ONLAR VƏ MƏMLƏKƏTİMİZ

 

Türkiyə Cümhuriyyəti Liberal Partiyasının Başqanı BESİM TİBUK

 

Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsil üçün daha çox maraq doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.

"Bu bölgənin ən güclü dövləti Türkiyədir.

Amerika Türkiyəni dinləməyə məcburdur.

Türkiyə ilə işbirliyi eləmədən Amerika heç bir şey qazana bilməz. Nə Ortadoğuda bir şey qazanar, nə Balkanlarda bir şey eləyə bilər.

 

***

 

Məsələ silahlarda deyil. Qorxudaraq, təsir eləyərək zorlayaraq heç bir şey qazanılmaz. Əsas odur ki, işlər siyasi yolla çözülsün. Bir kəz daha söyləyirəm:

Bizim XARİCİ SİYASƏTİMİZDƏ Azərbaycan önəmli bir yer tutur və başlıca məsələdir".

 

***

 

"Liberal Partiya əsəbi pozuqların partiyasıdır.

Bugünkü ortam hər tərəfdən bizim əsəblərimizi korlamasaydı biz bu Partiyanı qurmazdıq".

 

***

 

"Liberallıq demokrasi bir ortamda, demokrasi bir hüquq ortamında və təbirində gerçəkləşə bilər.

Başqanlıq sistemi müstəqil hüququn da təminatıdır".

 

***

 

"Demokratik hüquq dövləti demək, hüquq sisteminin bir müəssisə olaraq çalışması deməkdir".

 

***

 

"Çağdaş uyqarlıq hər şeydən əvvəl hüquq və məhkəmə uyqarlığıdır. Hüquq yoxsa insanlıq da, insan azadlığı da, haqq və müstəqillik də yoxdur".

Bu sözlər Türkiyə Cümhuriyyəti Liberal Partiyasının Başkanı Besim Tibukun müxtəlif zamanlarda çap olunan kitablarından götürülmüşdür. Partiyasının proqramı kimi oxucuların diqqətinə verilən bu kitablardakı fikirlər isti bir ağılın və başarılı bir iş adamının, yenilikçi bir politikaçının, siyasətçinin düşüncələridir. Bu sözlərdən mənə görə ən ürəyə yaxını və anlamlısı: "Bizim partiya əsəbi pozuq olanların patiyasıdır" kəlmələridir.

Bu həqiqət ki, insanlıq, bəlkə də ən əsəbi çağını yaşayır. Dünya düzəni pozulmuş və bu pozulma Yeni Dünya Düzənin sahmanlı bir düzən olmasının da qabağını almışdır deyə bilərik.

Danışdığımız saatlarda kitabındakı bir çox fikirlərini isbatlamağa çalışan hörmətli Besim Tibuk təbiətən ağırbaşlı bir insandır. Oturuşunu, duruşunu bilən və Türkiyənin politik gündəmində həmişə ortalarda görünən bir siyasətçidir.

Və fikirləri də bir az qəribədir bəzilərinə görə...

Məni bu mehriban insanla türk yazarı Hayati Əsilyazıçı tanış etdi. Amma, əvvəllər də mən onun adını çox eşitmişdim və onun fikirləriylə tanış idim. Heç şübhəsiz böyük bir dövlətin siyasətçisinin azadlığını yenicə qazanan bir dövlətin siyasətiylə maraqlanması diqqətə layiq bir şeydir.

Mən onunla Taksimdəki ofisində görüşdüm. Bizimlə söhbətdə Hayati Əsilyazıçı bəy də iştirak edirdi.

Əslində məni Besim Tibukun Azərbaycan haqqında və Azərbaycan politikası haqqında fikirləri maraqlandırırdı. Besim Tibuk Azərbaycan üçün həqiqətən içdən yanan bir siyasətçidir. Bir partiya Başkanıdır. Sonradan biləcəyəm ki, ata tərəfdən əslən azəri türküdür və atası Fizulidəndir. Bu məlumatı mən çox sonralar Besim Tibuk haqqında internetdəki saytından ala bildim.

Besim Tibukla danışdığımız bütün məsələlərdə əsas söhbət Azərbaycandakı didərginlər haqqında oldu.

Və arada bir siyasət məsələlərinə də toxundu...

AZƏRBAYCAN HAQQINDA ƏSASƏN BUNLARI SÖYLƏDİ:

"Biz əsasən ekonomik məsələlərdə Azərbaycan nümayəndələriylə görüşmək istəyirik.

Azərbaycan ekonomik olaraq necə ayağa qalxa bilər? Türkiyə ilə sərhəd olmamalı.

Türkiyə ilə Azərbaycanı Gömrük Birliyi kimi bir ortamda ilişki qurmalı.

Bəzi şeylər sərbəstcə aparılıb gətirilməli, bəziləri hələlik olmaz. Azərbaycan zəngin bir ölkədir.

Bu, yalnız petrol deyil. Xalqınız çalışqandır. Buna görə Liberal politikalar işlərsə Azərbaycan İsveçrə kimi bir yer olar.

İndi bizim başlıca niyyətimiz Azərbaycana getmək və məsələləri yerində görməkdi. Və əlimizdən gəldiyi qədər də yardım eləmək fikrindəyik. Biz Azərbaycanı yaxşı tanıyırıq. Və Azərbaycanı bir parçamız hesab eləyirik. Bu gerçək bir şey. Azərbaycan bizə yalnız çoğrafi baxımdan yaxın deyil, din, mədəniyyət və başqa sahələrdə də bizim birimizdir və bu mühimdir məncə. İki dəfə getdim Azərbaycana. Amma partiyamız qurulandan sonra bir Parti Başkanı olaraq getməmişəm ora. 1989-cu ildə oldum Azərbaycanda. Nə yazıq ki, müstəqillik qazanandan sonra bir türlü vaxt tapa bilmirəm ora getməyə. Bu açıq bir məsələdir: bizim bugünkü siyasətimiz Qafqazlarda çox yetərsizdir. Bu politika çox passivdir. Halbuki Azərbaycan olsun, başqa Qafqaz dövlətləri olsun, onlar bizim çox yaxınımızdır. Madəm müstəqil oldular, bizə daha yaxın olmaları gərəkir. Bu Rusiya hardan çıxır? Bunu başa düşmək gərəkdir ki, Rusiyanın əsgəri güc deyilən bir gücü yox. Yalnız bir Atom santralı var. Qalanı boş söhbətdir. Türkiyə əsas əsgəri qüvvədir: Mən bunu açıq söyləyirəm. Ermənistanın bu gün Azərbaycanda elədikləri son dərəcə ayıb bir şeydir. Türkiyə zamanında bir ültimatum versəydi, Ermənistan qılını belə tərpədə bilməzdi. Amma yenə də gec deyil".

- Hələ də gec deyil deyirsiniz. Nə mənada deyirsiniz bunu?

- Mənası-munası yoxdur. Türkiyənin stratejik önəmi azalmamış ki... Biz yenə də aktiv bir xarici siyasət izləsək Qafqazlarda həm hüzuru təmin edərik, həm də haqsızlığın qarşısını alarıq. Bu haqsızlığı aradan çıxarmaq bizim xarici politikamızın bir hissəsidir. Bizim bir Partiya olaraq Orta Doğu politikamız var, Balkanlar haqqında xüsusi fikirlərimiz və politikamız var, amma bütün bunlardan qabaq biz Azərbaycanı düşünürük. Səbəbi budur:

Azərbaycanda haqsız bir işğal var və bu işğalı eləyən də bizim qonşumuzdur. Biz onların da bildiyi kimi, əsgəri güc olaraq bu bölgədə ən güclü dövlətik. Və burada bizim gücümüzün ağırlığı ola bilir. Məsələn: Bosnada biz bir o qədər də iş görə bilmirik. Bosna bizə uzaqdır. Çoğrafi və lojistik olaraq uzaqdır. Qafqazlarda olan hər hansı problem bizim problemimizdir demək olar ki... Bizim eləhimizədir. Barış olsa müthiş bir ticarət olar, inkişaf olar. Hər kəs bir iş görər. Buna görə də Qafqazların bütün problemləriylə maraqlanmağımız vacibdir. Mən bu Çeçenistan məsələsini Avropalılarla danışdım. Onlar Rusların iç işləridir deyə tutdurub gedirlər. Ora bir slavyan dövləti deyil. Biz buna qarşıyıq.

Bir ara söhbətimiz dəyişir. Besim Tibuk həqiqətən Qafqazlar məsələsində əsəbi danışır və bir az yumşalmaq üçün mən onun öz partisi haqqında soruşuram...

"Türkiyədə bu qədər partiya var. Biz nədən bu Partiyanı qurduq? Bizim otuz illik bir praktikamız var, yoğrulmuş bir düşüncəmiz var. Artıq bir nöqtəyə gəlmişik. Bir sintezləşmiş sonuca bağlanmış bir mənzuməmiz var. Görüşlərimiz var. Mənə bağlı yüz dostum vardı o zaman Demokratik Partiya zamanında. Bu adamlarla iki-üç il idi ki, bir yerdəydik, fikirlərimizi götür-qoy edir, fikirlərimizi söyləyirdik. Oturduk, düşündük uzun bir düşünmədən sonra bir partiya qurmağı məqsədə uyğun bildik. Beləcə daha çox fayda verəcəyimizə inandıq. Türkiyədə onsuz da istədiyin qədər partiya varsa, yeni bir partiya qurmanın mənası vardı düşünülə bilər? Amma təəssüflər olsun ki, bizim fikirlərimizə bizim düşüncələrimizə uyğun heç bir partiya yox idi. Yəni bizi eşidəcək bizim fikirlərimizi bir yerlərə çatdıracaq ya haqlı qılacaq bir partiya yox idi. Hamısı dövlətin tərəfində olan partiyalardır bunlar".

Besim Tibuk sözlərinə davam edir...

 

BESİM TİBUK KİMDİR

 

Besim Tibuk 1945-ci ildə Fındıklı qəzası Araklı köyündə anadan olub. Atası Yunus Heydər oğlu, Azərbaycanın Fizuli rayonundan, əski SSCB-nin tanınmış insanlarından olmuşdur. İbtidai məktəbi Murgüldə bitirən Tibuk, orta təhsilini müxtəlif səbəblər üzündən Qars, Artvin və Rizədə başa vurmuşdur. 1962-1963 AFS bursu ilə ABD-nə getdi. Orada liseden məzun oldu. Sonra Ankara siyasi Elmlər fakültəsində oxudu. Oranın diplomatiya bölümünü 1968-ci ildə bitirdi. 1964-67 arası Dövlət Statistika İnsititutunda çalışdı. 1971-ci ildə İşlətmə İqtisadi İnstitutu ali işlətməçilik ixtisasını qazandı.

14 yaşında çalışmaya başladı. 1964-cı ildə Tərcüman-Rəhbər olaraq turizm sektoruna girdi. Sonra səyahət agentlikləri müdürlüklərində çalışdı. 1974-cü ildə Tərcüman Rəhbərləri birləşdirərək Net Holdinqin binövrəsi olan Net Turizmi qurdu. Net Qrupunu böyüdərək qısa zamanda turizm sektorunun ən böyük quruluşlarından biri halına gətirdi. Tibuk 1980-ci ildən sonra düşdüyü maliyyə krizi üzündən əlindəki Netbankı sataraq özünü qurtardı. Ticarət həyatına Merit İnternasional oteller zənciriylə Net Holdinqlə davam edir.

Siyasi həyata Demokrat Partidə atıldı. DP-nin İstanbul Başkanı oldu. Bu vəzifəsindən ayrılan Besim Tibuk 26 iyun 1994-cü ildə Liberal Partiyanı qurdu. Partiya bir az sonra Liberal Demokrat Partiyası adını aldı. Abdi İpekçi Barış Dostluq ödülü sahibi olan Besim Tibuk evli dörd uşaq atasıdır. Əməkli olduğunda, təsərrüfatla məşğul olacağını söyləyir.

 

 

(Davam edəcək)

 

Tofiq Abdin

 

Ədalət.- 2011.- 29 yanvar.- S. 15.