Almaniyalı alimlər
BSU-da
UNİVERSİTETDƏ
SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Bakı
Slavyan Universiteti ilə Almaniyanın Yohannes Qutenberq Universiteti
– Mayns və “Osvald fon Volkenştayn Cəmiyyəti” arasında
2008-ci ildə imzalanmış müqaviləyə əsasən
“Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”:
Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq
və Qərb” adlı 10 illik layihə həyata keçirilir
və bu məqsədlə iki ildə bir dəfə Azərbaycanda
va Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə
edən simpoziumlar təşkil edilir. Bu simpoziumlar
sözügedən dastanların ədəbi xüsusiyyətləri,
üslubiyyatı, nəşri və tərcüməsi,
kulturoloji aspektləri, eləcə də, onların dərki və
xalqlarımızın dünyagörüşü və həyatında
oynadıqları rolla bağlı müxtəlif məsələləri
əhatə edir. Artıq layihə çərçivəsində
2009-cu ilin 30 sentyabr – 4 oktyabr tarixlərində Bakı Slavyan
Universitetində “Kitabi-Dədə Qorqud “ və “Nibelunqlar
haqqında nəğmə” eposlorının linqvistik təhlili”
adlı ilk simpozium keçirilib. 2011-ci ilin 8-13 iyun tarixlərində
Almaniyanın Mayns şəhərində keçirilən
ikinci simpoziumda isə hər iki möhtəşəm eposun ədəbiyyatşünaslıq
aspektləri araşdırılıb.
Lahiyənin
həyata keçirildiyi müddətdə Almaniyanın
Vürsburq Universitetinin, eləcə də BSU-nun fəxri
professoru, “Osvald fon Volkenştayn” Cəmiyyətinin prezidenti Dr.
Ziqlinde Hartman mütəmadi olaraq BSU-nun Filologiya fakültəsinin
germanşünas tələbələrinə mühazirələr
oxuyur, ustad dərsləri keçir, alman dili və ədəbiyyatını
tədris edən müəllimlərlə
görüşür. Bu ilin 28 mart tarixindən xanım Hartman
universitetidə orta əsrlər alman ədəbiyyatından
silsilə mühazirələr aparıb. Qeyd edək ki, aprelin
13-dək davam edən mühazirələrdə orta əsr
alman ədəbiyyatının ən müxtəlif
mövzuları müzakirə obyektinə çevrilib.
Xanım
Hartman bu dəfə təkcə mühazirələrlə deyil,
eyni zamanda maraqlı konsert proqramının təşkilatçısı
qismində BSU-nun görüşünə gəlib. Belə
ki, 6 aprel tarixində universitetin Akt zalında müasir alman
folklorşünas alimi və folklor nümunələrinin mahir
ifaçısı Eberhard Fon Kummerin “Nibelunqlar haqqında nəğmə”
motivləri əsasında hazırladığı xüsusi
konsert olub. Konserti giriş sözü ilə açan BSU-nun
rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev
qonaqları salamlayıb və layihə haqqında ətraflı
məlumat verib: “Bu tədbirin keçirilməsində
böyük xidməti olan, eyni layihə ətrafında
çalışdığımız almaniyalı həmkarımız
prof. Ziqlinde Hartmana, BSU-nun Humbolt adına Alman Dili və Mədəniyyəti
Mərkəzinin, Alman filologiyası kafedrasının əməkdaşlarına
dərin minnətdarlığımı bildirirəm.”
Kamal
Abdullayev eyni zamanda qeyd edib ki, “bu gün biz çox ecazkar bir
aləmə düşəcəyik. Bu, Almaniyanın
keçmiş tarixini canlandıran Nibelunqlar aləmidir”. Rektor
çıxışının sonunda cənab fon Kummerə
konsertə görə təşəkkürünü
bildirib. Sonra xanım Hartman tədbiri Azərbaycan dilində
çıxışı ilə davam etdirib və bildirib ki,
“biz bu gün orta əsrlər alman ədəbiyyatının ən
sevimli dastanlarından biri sayılan Nibelunqlar nəğməsini
sizə təqdim etməkdən böyük şərəf
hissi duyuruq. Onu da qeyd etmək istərdim ki, konsert ilk dəfə
Bakı Slavyan Universitetində germanistika tələbələrinin
müşaiyəti ilə keçirilir”. Tələbələr
“Nibelunqlar nəğməsi”ni həm alman, həm də Azərbaycan
dilində təqdim ediblər.
Konsertdə
Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli
səfiri İ.Patskiyeviç, Almaniya və İsveçrənin
Azərbaycandakı səfirliklərinin nümayəndələri,
universitetin professor, müəllim və tələbə heyəti
və başqa qonaqlar da iştirak edib və tədbir
tamaşaçıların böyük marağına səbəb
olub.
7
aprel tarixində isə almaniyalı qonaqlar Xızı rayonuna
səfər etmişlər. Universitetin əməkdaşları
və alman dilində tədris alan 12 tələbə Azərbaycanın
Xızı rayonuna səfər zamanı qonaqları
müşayiət etmişlər.
Xızı
rayonu ilə tanışlığa Xızının İcra
Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə
görüşlə başlanılıb. Vaqif Abdullayev
qonaqları qəbul edərək onlara Xızı rayonunun zəngin
tarixi, gözəl təbiəti, abidələri, coğrafi
mövqeyi haqqında maraqlı məlumat vermiş, rayonda gedən
quruculuq-abadlaşdırma işləri barədə geniş
söhbət açmışdır. Qonaqlar
Xızının Tarix və Diyarşünaslıq muzeyi ilə
tanış olmuşlar.
Prof.
Ziglinda Hartman aprelin 10-da BSU-nun Məktəb-Lisey Kompleksi,
partnyor məktəblərin alman dili müəllimləri və
ixtisasartırma kurslarında iştirak edən orta məktəb
müəllimləri ilə görüşüb. Bu
görüşə Məktəb-Lisey Kompleksinin direktoru,
Filologiya fakültəsinin dekanı, Alman filologiyası
kafedrasının müdiri və filologiya fakültəsinin tələbələri
qatılıblar. Görüş debat şəklində
keçib və almaniyalı professor tələbələri
maraqlandıran sualları cavablandırıb.
Almaniyalı
alim və onu müşayiət edən qonaqlar Azərbaycandan
xoş təəssüratlarla ayrılırlar.Amma bu
ayrılıq müvəqqətidir. Qarşıda hər iki
xalqın milli eposlarının tədqiqi ilə bağlı
layihə çərçivəsində BSU əməkdaşlarının,
azərbaycanlı alim və tədqiqatçıların
Almaniyaya səfəri gözlənilir.
S.QARAYEVA
525-ci qəzet.- 2012.- 13 aprel.- S.3.