“Azərbaycan
nümayəndə heyəti hər zaman
AVRONEST PA-nın fəaliyyətinə ciddi
yanaşıb”
AVRONEST
Parlament Assamleyasının (PA) Bakı sessiyasının nəticələriylə
bağlı müxbirimiz Azərbaycanın AVRONEST Parlament
Assamleyasındakı nümayəndə heyətinin rəhbəri,
millət vəkili Elxan Süleymanova müraciət edib.
–
Elxan müəllim, AVRONEST Parlament Assamleyasının Bakı
sessiyasının nəticələrindən razı
qaldınızmı?
– Nəinki
mən, hətta sessiyaya qatılmış çoxsaylı
nümayəndələr AVRONEST PA-nın Bakı şəhərində
keçirilmiş ikinci sessiyasının işini yüksək
qiymətləndirdilər. Bakı sessiyası sübut etdi ki,
üzv dövlətlər arasında mövcud hər hansı
bir problem siyasi iradə olarsa, AVRONEST-in məhsuldar işinə
mane olmaq iqtidarında deyil. Biz, Azərbaycan nümayəndə
heyəti olaraq, hər zaman AVRONEST PA-nın fəaliyyətinə
ciddi yanaşmışıq və gələcəkdə də
bu qurumun uğurlu fəaliyyəti üçün əlimizdən
gələni edəcəyik.
–
Bakıdan qayıdaraq mətbuat konfransı keçirən Ermənistanın
AVRONEST PA-da nümayəndə heyətinin üzvləri bir
sıra gözlənilməz açıqlamalar verdilər...
– Bəli,
həmişə olduğu kimi, bu dəfə də erməni həmkarlarımız
çirkin mübarizə vasitələrinə əl
atdılar. Elə sessiya zamanı Ermənistan nümayəndə
heyəti sessiya iştirakçıları arasında anti-azərbaycan
xarakterli 3 kitab yaymışdılar, özlərinə siyasi
dividend qazanmaq naminə geniş və qeyri-obyektiv şərhlər
vermişdilər. Onlar hətta, Azərbaycan tərəfinin
onları yüksək səviyyədə
qarşılanmasını siyasiləşdirərək Azərbaycanlıların
torpaq itkisiylə barışdığını qeyd
etmişdilər. Bu yanaşma, subyektiv olmasıyla
yanaşı, Azərbaycan tərəfinin ölkə daxilində
nüfuzuna xələl yetirilməsinə yönəlmişdir.
Belə nəticə çıxarmaq olar ki, Ermənistan tərəfi
Azərbaycan tərəfinin radikallaşmasına, bununla da
AVRONEST PA-nın bundansonrakı fəaliyyətinin iflic vəziyyətinə
salınmasında maraqlıdırlar. Lakin, bütün bu cəhdlərə
baxmayaraq, Azərbaycan tərəfi AVRONEST PA-nın budan sonra
da uğurlu fəaliyyəti üçün əlindən gələni
etməkdə israrlıdır. Biz həmişə tərəfdaşlarımızla
sivil münasibətlərə üstünlük verəcəyik.
– Ermənilərin
bu addımını nə ilə izah edirsiniz?
– Düşünürəm ki, ermənilər artıq bizimlə sivil mübarizədə uduzduqlarını başa düşüblər. Bizim hər uğurumuz onlarda böyük nifrətlə qarşılanır. Onların da bacardıqları yalandır, və onlar da bundan geninə-boluna istifadə edirlər. Qeyd edim ki, fevral ayında Yerevanda AVRONEST PA-nın sosial komitəsinin iclası keçirilmişdir. Ermənilərin də uğur qazanmaq üçün şansı var idi. Lakin onlar, o iclasdan da öz məqsədləri üçün istifadə etdilər – ev sahibləri iclas iştirakçılarını əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışçılar, tarixi faktları saxtalaşdıran xəritələr və şəkillərlə əhatə etdilər. Onlar Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda daima iclaslar keçirirlər. Əlbəttə, sosial komitənin iclası keçirilən zalda belə bir xəritə yox idi və ola da bilməzdi, əks təqdirdə bizim nümayəndələrimiz iclasda iştirak etməzdilər. Lakin Ermənistan daimi olaraq Azərbaycan ərazilərini öz xəritələrində beynəlxalq prinsiplərə zidd göstərir və belə xəritələrə Ermənistanın hər yerində və müxtəlif mənbələrdə rast gəlmək olar.
AQİL
525-ci qəzet.- 2012.- 10 aprel.- S.4.