Elmi mühitə obyektiv baxış naminə

 

Ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyasına seçkilər bu elmi qurumun yaranmasından keçən 67 il ərzində həmişə cəmiyyətin maraq dairəsində olub, ictimai və şəxsi müzakirələrin obyektinə çevrilib. Fikrimizcə, bu təbii bir prosesdir. Əvvəla, Milli Elmlər Akademiyası kifayət qədər ciddi bir elmi qurumdur. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində həmişə çox görkəmli alimlər təmsil olunublar. Akademiyanın üzvü kimi fəaliyyət göstərmək məsuliyyətli olduğu qədər də şərəfli bir missiyadır. Akademik rütbələri qazanmaq və daşımaq bu böyük elmi qurumun üzvü olanların fərqli elmi göstəricilərini səciyyələndirir. Dövlətimizin apardığı məqsədyönlü elm siyasətinin sayəsində müstəqillik illərində Milli Elmlər Akademiyasına üzvlük məsələsinin nəzərə çarpacaq səviyyədə dəyərləndirilməsi akademik rütbələrin imicinin bir qədər də yüksəlməsinə özünün müsbət təsirini göstərmişdir. Bütün bunlara görə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olmaq gerçək elm adamlarının demək olar ki, hər birinin arzusudur. Lakin həmişə iddiaçılarla müqayisədə akademiya üzvlüyünə ayrılan yerlərin bir neçə dəfə az olması heç də hər kəsin bu arzusuna asanlıqla çatmasına təminat verə bilmir. Akademik rütbələr üçün nəzərdə tutulan yerlərin çox olmaması isə bir tərəfdən həqiqi və müxbir üzvlüyün səviyyəsinin,imicinin qorunub saxlanmasının, digər tərəfdən isə üzvlük uğrunda mübarizədə elmin inkişafına xidmət edən normal rəqabət mühitinin formalaşdırılmasının əhəmiyyətli bir göstəricisidir. Özünəməxsus müstəqil, sərbəst, demokratik düşüncə üstündə köklənmiş Akademiya mühitindəki rəqabətin çətinlikləri əksər hallarda seçkidən əvvəl və ya seçkilər başa çatandan sonra müəyyən əks-sədaya səbəb olur. Ölkə elmi mühitinin özünün formalaşdırdığı ictimai rəy bu proseslərin təbii bir axarda tənzimlənməsində mühüm rol oynayır. Lakin həmin prosesdə az da olsa akademiyaya keçirilən seçkilərdən istifadə edərək özünün narazılıqlarını, iddialarını, şəxsi münasibətlərini ifadə etmək, bu zəmində cəmiyyətdə müəyyən çaşqınlıq yaratmaq niyyətində olmaq istəyənlər də üzə çıxır. Fikrimizcə, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin 5 mart 2012-ci ildə “Azadlıq”a verdiyi müsahibədə səsləndirdiyi fikirlər də Akademiyaya seçki fürsətindən “faydalanmaqla” heç də böyük elmin mənafeyini müdafiə etmək olmayıb, daxilindəki narazı hisslərin, ab-havanı bulandırmaq kimi niyyətlərin ifadəsindən ibarətdir.

Hər şeydən qabaq, Cəmil Həsənlinin ümumiyyətlə ölkəmizdə keçirilən bütün növ seçkilərə şübhə ilə yanaşması, daha doğrusu, qara yaxması heç cür ədalətli səslənmir. Axı hər kəs yaxşı bilir ki, Cəmil Həsənlinin özü 2000 və 2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə müxalifət düşərgəsinin təmsilçisi kimi iştirak edərək deputat seçilmişdir. Məgər bu, respublikamızda keçirilən seçkilərin real, ədalətli olmamasının göstəricisi idi? Əsla yox! Deputat seçildiyi illərdə onun seçki prosesindən narazı qaldığını heç kəs eşitmədi. Aşkar görünür ki, Cəmil Həsənlinin seçkilərdən narazılığının kökündə onun 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərdə deputatlıq mandatını qazana bilməməsi ilə bağlı mətləblər dayanır. Həmin uğursuzluğun səbəbini isə Cəmil Həsənli, hər şeydən qabaq, özündə axtarmalıdır.Siyasi baxışlarına, cəmiyyətdəki mövqeyinə görə bir-birindən fərqli cinahların təmsilçilərini “müdafiə” etməklə, ayrı-ayrı qurumlarda, cəmiyyətlərdə “fəallıq” göstərmək kimi görüntü yaratmaqla müasir dövrün ayıq-sayıq seçicisinin etimadını qazanmaq daha mümkün deyildir. Bu günün inkişaf etmiş Azərbaycanının seçicisi öz namizədindən aydın, qəti, vahid mövqe tələb edir. Hər kəsin yaxşı bildiyi kimi, Cəmil Həsənli Milli Məclisə 2010-cu il seçkilərinə ən müxtəlif vəziyyətlərdə səs-küylü addımlar ataraq gəlmişdi. Azərbaycan cəmiyyəti isə bu mərhələni artıq ötüb keçmişdi...

Azərbaycan Milli Elmlər Akademiyasına seçkilər haqqında da Cəmil Həsənlinin narazılıqları obyektiv reallığı yox, şəxsi meylləri ifadə edir. Belə ki, Cəmil Həsənli 2007-ci ildə tarix üzrə Akademiyanın müxbir üzvlüyünə namizəd kimi qatılmış, lakin tələb olunan miqdarda səs toplaya bilmədiyi üçün iddia etdiyi yeri qazana bilməmişdir. Həmin vaxt heç də Cəmil Həsənlinin dediyi kimi “elmdə heç bir diqqəti cəlb edən uğurları olmayan” adamlar yox, tam əksinə, Azərbaycan elmi-ictimai mühitinin qəbul etdiyi, elmdə kifayət qədər sanballı xidmətləri olan tarix elmləri doktorları, professor Yaqub Mahmudovun və tanınmış arxeoloq İlyas Babayevin müxbir üzv seçilməsi elm adamları arasında razılıqla qarşılanmışdır. Hansı elmi meyarlarla adlarını çəkdiyimiz alimləri “elmdə heç bir diqqəti cəlb edən uğurları olmayan adamlar” hesab etmək olar? Eyni sözləri 2007-ci ildə ayrı-ayrı elm sahələri üzrə həqiqi və müxbir üzvlüyə seçilmiş digər namizədlər, o cümlədən akademiklər: Abel Məhərrəmov, Vaqif Fərzəliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Bəhram Əsgərov, Vasim Məmmədəliyev, Ağamusa Axundov..., müxbir üzvlər: Kamal Abdullayev,Səlahəddin Xəlilov, Rasim Əliquliyev, Adil Qəribov, Oruc İbadlı, Cavad Abdinov, Ağabəy Sultanov, Vəli Hüseynov, Zenfira Səfərova, Qadir Qədirzadə, Namiq Cəlilov, Vəli Baxşəliyev, Elmira Ramazanova və onlarla başqaları haqqında da çox əminliklə demək mümkündür. Bir çoxları elmi məktəblər yaratmış bu görkəmli elm xadimləri Azərbaycan elmini, milli ziyalılığı ölkəmizdə və beynəlxalq aləmdə yüksək səviyyədə təmsil edirlər. Onlardan bir çoxları xarici ölkələrin də akademiyalarının, beynəlxalq miqyaslı elmi qurumların üzvləridirlər. Bütün bunlara görə Cəmil Həsənlinin müsahibəsindəki ümumi şəkildə hamıya şamil edilən “təsəvvür edin ki, ötən seçkidə elmdə heç bir diqqəti cəlb edən uğurları olmayan adamlar, bilavasitə, yaxınlığa görə Akademiyanın üzvü seçilə bildilər” kimi mülahizələri real gerçəkliklə bir araya sığmır.

Cəmil Həsənlinin Akademiyaya seçkilərdən bəhs edərkən “müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzvlüyə seçilənlər demək olar ki, hamısı eyni regionun “alimləridir”- mülahizəsi bir çox cəhətdən həm siyasi, həm də elmi baxımdan yanlış, zərərli tezisdir. Əvvəla, Cəmil Həsənlinin “eyni region” adı altında Naxçıvan Muxtar Respublikasını nəzərdə tutması, bununla da elmi müstəvidə Azərbaycana regionçu baxışlarını nəzərə çarpdırması əsl Azərbaycan alimi elmi məntiqi ilə üst-üstə düşmür. Hansı şəhərdə, yaxud kənddə doğulub boya-başa çatmasından və hətta harada (xarici ölkələr də daxil olmaqla) yaşayıb fəaliyyət göstərməsindən asılı olmayaraq,elm adamlarımız geniş mənada böyük Azərbaycan elmini təmsil edirlər. Bölgələrdən hansından bir qədər çox sayda görkəmli elm xadimi yetişib formalaşıbsa, bu da ümumi şəkildə Vətən elminin üzvü tərkib hissəsi kimi Azərbaycan elminin, milli ziyalılığın nailiyyətidir. Ölkəmizi dünyada məşhur edən həm də onun böyük təbii sərvətlərindən heç də az əhəmiyyəti olmayan zəngin elmi, ədəbiyyatı və mədəniyyətidir, həmin mənəvi sərvətlərin qüdrətli yaradıcılarıdır. Bu məqamda “eyni regionun alimləri” ifadəsi nəinki əsl elm adamlarının təsnifatını əks etdirməyən zərərli bir meylin, hətta konkret bir regiona mənfi münasibətin ifadəsi kimi səslənir. Belə anlaşılmaz münasibətin müqabilində Naxçıvan Muxtar Respublikasında isə qeyri-sabit siyasi baxışlarını və fəaliyyətini bir kənara qoyub, tam tərsinə, Cəmil Həsənlinin tarixi tədqiqatlarının ən yaxşılarına diqqətlə yanaşırlar. Əsərlərində Azərbaycanın bütövlüyündən, milli siyasətin keşməkeşli gedişatından gen-bol yazan (həm də pis yazmayan) bu elm adamının əməlindəki ölkəsinin bölünməsinə xidmət edən hərəkətləri onun haqqında yaxşı ovqat yaratmır.

Bundan başqa, Cəmil Həsənlinin “Akademiyanın müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzvlüyə seçilənlər demək olar ki, hamısı eyni regionun “alimləridir”- mülahizəsini faktlar da təsdiq etmir.Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının yarandığı 27 mart 1945-ci il tarixdən bu quruma sonuncu seçkilərin keçirildiyi 2007-ci ilədək ölkə üzrə cəmisi 495 nəfər həqiqi və müxbir üzv seçilmişdir ki, bunun da 169 nəfərini həqiqi üzvlər, akademiklər təşkil edir. Əldə etdiyimiz faktlar göstərir ki, müxtəlif illərdə həmin 169 nəfər həqiqi üzvün 53 nəfəri müxbir üzv mərhələsini keçmədən birbaşa akademik seçilmişlər. Azərbaycan Milli Elmlər Akademiyasına indiyədək rəhbərlik etmiş 9 prezidentdən 5 nəfəri: Mirəli Mirqasımov, Yusif Məmmədəliyev, Musa Əliyev, Zahid Xəlilov və Mahmud Kərimov elm sahəsində xidmətləri nəzərə alınmaqla birbaşa həqiqi üzv seçilmək səviyyəsində etimad qazanmışlar. Azərbaycan elminin görkəmli nümayəndələri olan bu böyük elm xadimləri “eyni regionu” deyil, bütövlükdə Azərbaycan coğrafiyasını və Vətən elmini ləyaqətlə təmsil edirlər. Birbaşa həqiqi üzv seçilənlərin sırasında Mirzə İbrahimov, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Vəli Axundov,Ələşrəf Əlizadə, Heydər Hüseynov, Cosif Yesman, Həbibulla Əmirxanov, Mirəli Qaşqay, Şamil Əzizbəyov, Mikayıl Hüseynov, Mustafa Topçubaşov, Qara Qarayev, Cahangir Kərimov, Abdulla Qarayev, Ömər Eldarov, Sadıq Dadaşov, İlyas Abdullayev, Mirməhəmməd Cavadzadə, Məmmədtağı Qəniyev, Aleksandr Dercavin, Mark Dalin və başqaları da vardır. Adları qeyd olunan elm və mədəniyyət xadimlərinin əksəriyyətinin Azərbaycan elmi, ictimai fikri və mədəniyyəti qarşısında elə böyük xidmətləri olmuşdur ki, onların “müxbir üzv mərhələsini” keçmədən birbaşa akademik seçilmələrini heç kəs təəccüblə qarşılamamışdır. O cümlədən, Naxçıvan Muxtar Respublikasında doğulmuş görkəmli alimlərdən Akademiya yaranandan indiyədək cəmisi 9 nəfərin Akademiyanın birbaşa həqiqi üzvlüyünə seçilmələrinə də kölgəli nəzərlərlə baxmaq ədalətsizlikdir. Onlardan hər birinin Azərbaycan cəmiyyətindəki və elm sahəsindəki yeri, mövqeyi və xidmətləri barədə aydın və müsbət ictimai rəy mövcuddur. Bu mənada Cəmil Həsənlinin yuxarıda bütöv şəkildə, olduğu kimi verilən cümləsində alimlər sözünü dırnaqda yazmasına nə ad vermək olar? Çünki həmin sırada təsadüfi adamlar yoxdur. Eynilə də Cəmil Həsənlinin “layiq olmadığı akademik titulları (yəni həqiqi və müxbir üzvləri –İ.H) elmdə heç bir göstəricisi olmayan adamlara verməklə Naxçıvanı elmi baxımdan möhkəmləndirmək cəhdləri saxta vətənpərvərliyin elmdə təzahürlərindən başqa bir şey deyildir” kimi sərt səslənən mülahizəsi də ənənəvi yersiz-haqsız radikal inkarçı münasibətin ifadəsidir. Əvvəla, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində təmsil olunan 2 nəfər akademik və 4 nəfər müxbir üzvün hər birinin ölkəmizin paytaxtında yaşayıb-yaradan və eyni elmi rütbələri daşıyan həmkarlarından heç də az olmayan səmərəli elmi fəaliyyətləri, elmdə özlərinəməxsus az-çox xidmətləri mövcuddur. Blokada şəraitinin yaratdığı böyük çətinliklərə baxmayaraq onlar Naxçıvanı tərk etməmiş, burada Azərbaycan elminin nüfuzunu qorumaq üçün lazım olan fədakarlıqları göstərmişlər. Heç kəs üçün sirr deyil ki, sovet hakimiyyəti illərində qapalı sərhəd bölgəsi olduğu üçün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bütün yönləri ilə lazımi səviyyədə öyrənilməmişdir. Sovet dövləti örtülü şəkildə mübahisəli ərazi kimi baxdığı Naxçıvanın tarixinin, maddi və mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsinə, bu diyarın qədim və əzəli Azərbaycan torpaqları kimi təqdim olunmasına ən müxtəlif səviyyələrdə maneçilik törətmişdir. Əvəzində XX əsr boyu demək olar ki, həmişə Ermənistan tərəfin Naxçıvana dair ərazi iddiaları keçmiş sovet dövləti səviyyəsində qabardılmış, daim gündəmdə saxlanılmışdır. Bu mənada Azərbaycanın tarixinin, coğrafiyasının, milli mədəniyyətinin, təbii imkanlarının tam, bütöv, əhatəli şəkildə öyrənilib ümumiləşdirilməsi üçün ölkənin ayrılmaz bir parçası olan Naxçıvanın da yenidən tədqiqi Vətən elminin qarşısında duran mühüm vəzifələrdən biridir. Belə məsuliyyətli bir vəzifəni Cəmil Həsənlinin təklif etdiyi kimi “müəyyən güzəşt və imtiyazlar verməklə, alimləri 3-5 il Naxçıvana göndərməklə”, yaxud da mövsümi xarakter daşıyan qısamüddətli ekspedisiyalarla layiqli səviyyədə yerinə yetirmək mümkün olmazdı. Bunun üçün bütün çətinliklər qarşısında Vətən sərhəddində yaşayıb, burada elmin əsgəri kimi xidmət göstərən, ömrünü ardıcıl olaraq bütövlükdə elmə həsr edən adamlara ehtiyac var idi. Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması ölkə üçün zəruri olan həmin tələbatın, ehtiyacın aradan qaldırılmasına, Vətən elminin bütövlüyünün, tamlığının təmin edilməsinə, burada yeni elmi nəsillərin formalaşdırılmasına hesablanmış dövlət səviyyəsində həyata keçirilən uzaqgörən bir siyasətin əməli ifadəsidir. Vaxtilə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin yaradılması da yaranmış şəraitlə və Sovetlər İttifaqı adlanan ölkənin bu regionunun davamlı öyrənilib ümumiləşdirilməsi məqsədini izləyən bir siyasət kimi meydana çıxmışdı. Və bu gün Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi ölkə elminə sanballı töhfələr verir. Rusiya paytaxtında yaşayıb-çalışan alimlər şaxtalı Sibirdə fəaliyyət göstərən həmkarlarına qətiyyən yuxarıdan aşağı baxmırlar.

Fikrimizcə, Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan elm adamları bu qədim və zəngin diyarda sistemli, əhatəli və ardıcıl araşdırmalar aparmaqla geniş mənada Vətən elmini tamamlamağa, daha da zənginləşdirməyə xidmət edirlər. Qısa vaxtda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli Elmlər Akademiyasının 2 nəfər həqiqi üzvünün, 4 nəfər müxbirüzvün, 34 nəfər elmlər doktorunun, 250 nəfərdən çox elmlər namizədinin yetişib formalaşması Vətən elminin göstəricisidir. İkicildlik “Naxçıvan ensiklopediyası” (742 səhifə) Azərbaycan və ingilis dillərində buraxılan “Naxçıvan abidələri” ensiklopediyası (519 səhifə), ikicildlik Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı (885 səhifə), Naxçıvanın tarixi atlası (55 səhifə), “Naxçıvan teatrının salnaməsi” (734 səhifə), “Naxçıvan folkloru antologiyası”nın 3 cildi (1505 səhifə),burada meydana çıxmış onlarla monoqrafiyalar, respublikada və dünyanın müxtəlif ölkələrində çap olunan minlərlə məqalələr Azərbaycan elminə xidmətdir. Naxçıvanda yaşayıb- çalışan Azərbaycan alimləri paytaxtdakı həmkarları ilə birlikdə beynəlxalq qurultay, simpozium və konfranslarda da ölkəmizi layiqli şəkildə təmsil edirlər.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Abbasquluağa Bakıxanov adına Tarix İnstitutunda namizədlik, Naxçıvan Dövlət Universitetində yaradılmış bir dəfəlik Dissertasiya Şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. İsmayıl Hacıyevin doktorluq dissertasiyasının müdafiəsində o zaman Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atesstasiya Komissiyasına rəhbərlik edən, dünya şöhrətli akademik Azad Mirzəcanzadə başda olmaqla həmin Qurumun rəyasət heyətinin 15 nəfərlik bütün üzvləri iştirak etmişdilər. Akademik İsmayıl Hacıyev 27 monoqrafiya, broşüra, tədris və metodik vəsaitin, 260 elmi məqalənin müəllifidir. Əsərlərindən 1 kitab və 46 məqalə ölkədən kənarda nəşr olunmuşdur. Onun elmi rəhbərliyi ilə 2 nəfər elmlər doktoru, 14 nəfər isə tarix üzrə fəlsəfə doktorluğu müdafiə etmişdir. Türkiyədə, Rusiyada, İranda, Misirdə, Çexiyada, Qazaxıstanda, Türkmənistanda, Tunisdə, Xorvatiyada keçirilmiş çoxsaylı beynəlxalq simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.Milli Məclisin deputatı və Əməkdar elm xadimi kimi akademik İsmayıl Hacıyev ölkəmizin ictimai-siyasi həyatında və elmi-mədəni mühitində də yaxından və fəal iştirak edir. AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Qadir Qədirzadə SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda aspirant kimi məsuliyyətli bir yol keçmişdir. 13 kitabın 200-dən çox elmi məqalənin müəllifi olan Qadir Qədirzadənin Ön Asiyadan tutmuş, Sibir türklərinə, sivilizasiya proseslərinə qədər böyük coğrafiyanı, masştablı problemləri əhatə edən tədqiqatları geniş elmi dairələrdə böyük əks-səda doğurur. Azərbaycandakı çoxsaylı əsərlərindən başqa, yalnız xarici ölkələrdə 80-dən çox məqalə və 6 kitab nəşr etdirmiş AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev türk dünyasında tanınmış dilçi alim kimi qəbul olunur. AMEA-nın müxbir üzvü, Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, professor Tariyel Talıbovun adı ölkənin tanınmış botanika alimlərinin sırasında çəkilir. Professor Tariyel Talıbov Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının Qafqaz ekoregionu üzrə ekspert şurasının Azərbaycan Respublikasından üzvü kimi təmsil olunmuşdur. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoruVəli Baxşəliyev müstəqillik dövrü Azərbaycan arxeologiyası elminin yeni nəslini yüksək səviyyədə təmsil edir. Amerika, Fransa, Türkiyə alimləri ilə birgə arxeoloji ekspedisiyalarda fəal iştirak edən Vəli Baxşəliyevin əsərləri ölkə xaricində də ardıcıl olaraq çap olunur. Reallıq bunlardan ibarət olduğu halda, Naxçıvan üzrə “akademik titulları elmdə heç bir göstəricisi olmayan adamlara vermək” barədə mülahizə yürütmək nə qədər yumşaq desək ən azı məlumatsızlıqdır, mütaliəsizlikdir, özündən başqa digər həmkarlarının elmi fəaliyyətinə diqqətsizlikdir, son nəticədə isə hörmətsizlikdir. Fikrimizcə, Naxçıvan Muxtar Respublikasında çətin şəraitdə böyüklü-kiçikli bu qədər elmi nəticələri əldə etmək həqiqi cəfakeşliyin real təzahürlərindən biridir. Bu elm adamlarının fəaliyyəti haqqında “saxta” ifadəsini işlətmək saxta ilə saxta olmayanı fərqləndirməyin fərqində olmamağın, real gerçəkliyə saxta münasibətin təzahürüdür.

Müsahibədəki “Naxçıvanda güc-bəla ilə doktorluq müdafiə etmiş adamlar” ifadələri də obyektiv reallığı ifadə etmir. Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Müdafiə Şurasının tərkibində 1 nəfər akademik, 2 nəfər müxbir üzv, 14 nəfər elmlər doktoru vardır. AMEA-nın Naxçıvan Bölməsindəki Dissertasiya Şurasında da 1 nəfər akdemik, 4 nəfər müxbir üzv, 10 nəfər elmlər doktoru təmsil olunur. Bakıdakı elmi-tədqiqat institutlarından və ali məktəblərdən gəlib Naxçıvandakı Dissertasiya Şurasında müdafiə edənlər də az olmamışdır. Belə doktorluq dissertasiyalarından birinin müdafiəsində Cəmil Həsənli rəsmi opponent kimi iştirak etmiş, burada iddiaçılara nə qədər tələbkarlıqla yanaşıldığının, müdafiə prosedurlarına hansı səviyyədə əməl edildiynin şahidi olmuşdur. Dissertasiya mövzularının təsdiq olunmasından tutmuş, tədqiqat işlərinin gərgin keçən müzakirələrinin təşkilinə, seminarlardakı sağlam dialoq mühitinədək keçilən yol Naxçıvanda iddiaçıların yetişib formalaşmalarına, alın açıqlığı ilə dissertasiya müdafiə etmələrinə imkan yaradır. Elektron kitabxana, WiFi simsiz internet imkanları, beynəlxalq qeydiyyat mərkəzlərində indeksləşdirilmiş “Elmi əsərlər” jurnallarının nəşri, təşkil olunan beynəlxalq səviyyəli elmi konfranslar burada yeni elmi nəslin hazırlanmasına təminat verə bilir.

Nəhayət, Cəmil Həsənlinin nə üçün AMEA-ya seçkilərdə tarixüzrə müxbir üzvlüyə cəmi bir yer, Naxçıvan Bölməsində isə həmin ixtisasa iki yer ayrılması barədəki sualına da aydınlıq gətirməyə ehtiyac duyuruq. Əvvəla, Naxçıvan Bölməsi üçün ayrılmış yerlər ümumiyyətlə Azərbaycan üzrə digər elm və ali təhsil qurumları üçün nəzərdə tutulan yerlərin azaldılması hesabına müəyyən olunmamışdır. Həmçinin yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın bu regionunda illərdən bəri, əslində bir əsr ərzində tarix üzrə yığılıb qalmış problemlər, azərbaycançılıq baxımından önə çəkilməsi vacib olan məsələlər burada tarixçi ixtisasına ağırlıq verməyi zəruri bir problem kimi ortaya çıxarır. Naxçıvanda – düşmənləüzbəüz bir regionda tarixə, ədəbiyyata, folklora, arxeologiyaya, mədəniyyətə, etnoqrafiyaya, epiqrafiyaya üstünlük verilməsinin səbəbini dəyərləndirmək elm adamı üçün çətin olmamalıdır. Görkəmli dövlət xadimi Heydər Əliyev AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş 12 avqust 2002-ci il tarixli müşavirədəki tarixi nitqində böyük uzaqgörənliklə məsələnin bu cəhətini diqqət mərkəzinə çəkərək demişdir: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalamışam... Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var.”

Göründüyü kimi, bu məsələdə dövlət siyasəti ilə milli və elmi mənafe bir-birini tamamlayır. Ölkəmizin digər bölgələri kimi, Naxçıvanı tədqiq edib öyrənmək də ayrılıqda bir regionu deyil, geniş mənada Azərbaycanı bütün sərhədləri boyunca, ərazisinin bütövlüyü ilə, tam olaraq araşdırıb ümumiləşdirmək deməkdir. Bakını, Gəncəni, Qarabağı, Şamaxını,Şəkini, Lənkəranı, Qubanı... araşdırmaq da Azərbaycanı öyrənməyin üzvi tərkib hissəsi olub, böyük bütövü tamamlamağa xidmət edir. Bunlar eyni bədənin üzvləri kimi bir-birindən ayrılmazdır. Ölkənin bütün ərazisini, hətta tarixi coğrafiyasını tam olaraq öyrənib ümumiləşdirməyin bir yolu da ayrıseçkilik düşüncəsindən uzaqda dayanıb, qarşıdurma yaratmadan tamın, bütövün hissələrini malik olduğu bütün dərinlikləri və zənginlikləri ilə tədqiq etməkdən ibarətdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvanın tarixinin öyrənilməsinin zəruriliyi haqqındakı aşağıdakı çağırışları bütövlükdə yeni tarixi epoxada Azərbaycanımızı ümummilli vəzifələrin işığında yenidən tədqiq etməyə səfərbərliyin ifadəsidir: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq etməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çox əsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”.

Beləliklə, yaşadığımız tarixin özü Naxçıvan kimi məsuliyyətli regionda tarixi mətləbləri, tarixçi fəaliyyətini irəli çəkməyi diqtə edir. Ərazi etibarilə zorla Azərbaycandan ayrı salınmağa məcbur edilmiş Naxçıvanda tarixə, folklora, təbii zənginliklərin öyrənilməsinə, bu istiqamətdə tədqiqat aparanlara bir qədər də fərqli yanaşma həm elmin ehtiyacı, həm də zamanın tələbidir. Fikrimizcə, belə məqamlarda elmi mühitə geniş və obyektiv baxış naminə şəxsi mənafelərdən, fərdi münasibətlərdən yüksəkdə dayanıb, konkret reallıqları və ümummilli məsələləri ön mövqeyə çəkməyi bacarmaq lazımdır.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin

rektoru, Milli Məclisin deputatı,

akademik

 

525-ci qəzet.- 2012.- 7 aprel.- S.20-21.