“Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmədə cavab verməlidir”

 

Gənclik illərini Xocalıda keçirən, Qarabağ müharibəsinin, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın şahidi olan və bu faktı qələmi ilə dünyaya çatdırmaq istəyənlərdən biri də Şamil Sabiroğludur. Onunla baş vermiş gerçəkliklərin çatdırılmasında ərsəyə gətirdiyi “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin rəhbəri, “Ana harayı” qəzetinin baş redaktoru, müharibə veteranı olaraq həmsöhbət olduq.

–Şamil müəllim, öncə təşkilatınızın yaranma səbəbləri barədə məlumat verərdiniz.

–Birliyin yaradılmasının təşəbbüskarlarından biri “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Beynəlxalq Dəstək Cəmiyyəti”nin rəhbəri Tofiq Əlizadədir. Bu qurumu yaratmaqda bir səbəb var. Mən, Xocalı soyqırımı baş verən gündən onun ağır nəticələrinin aradan qaldırılmasına qədər proseslərdə iştirak etmişəm və bunları qələmə alıb bir sıra mətbu orqanda işıqlandırmışam. Tofiq müəllim bunu görürdü və təklif etdi ki, bir ictimai təşkilat yaradıb, bu işlə professional şəkildə məşğul olum. 2007-ci il sentyabrın 27-də təşkilatın təsis yığıncağını keçirdik. Həmin il noyabrın 16-da “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi dövlət qeydiyyatına alındı.

– Bu müddətdə sizə maliyyə yardımı göstərən donor təşkilatlar olubmu?

–2007-ci ilədək respublikamızda fəaliyyət göstərən QHT-lər çox acınacaqlı durumdaydılar. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Həmin vaxt təşkilatımız yeni təsis olunmuşdu. Bizə ilk maliyyə yardımını ayıran da məhz QHT-lərə Dövlət Dəstəyi Şurası olub. Qeyd edim ki, mən, Şuranın sədri Azay Quliyevlə Respublika Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun formalaşması prosesində yaxından iştirak etmişəm. Hazırladığımız layihələrin aktuallığını, təşkilatın və onun rəhbərinin dövlətimizə sədaqətini nəzərə alan Şura üzvləri 3 layihəmizin maliyyələşdirilməsi barədə qərar qəbul etdilər. Azərbaycan Mətbuat Şurası ilə birgə həyata keçirdiyimiz “Qarabağ” mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək” layihəsi də bu qəbildəndir. “Azersun Holdinq”in maliyyə dəstəyilə həyata keçirilən bu layihə KİV əməkdaşları, o cümlədən ictimaiyyət nümayəndələri tərəfindən çox maraqla qarşılandı.

– Soyqırımın dünya dövlətləri tərəfindən tanınması üçün hansı addımların atılmasını daha vacib hesab edirsiniz?

– Dövlət başçısı tərəfindən QHT-lərə dəstək göstərilir. Lakin maliyyə vəsaitinin azlığı ucbatından qarşıya qoyulan məqsədə nail olmaq qeyri-mümkündür. Məsələn, 2009-cu il fevralın 4-də Hollandiyada fəaliyyət göstərən “Türklərin Soyqırımlarını Araşdırma” Vəqfi ilə birgə 18 maddədən ibarət “Ermənistanın Qarabağ Türk Soyqırımı” adlı layihəni imzalamışıq. Bu layihəyə əsasən, Avropanın hüquq mərkəzi olan Haaqada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə həsr edilən Beynəlxalq İctimai Məhkəmənin keçirilməsini planlaşdırırıq. Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsi bu layihəni bəyənib. Müvafiq işlər görülməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə tapşırılıb. Təəssüflər olsun ki, lazımi miqdarda maliyyə vəsaiti olmadığından layihənin icrası ləngiyir. Bizə elə gəlir ki, Heydər Əliyev Fondunun timsalında bu cür böyük layihələrin maliyyələşməsinə imkanlı idarə və müəssisələr, xeyriyyəçi insanlar kömək göstərməlidir. Mən özüm Xocalı soyqırımının canlı şahidiyəm. Ötən 20 il ərzində erməni vəhşiliyinin şahidi olan, əsir və girovluq həyatı yaşayan insanların çoxu dünyalarını dəyişib. İstəyirik ki, sağ qalanlardan videomüsahibələr alaq. Amma təkcə arzu etməklə bitmir. Layihənin icrasına 5-6 min manat pul ayrılır. Çalışırıq ki, layihədə nəzərdə tutulanlar həyata keçirilsin. Bəs, bu layihəni icra edənlərin ailə-uşaqları, ən azından Birliyin rəhbəri, kompüter operatorumühasib də müəyyən miqdarda maliyyə vəsaiti almalı deyil? Bütün problemlər də buradan başlayır. Təşkilatın daimi ofisi yoxdur. Daimi yeri olmayan ictimai birlik ofis kirayələməyə məcburdur. Bəs, kirayə haqqını hansı pulla ödəmək? Ötən 4 il müddətində dəfələrlə müraciət etməyimizə baxmayaraq, təşkilatımıza Bakı şəhərində 5-6 otaqlı ofis ayrılmır.

–Xocalı soyqırımı baş verərkən hansı hadisələrin şahidi olmusunuz?

–1989-cu ildən 1995-ci ilə kimi qaynar nöqtələrdə fəaliyyət göstərərkən salamat qaldığıma görə Allahıma duaçıyam. Soyqırım zamanı xocalıların çoxu öz başının hayındaydı. Rusiyaya məxsus 366-cı alayın hərbi texnikası və canlı qüvvəsi olmasaydı, erməni daşnaqları bu cür vəhşiliyi törədə bilməzdilər. 88 yaşlı Allahverdi Quliyev, 83 yaşlı Savalan Abbasov, el ağsaqqalı Zəkara dayı..... vəhşicəsinə qətlə yetirildilər. 20 il Xocalı şəhər 8 illik məktəbinə rəhbərlik etmiş Cəfər Cəfərovun baba-nənəsini Qərbi Azərbaycanda–indiki Ermənistanda öldürən erməni terrorçuları, məlum soyqırım zamanı onun ata-anasını öldürdülər, özü isə ermənilər tərəfindən girov götürülüb. 8 yaşlı qızı Xəzəngül Əmirovanın gözləri önündə atası Təvəkkülü diri-diri yandırdılar. Bu cür faktlar o qədərdir ki... Xocalının qəhrəman övladlarının, habelə, Ağdam camaatının, orada fəaliyyət göstərən tibb işçilərinin köməyi sayəsində itkilərin sayı xeyli azaldı. Ağdam mərkəzi rayon xəstəxanasına gətirilən yaralılar operativ surətdə qəbul olunurdu, şöbələrdə yerləşdirilir, ağır vəziyyətdə olanlar respublikanın əksər şəfa ocaqlarına göndərilirdi. O zaman burada səhiyyə xidmətinin təşkili üçün bütün məsuliyyəti səhiyyə nazirinin o zamankı müavini Rahim Hüseynov öz üzərinə götürmüşdü. Hələ soyqırım baş verməmişdən on gün öncə, fevralın 17-də Ağdama hərbi sanitar qatar gətirilmişdi. Biz elə düşünürdük ki, Əsgəran–Şuşa yolu açılacaq və biz Xocalıya gedəcəyik. Bu məqsədlə də sanitar qatar Ağdama gətirilmişdi. Təəssüflər olsun ki, fevralın 25-dən 26-na keçən gecəyədək Əsgəran yolunun açılması üçün hazırlanan əməliyyat baş tutmadı. Mərkəzi rayon xəstəxanasının baş həkimi Taryel Eyvazov başda olmaqla, bütün işçilər yuxusuz gecələr hesabına yaralıların şəfa tapmaları üçün var qüvvələrilə çalışırdılar. Fevralın 28-də Ağdam rayonunun mərkəzi erməni-rus hərbi birləşmələri tərəfindən “Qrad”, “Kristaltipli raket qurğularından və top mərmilərindən şiddətli atəşə tutuldu. Atılan mərmilərdən ikisi xəstəxananın ərazisinə düşmüşdü. Mən, Rahim müəllimin üst-başının qanlı-palçıqlı olduğunu gördüm. O, xərəkdə yaralıların daşınmasına kömək edirdi. Elə bildim, yaralanıb. Az sonra məlum oldu ki, yaralıları palatalara yerləşdirərkən üst-başı qana bulaşıb. Məhz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində tibb işçisi kimi müstəsna xidmətlərinə görə Rahim Məmmədhüseyn oğlu Hüseynov “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Xüsusi Diplomuna və Fəxri Üzv adına layiq görülüb.

Birliyin nəzdində gənclərdən ibarət yaradılan “Haray” teatrı fəaliyyətini necə qurub?

–Azərbaycanda 1500-dən çox QHT fəaliyyət göstərir. İlk ictimai təşkilatdır ki, tərkibində peşəkar teatr yaradılır. Bu təklifin müəllifi təşkilatımızın üzvü, istedadlı rejissor Kəmaləddin Məmmədli, onu dəstəkləyənsə özüm olmuşam. Bakı Humanitar Kollecinin tələbələri və sabiq müəllimlərindən ibarət kollektiv hələ ki, ictimai əsaslarla çalışır. Hazırladığımız “Xocalını unutma!” adlı ədəbi-bədii kompozisiya tamaşaçıların hədsiz marağına səbəb olub. Düzdür teatr kollektivi hər birimizə əzizi olan İmran müəllimin vəfatından sarsıntı keçirdi, lakin hamı bilir ki, həyat davam edir. Bu gözəl insanın xatirəsini yaşatmaq üçün adına Diplom təsis etmək niyyətindəyik. Qeyd edim ki, hələlik teatra rəhbərliyi peşəkar rejissor Samir Güləliyev öz üzərinə götürüb.

–Təşkilatınızın İnternet səhifəsi varmı?

–Saytı 1 ildən çoxdur ki yaratmışıq. Lakin maliyyə imkansızlığı ucbatından istifadəyə verməmişik. Bu yaxınlarda onun təqdimatını keçirmək niyyətindəyik. Sayt 3 dildə–Azərbaycan, ingilisrus dillərində fəaliyyət göstərəcək.

–Xocalı soyqırımı ilə bağlı Almaniyaya səfərinizin əsas məqsədi nədi?

Qeyd edim ki, bu səfər QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirilmişdi. Səfərə ictimai birliyin sədr müavini, şair-tərcüməçi, Xocalı soyqırımı zamanı atasını, bacısını və digər doğmalarını itirmiş Yusif Savalan, eləcə də, Nəzarət-Təftiş Komissiyasını üzvü Qardaşxan Abbaszadə ilə birgə getmişdik. Göstərilən diqqət və qayğıya görə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova, habelə, səfirliyin digər məsul əməkdaşlarına rəhbərlik etdiyim Birliyin fəalları adından öz minnətdarlığımı bildirirəm. Berlindəki kitabxanalardan birinin qarşısında Xocalı soyqırımının qurbanlarına abidə ucaldılıb. Həmin abidəni ziyarət etdik. Almaniya hökumətinin keçmiş sözçüsü, Azərbaycanın Baden-Vattemberq əyalətindəki fəxri konsulu cənab Otto Hauzerlə və digər alman ziyalıları ilə tanış olduq. O.Hauzer etiraf etdi ki, çox ölkələri gəzib, sonda Azərbaycanı seçib. Bu diyarın insanları çox səmimi, sözlərində dürüstdürlər. Mən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru, milliyyətcə azərbaycanlı Samira-Patzer İsmailova çox böyük köməklik göstərdi. Berlində altı min nəfər soydaşımız yaşasa da, cəmi 80-100 insan 4 gün ardıcıl keçirilən tədbirlərdə aktiv iştirak edirdi. Bizim başımıza gələnlər ermənilərin və ya onların havadarlarının başlarına gəlsəydi, dünyaya car çəkib hər yerdə biabır etmiş, lazımi miqdarda təzminat almışdılar. Bizsə, ötən 20 ildə Xocalı soyqırımının əsl hüquqi qiymətinin verilməsinə nail olmamışıq. Çox istərdim ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, habelə, bütün həmvətənlərimiz dövlətimizin mənafeyiniümumi maraqlarımızı daim nəzərə alsınlar. Unutmasınlar ki, Vətəndə onların yolunu həsrətlə gözləyənlər var. Siyasi baxışlarından, dini etiqadlarından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları, ictimaiyyət “Öncə Vətən!”” devizini önə çəksinlər. Yalnız bu zaman ərazi bütövlüyümüz təmin olunacaq, şəhidlərin ruhu şad olacaq.

 

 

Bəxtiyar MƏMMƏDLİ

 

525-ci qəzet.- 2012.- 11 aprel.- S.4.