Areadnanın ipi
Kamal Abdullanın nəsri haqqında ümumi ədəbi yaradıcılıq kontekstində düşünərkən istedadlı mətnin ləzzətli dolanbaclarında azmamaqdan ötrü özüm üçün “Areadna sapı”nı müəyyənləşdirdim. İştə bunu – SİRR. Təbii ki, məndən ötrü işlək olan bu “açar”ı mütləqləşdirmirəm. Amma və lakin bu təyinin, yəni, sirrin içində Kamal Abdulla şəxsiyyətinin insani... bədii-yaradıcı... elmi-kateqorial... volyuntar... metafizik və hənuz dilə gətirə bilmədiyim boyutlarını sintez edərək onun haqqında mədəniyyət və ədəbiyyatımızın əlamətdar hal-hadisəsi kimi düşünə bilirəm. Hərdən bu əməliyyatdan hürkürəm, qorxuram ki, bu, məcburi yabançılaşma çox səmimi olan dostluq hissimə mənfi təsir edə, amma və lakin Ramiz Rövşənin “məsləhəti” ilə dostum Kamalı bir neçə dəfə “astar üzünə” çevirib də orada da xalis dost və səmimi həmfikir görcək arxayın oluram.
Bu mövqe mənə Kamal Abdullanın nəsrinə düzgün yanaşmaq üçün ən azından üç əsas verir. Birinicisi, dost anlayışı adamı hər cür riyakarlıqdan qoruyur. İkincisi, dostunun uğurunu öz uğurun kimi yaşayıb sevinə bilirsən. Və üçüncüsü, dost anlayışı nə isə sirli-sehrli, haradasa, mistik bir baxım bucağı açır ki, bu, hər kəsə qismət olmur.
...Kamalın ədəbi nəsr nümunələrini ruscaya tərcümə etdikcə mənə elə gəlirdi ki, onun rusca ifadəli ekvivalentini tapmışam. Özümdən xeyli məmnun olub, hətta “Kamal Abdulla yaradıcı metodunun sirrini açmışam” – deyə öyünürdüm. Və qarşıma “Sehrbazlar dərəsi” çıxdı. Və ilk uğursuzluğumla üz-üzə qaldım. Və bu sehrli əsəri rus dilinə çevirmək üçün xeyli əlləşdikdən sonra məğlubiyyətimi boynuma aldım.
...”Sehrbazlar dərəsi”ni oxuyanlar bu əsərin ən birinci abzasına bir daha fikir versinlər. Dopdoğmaca azəri turkcəsində bu abzas sehrli, amma və lakin əziz musiqi kimi iç qulağımızla eşidilib də, birbaşa ruhumuza ötürülür. Və bu musiqi parçası kiçicik, amma və lakin son dərəcə tutumlu uvertüra kimi bütövlükdə mətnin qavrayışını müəyyənləşdirir. Bu abzas sonralar müxtəlif formada mətndə iki-üç dəfə təkrar olunur və əsərin arxitektonikasını təmin edir. Aydın məsələdir ki, sözügedən parçaların, ələlxüsus birinci abzasın başqa dildə adekvat qarşılığı və ya ekvivalenti tapılmasa, bu, əslində, bisimfoniyanın təhrif olunmuş partiturasının ortaya çıxması kimi bir şeydir.
Acizlik kompleksinə yuvarlanmaqdan məni görkəmli dilçi alimimiz, Kamal Abdullanın həmkarı və həmfikiri Mehman Musaoğlu xilas etdi: qarşıma çıxan problemi linqvistikanın özəl araşdırma metodları ilə analiz edib də məsələnin son dərəcə ciddi və mürəkkəb olmasını aşkarladı (bu haqda Mehman müəllim çox dəyərli bir məqalə yazıb, maraqlananlar tapıb oxuya bilər). Alimin açıqlamaları mənə xeyli toxtaqlıq verməsi ilə yanaşı, bu sirri açmaq həvəsini də birə-on artırdı. Bu yandan da əziz dostum, görkəmli teatrşünas Məryəm Əlizadə sözügedən mövzuda etdiyimiz söhbət əsnasında mənə yeni bir “Areadna ipi” vermiş oldu. O dedi ki, dostumuz Kamalın bu prozaik mətninə onun poeziya sintaksisi və semantikası mövqeyindən yanaşmaq tərcüməçi üçün faydalı ola bilər.
Özümə gəlim, mütləq cəhd edəcəyəm.
Vaqif İbrahimoğlu
525-ci qəzet.- 2011.- 29 yanvar.- S.24.