Şərq-Qərb
qovşağında yeniləşmə hərəkatı və
ziddiyyətlər
MİRZƏ FƏTƏLİ
AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR
Ədəbiyyat tariximizin və
M.F.Axundzadə yaradıcılığının yeni
baxışla araşdırılmasında böyük xidmətləri
olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin,
Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun,
Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz
xatirələrinə...
...M.F.Axundzadə irsinin Türkiyədə
ən böyük araşdırıcısı Yavuz
Akpınara və “Fətəli fəthi” romanının
yazarı Çingiz Hüseynova sayqı və salamlarla...
(Əvvəli
ötən şənbə saylarımızda)
...Mən
ilahiyyat alimi deyiləm. Din məsələlərində fitva
vermək haqqım da yoxdur. Mirzə Fətəli kimi dahi də
deyiləm. Sadə bir qələm əhli, müəlliməm.
Müsəlman kişisiyəm, Allaha inamım sonsuzdur.
Allaha inananlara sayqım da sonsuzdur. Müsəlman
qardaş-bacılarımı sevirəm. Öz millətimə,
Vətənimə dərin bir eşqlə bağlıyam. Hər
gün bir neçə dəfə oxuduğum dua budur:
“Allahım, məni, ailəmi, millətimi, hümmətimi,
insanları qoru. Biz nankoruq. Sənin əfvinə
sığınmışıq”.
Mən Mirzə Fətəlinin
ömrünün sonlarında tövbə etdiyini bilmirəm.
Tövbəsinin qəbul olunub-olunmamasını heç bilmirəm.
Allah bağışlayandır və tövbə
qapısı həmişə açıqdır
hökmünün Mirzə Fətəliyə şamil
olub-olmadığı da mənə məlum deyildir. Mənim
bildiyim və mənə məlum olan odur ki, el duası
müstəcəb olur, yəni Allah tərəfindən
xalqın duası qəbul olunur. Xalqın, elin bir zərrəsi
olaraq Mirzə Fətəli üçün dua edənlərdən
biri də mənəm, desəm, təəccüb etməyin,
Allahsız da bağışlanarmı deyib, qəzəblənməyin.
Unutmayın ki, Allah böyükdür və əbədidir. Təkrar
etməyə borcluyam, Allah bağışlayandır.
Mirzə Fətəlinin çəkdiyi əzablar,
göstərdiyi xidmətlər, yazdığı ədəbi
əsərlər və əlbəttə ki, zamanın şərtləri
onun bəraəti ola bilməzmi?
Yenə Allah bilər. Yalvarmaq, dua etmək
bizim borcumuzdur, bağışlamaq Allahın iradəsidir.
XX əsrin insanı 30-cu, 50-ci əsrin
insanı qarşısında da məsuliyyət
daşıyır. Gələcək nəsillər öz
tarixini dəyərləndirərkən Mirzə Fətəlini
də, biz sıradan insanları da dəyərləndirəcək.
Mən istəmirəm ki, o uzaq və doğma nəsil bizlərə
və Mirzə Fətəliyə baxıb köks
ötürsün.
İnanıram ki, Allah
bağışlamağı özündən, özünə
qarşı olanlardan başlayıb. Çünki o, çox
böyükdür. Ağıla sığmayacaq qədər
böyük varlığı tiranların, şahların,
prezidentlərin məntiqi ilə ölçüb dəyərləndirmək
olmaz. Allah bu qədər böyükdürsə, onun zərrəsi
olan insan niyə böyük olmamalıdır?!
Sevə-sevə, həm də qorxa-qorxa
üzümü göylərə tutub yalnız ulu
yaradanın eşidə biləcəyi bir səslə deməyi
borc bilirəm:
Allahım, Mirzə Fətəliyə rəhm
elə. Onu sənətinə, zəhmətinə, iradəsinə,
Vətəninə, millətinə, sevgisinə
bağışla. Bizi bağışla. Sənin
böyüklüyünə sığınmışıq,
Allahım...
Mirzə Fətəli xəstə cəmiyyətin
yanında nə qədər sağlamdırsa, Allah yanında
o qədər xəstədir.
Sağlamlar xəstənin halını
bilməz. Ona baxa-baxa, bəzən ağlaya-ağlaya
özünü düşünər. Sağlamlar heç xəstələnməyəcəkləri
qənaətində olarlar.
Mirzə Fətəli kinin, nifrətin
içində deyil, əksinə kin, nifrət onun sevgisinin
içindədir.
Mirzə Fətəli duyduqları,
düşündükləri ilə deyil,
düşündükləri ilə də yaşayan,
mücadilə edən qəribə bir varlıqdır. Adı
böyük hərflərlə yazılmağa layiq
insandır. Hər şeyi ilə...
Mirzə Fətəlinin fəlsəfi
dünyagörüşünün qiymətli məqamları
az deyil. Amma ümumiyyətlə bu materialist fəlsəfənin
müddəaları klassik alman fəlsəfəsindən,
fransız ensiklopedistlərindən bəllidir. Qiymətli olan
bir Şərqli mütəfəkkirin islam əhlinin bu fikirləri
ifadə etməsi, sistemləşdirməsi idi. Şərqdə
təşəkkül tapan ideoloji sistemin kontekstinə yorumunu
da tam qəbul etmək çətindir. Onun “Kəmalüddövlə
məktubları”ndakı ehtiyatkarlığı, verdiyi bilgilərin
gələcək üçün dəyəri
açıq-aydın şəkildə ifadə edilmişdir.
Mirzə Fətəli altı komediyasından böyük və
təkrarsız həqiqəti sanki ikinci,
üçüncü dərəcəli bilir.
M.F.Axundzadə
yaradıcılığına bütöv baxılmazsa,
zamanına görə yanlışına, doğrusuna tənqid
süzgəcindən keçirilməzsə, onun obyektiv tarixi
qiyməti verilə bilməz.
Əgər Mirzə Fətəli çox
böyük mütəfəkkir, yazıçı, şair,
dramaturq, filosof olmasaydı ondan bu qədər uzun-uzadı
danışmağa, yorum yapmağa ehtiyac olmazdı.
Amma bu ehtiyac var və həmişə olacaq.
Mirzə Fətəli bizim həm
keçmişimiz, həm bugünümüz, həm də gələcəyimiz
olduğu üçün işıqlı və qaranlıq,
doğru-düzgün tapdıqları ilə incələnməli,
yorumlanmalıdır qənaətindəyəm.
Mirzə Fətəli haqqında fikirləşərkən
mənim ilk qənaətim onun Allahsız olmamasıdır.
Sonrakı qənaətim onun Füzuli
düşməni olmamasıdır. “Mən külli-ədyanı
puç və əfsanə hesab edirəm” deyən adam necə
Allahsız olmaya bilər? Və ya söz dünyasını
gözəl bilən adam Füzuliyə “nazimi-ustad” – yəni nəzm
ustası, sözü-sözə qoşan şair deyə bilər?!
Messiya və ya missiya deyilən şey
Allahdan olduğu kimi sosial şərtlərdən və ya
insanın öz daxili əmrinə də bağlı ola bilər.
Mirzə Fətəli Hz. Məhəmmədi
dərk edə bilməyəcək səviyyədə ola bilməzdi.
Quranın vulqar yorumu da ona əsla yaraşmır.
Amma Avropaya pəncərə, sonra qapı
açan adam Şərq cəhaləti fonunda Avropa
fütuhatını gördüyü, dərk etdiyi
üçün o daşıdığı missiyaya
böyük qurbanlar verənlərdən və daxilində,
vicdanında o qərarların ağrısını
yaşayanlardandır.
Mirzə Fətəli böyük ziddiyyətlərin
övladıdır – desək yanılmarıq. Böyük
ziddiyyətlər yaşamayan adamın dahi ola bilməyəcəyinə
inananlardan biri də mənəm. Bu ziddiyyət
yaradıcılığın təkanvericisidirmi, impuls verənidirmi,
– deyə bilmərəm. Ziddiyyətin və ya əksliklərin
vəhdəti və mübarizəsi adlanan dialektika
qanunlarının da üzərində basa-basa durmaq istəmirəm.
Nə qədər açıqlasam da, dərinə getmək
istəsəm nə Heraklitdən, nə Hegeldən, nə də
Marksdan dərinə getməyəcəyimi gözəl bilirəm.
Ziddiyyət “hər gün yeni adam kimi
doğulanları” (Vaqif Bayatlı Odər) yetişdirən ana
bətni kimidir. Ziddiyyət ikili başlanğıcdır. Hərəkətin,
hərəkət edən gücün mayasıdır, – desəm
səhv etmərəm (insanın çox qəti dediyi şey
onun ən az inandığı gerçəklərdir).
Hər kəsin içində Allah da var,
şeytan da. Bu da bir əkslikdir. Həm də vəhdətdir.
Öz Vətənini, xalqını sevənlərin
bir qisminin şeytanla iş birliyi ideal üçün fədakarlıqdır.
Yüz acını yeyərlər bir şirinin xatirinə.
M.F.Axundzadənin də, Mirzə Kazım bəyin də, Mirzə
Cəlilin və Sabirin də amalı xilas olmuşdur. Bu
çətin anlaşılan sosioloji proses üçün
“xilas” sözündən uğurlusunu tapa bilmədim. “Xilas”
anlayışının içində inqilab da var, islahat da,
dağıtmaq da var, qurmaq, yaratmaq da, haqlılıq da var,
haqsızlıq da (dünyada hər şey nisbidir həqiqətini
yaddan çıxarmayaq).
XIX əsrdə fransız inqilabı
dünyaya inqilab, üsyan, millətçilik gətirmişdi.
Rasional elmlər və texnika sürət və keyfiyyət,
savaş və rahatlıq gətirmişdi.
Mədəniyyət, özəlliklə ədəbiyyat
xəyal dünyasını yerə yönəltmiş,
gerçəklik havası dünyanı tutmağa
başlamışdı.
XIX sər müstəmləkəçiliyin
də, yarımmüstəmləkəçiliyin də,
istismarın və kapital qanunlarının mürəkkəb
bir əsr kimi ortaya çıxarmışdı. Və nəhayət
XIX əsr mədəniyyətin, sənətin, xüsusilə
ədəbiyyatın modern adlanan yeni zamanını və zəminini
yarada bilmişdir. Renesansın təbii-realist ədəbiyyatın
desək ciddi səhv etmərik (uzaqbaşı bir az subyektiv
olarıq).
Söylədiklərimizə və söyləyə
bilmədiklərimizə görə XIX əsr meteor
yağışına düçar olmuş zavallı yer
kürəsi olduğu qədər də, dünyanı dərindən
dərk etməyə başlamış, yuxarıda bəhs
etdiyim xilas yollarını araşdırmağa, nələriysə
tapmağa çalışan insan mərkəzli dünya əsridir.
Əsr hüdudlu zamandır, onun doğuşu da,
ölümü də, davamı da, davamsızlığı
da heç kəsin bəlli-başlı dərk və izah edə
bilmədiyi zaman qavramı müəyyən mənada izahedilməzdir,
mücərrəddir. Nə riyaziyyat və fizika, nə din, nə
də ədəbiyyat bu qavramı bütünüylə
aça bilməyib və aça bilmir. Mənim bildiyim odur
ki, zaman Allahın adı və özü deyil. Olsa-olsa xassəsidir
və ya varlıq səbəblərindən biri, bəlkə
də birincisidir. Ruh kimi zaman da dərkedilməzdir.
Mirzə Fətəli bu zamanın doğma
övladlarından biri idi. Mirzə Fətəli həm Şərqli,
həm də Qərbli idi. O, öz millətinin, dininin
övladı olduğu qədər də dünyalıydı.
Mirzə Fətəlinin
yaşadığı məmləkət bölünmənin,
parçalanmanın faciəsini yaşamağa başlayan
ağrı-acılı ölkə idi. Quzeydə Rusiya şərtləri
içində, Güneydə İran şərtləri
içində yaşamaq bu məmləkətin taleyi idi. “Hər
millət öz taleyinə məhkumdur”, – həqiqətinə
inanmayanlardan biri də Mirzə Fətəli Axundzadə idi.
Nə işlədiyi çar canişin dəftərxanası,
nə dayısı Hacı Ələsgərin ona cikini-bikini
öyrətdiyi ərəb-fars, hind – bir sözlə Şərq
dünyası, nə müəllimi Mirzə Şəfinin,
müasirləri Seyid Əzimin, Qasım bəy Zakirin, Natəvanın,
ondan yaşlı xələfləri Bakıxanovun,
Qutqaşınlının... dünyası onun dünyası
deyildi.
Mirzə Fətəlinin
yaşadığı, dostluq etdiyi, sevdiyi və əlbəttə
ki, sevmədiyi insanların yolu onun yoluyla kəsişsə də,
kəsişməsə də Mirzə Fətəli şair,
dramaturq, nasir, filosof, inqilabçı, islahatçı....
varlığıyla özündə dəhşətli bir
enerji daşıyan başqa bir planet idi. Bu planet
alışıb yanır, göy sularının
ağuşunda dincəlir, yaşıl meşəlik və səhra
yanğısının içində idi. Həmin planet həm
sələflərinə, nə də xələflərinə,
həm də ki, müasirlərinə bənzəyən və
əsla bənzəməyən qərib bir mövcudluq idi desəm
məni anlaşılmazlıqla qınamayın.
Mirzə Fətəlinin bədbəxtliyi də,
xoşbəxtliyi də bir mərkəzdə birləşirdi.
Mənə elə gəlir ki, Mirzə Fətəli
elmi, tənqidi, fəlsəfi əsərlərini, ictimai-siyasi
mahiyyətli əsərlərini həyatının mənası
hesab edirdi. Buraya əlifba islahatı problemini də daxil etsək,
o öz missiyasını bu fəaliyyətdə
görürdü və dəyərləndirirdi. Fəqət
insanın özünü həsr etdiyi fəaliyyət
aldadıcı ola bilir.
Mən şəxsən ərəb əlifbasının
birləşdiriciliyinin və 1000 illik ünsiyyət
gücünün tərəfdarıyam. Əlifba elm məsələlərindən
daha çox siyasi məsələdir. Bir modernistin,
inqilabçının, islahatçının ərəb əlifbasını
dəyişmək istəyi toplumun və sivilizasiyanın ciddi
səhvlərindən biri idi. Minlərlə heroqliflə
yazıb-yaradan çin xalqı, yapon xalqı modernizmdən də,
elm-texnikadan da, insanlıq dəyərlərindən uzaqda
qalmayıb.
Məni tənqid
atəşinə tutmaq istəyənlərə XX əsrin
20-ci illərindəki latın əlifbasını dəstəkləyənlərdən,
onun uğrunda mübarizə aparanlardan biri də mənəm,
Mirzə Fətəliyə bu mücadiləyə öygü
yağdıranlardan da biri mənəm. Bu başqa bir məsələdir.
İnqilabçı siyasətçilərin (Lenin, Stalin, N.Nərimanov,
Atatürk...) artıq qərar verdiyi bu inqilabı önləmək
mümkün deyildi. Əlbəttə, bu inqilabda
Atatürkün məqsədi birləşdirmək (söhbət
türk dünyasından gedir), Lenin-Stalinin amalı ayırmaq
idi (“ayır-buyur” siyasəti).
Bu mücadilənin
sıra nəfəri kimi mən də Mirzə Fətəlinin
İ.Qaspıralının, Atatürkün... yanında səf
tutanlardanam.
Bu proses tarixlə,
sosioloji şərtlərlə bağlı olduğu
üçün baş verən mənfiliklər də,
müsbətlər də labüd idi – zəfərləri ilə,
faciələri ilə ... (Sovetlər Birliyində 30-cu illərin
əlifba ilə bağlı soyqırımı,
sürgünləri, 10 ildən sonra (1928-1938) latından kirilə
keçidi, 1991-də Sovetlər Birliyi dağıldıqdan
sonra yenidən latın əlifbasının bərpasını
xatırlamağı xahiş edirəm...)
Mənim demək
istədiyim şey məsələnin kökü ilə
bağlıdır. Bu kök türk-islam mədəniyyətindəki
1000 illik yaşı, təcrübəsi, ölməz abidələri
olan ərəb əlifbasıdır. Məncə, əlifba məqsəd
deyil, vasitədir. Unutmayaq ki, dili Allah, əlifbanı insan
yaradıb. Allahın yaratdığını deyil, insanın
yaratdığının dəyişilməsindən və ya
dəyişilməməsindən söhbət gedir. Hər əlifba
dəyişməsi millət üçün faciədir.
İnqilabçıların
bəzən faciəni görməməsi, diqqətə
alması əşyanın təbiətinə uyğundur. Bu
mübahisədə mən Orxon-Yenisey əlifbasının
ortaq ola biləcəyini ciddi hesab etmirəm. Dilin təbiətinə
uyğun olmaq əlifbanın yazı üçün primitiv
olduğunu gizlədə bilmir üstəlik, türk-islam
birliyi və başqa siyasi sosial faktlar və prinsiplər əhəmiyyətlidir.
Mirzə Fətəlinin
modern təfəkkürü Avropa yolu seçimi və
inqilabçı təbiəti ərəb əlifbasına
qarşı idi ki, buna sayqı duymamaq haqsızlıq
olardı. Paradoksal görünən bu açıqlamada mən
öz fikrimdə qalmaqla Mirzə Fətəlinin uzaqgörənliyinə,
cəsarətinə, zəhmətinə sayqı duymağa məcbur
və məhkumam. Müvəffəqiyyət hər şeyə
haqq qazandırır. Yeni zaman Mirzə Fətəlinin zəfərini
təsdiq etmişdir. Bu inkaredilməzdir. Amma Qaliley demişkən,
hər halda yer fırlanır...
Bir az mətləbdən
uzaq düşsəm də, məncə, Mirzə Fətəlinin
xoşbəxtliyi də, zəfəri də onun birnəfəsə
(yəni beş-altı ilə) yazdığı altı
komediyası, özü dediyi kimi təmsilatıdır.
Şübhəsiz ki, bu altı komediya Mirzə Fətəli
dahiliyinin birinci dərəcəli təsdiqidir. Altı komediya
ilə Mirzə Fətəli yalnız çağdaş Azərbaycan
dramaturgiyasının deyil, modern Azərbaycan şeirinin, nəsrinin
– bütöv Azərbaycan ədəbiyyatının əsasını
qoymuşdur. Bu fikri mənə dedirdən yalnız dili deyil, təfəkkürüdür,
düşüncədir (əlbəttə ki, bu mənada dil
ilə düşüncəni bir-birindən ayırmaq
doğru deyil).
(Ardı var)
Kamil VƏLİ
525-ci qəzet.-
2012.- 7 aprel.- S.22.