esseistikada Günel Eminlini də xüsusilə vurğulama istəyirəm. Günel çap olunmağa etüdlərlə və bir neçə hekayəylə başlasa da, daha çox Edit Piaf barədə yazdığı “Mənə Piaf deyin” essesiylə yadda qaldı.

O cümlədən Zərdüşt, Cavid, Yeganə Cansail, Elvin və Kəramətin də maraqlı esseistik yazıları ilə mətbuatda vaxtaşırı rastlaşırıq.

Bədii tərcümə sahəsində yeni nəsil formalaşır. Nihalənin Conatan Livinqston, Ülkər Nəsibbəylinin Steynbek və Folknerdən çevirmələri dediklərimizə əyani sübut ola bilər. Bunlar son illərin ən yaxşı tərcümələri kimi yadda qaldı.

“Ən yeni ədəbiyat” seriyası ətrafında birləşən cavanlardan Nərmin Kamalın “Aç, mənəm”, Aqşinin “Cənnətdə terror aksiyası”, G.Mövludun “5xl”, Sevinc Çılğının “Alaçarpa”, Sevinc Pərvanənin “Şəhər”, Svetlana Quliyevanın “Dalğa” romanları öz müəlliflərinin bütün yenilikçilik cəhdlərinə baxmayaraq, əksərən müvafiq janrların tələblərinə, bəzən hətta elementar tələblərinə belə cavab vermir.

Və sonda.

XXI əsrin gəncliyi gündən-günə texnikiləşən, robotlaşan, mənəvi dəyərlərdən uzaqlaşan, dostlarına görüşü real məkana yox, virtuallığa təyin edən insanların içində ədəbiyyat mücadiləsi aparır. Sevgi şeiri , insanları işığa səsləyən romanlar yazır. Bütün qüsurları, təndiq etdiyimiz tərəfləri ilə birgə, damarlarında gəncliyin qanı axmasa, ədəbiyyat əsr-əsrdən adlaya bilməz. İndi əksər gənclərin çox normal bir arzusu var: nə vaxtsa nüfuzlu ədəbi mükafatlar qazanmaq. Məsələn, Nobel mükafatına sahib olmaq. Mənim uşaqlıqda çox sevdiyim bir saqqız vardı. O saqqızın içindən çıxan şəkilləri dünyanın ən müqəddəs nəsnəsi kimi uzun illər saxlamışdım. İndi nə o saqqızın adı yadımdadı, nə də o şəkillər durur. Dostlar, biz adını unutduqlarımız, itirdiklərimizlə birgə artıq qaçılmaz bir həqiqəti bütün nəhəngliyi ilə dərk etməliyik: biz XXI əsrin adamlarıyıq və bütün dövrlədə alçaldılmaq, məhv edilmək istənən ədəbiyyatı bizim əsrəcən daşıyan böyük yazarların davamçılarıyıq. Pis bir qanunauyğunluq var ki, hər əsrə həmişə ən azı iki müharibə düşür. Bizim əsr hələ ki, mülayim görünür. Mən bu əsrin bizim üzümüzə xoş baxmasını arzulayıram. Məruzəmi bitirib sizinlə sağollaşanda isə XXI əsrə cəmi bircə cümlə demək istəyirəm: Xoş gəldin, XXI!

 

 

QİSMƏT

 

525-ci qəzet.- 2011.- 29 yanvar .- S.28-29.