Azay Quliyev: “QHT-lərin
qeydiyyatı təkcə Bakıda deyil, Azərbaycanın
digər bölgələrində də aparıla bilər”
Müsahibimiz
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının sədri, millət vəkili Azay Quliyevdir.
– Azay müəllim, “Avronest” Parlament Assambleyasının (PA) Bakı sessiyası zamanı sözügedən qurumun Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin sədri Laime Andrikiene “QHT-lər haqqında ” qanuna 2009-cu ildə edilən dəyişiklikləri mənfi dəyərləndirdi və həmin dəyişikliklərin antidemokratik xarakter daşıdığını bəyan etdi. Bu baxımdan, yaxın gələcəkdə bu yöndə söz-söhbətlərə son qoymaq uçun həmin qanuna yenidən qayıdıla, ona dəyişikliklər edilə bilərmi? Ümumiyyətlə, bu qanuna edilən son dəyişikliklər həqiqətən, antidemokratikdirmi?
– Sualı çox yaxşı qoydunuz, doğrudanmı, bu dəyişikliklər antidemokratikdir? Cavab birmənalıdır, xeyr! Qətiyyən, bu, belə deyil. Həmin vaxt tədbirdən sonra xanım Andrikieneyə də öz fikirlərimi bildirdim və qeyd etdim ki, onda olan məlumat həqiqəti əks etdirmir. Bəli, 2009-cu ildə həmin qanuna çox məhdudlaşdırıcı müddəanın salınması ilə bağlı cəhdlər olmuşdu. İlkin versiyada, ilkin layihədə belə bir cəhdlər edilmişdi. Lakin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Milli Məclisin müvafiq komitəsinin bilavasitə işinin nəticəsində həmin dəyişikliklər, demək olar ki, büsbütün aradan qaldırıldı. Yəni, indi antidemokratiklikdən, məhdudlaşdırmadan söhbət gedə bilməz.
Yeri gəlmişkən, mən xanım Andrikieneyə onu da dedim ki, bu ilin aprel ayının 19-da Avropa İttifaqının, Avropa Şurasının, Venesiya Komissiyasının bilavasitə təşəbbüsü ilə Azərbaycanda QHT qanunvericiliyi məsələsi müzakirə olunacaq. Bilirsiniz ki, Venesiya Komissiyasının bununla bağlı bir tövsiyəsi var, tövsiyə sənədi var və mən burada maraqlı olan hər kəsi, o cümlədən, avropalı deputatları, onun özünü həmin tədbirdə iştirak etməyə dəvət etdim. Gəlsinlər, görsünlər bizim hansı məsələlərdə fikir ayrılığımız var, onların dedikləri həqiqətdir, ya yox.
Hesab edirəm ki, söhbət hər hansı bir formada antidemokratik müddəadan gedə bilməz. Getsə-getsə, ola bilsin ki, müəyyən müddəalarda təkmilləşdirmək işlərinin aparılması məsələsi ola bilər. Məsələn, qeydiyyatla bağlı bunların müəyyən iradları var. Şəxsən mən də hesab edirəm ki, qeydiyyat Azərbaycanda nisbətən sadələşdirilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycanda qeydiyyat QHT-lər üçün məcburi deyil. Onlar qeydiyyata alına da bilərlər, qeydiyyatsız fəaliyyət göstərə də bilərlər. Bu, Azərbaycan qanunvericiliyində qadağan edilmir. Amma buna baxmayaraq, əgər burada ciddi ehtiyac varsa, bəli, qeydiyyat təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də aparıla , vaxt bir az da azaldıla bilər.
Hətta, mən hesab edirəm ki, gələcəkdə nə vaxtsa biz “vahid pəncərə” sistemi ilə, necə ki, digər qeyri-kommersiya təşkilatlarının qeydiyyatı həyata keçirilir, qeyri-hökumət təşkilatlarının qeydiyyatını da həyata keçirə bilərik. Deməyim odur ki, bu gün Azərbaycanda QHT-lərlə bağlı çox böyük işlər görülür. Onları, məncə, gözardı etmək haqsızlıq olar. Fikrimcə, adi bir məsələni kontekstdən çıxarıb şişirdərək, bütöv bir prosesin tərkib hissəsi kimi təqdim etmək, bir o qədər də xoş məramdan xəbər vermir.
– Yəqin ki, yadınızdadır, bir müddət öncə bir qrup QHT qeydə alınmamaqla bağlı bu quruma narazılığını bildirmişdi. Hətta, bu məsələ ilə bağlı, deyəsən, məhkəməyə də müraciət olunmuşdu. Yəni, bu baxımdan, bu yöndəki məsələləri , həm Şuraya, həm digər dövlət qurumlarına iradları aradan qaldırmaq üçün, gələcək dövrdə bu məqam tam çözülə bilərmi?
– Bəli, mən hesab edirəm ki, tam çözülə bilər və çözülməlidir. Baxmayaraq ki, həmin müraciətlər bizə də daxil olmuşdu, amma biz onların-qeydiyyatsız qeyri-hökumət təşkilatlarının bir qrupu ilə görüşdük və sonradan onların bir qrupu da qeydiyyata alındı. Bununla belə, təəssüflər olsun ki, biz bəzən məsələnin bir tərəfini görürük, digər tərəfini görmürük.
Məsələn, sənədlər, doğrudanmı, yerindədirmi, qaydasındadırmı, hər hansı bir boşluq, hər hansı bir problem var, yoxmu, deyə belə bir məsələ araşdıran yoxdu. Amma buna baxmayaraq, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda dövlətin qeyri-hökumət təşkilatlarına olan siyasətini cənab prezident müəyyənləşdirib. Biz onun imzaladığı QHT-lərə dövlət dəstəyi konsepsiyası çərçivəsində fəaliyyət göstəririk və qeyri-hökumət təşkilatlarına hər cür dəstək veririk. Orada olan qeydiyyatla bağlı problemlər, müəyyən çətinliklər varsa, bunlar, təbii ki, mütləq aradan qaldırılmalıdır. Mən şəxsən onun tərəfdarıyam və hər zaman da bunu demişəm.
– Səhv etmiriksə, xanım Andrikiene çıxışında Dövlət Dəstəyi Şurasına belə bir iradını da bildirdi ki, qurum daha çox hökumətyönlü adlandırılan QHT-lərlə , deputatların təsis etdiyi QHT-lərlə əməkdaşlığa üstünlük verir...
– Bunu əslində xanım Andrikiene demədi, tədbirə dəvətli olan Qubad İbadoğlu dedi. Dedi ki, bu məsələdə deputatlara dəstək verilir. Amma hökumətyönlü təşkilatlarla bağlı heç kim irad tuta bilməz, bu gün heç bir adamda heç bir fakt yoxdur ki, onun dini görüşündən, siyasi görüşündən, həyata, insana baxışından asılı olmayaraq, kimsə QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət etsin və o, dövlət dəstəyi almasın. Belə bir fakt yoxdur. Olsaydı çoxdan bizi, Allah bilir, məhkəməyə verərdilər.
Bu gün sizə onlarla misal gətirə bilərəm ki, məhz onların dediyi kimi, müxalifət düşərgəsinə mənsub olan, hətta, müxalifət partiyalarının, radikal müxalifət partiyalarının müavinləri səviyyəsində, Divan üzvü, Məclis üzvü səviyyəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına dəstək vermişik, ayrı-seçkilik qoymamışıq. Hətta, Azərbaycan dövlətinin ciddi şəkildə tənqid , hesabatlar hazırlayıb Avropa Şurasına təqdim edən qeyri-hökumət təşkilatlarına da layihələr vermişik, bundan çəkinməmişik. Biz bu ayrı-seçkiliyi qoymamışıq və bununla fəxr edirik. Bu, belə də olmalıdır.
Biz yalnız və yalnız layihənin mahiyyətinə, onun ictimai əhəmiyyətinə və icra səviyyəsinə diqqət yetiririk. Onun siyasi varlığına, siyasi dünyagörüşünə heç vaxt diqqət ayırmamışıq. Ümumiyyətlə, 80-dən çox təşkilatın adını sizə deyə , siyahını verə bilərəm. Ona görə də onların heç bir halda iradı Şuranın hər hansı bir ayrı-seçkilik, xüsusilə, siyasi ayrı-seçkilik yaratmasından ibarət deyildi. Yalnız və yalnız deputatlarla bağlı müəyyən iradlar səslənmişdi. Onu da sizə açıqlayım. Məsələn, Sabir Rüstəmxanlının Azərbaycan dilinin saflaşması ilə bağlı layihəsinə necə dəstək verməyəsən? Sabir bəyin indi günahı nədir ki, o, deputatdır? Əli Məsimli 20-30 ildir ki, QHT sektorunda , ictimai-siyasi sistemdə çalışır. Onun çox gözəl bir layihəsi var. Ona biz necə dəstək verməyək? Çingiz Qənizadə 20 ildir QHT sədridir. İndi o deputat olub, bu o demək deyil ki, o deputatdır deyə, biz ona dəstək verməməliyik. Yaxud, Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquqşünaslar Konfederasiyası böyük bir işlər görüb.
Bizim verdiyimiz
vəsait 4 min, 5 min, 7 min, 8 mindən yuxarı deyil. Odur ki, məncə,
o yanlış bir yanaşmadır. O layihənin
müəlliflərinə yox,
layihələrin mahiyyətinə
diqqət yetirsələr,
daha yaxşı olar,yəni. Orada nələri görmək
istəyirlər, hansı
işləri həyata
keçirirlər və
sair. Gülər Əhmədova 20 ildir uşaq təşkilatına rəhbərlik
edir, onun layihəsinə necə dəstək verməyək?
Mən onu da deyim
ki, onlarla QHT rəhbəri olan millət vəkillərimiz
var ki, onların
layihələrinə dəstək
vermədik. Belə olan
təqdirdə bunu şişirtməyə, bunu
kontekstən kənara
çıxarmağa ehtiyac
yoxdur. 265 layihədən yalnız
8-nin rəhbəri deputatdır
və biz dəstəyi
onun deputat fəaliyyətinə görə
vermirik. Deputat oradan maaş
almır. Deputat, sadəcə, ictimai fəaliyyətini təmin
etmək üçün
qeyri-hökumət təşkilatlarına
dəstək verir və belədirsə, mən də Milli QHT Fondunun prezidenti olanda deputat idim, yüzlərlə
qrant vəsaiti həyata keçirdim, onda deyərdilər ki, bunlar olmasın?
Məncə, bu, doğru
yanaşma deyil. Bu, bir bəhanədir
və görünür,
kimlərsə layihə
almayanda, artıq bu qrant müsabiqəsinin
nəticələrini kölgə
altına salmaq üçün bəhanələr
axtarırlar. Əslində sevinirəm ki, elə bu cür
əsassız bəhanələr
tapıldı. Ciddi bir
əsasa söykənən
bəhanələri, faktları
tapa bilməyiblər.
KAMİL
525-ci qəzet.-
2012.- 12 aprel.- S.5.