Dəyişməz funksiyaların dəyişən texnologiyası

 

II YAZI

 

Kütləvi informasiya vasitələri həmişə öz oxucuları, dinləyici və tamaşaçıları ilə dialoqda olmağa cəhd göstərmişlər. KİV anlayışının özündə dialoq, kontakt, qarşılıqlı əlaqə fəaliyyəti ideyası var. Müasir texnoloji imkanlar elə şərait yaratmışdır ki, bu əlaqələri eyni zaman kontekstində qurmaq mümkündür. İnteraktiv jurnalistikada hamı ilə danışan jurnalist eyni zamanda hər kəslə də danışır, hər kəslə danışan jurnalist hamı ilə danışır. Belə vəziyyətdə auditoriya manipulyasiya, dezinformasiya obyektindən bərabərhüquqlu, qarşılıqlı informasiya subyektinə çevrilir. Məhz bu kontekstdə jurnalistika yeni keyfiyyət kəsb edərək özünün əsrə uyğun cizgilərini göstərir.

İnteraktivlik daha çox yaradıcılıq cəhətdən rəngarəng müəllif jurnalistikasında mümkündür. Bu jurnalistika yeni tip jurnalisti meydana çıxarır.

Yeni jurnalistikanın daha bir cəhəti. Aydındır ki, xüsusi məzmun daşıyan dövlət sənədləri də indi hökumətin elektron kitabxanasına verilir. İndi jurnalist öz araşdırmalarında adi bir sənəddən ötrü dövlət məmurunun qapısında dayanmayacaq. Bu gün sivil ölkələrdə redaksiyanın elektron arxivi, hökumət elektron sənədləri, ictimai informasiya xidmətlərinin köməyi, internet kimi mənbələr jurnalist araşdırması deyilən bir janrın uğurla başa gəlməsinə çox kömək edir.

Yeni əsrdə elektron jurnalistikanın yeni inkişaf dalğası gözlənilir. Bu dalğa artıq elektron informasiya vasitələrinin digitallaşma prosesi ilə başlamışdır. Rəqəmli elektron informasiya vasitələri kimi başa düşülən bu keyfiyyət jurnalistikada informasiyanın maneəsiz ötürülməsi, tezliyin dəfələrlə artımı, təsvirin stereosəviyyəsi deməkdir. Hazırda ABŞ telekanalları rəsmi dövlət tələbi ilə, birmənalı olaraq, rəqəmli texniki sistemə keçmişdir. Azərbaycan teleməkanı da rəqəmsal yayım prosesinə keçməkdədir.

Əlbəttə, yeni əsrin jurnalistikasını təkcə texnologiya yeniliyi kimi başa düşmək sadəlövhlük olardı. Yeni əsr jurnalistdən həm də yeni yaradıcılıq ideyaları və onların ustalıqla gerçəkləşdirilməsi, hadisələrə və onların təhlillərinə obyektiv münasibət, peşə etikasının dünya praktikasında özünü doğruldan normalarına daha həssas münasibət, forma və üslubun əsrin xarakterinə uyğunluğu, jurnalistin cəmiyyət qarşısında sosial məsuliyyəti və s. məsələlərə diqqətlə yanaşmağı qətiyyətlə tələb edir.

Bu gün jurnalistikanın Qərb standartları formalaşmışdır. Xarici kütləvi informasiya vasitələrinin təcrübəsi milli jurnalistikanın inkişafına çox kömək edə bilər. Zaman buna diqqətlə yanaşmağı diqtə etməkdədir.

Jurnalistika yarandığı vaxtdan adresat kimi cəmiyyəti nəzərdə tutmuş, ona ünvanlanmışdır. İnformasiyanın konservasiyası və onun tirajlanması prosesi cəmiyyətdən ötrü baş vermişdir. Qədim carçıların fəaliyyətindən tutmuş müasir informasiya ötürmənin multimedia prosesinədək inkişafın tarixi cəmiyyəti, kütləni nəzərdə tutur. Bizim günlərdə özünün dəqiq leksik mənasını almış “kütləvi informasiya vasitələri”, “kütləvi kommunikasiya vasitələri” anlayışlarındakı “kütləvi” sözü çox yerinə düşür. Azərbaycan telejurnalistikasının çox önəmli nümayəndələrindən olan Mirşahin müsahibələrinin birində jurnalistin başqa bir telekanalın intellektuallığını yaxşı fakt kimi təqdim etməsinə cavabında doğru göstərir ki, “televiziya kütləvi informasiya vasitəsidir və biz kütləyə (kursiv mənimdir-C.M.) işləyirik”. İnformasiya vasitələri həmişə, hər yerdə kütləyə, deməli, cəmiyyətə işləmişdir. Kütləviləşməyən, kütləvi ola bilməyən informasiya vasitəsi bazar rəqabətinə dözməyib sıradan çıxır.

Açıq cəmiyyət anlayışı ilə informasiyalı cəmiyyət anlayışı eyni məzmun kəsb etməsə də, onların funksional mənasında yaxınlıq duyulur. Bəşəriyyət demokratiyanın yolunu açıq, informasiyalı cəmiyyətdən almışdır. Aşkarlığın təmin olunmadığı cəmiyyətin totalitar məzmunu var. Keçmiş SSRİ-də informasiyanın hakimiyyət tərəfindən idarə olunması, aşkarlığın heçə endirilməsi kimi tarixi təcrübə göstərdi ki, belə cəmiyyət inkişafdan uzaq olur. Təsadüfi deyil ki, informasiyanı, obyektiv informasiyanı cəmiyyətdən gizlətmək üçün güclü senzura şəraiti yaradan sovet dövlət aparatının özü nəhəng, hər cür təbii sərvətləri, iqtisadi resursları olan bir ölkə dünyanın geridə qalmış bir regionuna çevrilmişdi. Bu gerilik və bu antidemokratik şəraitdən çıxmaq üçün SSRİ-nin hakim qüvvələrinin bəzi dairələri 1985-ci ildən aşkarlıq, demokratiya prinsiplərinin bərqərar olması üçün vacib addımlar atdılar. Kütləvi informasiya vasitələri üzərində senzura təsiri zəifləyən kimi, aşkarlıq az-çox təmin edilən kimi SSRİ-nin süni xalqlar dostluğu bünövrəsi laxladı, cəmiyyət 70 il müddətində aldandığını başa düşdü və bu anlamaq SSRİ-nin süqutuna səbəb oldu.

KİV-in cəmiyyət həyatında oynadığı rolun böyüklüyünü duymağa, bizcə, bu fakt kifayət edər.

“Vətəndaşların informasiya hüququ dövlətin və cəmiyyətin demokratikliyinin çox ciddi göstəricisidir”. Çünki informasiya azadlığı söz azadlığının vacib tərkib hissəsidir. Buna görədir ki, totalitar hakimiyyət informasiya institutunun qarşısına səd çəkir. Sivil ölkələrin sivilliyini şərtləndirən əsas faktlardan biri bu ölkələrdə söz, informasiya azadlığı uğrunda mübarizənin erkən əsrlərdən başlaması və sonda qələbə ilə nəticələnməsi ilə bağlıdır.

Jurnalistikanın, mətbuatın sosial məsuliyyət nəzəriyyəsi jurnalistin cəmiyyətə azad, obyektiv informasiya vermək, cəmiyyətin qayğıları ilə yaşamaq, konfliktləri və mübahisəli məsələləri ümumin müzakirəsinə çıxarmağa çalışmaq cəhdlərini nəzərdə tutur. Normal jurnalistika, əslində, elə buna görə meydana gəlmişdir. KİV kütlə, cəmiyyət üçün nəzərdə tutulur.

Bəşəriyyətin uzun müddət uğrunda mübarizə apardığı və arzuladığı informasiyalı cəmiyyət XX əsrin sonunda, XXI əsrdə qlobal xarakter daşımaqdadır. İnkişaf etmiş ölkələrdə informasiyalı cəmiyyət artıq mövcuddur.

Qərbin bəzi nəzəriyyəçiləri bəşəriyyətin inkişaf tarixini aşağıdakı üç mərhələ ilə şərtləndirirlər: 1. İctimai inkişafın aqrar mərhələsi; 2. İctimai inkişafın sənayeləşmə mərhələsi; 3. İctimai inkişafın informasiyalaşma mərhələsi. 1970-1980-ci illərdə informasiyalı cəmiyyətin kompüter şəbəkəsi ilə yaranan şəklini Alvin Toffler daha yaxşı ifadə edir. A.Toffler özünün “Üçüncü dalğa” kitabında sivilizasiyanın sonuncu dalğasını məhz informasiyalaşdırma ilə əlaqələndirir. Sözün yüksək mənasında texnologiya ilə bağlı bu keyfiyyət, nə qədər paradoksal olsa da, antiindustrial mahiyyəti də özündə daşıyır. Üçüncü dalğa insanı yeni həyat tərzinə istiqamətləndirir. Bu yeni dalğa bürokratiyanı ləğv edir. Bu yeni dalğa daha sadə və daha effektli, daha demokratik hakimiyyəti formalaşdırır. Bu dövrü sadəcə olaraq informasiyalı cəmiyyət deyil, informasiyalaşma mərhələsi adlandırmağı da təklif edənlər var.

Bu fikirlə razılaşsaq, indi bəşəriyyət özünün üçüncü- informasiyalaşma mərhələsini yaşayır. Bu mərhələnin çox böyük ağırlığı jurnalistikanın, kütləvi informasiya vasitələrinin çiyninə düşür.

Əlbəttə, cəmiyyət həyatında çoxlu sosial institutlar mövcuddur. Bu institutlar ictimai inkişafın təbii qanunauyğunluqları ilə meydana gəlir, təşkilatlanır, qanuni əsaslar əldə edərək fəaliyyət göstərir. Demokratik əsaslarla fəaliyyət göstərən ölkədə jurnalistikanın inkişafı insanın informasiya hüququnu təmin edən açıq cəmiyyətə aparır. Açıq cəmiyyət və jurnalistika bir-birini tamamlayan iki fakt kimi qiymətlidir. Deməli, informasiyalı cəmiyyətdə kütləvi informasiya vasitələrinin əhəmiyyəti son dərəcə artır. Hətta o qədər artır ki, cəmiyyət üzərinə düşən funksiyanı yerinə yetirmək üçün KİV-in informasiyasına möhtac olmağa başlayıb. Ona görə də vətəndaşların məlumatlandırılması KİV-in daimi və inkarolunmaz qayğısıdır.

Bunun üçün beynəlxalq demokratiya institutları dövlət və hakimiyyət qarşısında jurnalistin informasiya əldə etməsinə şərait yaratmağı, KİV-dən isə bütün təsirlərdən uzaq olaraq yalnız cəmiyyətin ictimai marağına xidmət etməyi tələb kimi irəli sürürlər.

İnformasiyalı cəmiyyətdə informasiya qaydaları bərqərar olmalıdır. Aşkarlıq, plüralizm, tolerantlıq kimi demokratikləşməyə xidmət edən keyfiyyətlər informasiyalı cəmiyyətin atributları kimi jurnalistikanın gerçəkləşdirilməli olduğu nəzəri anlayışlardır.

Habelə informasiyalı cəmiyyət yüksək maarifçilik keyfiyyəti tələb edir. Jurnalistika özünün əsas funksiyalarından biri kimi bu vəzifənin də öhdəsindən gəlməlidir.

KİV-in istər texnololoji, istərsə də yaradıcılıq parametrlərindən hiss olunur ki, XXI əsrdə bu sahədə çox ciddi dəyişikliklər olacaq. Kommunikativistika ilə məşğul olan araşdırıcıların bununla bağlı xeyli proqnozları var. Qəzet, radio, televiziya dünyasında ənənəvi jurnalistika öz yerindən tərpənməli olacaq. Bu işdə əsas rolu KİV-in konvergensiyası – yəni KİV-in məzmununun rəqəmli varianta keçirilməsi və bunun müxtəlif kanallarla qəbulu- ən əsası İntenetlə qəbulu faktoru oynayacaq. Yeni əsrin KİV sahəsində çox ciddi məna kəsb edən konvergenlik üzərində bir az artıq dayanmaq istərdik.

Konvergensiya (latınca – convergere – yaxınlaşmaq, birləşmək) təbiətdə, biologiyada işlək anlayış olaraq, sonradan politoloqların siyasi terminologiyasında xüsusi yer tutmuşdur. Sovet elmi ədəbiyyatında konvergensiya “guya haçansa sosializm və kapitalizm rejimlərinin tədricən iqtisadi, siyasi, ideoloji fərqlərinin aradan qalxması və bu iki ictimai sistemin bir-birini tamamlayaraq birləşəcəyi ideyasını əsaslandıran burjua nəzəriyyəsi” kimi təqdim olunur. Bu termin, doğrudan da, 1950-ci illərdən Qərb politoloqlarının əsərlərində görünməyə başlamışdır. Lakin təəssüf ki, kibernetika, genetika və s. sahələr kimi, bu terminin də işlənməsinə sovet politoloji elmində icazə verilməmişdir.

Qərb ictimai-siyasi elmində işlənməyə başlayan bu anlayış amerikalı alim D.Bellin “İdeologiyanın sonu” (1962) kitabında öz geniş təsvirini tapmışdır. 1970-ci illərdən konvergensiya daha çox informasiya və kommunikasiya texnologiyasının inteqrasiya prosesinin başlanması ilə bağlı olaraq jurnalistika tədqiqatçılarının dilinə keçmişdir. 1990-cı illərin əvvəllərindən isə internetin sürətlə inkişafı konvergensiya anlayışını KİV sisiemində işlək leksik vahidə çevirdi.

İnternet sisteminin yaranması və informasiya, media-sistemə çevrilməsi jurnalistikanın XXI əsrin aparıcı ictimai institut statusunu daha da möhkəmlətməyə zəmanət verir. İnternetin inkişaf sürətini ifadə edən müqayisələrə diqqət edək: Amerikada radionun 50 milyon auditoriya əldə etməsindən ötrü 38 il vaxt keçmişdir. Televiziya isə bu qədər auditoriyanı 14 ildə qazanmışdır. Hələ 2000-ci ilin tədqiqatına görə, İnternet ABŞ-da cəmi bir ilin müddətində 50 milyonluq abunəçiyə sahib olmuşdur. XXI əsrin belə bir güclü meyli göstərir ki, informasiya texnologiyasının yeni inkişaf tempi mətni, qrafik formanı, səsi – bunların hamısını rəqəm formasına keçirməkdədir. Bu mənada jurnalistikada daha bir termin işlək olmağa başlamışdır: digitallıq. Rəqəmləşmə. Məzmunun müasir kompüter dilinə çevrilməsi. Bu proses informasiyanın yaradılması və ötürülməsində, onun qəbul edilməsində bundan əvvəlki bütün ənənəvi maneələri arxada qoyur. Digitallıq ayrı-ayrı kütləvi informasiya vasitələri arasındakı fərqləri aradan qaldıraraq, konvergensiyaya yol açır. Məhz bu mənada konvergensiya indi KİV-in gələcəyi haqqında müzakirələrin diskussiya obyektinə çevrilməkdədir. Belə bir elmi fikir də meydana çıxmışdır ki, yaxın on ildə konvergensiya prosesi nəinki KİV sistemini, habelə onunla bağlı sənaye sahələrini də tamamilə dəyişə bilər. Texnoloji konvergensiya jurnalistika üçün çox vacib müasir keyfiyyət kimi qəbul edilən interaktivliyi gücləndirəcəkdir.

İnternetin tamamlamaqda olduğu konvergensiya prosesində hələlik radio özünü sakit hiss edir. Səs nitqi İnternet vasitəsilə çox asan ötürülür və onu qəbul etmək üçün kompüterin və ona səs platasının əlavəsi kifayət edir. Televiziyanın İnternetdə möhkəmlənməsi üçün telestrukturda xeyli dəyişiklik gözlənilir.

Bununla belə artıq, İnternet-televiziya günümüzün reallığıdır – ideyadan gerçəkliyə keçmişdir. Tədqiqatçı Aleksey Qarmatinin dediyi kimi, “XXI əsrin ilk günlərindən İnternet kseroks və printerlə adi adamları naşirə çevirdiyi kimi, özünün adi istifadəçilərini də yayımçıya döndərmişdir”. Tədqiqatçının fikrincə, hətta “İnternet-televiziya ənənəvi KİV-in bütün sahələrində rəqabəti udmaqdadır”. Bu gün İnternet-televiziya bütün parametrləri ilə inkişafdadır. Bu inkişaf sürəti isə İnternetin inkişafına bağlıdır. Onu da qeyd edək ki, bütün bu texnologiya özündən əvvəlkiləri heç də inkar etmir. Televiziya radionu, kinonu əvəz edə bilmədiyi kimi, İnternet də özündən əvvəlkiləri inkar edə bilməyəcək. Çünki getdikcə daha çox hiss olunur ki, İnternetin də problemləri olacaqdır. İndidən özünü göstərən bu problemlərdən biri onun informasiyalarındakı qeyri-dəqiqlik, keyfiyyətsizlikdir. Keyfiyyətli informasiyanı daha çox jurnalistlər, publisistlər verirlər. İnternet daha çox faktı konstatasiya edir, təhlillər isə ənənəvi KİV-indir.

Bu gün qəzet səhifələrində, telekanallarda bir faktın bir neçə şəkildə, qeyri-dəqiq təqdim olunması daha çox internet pintiliyi ilə əlaqədardır.

Qəzetin sabahı barədə diskussiyalar da çox gedir. Kommunikativistika ilə məşğul olan alimlər bu barədə pessimist fikirlər də söyləyirlər. Lakin optimistlər daha çoxdur. Məsələ burasındadır ki, jurnalist mətni KİV-in bütün sistemində gərəkdir. Yəni KİV-in heç bir sahəsi mətnsiz ötüşmür. Radio və televiziya verilişləri də internetdə iki formada yerləşdirilir: audiovizual və mətn formasında. Mətn İnternetdəki bütün KİV üçün vacibdir. Nəzərə alsaq ki, İnternetin özündən də istifadə zamanı çox vaxt mətnin çap edilməsi köməyə gəlir, onda mətnin ənənəvi şəkildə qalacağına və ondan ənənəvi şəkildə istifadə olunacağına şübhə yeri qalmır. Qəzetlərin böyük əksəriyyəti indinin özündə belə İnternetə çap versiyasını yerləşdirir. Nəzəri fikirlərə gəldikdə qeyd etmək lazımdır ki, məsələn, ABŞ elmi-nəzəri-praktik fikrində qəzetin gələcəyi barədə müxtəlif fikirlər mövcuddur. “Microsoft”un başçısı, kompüter texnologiyasının məşhur liderlərindən biri Bil Geytsin fikrincə, “qəzetin məhvi labüddür”. “New-York times company”-nin başçısı və “New-York times” qəzetinin naşiri Artur Sulsberqin fikrincə isə, məhz İnternet qəzetin ömrünü uzadacaq və qəzet həmişə olacaqdır.

Qeyd edək ki, XX əsrin sonu və yaşadığımız əsrin ilk dövründə dünya praktikasında qəzetin inkişaf meylləri müxtəlifdir. Qəzet sənayesinin perspektivi ilə bağlı ümidverici proqnozlar da var, narahat notlar da.

ABŞ-ın iki nəhəng media maqnatının – informasiya texnologiyası istehsalına başçılıq edən kəsin və dünyanın “Nyu-York tayms kompani” kimi nəhəng media nəşriyyatçısının fikirlərində hərənin özünə sərfəli proqnozla çıxışı göstərir ki, qəzetin gələcəyi haqqında fikirlərin obyektivliyi hələ o qədər də inandırıcı deyil. Əslində qəzetin gələcəyi haqqında narahatlıq notları jurnalistləri rəqabət meydanında daha yaradıcı və daha dözümlü olmağa dəvət edir. Doğrudur, hələlik ənənəvi qəzetlər yenə də xüsusi oxucu marağı ilə qarşılanır, keyfiyyətli jurnalistika özünü burada daha çox göstərir. Bütün dünyada, eləcə də Azərbaycanda peşəkar jurnalist təşkilatları elektron jurnalistikasından çox qəzet jurnalistikasının inkişafına kömək göstərirlər.

Qəzetin gələcəyi fonunda sahə mətbuatının coşğun inkişafı gözlənilir. Qəzetlər XXI əsrdə ənənəvi funksiyalarını genişləndirməyə cəhd göstərəcəklər. Bu gün televiziya tipində özünü göstərən ictimai, cəmiyyət jurnalistikası gələcəyin qəzetinin də bu yöndə formalaşacağı ehtimalını artırır. Mütəxəssislərin fikrincə, gələcəkdə də ən səviyyəli jurnalistika qəzet səhifəsində olacaq və bu keyfiyyət uzun müddət özünü göstərəcəkdir. Beynəlxalq kommunikativistikada xüsusi nüfuza malik Y.N.Zasurski haqlı qeyd edir ki, qəzetin daha bir üstünlüyü ona hipertekstual xarakter verən dizaynı ilə bağlıdır. Qəzeti əlimizə alarkən bizə aydın olur ki, informasiya əldə etmək işində qəzetdən sərfəli heç nə yoxdur. Qəzetdə informasiya radiodan və televiziyadan asan qavranılır. Çünki qəzet səhifəsi insanın gözü qarşısındadır, heç kimin (diktorun, aparıcının) köməyi olmadan səhifədə özünə lazım olan informasiyanı sərlövhədən, rubrikadan müəyyən edir, lazım olmayanından imtina edir və s. Televiziyada informasiyanın proqramda düzümünü və bu düzümdə tamaşaçıya fərdi lazım olan informasiyanı o, əvvəlcədən görə bilmir. Ona görə də proqramı axıradək izləmək məcburiyyətində qalır və çox zaman da məlum olur ki, o, bir sıra süjetlərə əbəs yerə vaxt sərf etmişdir.

Başqa bir problem ətrafında da diskussiyalar gedir: qəzet hansı formada öz mövcudluğunu saxlayacaq – elektron, yoxsa çap formasında? Əvvəlcədən qeyd edək ki, hələlik çap versiyası olmayan elektron qəzetlər yoxdur. Gələcək informasiya istehlakçısının qəzetin çap formasından imtina edəcəyi gözlənilmir.

Adi həqiqətdir ki, qəzet öz mövcudluğunu nəinki qoruyub saxlamaq, habelə konturları çoxdan görünən kəskin rəqabətə dözə bilmək üçün təkcə məlumatlandırmağı deyil, həm də dizayn baxımından maraqlı olmağı nəzərə almalıdır. Onu da qeyd edək ki, indi ənənəvi “qəzet tərtibi” termini “dizayn” anlayışı ilə əvəzlənməkdədir. “Dizayn” – ingilis dilində “design” sözündən olub ideya, layihə, rəsm mənasını ifadə edir. Son vaxtlar çox geniş mənada işlənib – geniş çeşidli malların estetik keyfiyyətini, xarici görünüşünün gözəlliyini və rahatlıq koofisiyentini nəzərdə tutur. Qəzet texnikası anlayışları sırasında dilə təzə daxil olmağa başlamışdır. Qəzet dizaynı-qəzetin yaradılması prosesində yaradıcılıq işi olub onun qrafik cəhətdən formalaşmasını təmin edir. Dizaynın son məqsədi məzmunun dəqiq ifadəsinə xidmət edir. Dizaynın əsas qanunlarından biri – qəzetdə bütün vasitələrin məzmuna xidmətini təmin etməkdir. Amerikanın “San Mateo times” qəzetinin redaktor müavini Mişel A.Karterin fikrincə, “gözəl dizayn mətnin qrafik elementlərlə – şriftlərlə, fotomateriallarla, diaqramlarla, ağ yerlərlə, sərlövhə və rubrikalarla səliqəli, səriştəli uzlaşmasını təmin etməkdir”. Yaxşı dizayn bəzəkdən çox-çox əvvəl funksional keyfiyyətdir. Yaxşı dizayn forma xatirinə deyil, məzmuna xidmət məqsədilə yaradılır. İndi oxucunun informasiyanı forma xatirinə işlənmiş dizayn arasından axtarmağa vaxtı yoxdur. Amerika qəzet tərtibatı məktəbinin müasir nümayəndələri tərtibatda maksimum funksionallıq tələb edirlər.

Gələcəyin qəzeti şaquli tərtibatdan üfiqi tərtibata keçid mərhələsini yaşayır. İndi tətbiq olunan sərlövhəaltılar Qərb jurnalistikasında dəbdən düşməkdədir. Sərlövhə bir sətirlik olmalıdır. Və bu sərlövhə 32 işarədən artıq olmamalıdır. Bir sətirlik sərlövhələrin sadəlik prinsipinə xidməti nəzərə alınaraq bu formaya üstünlük verilməyə başlamışdır. İnformasiya qrafikasının yaradılmasında “clip art” proqramının imkanları əvvəllər bu vəzifəni yerinə yetirən rəssam-qrafik ştatının artıq olduğunu sübut edir.

Şriftlərin seçilməsi, materialların yerləşdirilməsi üsulu, sərlövhə və mətn arasında boşluğun həcmi və s. kimi tərtibat elementlərinə qəzet işçilərinin müntəzəm xarakter verməsi getdikcə dünya praktikasında özünü göstərməkdədir.

Bu gün Azərbaycan qəzetlərində də ara-sıra özünü göstərən “buterbrod” sistemi – mətnin ən maraqlı məqamının ayrıca şriftlə sərlövhə altına çıxardılması və xüsusi xətkeşlərlə fərqləndirilməsi də dəbə düşməkdədir.

Biznes dünyasında satılan malın gözəl qablaşdırılması çox böyük rol oynadığı kimi, informasiya da beləcə ağıllı “qablaşdırma” tələb edir. Qəzet dizaynının ciddi vəzifələrindən biri məhz budur.

Müasir qəzetçilik işində kompozisiya – qrafik modelləşmə xüsusi əhəmiyyət kəsb edir. Bu, praktik işdir və qəzetin strukturuna, xarici görünüşünə sabitlik verir. Son on ildə Azərbaycan qəzet dizaynı xeyli inkişaf etmiş, onun elementləri geniş demokratik xarakter almışdır. Lakin hələlik dünya qəzet praktikasının inkişaf səviyyəsindən qəbul ediləcək bir çox keyfiyyətlər mövcuddur ki, qəzet jurnalistikası bunu nəzərə almalıdır.

 

 

Cahangir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2012.- 5 aprel.- S.6.