Rövşən
Mustafayevin “Ölüm
tanqosu”
Haqqında yazdığımız kitabın müəllifi bu məqalə yazılan vaxtı hələ haqq dünyasına qovuşmamışdı... İndi böyük ürək ağrısı ilə xalqımızın ən şərəfli, ən gərəkli övladlarından olmuş və bizləri tərk eyləyib dünyasını dəyişmiş Rövşən Mustafayevi bir daha yad eyləyək... Onların işləri heç vaxt yarımçıq qalmayacaq, haqq öz yerini tutacaq. İnşallah!
Azərbaycanın 20% ərazisi işğal olunmuş, 1 milyon əhalisi isə doğma yurd-yuvasından didərgin düşmüşdür. Dağlıq Qarabağdan başqa Azərbaycanın altı rayonu erməni faşistləri tərəfindən işğal edilsə də beynəlxalq aləm bütövlükdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Ermənistan hələ ki, təcavüzkar dövlət kimi tanınmamışdır. Bu, ilk növbədə aparıcı dünya dövlətlərinin məsələyə ikili standartla yanaşmalarıyla bağlıdırsa, digər tərəfdən ermənilərin bu kompaniyaya başlamazdan əvvəl geniş miqyasda təbliğat-təşviqat işləri aparmalarıyla beynəlxalq ictimaiyyətə “böyük Ermənistan”ın vaxtı ilə doğrudan da mövcud olması, sonradan isə onun guya “vəhşi”, “mədəniyyətsiz” qonşular, xüsusilə türk etnosları tərəfindən işğal edilməsinə inandırması ilə əlaqədardır.
Təəssüf ki, ermənilərin bu təbliğatı özünə xeyli tərəfdar da tapmışdır. Belə ki, neçə illər ərzində SSRİ EA Tarix İnstitutunda aparıcı vəzifələri ələ keçirərək əzəli Azərbaycan torpaqlarını “Böyük Ermənistan” kimi qələmə verməklə kifayətlənməyən erməni “tarixçiləri” özlərinin saxta tarixlərini xaricdə də çap etdirə bilmişlər. Belə ki, “Voprosı İstorii” jurnalında (VI syında), o vaxtlar Ermənistan SSR Tarix İnstitutunun müdiri işləmiş U.Avetisyanın bir növ hesabat xarakterli yazısından məlum olurdu ki, təkcə 1985-86-cı illərdə ermənilər Bolqarıstan və Macarıstan tarixçiləri ilə razılaşaraq Ermənistanda bu ölkələrin tarixini 3 cilddə, adları çəkilən ölkələrdə isə 7 cildlik “Erməni tarixi”ni 4 cilddə nəşr etdirə bilmişlər. Avetisyanın bu məqaləsində ABŞ-da, Fransada, İngiltərədə də ermənilərin adı çəkilən kitabının nəşr olunduğu bildirilirdi.
Doğrusu bunları düşündükcə Qərb mətbuatının və ictimai-siyasi fikrinin bu “mnoqostradalnı” xalqı həmişə müdafiə etməyə çalışması, bir çox Avropa ölkələrinin uydurma erməni soyqırımını tanıması mənim üçün təbii göründü. Bəli, aqillərdən birinin dediyi kimi, ideoloji mübarizə milyonların zehni və qəlbi uğrunda aparılan mübarizədir.
Aydındır ki, istər “Qarabağ problemi” ilə əlaqədar reallıqlar, istərsə də ermənilərin heç bir dəlil-sübuta əsaslanmayan saxta tarixlərini ifşa edən, həm də elmi tutumuna görə “Biləcəridən o yana keçə bilən” ədəbiyyatın yaranması və yayılması hazırki zamanda olduqca vacibdir. Bu baxımdan Azərbaycan Milli EA-da İnsan hüquqları İnstitutunun direktoru, habelə ötən əsrin 90-cı illərində Beynəlxalq Münasibətlər və Dövlət quruculuğu İnstitutunun təsisçisi Rövşən Mustafayevin rus dilində Moskvada tanınmış Avstriya professoru Erik Fayqlın resenziyası, İsrail alimi Lev Spivakın rəhbəri olduğu sosioloji İnstitutun məsləhətçiliyi ilə nəşr olunmuş “Ölüm tanqosu” (“Tanqo smerti”) xüsusilə diqqəti cəlb edir.
Məlumdur ki, hər hansı düşmənlə mübarizədə müvəffəqiyyət qazanmaq üçün ən mühüm şərtlərdən biri onun güclü və zəif cəhətlərini yaxşı-yaxşı öyrənməkdir. Bu baxımdan müəllifin erməniçiliyin “siyasi mətbəxinə” xeyli yaxından bələd olması, ayrı-ayrı ideoloqların fikirlərinin yüksək səviyyədə professionallıqla araşdırması onların arasındakı müxtəlif ziddiyyətləri zərgər dəqiqliyi ilə təhlil etməsi kitabın əhəmiyyətini qat-qat artırır. Belə ki, müəllif təkcə ermənilərin nə istədiyini yox, ümumiyyətlə erməniçiliyi tədqiq və ifşa edir.
Hələ kitabın əvvəlində müəllif erməniçiliyin ideoloqlarından olan erməni uşaq yazıçısı S.Vardanyanın belə bir fikrini verir ki, bəs Ermənistanın 12 “paytaxtı” var. Sonra isə bu fikir bir az da dərinləşdirilərək bildirilir ki, bəs Ermənistanın 22 paytaxtı olub. Özü də hansı şəhərlər? – Tbilisi, Diyarbəkir, Bakı, Odessa, Kiyev, Yerusəlim, Soçi və s. kimi şəhərlər. Hesab edirəm ki, Rövşən müəllimin ermənilərin öz “dilləri” ilə paytaxtları arasında Ukraynanın, Gürcüstanın, İsrailin, Rusiyanın şəhərlərini verməsi nəticə etibarilə, həm də adları çəkilən ölkələrə ermənilərin “iç üzünü” daha dərindən açır, üstəlik həmin ölkələri öz tərəfimizə çəkməyə imkan verir.
Elə oradaca müəllif ermənilərin belə cəfəngiyyatlarla özlərini çıxılmaz vəziyyətə salmalarını bildirir. Yenə də erməni ideoloqlarınin öz dilləri ilə – məsələn, Q.Matevosyanın, S. Kaputikyanın dilləri ilə deyir: “Biz özümüzü də, xalqımızı da aldatmalıyıq və məğlubiyyətimizi qəbul etməməliyik”. (Q.Matevosyanın “Vətən Allahdan daha önəmlidir, vətəndən önəmli – kilsədir, kilsədən önəmli – böyük Tiqrandır, Tiqrandan önəmli – Böyük Ermənistandır”. və s.
Müəllif erməniçiliyin “erməni əlifbasının” meydana gəlməsinin 1600 illik yubileyi ilə əlaqədar olaraq keçirilmiş tədbirlərdə tam iflasa uğramasını da elə radikal ideoloqlardan sayılan Ov.Kasarnuninin dili ilə verir. Ov.Kasarnuni burada bildirir ki, əvvəlki illüziyalar erməni xalqının işini artıq çıxılmaz vəziyyətə salmışdır. Belə ki, Livandakı erməni icması öz dini rəhbərinin dili ilə ABŞ-ı özünə düşmən sayan “Hizbullah”ı müdafiə etdi. Halbuki ABŞ-da erməni əsilli olan bir çox Trans Milli Korporasiyaların rəhbərliyində təmsil olunanlar, əlbəttə belə mövqe ilə barışa bilməzlər. Həm də Dağlıq Qarabağa az-çox yatırım qoyan da onlardır.
Yuxarıda qeyd edilənlərdən başqa bir vaxtlar erməniləşdirilmiş hind xiristian kilsəsinin ardıcılları olan qaraçılar getdikcə daha qətiyyətlə özlərinin qeyri-erməniliklərini iddia edirlər. Bundan başqa Londonda Levon Yepiskoposyan amşen ermənilərinin “dayanıqlıq dərəcələrini” melekulyar səviyyədə öyrənmək istərkən qeyri-adi bir vəziyyət yaranmışdı. Habelə digər “ermənilər” – erməni-alavirlərə də onları ata xətti versiyası ilə diaqnostika etmək cəhdi xoş gəlməmişdi. Bir zözlə, bu gün vaxtı ilə erməniçiliyin öz etnokorporasiyasına qatdığı bütün qeyri-müsəlman icmalar özlərinin identifikasıya məsələlərini qaldırmışlar.
Doğrusu, yuxarıda göstərilənləri nəzərdən keçirdikcə müəllifin erməniçiliyin lap alt qatlarına necə dərindən nifuz etməsi adamda heyrət doğurur.
Müəllif ermənilərin “özünə vurğunluğunu” tam çırpaqlığı ilə bildirmək üçün daha sonra XIX əsrin ortalarında çap olunmuş erməni dərsliyindən bir sitat gətirir: “Ermənistan – böyük sözdür, ötən illərin böyük xatirələridir, gələcəyin böyük elementidir! Erməni xalqı sivilizasiyanı Şərqdə yaymaq üçün Allahın özü tərəfindən göndərilmişdir”.
Kitabda daha sonra göstərilir ki, İstanbulda yaşayan erməni aristokratlarının əksər hissəsi qriqoryan kilsəsinə etinasızlıq edərək, əsasən yevangeliya kilsəsində ibadət edirdilər. Ona görə onların əksər hissəsi erməni xalqının “ilahi mənşəli” olmaları haqqındakı fikirləri qəbul etmirdilər. Belələrinə qarşı erməni komitələrinin çox qəddar tədbirləri hamını heyrətə gətirirdi. Belə ki, hətta erməni əsilli Amerka tədqiqatçısı Jizayr Libaridyan özü də göstərmişdir ki, XIX əsrin sonlarında bədnam erməni komitələri tərəfində öldürülən hər üç ermənidən ikisi erməni ziyalısı olmuşdur.
Rövşən müəllim kitabda erməniçiliyin, erməni milli ideologiyasının daşıyıcısı olan Daşnak partiyasının iç üzünü açarkən onların bir vaxtlar sosializm ideologiyasına xəyanət edərək faşistlər tərəfinə keçmələrini, hətta Gestaponun şefi Q.Müllerin və işğal olunmuş şərq torpaqlarının idarə olunması üzrə nazir A.Rozenberqin birgə səylərilə Hitler tərəfindən ermənilərin arı mənşəli olmalarını qəbul edərək, onları özünə müttəfiq kimi qəbul etməsini elə ermənilərin öz dillərilə – E.A.Abramyanın “İz istorii armyanskovo legiona”, V.Ovsepyanın “Qareqin Njde i KOV. Vospominaniya razvetçika”, habelə K.Torosyanın “Vzqlyad s devyatoqo etaja” və s. kimi əsərlərlə sübut edir. Buradaca göstərilir ki, II dünya müharibəsinin başlanması ərəfəsində alman reyxinin tərkibində 27000-ə yaxın erməni olmuşdur ki, onlardan da 3000-ni SS və alman kəşfiyyatının “Abver” qrupundaymışlar.
Maraqlıdır ki, almanlar tərəfinə keçən erməni zabitləri arasında vaxtı ilə dinc azərbaycanlı qız-gəlinlərinə, qoca və uşaqlarına divan tutmuş “sərkərdələr” Dro və Njde də olmuşdur. Onlardan başqa vermaxtın erməni zabitləri arasında erməniçiliyin nümayəndələri – SS ştandartenfüreri Vadan Sarkisiyan, qruppenfürer Razmiq Nazaryan, erməni diaspor qrupunun komandiri, kapitan Misak Torlekyan, “Gebbel” həftəliyinin redaktoru Viqen Şant (Levon Şantin oğlu) almanların antisemit nəşriyyatı “Paykar” və reyxin alman nəşri “Osank”-ın başçısı Suren Bekzaryan və s. olmuşlar ki, onlar da alman ordusunda ən yüksək rütbəli zabitlərdən sayılırdılar.
Göstərmək yerinə düşərdi ki, əgər almanlara xidmət edənlər arasında yuxarıda göstərilənlər qədər azərbaycanlı olsaydı erməni təbliğat maşını onu çoxdan bütün dünyaya car çəkər, beynəlxalq aləmdə azərbaycanlıların əsl “faşistpərəst” obrazını yaradardı. Bu baxımdan kitabda ermənilərin iç üzlərinin belə dəlillərlə açılması, həm də bunun əsasən erməni müəlliflərinin əsərləri əsasında verilməsi kitabın rolunu xüsusilə artırır. Bundan sonra isə kitabda yalnız ermənilərdən ibarət 11 batalyonun yaradılması, onların içində isə 809 saylı cəza batalyonunun xüsusi qəddarlığı, 17645 yəhudini, 2504 qəraimi, 824 qaraçını və 212 partizanı güllələmələri verilir. Elə buradaca bu cəza dəstəsinin əksər üzvlərinin “qəhrəmanlıq” və Hitlerə sədaqətə görə “Dəmir xaç” və “Şərq medalı”nın müxtəlif dərəcələri ilə təltif olunmaları erməni müəlliflərinin öz faktları ilə verilir. Güman etmək olar ki, həmin vaxtlar erməniçilik ideoloqları həm ideoloji, həm də praktik səviyyədə hitler hökümətinə “alman-erməni faşist ittifaqı sxemi”ni həyata keçirməyin zəruriliyini inandıra bilmişdi. Təsadüfi deyildi ki, mərkəzə 2 yanvar 1942-ci il tarixli, 155 ¹-li məxfi məlumatda Qərbi Krımda aparılan hərbi əməliyyatlarda 809 saylı erməni cəza batalyonunun “şücaətindən” danışılır və bir neçə yüz əsgər və zabitin Hitler hökümətinin mükafatı olan “Kuban qalxanı” ilə mükafatlandırılması üçün təqdimat verilirdi. Faşist rəhbərliyinin erməni cəza dəstəsinə bəslədiyi çox böyük etimad özünü bir də onda göstərirdi ki, işğal edilmiş ərazilərdə erməni hərbi rahibinə təzəcə anadan olmuş yerli uşaqları xaç suyuna salmaq və hətta onlara ikinci ad – erməni adı vermək də həvalə olunmuşdu.
Kitabda konkret faktlarla o da göstərilir ki, Berlində Türkiyənin görkəmli ictimai-siyasi xadimi olan Tələt bəyi qətlə yetirmiş Saqomon Tehrilyan Şarlettenburqda həbs olunsa da, faşist almaniyası gizli polisinin və kommunist rejiminin rəhbərlərindən birinin – Daşnak A.Mikoyanın (Türk xalqlarının böyük düşməni) işə qarışması ilə azad olunaraq Sovet İttifaqına departasiya olunur. Bu qatilin dosyesindən məlum olur ki, məhz o, Bakıda beynəlxalq terror təşkilatı olan “Daşnak” partiyasının fəalı Serjik Movsesyanın faşist gestaposunun rəisi Q.Müllerlə görüşünü təşkil edir. Müller isə öz növbəsində tam əmin olur ki, bütün Qafqaz üzrə erməni beynəlxalq terror təşkilatının agenturasından yaxşısı ola bilməz.
Rövşən müəllim kitabında onu da qeyd edir ki, erməniçilik ideoloqlarından biri, o vaxtlar faşist rejimi tərəfinə keçmiş Berlin Universitetinin professoru Artaşes Abeqyan nasistlərin rəsmi qəzeti Der Volkischer Beobachterdəki məqaləsində “ermənilərin hind-avropa mənşəli” olduqlarını sübut edir və semitlərə qarşı barışmaz olmağı təlqin edir. Reyxin təhlükəsizlik idarəsi yanında Daşnak partiyası Siyasi Şurasının üzvü Oqanes Devecyanın fikrincə belə nəşrlər faşist rejimini erməniçiliyin nümayəndələrilə daha fəal əməkdaşlığa cəlb etmək məqsədi daşıyırdı. Müəllif burada “alman-erməni ittifaqı” formulu üzərində dayanır, guya bununla da bəşəriyyətin inkişafına aydınlıq gətirməyin mümkün olduğunu göstərirdi.
Müəllif daha sonra göstərir ki, Hitlerin məğlubiyyəti aşkar görünəndə artıq 809-cu erməni cəza batalyonu kommunist təşkilatı yaradaraq almanlara qarşı çıxır (əsil ermənisayaq hərəkət), müharibədən sonra isə könüllü təslim olaraq da hamısı... “bəraət” alır (Görəsən azərbaycanlı olsaydılar belə ola bilərdimi?).
Burada Macar ermənisi F.Salosyanın “solaşi” adıyla 1944-45-ci illərdə Macarıstana başçılıq etməsi, bu zaman yüz minlərlə yəhudi və qaraçını qırması da konkret faktlarla göstərilir.
Axırda qeyd etmək istərdim ki, 45-dən çox mötəbər ədəbiyyata (həm də müxtəlif – rus, ingilis, ivrit dillərində) istinad edilməklə yazılmış və ermənilərin, sözün həqiqi mənasında iç üzünü ifşa etmiş bu kitab deyərdim ki, bütöv bir ordunun gördüyü işdən artıq əhəmiyyətə malik bir kitabdır. Kitabın rus dilində Moskvada nəşr olunması isə erməniçiliyi ifşa etmək üçün xüsusilə əhəmiyyətlidir.
Müəllifin çox uğurlu addımı kimi onu xüsusilə qeyd etmək istərdim ki, burada ermənilərin yəhudilərə qarşı apardıqları soyqırım (genosid) siyasəti çox gözəl və sanballı şəkildə verilib. Belə ki, müasir dünyada yəhudi lobbisinin gücü və rolu haqqında danışmaq, zənnimcə artıqdır. Bu baxımdan yəhudi lobbisini erməniçiliyə qarşı qaldırmaq, kitabda verilən faktları bütün dünyaya faş etmək erməniçiliyə, Avropa dövlətlərinin bir çoxunun yalançı erməni soyqırımını tanıdığı bir vaxtda əsassız erməni hay-küyünə layiqli cavabdır.
Bir oxucu kimi əsər haqqında iki təklif edərdim: İstərdim ki, tiraj xeyli çoxaldılsın. Belə ki, tiraj çox azdır (cəmi 1000 nüsxə). İkincisi isə çox arzu edərdim ki, bu kitab tezliklə azərbaycancaya tərcümə olunub işıq üzü görsün.
İlqar HEYDƏROĞLU,
Bakı şəhəri, Binəqədi
rayonu,
Biləcəri qəsəbə S.Məmmədov
adına 301 saylı tam orta məktəbin
tarix müəllimi
525-ci qəzet.- 2012.- 12 aprel.- S.4.