“Gənc istedadlar”: Amerikaya qədər
uzanan müvəffəqiyyət yolu
BDU-nun NƏZDİNDƏ FƏALİYYƏT
GÖSTƏRƏN BU LİSEY 5 İLDƏ ÇOX
MÜHÜM NAİLİYYƏTLƏRƏ İMZA ATIB
Qloballaşan
dünyada ən çətin məsələlərdən
biri də təhsil sisteminin qlobal cəmiyyət müstəvisinə
çıxarılmasıdır. Dahi Nizaminin bir neçə əsr
əvvəl söylədiyi “Elmlə, biliklə, başqa
cür heç kəs, heç kəsə üstünlük
eyləyə bilməz” ifadəsi sanki bugünkü
reallığa daha çox cavab verir. Çünki indiki
dövrdə dövlətlərin gücü nə insan
sayına, nə malik olduğu silaha görə deyil, yalnız
onun intellekt kapitalına görə qiymətləndirilir. Buna
görə də ölkə prezidentinin elm və təhsil
işçiləri qarşısına qoyduğu əsas vəzifələrdən
biri də “iqtisadi potensialımızı intellekt kapitalına
çevirməkdir”. Dövlətimiz bu gün təhsilin
inkişafına böyük qayğı ilə
yanaşır. Ümummilli lider Heydər Əliyev gənclərin
hərtərəfli inkişafında təhsilin
imkanlarını yüksək qiymətləndirir, millətin,
müstəqil dövlətin təməli olan təhsilə
xüsusi qayğı göstərirdi. Ölkə Prezidenti
İlham Əliyev də elm və təhsilin, gəncliyin
inkişafı ilə bağlı olur çox ciddi işlər
görür, dövlət siyasətində Avropa elm və təhsilinə
inteqrasiya olunmaq prioritet kimi qəbul edilir və bu istiqamətdə
islahatlar aparılır.
Gənc
nəslin tərbiyəsinin qarşısında duran
başlıca məqsədlərə və hərtərəfli
biliyə, mütərəqqi dünyagörüşə,
milli və ümumbəşəri əxlaqa, mənəviyyata
və mədəni dəyərlərə yiyələnən
şəxsiyyət formalaşdırmaq və cəmiyyətimiz
üçün layiqli vətəndaşlar yetişdirmək
olduğundan hazırda məktəblərdə
uşaqların tərbiyəsini müasir tələblər səviyyəsinə
qaldırmaq çox vacibdir. Bakı Dövlət Universitetinin
nəzdində fəaliyyət göstərən “Gənc
istedadlar” liseyi də məhz bu məqsədlərə xidmət
göstərmək üçün yaradılıb.
Liseyin yaranma tarixi
17
aprel 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı
ilə “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilib. Bu
proqrama uyğun olaraq Bakı Dövlət Universitetinin (BDU)
rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü
və səyi, həmçinin Təhsil Nazirliyin
razılığı ilə 2007-ci ildən BDU-nun nəzdində
“Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Liseyin
başlıca vəzifəsi milli amallara xidmət edəcək
gənc istedadları üzə çıxarmaq, onların
inkişafına hərtərəfli şərait yaratmaq, gələcək
inkişaflarını düzgün istiqamətləndirmək,
dərin biliyə, həmçinin yüksək mənəvi
keyfiyyətlərə malik gənclər yetişdirməkdən
ibarətdir. Liseyin fəaliyyətə başlaması təkcə
istedadlı şagirdləri üzə çıxarıb,
yetişdirməklə məhdudlaşmır, eyni zamanda,
böyük sürətlə inkişaf edən texnologiyalar
dünyasında bu dəyişikliklərə dinamik şəkildə
uyğunlaşan şəxsləri tərbiyə etməyi
özünə əsas vəzifə bilir. Lisey hazırda tələb
olunan kadrlara və maddi texniki bazaya malikdir. Liseydə təlim-tədris
bir növbədə, Azərbaycan və rus dillərində
aparılır.
Təlim-tərbiyənin keyfiyyətinin
yaxşılaşdırılması sahəsində görülən işlər
Təlim-tərbiyə
işinin səviyyəsini yüksəltmək, qabaqcıl
pedaqoji təcrübənin nailiyyətlərini tətbiq etmək,
iş planlarını müzakirə və təsdiq etmək,
liseydə kollegial prinsipi həyata keçirmək
üçün pedaqoji şura fəaliyyət göstərir.
Fənlərin
tədrisinin vəziyyəti müvafiq komissiya tərəfindən
öyrənilir və Liseyin Pedaqoji Şurasında müzakirə
olunur. Təlim-tərbiyənin keyfiyyətinin
yaxşılaşdırılması sahəsində işlər
tədris planları və proqramlarının
hazırlanması, pedaqoji kollektivlə, şagird və
valideynlərlə, həmçinin ictimai qurumlarla iş
istiqamətlərində aparılır.
Lisey
öz fəaliyyətində Təhsil Nazirliyinin əmri ilə
təsdiq edilmiş tədris planlarını əsas
götürməklə yanaşı, BDU-nun Elmi
Şurasının tövsiyələrini, təhsil və tərbiyə
haqqında müasir pedaqogikanın son nailiyyətlərini də
rəhbər tutur. Məlumdur ki, təlim-tərbiyə
prosesinin əsas iştirakçıları-şagirdlər,
pedaqoji işçilər və valideynlərdir.
VII-X siniflərə qəbul test və müsabiqə yolu ilə həyata
keçirilir
Liseyin
VII-X siniflərinə şagird qəbulu 2007-ci ilin avqust
ayında BDU müəllimlərinin iştirakıyla
müsahibə yolu ilə, sonrakı illərdə isə
rektorun əmri ilə yaradılmış qəbul
komissiyası tərəfindən test üsulu ilə hər ilin
iyun ayında aparılır. Liseyə şagird qəbulu
zamanı ayrı-ayrı fənlərdən imtahan
suallarının hazırlanmasında BDU-nun müvafiq
kafedralarının müəllimləri yaxından iştirak
edirlər. İstedadlı şagirdlər, onların
inkişafı problemi liseyin əsas tədqiqat obyekti, ən
başlıca məqsədidir. Onlar lisey tərəfindən
böyük qayğı və diqqətlə əhatə
olunurlar. Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi
lisey daxili yoxlamalar, Təhsil Nazirliyinin və TQDK-nın
sınaq imtahanları, həmçinin digər qurumların
keçirdiyi “Bilik” yarışları vasitəsilə həyata
keçirilir.
Lisey
pedaqoji şurasının qərarı, valideynlərin
razılığı ilə riyaziyyat, fizika və kimya fənlərindən
şagirdlərin biliyi yazılı, digər fənlərdən
isə şifahi yoxlamalar yolu ilə qiymətləndirilir. Bu
üsul onların təfəkkürünün və nitq mədəniyyətinin
inkişafına kömək edir. Buraxılış sinif
şagirdlərinin biliyinin müqayisəli təhlili və tədris
illəri üzrə lisey şagirdlərinin mənimsəmə
və keyfiyyət göstəriciləri bu fikri təsdiq edir.
Liseyin
fəaliyyətində əsas aparıcı qüvvə
müəllimlərdir. Onlar müsabiqə yolu ilə
seçilir, əmək müqaviləsi ilə fəaliyyət
göstərirlər. Müsabiqədə orta və ali məktəblərin
müəllimləri, elmi idarələrin əməkdaşları
iştirak edirlər. Liseyə pedaqoji işçilər təyin
edilərkən onların elmi-nəzəri, metodik
hazırlığı, peşə ustalığı,
uşaqlarla işləmək qabiliyyəti, intizamı və məsuliyyəti
təkcə liseyin müdiriyyəti tərəfindən deyil,
BDU-nun müvafiq kafedraları və universitetin rəhbərliyi
tərəfindən ciddi surətdə nəzərə
alınır. Müəllimlərin fəaliyyəti lisey pedaqoji
şurası tərəfindən öyrənilib, qiymətləndirilir.
BDU ilə əməkdaşlıq
BDU-nun
müvafiq kafedralarının müəllimləri mütəmadi
olaraq lisey müəllimlərinin dərslərində olur,
onlara elmi-metodiki cəhətdən məsləhətlər
verir, XI sinif şagirdlərinin bilik səviyyələrinin
yoxlanılmasında iştirak edirlər.
Rektor
Abel Məhərrəmovun göstərişinə əsasən,
liseyin istedadlı şagirdlərindən 37 nəfəri,
onların meyil və maraqları nəzərə alınmaqla,
yaradıcı potensiallarının daha da inkişaf etdirilməsi
məqsədilə müxtəlif fənlər üzrə
BDU-nun professor-müəllim heyətinə təhkim olunub. Qeyd
olunanlarla yanaşı, şagirdlərin siyasi, ekoloji mədəniyyətinin
formalaşdırılması, vətənpərvərlik, əxlaqi
və estetik tərbiyəsinin təşkili, onlarda mənəvi-iradi
keyfiyyətlərin formalaşdırılması məqsədilə
keçirilən tədbirlərdə BDU-nun müəllimləri
yaxından iştirak edirlər.
BDU-nun
professor-müəllim heyəti ilə yanaşı, tələbələri
də liseylə sıx əlaqə saxlayırlar. Artıq
dördüncü tədris ilidir ki, müvafiq fakültələrin
tələbələri pedaqoji təcrübəni liseydə
keçirlər. Liseyin müəllimləri tələbələrə
diqqət və qayğı ilə yanaşır, onlara metodiki
məsləhətlər verir, müasir təlim
metodlarını izah edirlər. Bir qayda olaraq, pedaqoji təcrübələr
başa çatdıqdan sonra BDU-nun müvafiq fakültə
dekanları və kafedra müdirlərinin, pedaqoji təcrübə
rəhbərlərinin, metodistlərin və lisey müəllimlərinin
iştirakı ilə yekun konfransı keçirilir, pedaqoji təcrübənin
nəticələri təhlil olunur.
BDU-nun
professor-müəllim heyətinin üzvləri müxtəlif
vaxtlarda liseyin ayrı-ayrı siniflərində nümunəvi
dərslər keçiblər. BDU-nun rektoru Abel Məhərrəmov
özü də X sinif şagirdlərinə “Üzvi birləşmələrdə
kimyəvi rabitələrin elektron təbiəti” mövzusunda
nümunə dərsi keçib. Akademikin ali məktəbdə
tələbələrə dərs deməsi təbii
haldır, liseydə dərs keçməsi isə təqdirəlayiqdir.
Nüfuzlu ali məktəb müəllimlərinin keçdikləri
nümunəvi dərslər şagirdlərin yaradıcı təfəkkürü
və müstəqilliyinin inkişafında xüsusi əhəmiyyət
kəsb edir.
Qazanılan uğurlar
Beş
illik tarixi olan “Gənc istedadlar” liseyinə maraq çox
böyükdür. Burada təhsil almaq istəyənlərin
sayı ildən-ilə artır. Fakt və rəqəmlər
liseyin uğurlarından soraq verir. Bu nailiyyətlərin əsası
tədris müəssisəsinin Azərbaycanın ən
qabaqcıl ali məktəbi olan BDU-nun nəzdində fəaliyyət
göstərməsi, onun imkanlarından istifadə etməsi,
lisey kollektivinin öz işinə məsuliyyətlə
yanaşmasıdır. Təhsil alan hər bir gəncin
başlıca məqsədi orta məktəbi bitirdikdən
sonra seçdiyi ixtisas üzrə ali məktəbə qəbul
olmaqdır. Bu, həm də müəllim və valideynlərin
arzusudur.
5 illik
fəaliyyəti dövründə üç
buraxılışı olan liseyin Azərbaycan və rus
bölmələrini 2008-2009-cu tədris ilində 24 nəfər
bitirib və onların hamısı ali məktəbə qəbul
olunublar. 13-ü 500-dən, 3-ü 600-dən yuxarı bal
toplayıb. Onların 9-u Bakı Dövlət Universitetinə
qəbul olunub, 1-i isə prezident təqaüdünə layiq
görülüb. 2009-2010-cu tədris ilində məzun olan 18
nəfərin hamısı dövlət universitetlərinə
qəbul olunub. Onlardan 12-si 500-dən, 5-i 600-dən yuxarı
bal toplayıb, 1-i İ.Meçnikov adına Sank-Peterburq
Dövlət Tibb Universitetinə, 7 nəfəri isə BDU-a qəbul
olub. 2010-2011-cu tədris ilində liseyi 19 nəfər bitirib və
hamısı ali təhsil ocaqlarına qəbul olunub. Onlardan
12-si 500-dən, 7-si 600-dən yuxarı bal toplayıblar.
6-sı BDU-nun, 1-i isə Ryazanda Dövlət hüquq və
İdarəetmə Akademiyasının tələbəsidir.
Prezident təqaüdünə layiq görülən tələbələrin
sayı 1 nəfərdir və o, hazırda BDU-nun tətbiqi-riyaziyyat
və kibernetika fakültəsində oxuyur. “Gənc
istedadlar”ın indiyədək 3 buraxılışının
61 məzununun hamısı ali məktəblərə, o
cümlədən 22-si BDU-ya qəbul olub. TQDK-nın statistik məlumatına
görə, 2010 və 2011-ci tədris ilində Təhsil
Nazirliyinin tabeliyində olan dövlət və özəl
liseylər içərisində “Gənc istedadlar” liseyi qəbulda
toplanan orta bala və ayrı-ayrı fənlərdən verilən
düzgün cavablara görə I yer qazanıb.
Pedaqoji
kollektiv elmi-pedaqoji nailiyyətləri, yeni təlim metodları
və texnologiyalarını öyrənib tədrisi prosesində
tətbiq etməyə çalışır. Tədris
prosesində şagirdlərin bilik və bacarıq səviyyəsinin
daha da artması üçün test yoxlamaları və
olimpiadaların, inşa yazı müsabiqələrin, əlavə
məşğələlərin təşkilinə,
mühüm tarixi gün və əlamətdar hadisələrin
qeyd olunmasında şagirdlərin fəal iştirakına
xüsusi diqqət yetirilir. Bütün bunların nəticəsidir
ki, liseyin şagirdləri respublika olimpiadasında müxtəlif
bilik və idman yarışlarında bir sıra uğurlar
qazanıblar. Lisey 2008-ci ildən respublika olimpiadalarında
iştirak edir. Belə ki, 2008-ci ildə Rəcəbov Rəcəb
riyaziyyat üzrə 3-cü, 2009-cu ildə Eyvazlı Elvin tarix
üzrə 1-ci və Rəcəbov Rəcəb riyaziyyat
üzrə 2-ci yerə layiq görülüblər. Lisey həmin
uğurunu 2010-cu ildə də davam etdirib. Quluzadə Sona kimya,
Həsənli Orxan fizika üzrə 1-ci, Bayramlı Aytac isə
kimya üzrə 3-cü yeri qazanıblar.
Lisey
şagirdləri həmin ənənəni bu il də davam
etdirib və müvafiq yerlərə layiq görülüblər.
Belə ki, liseyin 9 və 10-cu sinif şagirdləri
Tağıyeva Vəfa Aqil qızı kimya, Abbasova Nərmin Bəxtiyar
qızı Azərbaycan dili, Quluzadə Sona Adəm
qızı kimya fənni üzrə 1-ci yeri qazanıblar.
Liseyin 9-cu sinif şagirdi Əkbərov İsmayıl
İbrahim oğlu kimya, 10-cu sinif şagirdi Ömərov Samir
Şakir oğlu informatika və 11-ci sinif şagirdi Rəcəbli
Əhməd Əlövsət oğlu riyaziyyat üzrə
3-cü yerə layiq görülüblər.
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 85 və 86 illik
yubileyləri münasibətilə 2008 və 2009-cu illərdə
Müasir Təhsil Kompleksində 35 komandanın iştirakı
ilə keçirilmiş intellekt yarışlarında
şagirdlər I, “XXI əsr” Beynəlxalq Təhsil və
İnnovasiya Mərkəzi tədris müəssisəsində
2008-2010-cu illərdə keçirilmiş intellekt
yarışlarında isə I-III yerləri tutublar. “Araz”
kurslarının təşkil etdiyi məktəblilərarası
ənənəvi “Bilik” yarışlarında şagirdlərin
əksəriyyəti yüksək nəticələr göstərib,
Bakı məktəbləri arasında lisey III yerə layiq
görülüb. Liseyin şagirdləri Pərizad Quliyeva
idman akrobatikası üzrə Azərbaycan çempionu,
şahmat üzrə gənclər arasında Azərbaycan
çempionu Aqil Pirverdiyev məktəblilərarası müxtəlif
beynəlxalq yarışların qalibidir. 2011-ci ilim aprel
ayının 7-8-də Bakıda keçirilmiş Ətraf
Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasında şagirdlərdən Fidan Qurbanova və Nicat
İsazadə təqdim etdikləri işə görə III
mükafatı alıblar. 2011-ci ilim may ayının 3-6-da
Türkiyənin İstanbul şəhərində MEF-EBAV 20-ci
Beynəlxalq Tədqiqatlar Layihələri sərgisi keçirilib.
Tədbirdə BDU nəzdindəki “Gənc istedadlar” liseyinin
fizika müəllimi Niyazi Həsənov və şagirdləri
X sinif şagirdi Aygül Həsənli, IX sinif şagirdi Teymur
İsazadə “Ekoloji faktorların (radiasiya, ağır
metallar) Coccinelidlərin biomüxtəlifliyinə təsiri”
adlı layihə ilə çıxış etdilər. Təqdim
olunan layihə “orijinal və elmi yeniliyi olan layihə” kimi fərqləndirilib
və kuboka layiq görülüb.
Liseyin
şagirdi Quluzadə Sona Adəm qızı MDU-nun Bakı
filialında keçirilən yarışlarda yüksək nəticə
əldə etdiyinə görə aprel ayının
sonlarında Qazaxıstanın Astana şəhərində
keçiriləcək Beynəlxalq Mendeleyev olimpiadasında
iştirak etmək hüquq qazanıb. Azərbaycandan həmin
olimpiadada 7 nəfər təmsil olunacaq ki, onlardan 2 nəfəri
Təhsil Nazirliyinin tabeliyində olan lisey və məktəblərdəndir.
ABŞ-da keçirilən
“Sabahın alimləri” müsabiqəsində yüksək nəticə
Liseyin
ən son nailiyyətlərindən biri də bu il mayın
13-18-də ABŞ-ın Pensilvaniya ştatının Pitsburq
şəhərində keçirilən “Sabahın alimləri”
müsabiqəsinə Azərbaycan tərəfindən təqdim
olunan 3 layihədən ikisinin “Gənc istedadlar”ın tələbələrinə
məxsus olmasıdır. Qeyd edək ki, yuxarı sinif
şagirdlərinin elmi axtarışlara sövq edilməsi,
onların müasir tədqiqat metoduna yiyələnməsi, bu
sahədəki fəaliyyətlərinin
stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə
meyli olan istedadlı şagirdlərin aşkara
çıxarılması, ali təhsil müəssisələri
ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin
genişləndirilməsi, təhsil sahəsində daha
böyük uğurlar qazanmağa şərait yaradır. Bu məqsədlə
təhsil naziri Misir Mərdanovun 12 oktyabr 2011-ci il sərəncamına
əsasən, Bakı və Sumqayıt şəhərlərində
fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin
IX-XI sinif şagirdləri tərəfindən yerinə
yetirilmiş tədqiqat layihələrinin “Sabahın alimləri”
adlı müsabiqəsi keçirilib. Müsabiqə 60 ildən
artıqdır ki, keçirilir və
iştirakçılardan sonralar Nobel mükafatına layiq
görülənlər az deyil. Azərbaycan MDB məkanında
Rusiya, Ukrayna, Qazaxıstandan sonra dördüncü ölkədir
ki, bu müsabiqədə iştirak edir. Təhsil Nazirliyinin məsul
əməkdaşları ABŞ-da layihə ilə
bağlı bütün detalları öyrənib və onun
Azərbaycanda reallaşmasına çalışıblar.
Müsabiqəyə təqdim olunan layihədə elmi yenilik
olmalı, həmin iş gələcəkdə tətbiq sahəsi
tapmalıdır. Müsabiqədə “Gənc istedadlar”dan 12
şagird 9 layihə ilə iştirak edib. 2 layihə kollektiv,
digərləri isə fərdi şəkildə
hazırlanıb. Həmin şagirdlərə böyük
alimlər, yüksək ixtisaslı müəllimlər istiqamət
verib. Layihələr Azərbaycan və rus dillərində qəbul
edilib və lisey şagirdlərindən I yeri 5 nəfər, II
yeri 3 nəfər, III yeri isə 4 nəfər tutaraq sertifikat,
medal və pul mükafatı ilə təltif olunublar. I yerə
Səfərəlizadə Mahirə Mayis qızı, Bayramov
Arif Anar oğlu, Ömərov Samir Şakir oğlu, Xəlilov
İbrahim Fərhad oğlu, Əmirxanlı Əminə Səcərəddin
qızı layiq görülüblər. İsgəndərzadə
Aydan Kamran qızı, Məmmədli Aytac Müşfiq
qızı, Quliyev Orxan Elçin oğlu II, Qəmbərova
Leyla Vaqif qızı, Ağayeva Aybəniz Azər qızı,
Məmmədov Vüsal Elşən oğlu və Muradova Nərmin
Salman qızı isə III yerin sahibi olublar.
Lisey
kollektivinin qazandığı uğurların nəticəsidir
ki, onun əməkdaşları müxtəlif vaxtlarda Azərbaycan
Respublikasının “Əməkdar müəllimi” fəxri
adına, Təhsil Nazirliyin “Qabaqcıl təhsil
işçisi” döş nişanına, fəxri fərmanına,
təşəkkürünə, BDU rektorluğunun Fəxri Fərmanına,
təşəkkürünə və pul mükafatına
layiq görülüblər.
Cəmi
3 buraxılışı olsa da, uğurlarının sayı
ondan qat-qat çox olan liseyin əldə etdiyi bütün bu
nailiyyətlərdə ona dəstək verən insanların,
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun,
liseyin direktoru, professor Qasım Hüseynovun, o cümlədən
bütün kollektivin xüsusi əməyi var.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 5 aprel.- S.8.