“Yazıçı”nın daha bir
sayı: yenə də maraqlı və oxunaqlı
Azərbaycan oxucusu son illərin nəşrləri
içərisində “Oğuz eli” qəzetinin xüsusi
buraxılışları olan “Yazıçı”nı
davamlı şəkildə diqqətdə saxlayır.
Çünki bu buraxılış hər dəfə konkret
bir yazarın, söz-sənət adamının həyatını,
yaradıcılığını təqdim etməklə
yanaşı, həm də ona olan münasibəti də
öz səhifələrində əks etdirir. Oxucu həmin
buraxılışları izlədikcə Azərbaycanın ən
populyar sənət adamları ilə yanaşı, yeni imza
sahibləri ilə də tanış olmaq imkanı qazanır.
Demək olar ki, “Yazıçı”nın hər
buraxılışı ədəbi aləm üçün
bir hadisəyə çevrilir. Özü də sözün həqiqi
mənasında aranıb-axtarılan, izlənən hadisəyə.
Yeni ilin ilk günlərində “Yazıçı” yenə
oxuculara qonaq gəldi. Özü də bu dəfə tamam
ayrı bir təqdimatla. Biz nəşrin baş redaktoru,
tanınmış söz-sənət adamı,
şair-publisist Azər Abdulla ilə görüşüb bu
yeni təqdimatın mahiyyəti ilə bağlı
soruşanda o dedi: – Məlum olduğu kimi,
“Yazıçı”nın hər nömrəsi daha çox
konkret bir ünvanı əhatə edirdi. Ancaq yeni nömrəni
hazırlayarkən biz qərara gəldik ki, Azərbaycan poeziya
cameəsinin bütün nəsillərini bir araya gətirək
və belə də etdik. Demək olar ki, “Yazıçı”
iki hissədən ibarət oldu. Birinci hissədə “Gənclik
poeziyası”, ikinci hissədə isə “Klassik və
çağdaş yaşlı şairlərin gənclik
dövründə yazdıqları şeirlər” adı
altında qələm dostlarımızın seçmələrindən
nümunələri oxucularımıza təqdim etdik. Burada bir
məqamı da xatırladım ki, gənc qələm
dostlarımız yaşlarına uyğun olmayan bir tənbəllik
nümayiş etdirdilər. Onlara dəfələrlə
etdiyimiz müraciətə baxmayaraq, çoxları
redaksiyamıza öz yazılarını təqdim etməyə
bir növü imkan, vaxt tapmadılar. Amma biz də onlara borclu
qalmadıq. Müxtəlif mətbu nümunələrdən
onların bir çoxunun şeirlərini götürüb
öz istədiyimiz bölgünü “Yazıçı”
üçün hazırlaya bildik. “Yazıçı”nın
ikinci bölümü isə böyük Hüseyn Cavidin, Cəfər
Cabbarlının, Müşfiqin, Səməd Vurğunun, Rəsul
Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və
eləcə də bu gün də yazıb-yaradan orta nəsil
poeziyasının nümunələri ilə təqdim olunub.
Bir sözlə, “Yazıçı” bu dəfə
oxucularına əməlli-başlı poeziya çələngi
təqdim edib. Düşünürəm ki, bizim əməyimiz
oxucularımız tərəfindən həm maraqla
qarşılanacaq, həm də yüksək dəyərləndiriləcək.
Bəli, doğrudan da, “Yazıçı”nın ilk günlərində
işıq üzü görən sayı əməlli-başlı
poeziya almanaxıdı. Onu vərəqləyib gözdən
keçirdikcə müxtəlif ədəbi nəsillərin,
müxtəlif poetik mənzərənin şahidi olur və
şeirlə baş-başa qala bilirsən. Sadəcə bunun
üçün “Yazıçı”nı əldə etmək
lazımdır. Onu da əldə etməyin ən yaxşı yolu
Yazıçılar Birliyi binasının 1-ci mərtəbəsindəki
“Bayatı” kitab mağazasına müraciət etməkdir.
Ə.MƏDƏTOĞLU
525-ci qəzet.- 2011.- 29
yanvar.- S.14.