“Diasporumuzun güclü olması
üçün birgə fəaliyyət göstərməliyik”
AYXAN DƏMİRÇİ:
“HAMIMIZ HƏMRƏY OLUB AZƏRBAYCAN ÜÇÜN
ÇALIŞMALIYIQ”
Azərbaycan Belçika Dostluq Cəmiyyəti (ABDC) Avropada fəaliyyət göstərən aktiv diaspor qurumlarımızdan biridir. Bu təşkilat həm də çoxşaxəli fəaliyyəti ilə diqqəti çəkir. ABCD-nin sədri Ayxan Dəmirçinin sözlərinə görə, Avropadakı Azərbaycan diaspor təşkilatları ümumilikdə aktiv olsalar da, onlar ayrılıqda çalışdıqları üçün fəaliyyətləri o qədər də nəzərə çarpmır:
–Bu səbəbdən də diaspor işində birgə fəaliyyət əsasdır. Artıq biz bu birliyi yaratmaq üçün bir sıra maraqlı layihələr icra edirik. Məsələn, İzmir Mədəniyyət Mərkəzi (İMM) ilə birgə layihə kimi Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayını keçirəcəyik. Onu da qeyd edim ki, biz birdən –birə bu qurultayı keçirməyi qərara almadıq. Türkiyə, Azərbaycan üçün birliyin və həmrəyliyin əsas olduğunun vacibliyini düşünərək bu birlik qurultayını həyata keçirməyə qərar vermişik. Sevindirici hal odur ki, bu gün ətrafımızda dəyərli dost və qardaşlarımız var, onların dəstəyi ilə bu qurultayı keçirməyi qərara aldıq. Diasporumuzun güclənməsi üçün ilk görəcəyimiz iş aradakı bütün ayrılıqları, bölünmələri aradan qaldıraraq birliyimizi hər zaman qoruyub saxlamaqdır. Hamımız həmrəy olaraq Azərbaycan üçün çalışmalıyıq. Dövlət qurumları, diaspor təşkilatları olaraq daha aktiv çalışmalı, daima qarşılıqlı dialoq qurulmalı və güclü azərbaycanlı diasporu yaradılmalıdır. Bir məsələni də xüsusi olaraq vurğulayım ki, diaspor təşkilatlarının Azərbaycanın təbliği istiqamətində həyata keçirəcəyi beynəlxalq layihələri dövlət adamları və iş adamları dəstəkləməlidir.
–Belçikada Azərbaycan diasporunun mövqeyini necə qiymətləndirmək olar?
– Səmimi olaraq qeyd edim ki, Belçikada çox da güclü təşkilatımız yoxdur. Güclü olmaq üçün maddi və mənəvi baxımdan geniş imkanlara sahib olmaq lazımdır. Bu cür imkanlar da bizlərdə çox olmadığına görə güclü sayılmırıq. Bu cür dəstəyin olmaması da bizim fəaliyyətimizi məhdudlaşdırır, gücümüzü azaldır və həyata keçirəcəyimiz layihələrin icra olunmasına mane olur. Ancaq öz imkanlarımız daxilində nələrsə etməyə çalışırıq.
–Belçikada azərbaycanlılarla bağlı hər hansı bir mətbu orqan varmı?
– Belçikada yaşayan azərbaycanlıların sayı o qədər də çox deyil , həmçinin toplu olaraq eyni bölgələrdə yaşamırlar. Bu səbəbdən də qəzet, telekanal və radiomuz yoxdur. Ancaq Belçikada nəşr edilən türk qəzetləri və həmin mətbu orqanlarda çalışan türk jurnalistləri tərəfindən Azərbaycanla bağlı məqalələr nəşr edilir və yayımlanır. Bu sırada “Yeni habər”, “Gündem”, “Belçika habər” və başqa bir sıra qəzet və jurnalların adını çəkmək olar. Bundan başqa Almaniyada yayımlanan Avropa türk kanalına mütəmadi olaraq dəvət olunuruq və Azərbaycanla bağlı müvafiq məlumatları veriririk. Onu da xüsusi olaraq vurğulayım ki, keçən il sözügedən kanalda Xocalı soyqırımı ilə bağlı məlumatlar verdik.
–Bəs, qurumun internet
saytı varmı?
–Hazırda internet
saytımız üzərində işlər davam etdirilir.
Bilirsiniz bu gün saytlarda fransız dilində Azərbaycanla
bağlı məlumatlar var. Ancaq flaman dilində isə demək
olar ki, Azərbaycanla bağlı məlumat yoxdur. Bunun
üçün də istifadəyə verəcəyimiz saytda
flaman dilində gündəlik məsələlərlə
yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti,
iqtisadiyyatı ilə də bağlı yazılar yerləşdirəcəyik.
Bu məlumatların bu qeyd etdiyim dilə tərcümə
olunmasına müəyyən müddət vaxt
ayırmalıyıq. Ancaq bu il saytımızı istifadəyə
verəcəyik.
– Belçikada təhsil alan
azərbaycanlı tələbələrin diaspor işində
fəallığı necədir və təşkilatınızın
gənc üzvü varmı?
– Qeyd etdiyim kimi Belçikada
çoxlu sayda azərbaycanlı yaşamadığı
üçün gənclərimiz çox deyil. Yəni bu
gün Belçikada təhsil alan bir neçə azərbaycanlı
gənc var. Keçirdiyimiz tədbirlərimizə gənclərimizi
dəvət edirik və onların bu sahədə fəal
olmasına çalışırıq.
–Bu ölkədə Azərbaycan
tarixinin və mədəniyyətinin təbliği istiqamətində
hansı işləri görürsünüz?
– İlk əvvəl onu
xatırladım ki, 20 Yanvar faciəsi –hadisələri
başlayanda Belçikada yaşayan azərbaycanlılar və
türklər böyük mitinqlər edərək rusların
törətmiş olduğu qırğına etiraz edərək,
hər zaman Azərbaycanın yanında olduğumuzu bəyan
etmişdik. Təbii ki, bizdə hər il Azərbaycanın
Brüsseldəki səfirliyi ilə birlikdə 20 Yanvar faciəsinin
anım mərasimini keçiririk. Bundan başqa Xocalı
soyqırımı və 31 Mart soyqırımı ilə
bağlı Belçikada müxtəlif adda tədbirlər
keçiririk. Reallaşdırdığımız mitinq və
konfranslarda belçikalılara və Belçikada yaşayan
xalqlara broşür və bu faciələrlə bağlı
olaraq müxtəlif məlumatların yer aldığı
kitabçalar paylayırıq. Ən son olaraq 2010-cu ildə
“Xocalıya ədalət” kampaniyası çərçivəsində
digər diaspor təşkilatlarımızla birlikdə
Brüsselin məşhur prospektlərində yürüşlər
təşkil etmişdik. Eyni zamanda Avropa təşkilatlarının
rəhbərlərinə və avropalı və
belçikalı millət vəkillərinə etiraz məktubları
göndərmişdik. Bundan başqa Avropada ayrıca
yayımlanan Avropa televiziyasında cəmiyyət rəhbəri
olaraq Qarabağ işğalı ilə bağlı
proqramların yayımlanmasına nail olmuşuq. Təntənəli
şəkildə Novruz bayramını qeyd etmişik. Azərbaycan
poeziyasını Belçikada tanıtmaq məqsədiylə,
səfirliyimizin dəstəyi ilə poeziya axşamı
keçirdik. Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan mədəniyyətinin
Belçikada tanıdılması ilə əlaqədar bir
sıra tədbirlər həyata keçiririk. Bu tədbirlərimizdə
hər zaman Azərbaycanın milli mətbəxinin nümunələrini
təqdim edirik, eyni zamanda iştirakçılara Azərbaycan
mədəniyyəti haqqında broşürlər veririk.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 29 yanvar.- S.7.