Çağdaş mətbuatımızda Qarabağ mövzusu:yazıçı-jurnalist Ziyəddin Sultanovun qələmində

 

Müasir Azərbaycan jurnalistikasında özünəməxsus yeri olan, qələmi və istedadı, ən ümdəsi yaradıcı şəxsiyyəti ilə nüfuz qazanmış ziyalılarımızdan biri də Ziyəddin Sultanovdur. O, 1960-cı illərin ikinci yarısından mətbuat aləminə addım atıb. Həmin vaxtlar Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinin səhifələrində ilk qələm təcrübələrini çap etdirib, qəzetin nəzdində fəaliyyət göstərən ədəbi dərnəyin fəal üzvlərindən olub. Sonralar bu həvəs, bu istedad onu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirib, oxusu, yazısı, rəftarı ilə tələbələr arasında fərqlənib, tələbə dostlarının və müəllimlərinin sevimlisi olub, mərkəzi mətbuata aparan yolların əbədi yolçusuna çevrilib.

Əmək fəaliyyətinə “Gənclik” nəşriyyatında redaktor kimi başlayıb (1979). Sonra “Azərbaycan gəncləri” qəzetində müxbir, “Kommunist” qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir işləyib, hazırda isə “Xalq qəzeti”nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərir. Ziyəddin 45 ildən artıq bir müddətdir ki, professional jurnalistika yollarında irəliləyir. O, mətbuatda, bədii publisistikada Qarabağ mövzusuna öz silinməz möhürünü vuran yazıçı-jurnalistdir! Öz sözü, sanballı imzası ilə Azərbaycan jurnalistikasına gələn və orada öz məkanını tutan, Respublikanın əməkdar jurnalisti, “Qızıl qələm”, Zərdabi adına, Osman Mirzəyev adına, “Dan Ulduzu”, Araz Ali Ədəbi və Ali Media mükafatlarına layiq görülən, Qarabağ müharibəsi veteranı, yüzlərlə məqalələrin, oçerklərin, informasiyaların, zarisovkaların, “Məni də sevən var”, “Ömür keçdi, gün keçdi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Kəklik”, “Ölüm sevinməsin qoy”, “Xatırla məni”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr...”, “Göylərdən gələn gəlin” bədii və publisistik kitabların müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvü Ziyəddin Sultanovun növbəti kitabı, hələ mətbəə qoxulu “Ürək dözmür ağrılara” (2011) kitabı digər əsərləri ilə birgə yazı masamın üstündədir. Kitaba tanınmış tənqidçi Vaqif Yusifli isə həm redaktorluq etmiş, həm də “Yaddaşın mühakiməsi və yaxud yeni bir “Qarabağnamə” adlandırdığı məzmunlu ön söz yazmışdır.

Ziyəddin Sultanov ilk qələm təcrübələri ilə mətbuatda 60-cı illərin sonlarından çıxış etsə də, ciddi ədəbi-publisist fəaliyyətə 1973-cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “Dağ ürəyi” hekayəsi ilə başlamışdır. Sonralar bu dağ ürəkli dağlar oğlu müntəzəm olaraq “Azərbaycan” jurnalında, “Kommunist”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” təkin məşhur mətbuat orqanlarında povest və hekayələr, oçerk və publisistik yazıları ilə çıxış etdi. Onun 80-ci illərdə “Məni də sevən var” (1981), “Ömür keçdi, gün keçdi” (1989) povest və hekayələrdən ibarət kitabları işıq üzü gördü. Sonralar onun yazıçı-jurnalist taleyindən bəhs edən dəyərli qələm sahibi Əmir Mustafayev “Azərbaycan” qəzetinin baş redaktoru işlədiyi vaxtda öz həmkarı barədə qələmə aldığı “Yaradıcılıq istedad, bir də zəhmətdir” sərlövhəli məqaləsinin elə başlanğıcındaca yazırdı: “Mən Ziyəddin Sultanovun əsərləri – oçerkləri, publisistik qeydləri, hekayə və povestləri ilə 80-ci illərdən tanışam. Nə gizlədim, həmişə də ürəyimdən bir duyğu keçib: Kaş, Ziyəddin jurnalistikadan, daha dəqiq desək, qəzetçilikdən uzaqlaşaydı. Axı onun şirin, axıcı dili, aydın təhkiyəsi, geniş bədii lövhələr və tipik obrazlar yaratmaq istedadı daha geniş əsərlər yaratmağa imkan verərdi. Ancaq belə olmadı. Ziyəddin Sultanov qəzetdən, jurnalistikadan uzaqlaşmadı....Sonralar bədnam qonşuların torpaq iddiaları baş qaldırandan sonra biz Ziyəddini hadisələrin ən gərgin nöqtələrində – Xankəndində, Şuşada, Ağdamda, Laçında, Xocalıda, Kəlbəcərdə... gördük. Onun bir-birinin ardınca hücum və basqınlardan, qanlı döyüşlərdən, torpaqlarımızı mərdliklə qoruyan oğullarımızın qəhrəmanlıqlarından bəhs edən maraqlı, isti və operativ reportajları, publisistik yazıları dərc olunmağa başladı...”

Beləliklə, qəzetçilik peşəsinə, jurnalistika sənətinə Ziyəddin Sultanov müqəddəs peşə kimi bağlanmış, onu mühüm, lazımlı yaradıcılıq sahəsi hesab etmiş, bu sahəyə özünəməxsus halallıq, prinsipiallıq, mübarizlik, aktuallıq gətirmişdir. Professor, görkəmli tənqidçi Qulu Xəlilov (Xəlilli) demiş, “Qəzetçilik – müxbirlik onun ömrünün demək olar ki, bütün şüurlu hissəsini təşkil edir. Narahat gecələr, zəhmətli axtarışlar, çətinliklərdən qorxmamaq, adamların işindən, fəaliyyətindən, qəhrəmanlıqlarından ilhamlanmaq, sevinmək, faciələrindən dərin kədər hissləri keçirmək və bütün bunları qəzet səhifələrində təzə-təzə oxucularına çatdırmaq onun jurnalistika fəaliyyətinin əsas qayəsi, məqsədidir.”

Bununla da, oxucular Ziyəddin Sultanovun yaradıcılığında yeni bir ampluanın, yeni bir səhifənin – cəbhə müxbiri, döyüşçü yazıçı-jurnalist kimi yeni, zəngin, məsuliyyətli fəaliyyət səhifəsinin şahidi oldular. Bu, bizim Azərbaycan jurnalistikasında tamamilə yeni bir sahə idi. Bu, özümüzün “vətən müharibəmiz”ın Ziyəddin kimi qələm sahiblərinin yaratdığı yeni jurnalistika idi...

Doğrudur, SSRİ zamanında faşizmə qarşı mübarizədə – Böyük Vətən müharibəsi illərində Azərbaycan jurnalistikası zəngin təcrübə qazanmışdı. Lakin bu təcrübənin imkanları, istiqaməti, ideoloji məqsədləri fərqli idi və bu təcrübə erməni faşizminə qarşı müharibənin jurnalistik şərhində az kara gəlirdi. Burada tamamilə milli mövqedən, milli vətənpərvərlik və azərbaycançılıq mövqeyindən, həmçinin milli mənsubiyyətə görə mülki şəxsləri ucdantutma qıran erməni faşizminin xislətini açmaq mövqeyindən hadisələri əks etdirmək ən vacib şərtlərdən idi. Və bu mənada Azərbaycan jurnalistikası Ziyəddin kimi jurnalistlərin şəxsində müsəlləh əsgərə çevrildi, jurnalistlərimiz əsgər libası – uniformu geyindilər. Onların yazı masasını səngərlər, zirehli maşınların, tankların kapotları əvəz elədi, qələmləri, telekameraları, radio-mikrafonları, sözün əsl mənasında, silaha çevrildi...

Bu müharibə Qarabağ bölgəsinin müxbiri və bir qarabağlı kimi Ziyəddin Sultanovun çiyinlərinə daha ağır vətənpərvərlik yükü qoydu. Bir var, bir sıra jurnalistlərimiz kimi cəbhələrdə vaxtaşırı ezamiyyətdə olasan, bir də var, sənin bütün jurnalist həyatın başdan-ayağa, lap hadisələrin başlanğıcından, “daş atma” döyüşlərindən, top, avtomat, tank, qrad döyüşlərinə və bu döyüşlərin hələ də bitməz-tükənməz sonluğunu gözlədiyimiz bütün məqamlarında, bütün anlarında avtomata çevrilmiş qələminlə müharibə həyatının içində olasan.

Ziyəddin Sultanov erməni işğalına və erməni faşizminə qarşı aparılan Azərbaycan Vətən müharibəsinin qələmlə müsəlləh olan jurnalistikasının sadəcə sıra nəfəri deyil, qələmini, istedadını, həyatını və canını əsirgəməyən, bir addım da kənara çəkilməyən, baş girləməyən döyüşçü jurnalist kimi, Qarabağın bölgə müxbiri kimi Azərbaycan Vətən – Qarabağ müharibəsi mərhələsi jurnalistikamızın yaradıcılarındandır!..

Ziyəddin Sultanov Xankəndində məskunlaşan xüsusi müxbir kimi ermənilərin “miatsum” hayqırtılarını bəlkə də, ilk eşidən azərbaycanlı jurnalistdir... Özü də, hadisələri isti-isti izləyən, yazıları ilə vaxtında, qabaqlayıcı xəbərləri həyəcan təbilinə çevirən ilk bölgə jurnalistlərimizdəndir...

Elə bunun nəticəsidir ki, Ziyəddinin Dağlıq Qarabağ münaqişəsi başlanandan, sonra qanlı işğalçı müharibəyə çevrildiyi andan qələmə aldığı onlarla məqalələri, oçerkləri, xronikaları, sənədli hekayətləri, povestləri Qarabağ müharibəsi mövzusunu reallıqları ilə əks etdirdi, yuxarıda adlarını çəkdiyim dəyərli kitablara çevrildi. Onun bu kitabları, əslində, son iyirmi ildə Azərbaycanda, onun füsunkar ürəyi olan Qarabağda baş verən müqəddəs faciəvi hadisələrin tarixi faktlara söykənən ədəbi, bədii, publisist salnaməsidir.

Bu kitablarda Ziyəddin Sultanovun bir yazıçı-jurnalist kimi zəngin bədii təxəyyülü, canlı, obrazlı, eləcə də xalqdan gələn təbiiliyi ilə seçilən ifadə tərzi, hadisələrə milli vətənpərvərlik və azərbaycançılıq, müstəqil dövlətçilik mövqeyindən yanaşma üslubu jurnalist operativliyi və sərrastlığı ilə, real hadisələrə və faktlara söykənən prinsipiallıqla birləşərək olduqca təsirli, emosional, dramatik psixologizmlə zəngin lövhələrin yaranmasına vəsilə olmuşdur...

Başqa bir tərzdə desək, Ziyəddini digər həmkarlarından fərqləndirən ən mühüm xüsusiyyət onun Qarabağ uğrunda gedən müharibədə döyüşçü-jurnalist olmasındadır... O, həm əlinə avtomat alıb səngərlərdə döyüşüb, həm də əlində avtomat qələm, jurnalist dəftərçəsi, diktafonu ilə həmişə ön cəbhədə, səngərlərdə olub, özünə isti yuva gəzməyib, rahat, təhlükəsiz məkan seçməyib, daima külli Qarabağın qaynar nöqtələrində olub, qəzetlərdə sözü ilə, səngərlərdə avtomat silahı ilə döyüşüb... Və elə ona görə, bir daha deyirik, onun bütün son iyirmi illik ədəbi publisistik və bədii yaradıcılığı, fikrimizcə, dövrümüzün bütöv müasir “Qarabağnamə”sidir! Dövrün canlı, sənədli-sübutlu tarixcəsidir!.. Qarabağ dərdlərini, Qədim Qarabağın ən yeni tarixini bütün reallıqları ilə bədii-publisist janrlarda əks etdirən faciəvi salnaməsidir...

İstedadı və uğurları ilə qibtə doğuran yazıçı-publisist Ziyəddin Sultanov “Ürək dözmür ayrılığa” (Bakı, “Adiloğlu”, 2011 – 280 səh.) zərif tərtibatlı növbəti kitabında da Qarabağ müharibəsindən, torpaq itgisindən, Xocalı faciəsindən, ölümün gözünə dik baxan Azərbaycan oğullarından, namuslarını, ismətlərini Vətən namusuna və yeganə silaha çevirən qız-gəlinlərdən, od-ocaq, yurd-yuva həsrətindən bəhs edir. Bu kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı “Xocalı faciəsi”, “Göydən gələn gəlin”, “Axıradək oxunmamış kitab” sənədli povestləri, “İşıq həsrəti”, “Üzü bəri baxan dağlar mənim sizdə anam qaldı”, “Fəryad”, “Min yüz əlli beş gün düşmən əlində girov qalmış Fərman Quliyevin hekayəti”, “Kəlbəcərdən gələn var”, “Qayalardan qopan daş kimi”, “Ölümün gözünə dik baxan oğlan” qəbildən sənədli hekayələri toplanmış və bu olduqca təsirli əsərlərdə erməni-faşist təcavüzünün səbəbləri, dinamikası, nəticələri informatik xarakterli proqnoz və mülahizələr bədii-publisistik üslubun analitik düşüncə işığında şərh edildiyindən olduqca inandıricı, başadüşülən olur, həm də orijinal təsir bağışlayır, bu sıradan olan digərlərindən çox fərqlənir...

Özü də Xocalıda baş verən soyqırımı hadisələri deyərdim ki, bu kitabın ən təsirli, ağrılı baş xəttini, aparıcı mövzusunu təşkil edir. Xüsusən bu,”Xocalı faciəsi” sənədli povestində daha qabarıq görsənir. Bədii və publisistik pafosun qovuşuğu bu sənədli povestin süjetini, struktrunu şərtləndirir. Povest ayrı-ayrı başlıqlara bölünmüş hekayətlərin, real hadisələrin düzümündən ibarətdir və sonda Xocalı faciəsinin monumental, qan ağlayan obrazı tam aydınlığı ilə canlanmış olur, sözdən yonulmuş abidəyə çevrilir...

“Qanla yazılmış səhifə”, “Hər gün böyüyən kənd”, “Xocalılar”, “Haray”, “Xocalı qan içində”, “Telefonçu qızlar”, “Xocalıdan Şelliyə”, “Diqqət! Diqqət! Danışır Xocalı!”, “Bu dərdi biganə ağlamaz”, “Necə qan ağlamayaq!”, “Xocalı ruslara neyləmişdi?”, “Atan kazaklar aradan çıxır”, “Keçmiş müttəfiqlər dalaşır”, “Günahsızların günahı nə idi?”, “Xocalı qaçqınları”, “Xocalı batalyonu”, “Məhsəti türkləri”, “Xocalılar, hardasınız?”, “Dünya, Xocalı hanı?”, “Xocalı xeyriyyə cəmiyyəti”, “Sarı sim, yaxud son söz əvəzi” başlıqları altında verilən hadisələr, əhvalatlar, hekayətlər informasiya qatının zənginliyi ilə bərabər, həm də hər biri vahid süjetdə birləşmiş müstəqil, hər birisinin öz qəhrəmanları olan hekayə-oçerklərdir. Başlıqlar elə səriştə və professionallıqla seçilib ki, bu adlar təsvir ediləcək hadisənin, əhvalatın mətləbinin, mahiyyətinin kod açarına çevrilir, oxucu marağını artıraraq onu istiqamətləndirir, daha doğrusu, oxumağa məcbur edir ki, bu bədii publisistikada olduqca mühüm, vacib şərtlərdəndir. Bu hekayətlərdə yüzlərlə insanın real obrazları, xarakterləri, başlarına gələn faciələr bir kino lenti kimi göz önündən fırlanaraq, dərin, sağalmaz qanlı izlər buraxıb keçir...

Yeri gəlmişkən, onu da qeyd etmək vacibdir ki, Ziyəddinin təkcə bu kitabında üst-üstə 350-dən çox insanın – döyüşçünün, əsir-girovun, mülki şəxsin, hərbçinin, şahid və şəhidin, qız, gəlin və uşağın adı keçir, onların hər biri barəsində müəyyən məlumat verilir, əksəriyyəti bədii obraz səviyyəsinə yüksəlir və maraqlı budur ki, adı çəkilən hər bir insan burada elə təsvir və təqdim edilibdir ki, onların hərəsi bir tale yükü daşıyır... Bu hekayələrdə xalqın təlaşı, səksəkəsi, həyəcanı, ruhi sarsıntıları, əzablı, işgəncəli, amansız yaşantıları əksini tapıb...

Beləliklə, Ziyəddinin hər hekayətində erməni vandalizmi ilə bağlı bir el oğlunun, el qızının faciəli, amma mübariz həyatından, yanğılı taleyindən, qüssə dolu alın yazısından söhbət açılır... Ziyəddin bu yazıları ilə sübut edir ki, Qarabağda hər bir ailənin böyük əsərlərin mövzusuna çevriləcək öz müsibətli tarixcəsi var... Bu əsərlərdə qaçqınlığın, evsizliyin, yurdsuzluğun, əsir-yesirliyin, girovluğun acı, faciəli, dramatik talelərini yaşayan insanların durna qatarı ilə rastlaşırsan... Oxuduqca adamın qəlbi çilik-çilik olur, zavala gəlmiş durna telləri təkin düzlərə səpələnir...

Ziyəddin faktların dili ilə Xocalının keçmişi və indisi, dağıdıldığı, viran-talan olunduğu günlərə qədər bədii-publisistik üsulla tarixini yazır, tədqiqatçı-jurnalist olur, vəziyyəti, əlahəzrət faktı təhlil və təşrihdən keçirir, Xocalı şəhərinin, onun sakinlərinin faciəsinin tam mənzərəsini yaradır, bu faciəni dünya miqyasında məşhur tarixən baş vermiş Xatın, Moabit, Buhenvald, Sonqimi, Lidirtsa faciələri ilə müqayisədə əsl mahiyyətini aşkarlayır. Ziyəddin bir yazıçı-jurnalist kimi bu sənədli povestində ustalıqla işğala, vandalizmə, təcavüzə, soyqırımına məruz qalan Xocalının – xocalıların mətanətini, milli mənlik heysiyyətini, ölümün özünü mübarizəyə, silaha çevirmək əzmini, ruhunu canlandırmışdır...

Ziyəddin Sultanov öz sənədli-sübutlu əsərləri ilə Xocalı hadisələrinin soyqırım olmasını ilk sübut edən yazıçı-publisistdir! Təkcə bunun özü çox əhəmiyyətli ədəbi, həm də siyasi faktdır ki, biz “fil qulağında yatmışlar” bunun üstünə 20 ildən sonra qayıtmışıq...

Ən maraqlı cəhətlərdən biri də budur ki, Ziyəddin Sultanov bir hərbi yazıçı-jurnalist kimi Qarabağ hadisələri ilə əlaqəli mühüm, vacib mövzuları ədəbi gündəmə gətirir, mürəkkəb, gərgin, bir az da fəci həyat reallıqlarını bədii tədqiq və təhlil obyektinə çevirir. Həmçinin o, qəribə bir tərzdə, heç kimə məxsus olmayan bir yazıçı-jurnalist çevikliyi və fəhmi ilə sırf Qarabağla bağlı sosial-mənəvi mühiti, mənəvi-əxlaqi mənzərəni, vətəndaş və cəmiyyət, insan və zaman, yıpranmış köhnə düşüncə tərzinin yeni milli təfəkkürlə əvəzlənməsi prosesini, həmçinin bütün bunların cəmiyyətdə gedən ictimai-mənəvi proseslərlə əlaqəsini həssaslıqla ədəbi jurnalistikaya gətirə bilir. Beləliklə də, onun əksər əsərlərində olduğu kimi “Göylərdən gələn gəlin” sənədli povestində də ümummilli dərdlərlə alışıb-yanan vətəndaş qayəsi, vətəndaşlıq pafosu və yüksək vətəndaş yazıçı-jurnalist mövqeyi öndədir...

“Göylərdən gələn gəlin” əsəri də ədəbi janrca sənədli-povestdir. Bu əsəri də həyəcansız, ağrısız, ürəkləri sızıldadan kədərsiz oxumaq mümkün deyildir.

Müəllif Qarabağ müharibəsinin olduqca ağrılı, kədərli bir səhnəsini bütün reallıqları, faciələri ilə bədii-publisist sözün gücüynən canlandırır. Və müasir Azərbaycan ədəbiyyatında bu qəbildən müharibə mövzularını əks etdirən sənədli povest və hekayələr silsiləsində Ziyəddinin digər əsərləri kimi, bu əsərinin də, orijinal, özünəməxsus dəyərli yeri vardır.

“Göylərdən gələn gəlin” sənədli povestin əsas qəhrəmanı Səma bu cəhətdən tamamilə fərqlidir. Müəllifin özü əsərinə yazdığı proloqda həyatdan aldığı mövzunu və qəhrəmanını elmi-nəzəri dürüstlüklə, psixoloji dəqiqliklə belə mənalandırır: “Oxuculara təqdim etdiyim bu əhvalat, hadisələrin cərəyanı, haqqında söhbət açdığım insanlar vallah, nə həqiqətə, nə də nağıla bənzəyir. O mənada nağıla bənzəmir deyirəm ki, çətinliklə danışmaq, söyləmək istədiyim əhvalatların, mətləblərin arxasında, canında real adamlar, insanlar durub. Söyləmək istədiyim həqiqətlər isə o qədər qeyri-adi, insan iradəsinin, ağlının dərk edə bilmədiyi, təsəvvürə gətiriləsi mümkün olmayan məqamlardır ki... Sözün həqiqi mənasında bunlara – povest boyu danışılan təsvir edilən hadisələrin reallığına inanmaq çox çətindir. Fikrim, düşüncələrim yerin təkinə yeriyən şin (neft quyularını qazan balta) kimi elə hey fırlanır. Duyğularım, hisslərim pərən-pərəndir, nə illah eyləyirəmsə bir yerə yığa bilmirəm, cəmləşdirə bilmirəm. Demək istədiyim odur ki, oxucular yazdıqlarımla, söylədiklərimlə tanış olduqdan sonra düşünə bilərlər: “Heç inanılası hadisələr deyil. Görəsən insan bunlara qadirdirmi? İnsanın qəlbində, beynində nələr baş verir, bu necə mürəkkəb “cihazdır” ki, hələ də onun “göstəriciləri” bəşəriyyət üçün sirr olaraq qalır.”

Burada, bu emosional-lirik tərzdə yazılan proloqda bir neçə cəhət – yaradıcılıq psixologiyası və prosesi ilə əlaqədar çox mühüm mətləblər öz əksini tapıbdır.

Birinci, yazıçının özünün keçirdiyi yaradıcılıq əzabları, yaradıcılıq hissləri, çətinlikləri, mövzu ilə bağlı keçirdiyi həyəcanları və iztirabları... Bunlarsız, bu hisslərsiz yaradıcılıq, həqiqi istedadla yazılan əsər müvəffəqiyyət qazana bilməz. Əsl istedad sahibi olan qələm əhli, haradasa yaratdığı qəhrəmanlarla bir sırada durur, özü öz əsərinin qəhrəmanına çevrilir ki, Ziyəddin Sultanov da digər əsərlərində olduğu kimi bu sənədli povestində də qəhrəmanları ilə birgədir, bir yerdədir, onların əzabı, yaraları, əsirlik həyatı, ölüm-dirimləri, sevinc işartıları, keçirdikləri iztirabları onun qəlbinin meridianlarından keçir, süzülür, sözə çevrilib kağıza gəlir...

Bu hadisələrin kürəsində yandığından, qovrulduğundandır ki, onun fikirləri, düşüncələri “yerin təkinə yeriyən şin kimi elə hey fırlanır”, dərinlərə gedir, duyğuları, hissləri “pərən-pərən” salır, axtarır... Elə bu cür yaradıcılıq axtarışlarının, iztirablarının, əzablarının və həyəcanlarının nəticəsində oxucunu həyəcanlandıran, iztirablar keçirməyə məcbur edən təsirli, oxunaqlı əsər meydana gətirə bilir... Belə ki, qəhrəmanların çəkdiyi iztirab və həyəcanla yazıçı iztirabı və həyəcanı, oradan da, oxucu həyəcanı və iztirabı üst-üstə düşür, qovuşur... Bu isə yazıçı istedadının ən dürüst mizan-tərəzisidir, onun istedad səviyyəsinin göstəricisidir, məhək daşıdır...

Bu həm də, Qarabağ müharibəsi mövzusunda yazmağın ağrı-acılarından, çətinliklərindən xəbər verir. Müharibə yazıçı-jurnalisti ağır məqamlarla, sarsıntılarla, faciələrlə üz-üzə qoyur. Müəllifin özü də qarşılaşdığı qəddar müharibə həqiqətlərinə inanmaq istəmir. İnsanlıq adına sığmayan vəhşi, faşistsayağı, yox elə ermənisayağı iyrənc, eybəcər düşmənçilik və bu qeyri-bərabər döyüşdə insan mənəviyyatının, azərbaycanlı-türk qadınının yenilməzliyinin ecazı yazıcını da ehtizaza və inanılmaz təəccübə gətirir, həqiqət nağılla dönür, gercəkliklə ağılagəlməzlik dilemması qənşərində qoyur... Ziyəddinin bir yazıçı kimi səmimi etirafına səbəb olur: “Oxuculara təqdim etdiyim bu əhvalat, hadisələrin cərəyanı, haqqında söhbət açdığım insanlar vallah, nə həqiqətə, nə də nağıla bənzəyir.”

Fikir burada haçalanır! Onun qələmə aldığı hadisə tamamilə həqiqətdir, erməni əsirliyində bir azərbaycanlı qızının mənlik döyüşü və əxlaq mübarizəsidir. Murdar erməni xisləti ilə, vəhşiliyi ilə döyüşən əsir bir qadının döyüş və mübarizə həqiqətləri isə o qədər qeyri-adi, insan iradəsinin, ağlının dərk edə bilmədiyi, təsəvvürə gətiriləsi mümkün olmayan məqamlardır ki, burada gerçək hadisə nağıla çevrilir, nağıla dönür, əfsanəvi bir hal alır...

Bu mübariz azərbaycanlı qızı təpədən-dirnağa avtomatla, tank-topla silahlanmış, canavarlaşmış erməni vəhşiliyinə, erməni vandalizminə qarşı qadınların saçlarına taxdıqları adi, iynə boyda olan saç sancağı ilə çıxır, şah damarını deşərək intihar edir və mənəvi qələbə çalır... Həqiqətlə nağıl qovuşur, həqiqətin qeyri-adiliyi ortaya çıxır! Bu həqiqəti isə nağıla çevirən həm ancaq azərbaycanlı qadına mənsub namusgirlik, həm də bu namusgirliyi bu səviyyədə təqdim etməyi bacaran yazıçı qeyrətkeşliyidir...

Kəndini qoyub gedə bilməyən, uçurumun başındakı uca qayanın təpəsində, əlində yaylığını qeyrət, namus, iffət bayrağına çevirib heykəlləşən Tutu qarılar (“Üzü bəri baxan dağlar, mənin sizdə anam qaldı”, yalığını yenə də namus bayrağına çevirib oğluna nişangah qoyub özünü Həkərinin sularına qərq edən Qəmzə nənənin (“Anamdan bir yaylıq qaldı”), onlarla qız-gəlinin bu qəbilən namus uğrunda döyüş faciələri də eyni yazıçı qeyrətkeşliyi ilə qələmə alınmış, düşmənə mənəvi qələbə simvoluna çevrilmişdir...

Çox zaman deyirlər ki, tarixi hadisələrə və faktlara qiymət vermək üçün zamana ehtiyac var. Gərək müəyyən müddət keçsin, hadisələr, baş verənlər durulsun... Qraf Tolstoyun “Hərb və sülh”ünü misal gətirirlər... Qoy olsun! Ancaq unudurlar ki, zaman su təkin axıb gedir, onu tutub saxlamaq ancaq sözün möcüzəsi ilə ola bilər! “Hərb və sülh” epopeyasını yaratmaq üçünsə gərək Qraf Tolstoy olasan və biz əlimizi-qolumuzu, gözümüzü bağlayıb Qraf Tolstoyu gözləməli deyilik ki?!

Belə yetişəcək dahi üçün gərək gerçək faktlara əsaslanan bədii zəmin hazırlayasan və bu iş bizlərin boynuna düşür! Mənə elə gəlir ki, Ziyəddinin hadisələrin isti-isti izləri ilə qələmə aldığı hekayə və povestlər lap bu yaxın gələcəkdə, elə tutaq ki, yüz ildən sonra belə bir epoxal əsərin yaranmasına vəsilə olacaq... Ziyəddin Sultanovun bu əsərləri belə ləyaqətli, yetgin, həqiqi bədii mənbələrdir... Kim bilir, bəlkə elə bu missiya Ziyəddinin özünə qismət olacaq!..

Ziyəddin bir hekayətini “Axıradək oxunmamış kitab” adlandırıb. Bəlkə də, bunu fəhminən edib. Biz bir-birimizin kitabını axıradək oxuyuruqmu? Məncə, yox!! Təəssüf ki, yoxx!! Oxusaq Ziyəddin Sultanovun yaradıcılığı barədə bu qənaətlərimə hamınız inanacaqsınız!!

Bu kitabda, mənim diqqətimi çəkən başqa bir cəhət də oldu. Ziyəddin Sultanovun əsərlərində tarixi və müasir Qarabağın imkan daxilində toponimikası bütün rəngarəngliyi, zənginliyi ilə əks olunubdur. Qarabağa aid olan etnonimlər, hidronimlər, oykonimlər, antroponimlər bir dilçi alimin tədqiqat materialına çevrilməyə layiq səviyyədə diqqəti cəlb edir. Hətta burada elə antroponimlər – insan adları var ki, heç bir məlum lüğət kitablarına düşməyibdir, nadir adlardandır və mən özüm də bu cür qədim və müasir türk adlarına ilk dəfə rast gəldim!

Ədəbi janrca bu sənədli-povest və hekayələri həyəcansız, ağrısız, ürəkləri sızıldadan kədərsiz oxumaq mümkün deyildir. Qarabağ müharibəsinin olduqca ağrılı, kədərli səhnələrini bütün reallıqları, faciələri ilə bədii-publisist sözün gücüynən Ziyəddin ortaya qoya bilir!..

Məlumdur ki, sənədli povest və hekayələr ədəbiyyatımızda yeni dövrün hadisələrinə, xüsusən də Qarabağ müharibəsi hadisələrinə, real insan xarakterlərinə yeni bədii təfəkkürlə yanaşma tərzi ilə seçildi, sənədlilik bədii-estetik dərkin mənəvi-əxlaqi problematikasının psixoloji şərhinin diapozonunu genişləndirdi, bədii ədəbiyyatı canlı, real həyata daha da yaxınlaşdırdı, dövrün real, həyatda olan, döyüşən, qəhrəmanlıqlar göstərən insanları, döyüşçüləri öz adları, soyadları ilə ədəbiyyatın qəhrəmanlarına çevrildilər.

Bunlar bədii təxəyyülün məhsulu olan ümumiləşdirilmiş, tipikləşdirilmiş, “uydurulmuş” qəhrəmanlar deyil, müharibənin yaratdığı, müharibənin formalaşdırdığı, taleyini bütünlüklə Vətənin – Qarabağın taleyinə bağlamış insanların obrazlarıdır... Bunlar Qarabağ və onun ətrafında baş verən mürəkkəb və qanlı hadisələrin odlu kürəsində yanıb-yaxılan, bişib ortaya gələn, bu qanlı olayların yaratdığı qəhrəmanların ədəbiyyata gəlişidir... Bunlar ən çətin, ən ağır məqamlarda millətin, vətənin taleyini öz talelərində gəzdirən insanların vətəndaşlq mövqeyindən ədəbiyyata gətirilən yeni bədii təfəkkürün qəhrəmanlarıdır...

Və Ziyəddin Sultanovun əsərlərinin bədii-estetik dəyəri, gücü də buradadır!..

Aradan gör, nə qədər illər keçib... 1988-2011-ci illər... Hələ bilinmir ki, nə qədər də illər keçəcək... Ancaq müqəddəs Qarabağımız hələ də qəvi düşmənin işğalı altındadır. Hələ də müharibə qurtarmayıb, hələ də cəbhə xətti boyunca atəşkəs rejimi pozulur, əsgərlərimiz şəhid olur, mülki şəxslərdən də ardıcıl itgilər veririk... Hələ də, yaraları qaysaqlanmayan Xocalı yaralarından, Qarabağ torpaqlarından qara qanlar axmaqdadır... Deməli, bu mövzuda, bu yöndə hər an, hər saat, hər gün düşünməliyik, danışmalıyiq, yazmalıyıq! Dünya haqq səsimizi eşidənə qədər, qələbə gününə qədər, ata-baba torpaqlarımız, yurd yerlərimiz azad olana qədər, lap bütün bunlardan min il sonra da! Çünki “Düşmən qəvi, tale zəbundur!”

Və bu qəbildən müharibə mövzularını əks etdirən sənədli povest və hekayələr silsiləsində Ziyəddinin digər kitabları təkin, bu əsərinin də özünəməxsus dəyərli, samballı yeri vardır, olduqca aktualdır, vacibdir! O da vacibdir ki, biz bu qəbildən olan kitabları digər dillərə tərcümə edib yaymalıyıq, elektron kitabxanalar yaratmalıyıq, internet səhifələrində dünyaya çıxmalıyıq!.. Orta məktəblərdə əlavə oxu vəsaiti kimi şagirdlərimizə, nəvə-nəticələrimizə təkrar-təkrar, dönə-dönə oxutmalıyıq!.. Və bir də deyirəm, yazıçı-publisist, döyüşkən jurnalist Ziyəddin Sultanovun Qarabağ müharibəsinə həsr etdiyi silsilə əsərləri şifrəsiz kodlaşan, uyuyan genetik yaddaşı oyatmağa, yeni yaddaş kodunun şifrəsini yaratmağa xidmət edən dəyərli əsərlərdir və dəyərin dəyərini bilmək də dəyərdəndir, vacibdəndir!!

Beləliklə, yazıçı-publisist Ziyəddin Sultanovun yaradıcı qələmi Qarabağ müharibəsi ətrafında baş verən hadisələrin hansı sahəsinə toxunubsa, orada özünəməxsus bir yenilik, təravət, novatorluq yarada bilib...

Qarabağa bağlılıq, xalq həyatının problemlərinə həssas münasibət, ən ümdəsi isə insanda yüksək və ali dəyərləri, nəcib fikri-hissi başlanğıcı axtarıb tapmaq və bədii cəhətdən təsdiq etmək bu yazılara xas bir xüsusiyyətdir. Bu baxımdan, Ziyəddin Sultanovun adı çəkilən əsərləri müasir bədii – publisistik sənədli nəsrin yaradıcılıq imkanlarını həm nümayiş etdirir, həm də genişləndirir.

Müharibənin fəlakətli, dramatik, fəci mövzuları, motivləri yazıçı-jurnalistə varlıqla – yoxluq, olumla – ölüm, milli mentalla bəşərilik, olumdan əvvəlki dünya ilə ölümdən sonrakı dünya arasındakı bağlar haqqında mücərrədlikdən uzaq, həyatdan gələn bədii-fəlsəfi ümumiləşdirmələr aramağa imkan vermiş, insanın fiziki və mənəvi itgiləri, müharibənin insan həyatına gətirdiyi kədər və qüssənin, müsibət və fəlakətin romantik-qəhrəmanlıq üslubunda təqdimatı nəticə etibarilə müharibə ədəbiyyatının yeni nümunələrini meydana gətirmişdir. Bu yolda ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram...

 

 

Qurban BAYRAMOV,

tənqidçi-ədəbiyyatşünas

 

525-ci qəzet.- 2012.- 12 aprel.- S.6.