Məndən demək...
Hər insan doğulduğu gündən mənzilinə yönəlmiş kamikadzedir. Olduğumuz şəkildə enerjimiz ora kimidir. Ordan o yana enerjimiz necə, nə şəkildə yaşayacaq? Bu nağıllarımızdakı həmişə bağlı olan qırxıncı qapıdır. Sirlidir. Bir şeyi dəqiq bilirik ki, o dünyadan geri dönmək üçün heç kəsin vizası yoxdur. Hər kəs öz yolunda öz mənzilinə uçur, qaçır, yeriyir, sürünür. Hər kəs istedadlıdır, hər kəs öz barmağının izi kimi orijinaldır. Lakin hamı özünün aid olduğu sahəni müəyyən edə bilmir. Allahın ona verdiyi istedadı aidiyyəti üzrə yönəldib sərf etmir. Özünü yoldan-yola atır, həmin yolun adamlarına mane olur, əlinə-ayağına dolaşır, uğursuzluğunda onları günahkar sayır. Qəzəblənir, uğur qazananları qarşısında maneə kimi görür. Uğursuzluğunda onları günahkar sayır. Girəvə düşdü-düşmədi onları sancır, söyür, bununla təskinlik tapır. Bu yolda özünün görünmədiyini, diqqətdən kənarda qaldığını haqsızlıq sayır. Zəmanəni, quruluşu, yaşadığı dövranı lənətləyir. Diqqət çəkmək üçün axının əksinə gedir, təriflənənləri, zəhməti ilə uğur qazananları bacardıqca sancır, ləkələməyə çalışır. Əslində o, belə insan deyil. Öz yolunda, öz yerində olmaması, istedadının aid olmadığı yolda olması onu bu hala salıb, insanların gözündə rəngsiz, gözə çarpmayan adam edib. O da qəzəbindən bu yolda cəmiyyətin ən çox məhəbbətini, sevgisini qazanmış istedadlı sənətkarlarını sancır ki, cəmiyyəti ağrıtsın, dönüb ona baxsınlar, onu görsünlər. Əslində bunlar “ay camaat, mən də varam axı” – deməkdir. Amma özündən soruşmağa gücü çatmır ki, “mənim hansı işimi görsünlər? Bəlkə mən heç bu sahənin adamı deyiləm, bəlkə qayıdıb öz yolunu tapmaq hələ gec deyil”. Sözümün əvvəlində dedim ki, o dünyadan dönməyə heç kəsin vizası yoxdur. Amma son nöqtəyə qədər hər kəsin həmişə qayıtmaq imkanı var. Hətta dinimizdə də deyilir “Tövbə qapısı həmişə açıqdır”. Əslində belə insanlar əzab və işgəncə içində yaşayırlar. Dərd burdadır ki, onlara bu əzabı, işgəncəni verən də özləridir. Yalan-böhtan demək istəmir, amma deyir, söyüş söymək istəmir, söyür. Görür cəmiyyətin vecinə deyil, daha da hirslənir. Cəmiyyət dəniz kimidir; nə atırsan udur, yuyur, sonra atır sahilə, zamandan kənara. Yenə də deyirəm qayıtmaq, öz yolunu tapmaq həmişə gec deyil. Qayıdıb aid olduğu yeri tapan, istedadını göstərən, böyük uğurlar qazanan insanlar çoxdur, bundan sonra da olacaq. Belələri özlərini də əzabdan qurtarır, ətraf mühiti də saflaşdırır. Qayıtmayanlar “yolsuzluq da bir yoldur” – deyənlər arada bir qan qaralda bilsələr də, cəmiyyətə bir az zərər verə bilsələr də çıxar sayılırlar. Hər sahədə məhsulun müəyyən faiz çıxarı nəzərdə tutulur. Görünür, Yaradanımız da insan adlandırdığı məhsulunun da müəyyən faiz çıxarını nəzərdə tutub. Bu çıxardan da istəkli insanlarının təmkinini, səbrini, dözümünü yoxlamaq üçün hərdən istifadə edir.
Belə
çıxarlardan Yazıçılar arasında da var. Adam
var, dəlixanada olmalıdı, amma yazıçılıq
edir. Adam var tərsinə. Gülməyin, işlədiyiniz sahəni,
çalışdığınız idarəni xəyalınıza
gətirin, görəcəksiniz sizdə də belələri
var. Atalar deyib: “Hər kəndin öz dəlisi olur”. Ətrafınıza
diqqətlə baxın. Siz onları görəcəksiniz. Belə
birisi yazı-pozu ilə daha çox poza və pozu ilə məşğul
olursa, tez-tez məşhur bir yazıçıya hədyan
yazırsa, bəziləri də xəlvətdə əllərini
ovuşdurub həzz alırsa, bu, fəlakət deyil.
Böyük fəlakət belələrinin dövlət
qulluğunda, idarəçilikdə, vəzifədə, hətta
Milli Məclisdə ola bilməsidir. Düzdür, əvvəl-axır
belələri ifşa olunur. Amma ifşa olunana qədər
xeyli zərər vurur. O yerdən durub baxanda ədəbiyyata dəyən
zərəri təsəvvür edə bilərsiniz.
Həyatda
ən çətin şey özünü tapmaqdır, öz
yerini, öz yolunu, hansı sənətə, hansı peşəyə
məxsus olduğunu kəşf etməkdi. Bir ölkədə
hər kəs öz peşəsini tapıb onun ən
yaxşı ustası olarsa, o ölkə sürətlə
inkişaf edər, insanlar bir-birinə hörmət və məhəbbətlə
yanaşar. Ünsiyyət mədəniyyəti yüksək səviyyədə
olar. Amma təəssüf hissi ilə deməliyəm ki, bizim
bu səviyyəyə gəlib çıxmağımıza
xeyli vaxt gedəcək. Bunda nə bugünkü quruluş, nə
də zaman günahkar deyil. Günah bizim özümüzdə,
bizim şüurumuzdadır.
Vyetnam
xalqı kimi otuz il döyüşüb azadlığı
qazanmış olsaydıq, qazandığımızın qədrini
bilərdik. Bizə azadlığı 1990-cı ildə rus
tanklarına qarşı qəzəbimiz və qeyrətimiz gətirdi.
Tanklar üstümüzdən keçdi, küçələrimizi
qanımıza boyadı. İçimizdəki azadlıq
eşqini hərəkətə gətirdi. Nəhayət,
SSRİ dağıldı. Biz də azad olduq. Gərək elə
həmin andan əl-ələ verib hamımız birgə
çalışaydıq. Hər kəs özünə
bacardığı bir iş tapıb qarnımızı
doyurmaq üçün yox, azadlığı qorumaq
üçün çalışaydıq. İyirmi il
keçib, indi-indi özümüzü bərpa edirik. Hələ
iyirmi faiz torpaqlarımız düşmən tapdağı
altındadır. “Azadlıq” və “Yeni Müsavat”qəzetlərindəki
köşə yazılarını oxuyuram. Zümrüd
Yağmur qızımız yazır: “Anar deyir ki, bizdən
sonra ədəbiyyat olacaq, gənclər də deməsin ki,
bizdən əvvəl ədəbiyyat olmayıb”. Xanım qəzəblənir,
bu, “dəymə mənə, dəyməyim sənə”
prinsipidir –deyir. Bəs nə desin, ay bala, atan yaşda kişi,
desin, gəl dalaşaq? İdmançı dili ilə desək,
qızım, o boyda çəki fərqi ilə sizi bir totemə,
rinqə hakimlər buraxmaz. Daha sonra Anar
işini-gücünü buraxıb sizə
qoşulmadığına, sizin kimi düşünüb,
sizin dediyinizi demədiyinə görə Xalq
yazıçısını danlayırsınız. Elə həmin
köşə yazısında Zümrüd xanım Xalq
yazıçısı Elçini də tənbeh edir,
yazır: “Elə baş nazir kimi az qala gözəgörünməzə
dönən Elçin ölkənin bu günlərində niyə
mövqe sərgiləmir?” Çox qəribə iraddır. Ay
qızım, Xalq yazıçısı, elmlər doktoru
Elçin də atan yaşda, hələ bəlkə atandan da
yaşlıdır. Bax gör, mənəvi cəhətdən
az danışmaq plankanı çox yuxarı
qaldırmamısan ki?
Zümrüd
xanım, yəqin unutmusunuz, Elçin baş nazir deyil, baş
nazirin humanitar sahəni idarə edən müavinidir. Sizin
tapşırığınızı yerinə yetirmək
üçün gərək Elçin öz portretini
kreslosunda otuzdursun, portretinə öz mövqeyini sərgiləsin.
Zümrüd xanım, hər kəs işini buraxıb küçəyə çıxsa, hər kəs məhz sizin mövqeyinizi sərgiləsə, kimi çomaqla, kimi bıçaqla, kimi daşla... Bizi “sakitləşdirmək, barışdırmaq üçün” iyirmisi yanvarda gələn tankların mühərrikləri hələ də işləyir, hazır vəziyyətdədir, məqam gözləyir. Dünyaya da elan edəcəklər ki, Azərbaycan xalqı hələ müstəqil yaşamağa hazır deyil. Biz olmasaydıq, bir-birini qıracaqdılar.
Zümrüd
Yağmur bala, belə-belə işlər. Mənim yetmiş
yeddi yaşım var, Anar yetmiş beşdədir, üç
ilin, beş ilin qonaqlarıyıq. Amma sən cavansan,
yaşayacaqsan. İndi dediklərinçün ömrün
boyu peşmanlıq çəkəcəksən. Ehtiyatlı
ol, öz gələcəyini ləkələmə.
“Azadlıq” qəzetinin köşə yazarı Xalıq
Göyçay rayonunun məhkəməsi qarşısına
səfərdən oxucuları üçün şad xəbərlə
qayıdıb. “Azadlıq” qəzetinin 28 mart nömrəsində
yazır: “Məhkəmə binasının
qarşısında adamlar məni dövrəyə
aldılar. Gedin qəzetinizdə yazın, hamı bilsin; (eyniylə
Məşədi İbadın sözləridir) Bu rayondan olan
Anar kimi yalançı “Xalq yazıçıları” bizim
yazıçımız deyil. Bizim yazıçımız
sizsiniz!” Bu sözləri deyən çox ağıllı adam
olduğundan Xalıq Bahadur onun adını çəkmir.
Olar, olar, inanıram o boyda Göyçay rayonunda belə bir
adam tapılar ki, səni yazıçı saysın? Olar. Amma
elə birini tapmışkən əl çəkməyəydin,
soruşaydın görək hansı romanlarını daha
çox sevir. Hansı povestlərin, hekayələrin onun
stolüstü kitabıdır? Hər halda gözəl xəbərdi.
Səni təbrik edirəm. Bahadur, mən sizin nəsli
yaxşı tanıyıram, orda çox ləyaqətli, qeyrətli,
mötəbər kişilər olub, inanıram ki, hələ
də var. O adamlar biri ilə sözləri çəp
düşəndə onların atası, anası,
övladları haqqında danışmazdılar.
Başqalarını da danışmağa qoymazdılar. Yəni,
bu dəyərlər belə dəyərsizləşib ki,
Anara görə oğlu Tural haqqında hədyan yazırsan. Səmimi
bilmək istəyirəm, bu əməlinə görə
özün-özündən heç irpinmədin? Turalı
uşaq vaxtından tanıyıram. Gözəl təhsil-tərbiyə
alıb, beş dil bilir. Təmkinli, zəngin məlumatlı
bir ziyalıdır. Yaşına görə diplomat kimi kifayət
qədər təcrübə sahibidir. Səfir vəzifəsinə
də addım-addım, pillə-pillə, zəhmətiylə,
biliyiylə, təcrübəsiylə yüksəlib. Mənim
üçün ən əsası odur ki, istedadlı bir gənc
yazıçıdır. Onun satirik hekayələri də
adamı heyran edir. “Tənha mələk” adlı hekayələr
kitabını alın, oxuyun. O kitab “Azadlıq” qəzeti
üçün bir xəzinədir. O kitabdan qəzetin hər
nömrəsində bir hekayə versəniz, oxucunuz birə-beş
artar. Bəlkə də haqsız olduğunuzu başa
düşdünüz.
“Əzizlərim”
dırnaqarası Anarşünaslar, Anarfobia ilə
yaşayanlar! Yazımın əvvəlində dediyim
“Gürcü familyası”na bənzəyən kamikadzelərin
Anar o sülaləsinə aiddir ki, elə ilk
addımlarından Allah verən istedadının aid olduğu
yolu tapır, əlini atdığı hər mövzu cana gəlir.
İlk gənclik illərindən populyarlaşır.
Yaradıcılığında fasilə vermir. Kənardan gələn
hər səsə boylanmır. Sevimli işində fasilə
vermir. Hara baxırsa onun mövzusudur. Elə qorxduğu şey
də odur ki, birdən bu mövzuları yazıb
çatdıra bilməz. Bəzi ağzıgöyçəklər
deyə bilər ki, “nə vecinədi, oturub əsər
yazır, dünyada, ölkədə, cəmiyyətdə
baş verənlər vecinə deyil”. Xeyr, zaman, hadisələr,
cəmiyyətdə baş verənlər hamısı onun
içindən süzülüb keçib. Eyni zamanda bu hadisələr
ona mövzu gətirib. Anar o mövzuları köşə
yazıları kimi deyil, sənədli əsər kimi, bədii
əsər kimi yazıb xalqa təqdim edib. O əsərlər
Anarın hadisələrə münasibəti idi, dilinin
aydınlığı, axtarıcılığı,
axarlılığı, yazılış səmimiyyətinə
görə sevilə-sevilə oxunurdu. Gənc yaşında
iki böyük insanı – atasını, anasını iki
ayın ərzində itirdi. Onlar Anarın gözü
qabağında gedirdi. Evin yeganə oğlu Anar idi. Anar bu hadisələri
əvvəlcədən xəyalında görürdü,
canlandırırdı. Qəlbində “yox”! deyirdi, üsyan
edirdi. Atasının, anasının üzünə baxa-baxa,
gülümsünə-gülümsünə içəridə
ürəyi hıçqırırdı. Panikaya düşməkdən
özünü qoruyurdu, əlindən gələni,
mümkün olanı eləyirdi. Amma onun-bunun üstünə
qaçıb, dərdini danışıb, imdad diləmirdi.
Sığındığı, ürəyini ovudan onun öz
sənəti idi. Dərdini ona pıçıldayırdı.
Dərdi insanın kürəyinə görə verir Allah,
Anar dözdü. Taleyin bu zərbələrindən bir az da bərkiyib
çıxdı. Ortaya “Sizsiz” kitabını qoydu. O kitabı
milyonlarla insan illərin susuzu kimi içdi, Anarın dərdinə
şərik oldu. Rəsul Rza, Nigar xanım əfsanələşdi.
1988-90-cı illər çaxnaşmasında yenə səslər
ucaldı “Anar niyə tribunaya qalxmır?”. Anar isə öz
işində idi. Bakıda mitinqlərdə, Moskvada Ali Sovetində
tribunalara da qalxdı, xarici qəzetlərdə yazdı, Mərkəzi
TV-də də göründü. Hadisələrin sonuna Anar
“Ağ qoç, qara qoç” əsəri ilə gəldi. “Azərbaycançılıq”
adlı proqram əsərini ortaya qoydu. Onu da deyim ki, bu əsərləri
yazdıran hadisələrin ağrısını Anar öz
içində atasının, anasının
ağrısına bərabər çəkib.
Yadınıza
salın, 1990-cı ilin qanlı yanvarın 22-də
akademiyanın böyük zalında səhnədə
iclası aparan, bəyanatı hazırlayan, oxuyan, sonra da
dünyaya yayan kimlər idi? Səhnədə Anarla Elçin
idi. Bəs siz harda idiniz? Yox, siz onlardan populist
çıxışlar, tribunadan araqarışdıran,
hap-goplu nitqlər istəyirsiniz. Cənablar, ünvanı səhv
salmısınız. Düşmənlə üzbəüz gəlib
onun gözünün içinə qəzəbini bildirmək
bir şeydir, çayxanalarda özünün küləkarası
basıb- kəsməsi başqa şey. Canı-qanı ilə
sənətinə bağlı olan, peşəsini sevən, vətəninə,
millətinə vurğun insanların belə şeylərə
vaxtı olmur. Belələri onsuz da çoxdur. İçi
hava ilə doldurulmuş ala-bəzək şarlar kimi hərəsinin
ipi bir əldə, hara baxsan adamın gözünə girir.
Sonrakı illərdə “Anar Türkiyəyə niyə getdi”
– deyənlərə cavab olaraq “Otel odası” povestini gətirdi.
“Min beş yüz ilin oğuz şeiri” nəhəng iki cildlik
antologiyasını gətirdi. Bu antologiya ilə o, təkbaşına
bir elmi institutun işini görmüşdü. Görmək və
bilmək istəyənlər üçün Anarın Vətən
uğrunda gördüyü işlər göz
qabağındadır. Elə bilirəm fikrim sizə
çatdı. Farsın bir məsəli var, deyir: “Necəsən,
qanmayım atan yansın”. Məni qınamayın, elə bilirəm
bəzən siz qəsdən bu prinsiplə
davranırsınız.
Dünyada
ən xoşbəxt və ən güclü insan öz
işi, peşəsi ilə məşğul olan adamdır.
Anar da öz işi ilə məşğuldur. Gənc və
çox da gənc olmayan dostlarım, özünüzü
yormayın. Vaxt çox tez keçir. Ona-buna
sataşa-sataşa bir də görəcəksiniz siz də
qocalmısınız. Nə işiniz var, nə də peşəniz.
Onu-bunu zəhərləməkdən başqa bu xalq
üçün nə iş görmüsünüz? Məndən
demək. Yazımda xətrinizə dəyən sözüm
olubsa, bilərəkdən deyil, üzrlü bilin.
Fikrət Qoca
525-ci qəzet.- 2012.- 6 aprel.- S.7.