ŞƏKİLİLƏR OSMANLI SARAYINDA VƏ TÜRKİYƏ ORDUSUNDA

 

(Başlanğıcı ötən şənbə saylarımızda)

 

Trikopisi çağırtdım və “Mən sizləri sizin yandıra bilmədiyiniz, salamat qalmış binalarda saxlayıram. Altlarınızdakı yataqlar insanlarını diri-diri öldürdüyünüz evlərdən alındı. Hələ dünən evlərinin yanmasını seyr etdiyiniz insanlar sizlə daha necə davransın? Ankaraya gedən dəmir yollarını siz xarab etdiniz. Yol yoxdur. Səkkiz yaşlı çocuqlarımız belə kilometrlərcə məsafəyə kürəklərində mərmi daşıyırlar. Məmləkətim qan ağlarkən bu göstərdiyimiz lütfkarlığı dünyada hansı millət göstərə bilir? Arxanızda buraxdığınız xarabalarda nə qoydunuz ki, nə istəyirsiniz? Bir il öncə zabitləriniz Uşakdan Sakaryaya yüyürərək gəlmişdi. O zaman necə yeridilərsə indi də elə gedəcəklər. Buralara sizi bizmi çağırdıq? Hansı üzlə bizlərdən mərhəmət istəyirsiniz!”.

Bu sözlərimi gözləri yerdə dinləyən Trikopis, utandığından dodaqlarını dişləyirdi. Mənə doğru zoraki bir baxışla: “Bəzi zabitlərin israrı ilə o məktubu yazmışdım. Məni bağışlayın və o məktubu yox sayın”,- dedi”.

Ulu Öndər Atatürk’ün Akşehirdəki həyatını incəliyinədək izləmiş Mehmet Koç “Atatürk Akşehirdə” adlı dəyərli əsərində 1922-ci il savaşından bəhs edərkən korgeneral (general-polkovnik) Nuri Bərköz’ün xatirələrindən də yararlanıb. Əsərin “Akşehir teleqrafxanası nəzarət altında” adlı bölümündə müəllif yazır:

“24 avqustda (1922-Ə.T.) yaşananları korgeneral Nuri Bərköz, xatirələrində:

“Qərb Cəbhəsi Qərargahı Akşehirdən savaş meydanına hərəkət edərkən kəşfiyyatdan bir tel gəlmişdi; bunda Trikopis ilə Diyenisin arasının pozulduğu bildirilməkdəydi. Teli Cəbhə Komandanına mən götürmüşdüm.

“-Bax, bu, yaxşı xəbərdir”,- dedi və qərargah Qocatəpəyə doğru hərəkətə keçdi. Cəbhə qərargahının avtomobil qismini, Adanalı dövlətlilərin Qərb Cəbhəsi Qərargahına hədiyyə etdikləri avtomobillər təşkil edirdi. Biz tam hərəkət edirdik ki, Başkomandan (Mustafa Kamal Atatürk – Ə.T.) məni çağıraraq:

“Nuri, sən burada qalacaqsan, teleqrafxananı əmrin altına alacaq, heç bir yerə xəbər sızmamasını təmin edəcəksən. Gələn xəbərləri mənə çatdırarsan!”- buyurmuşdular. Tez teleqrafxananı Üçüncü Şöbə müdiri Rasim bəy ilə bərabər əmrimizə aldıq. Hücumun başladığı 26 avqustdan 30 avqusta qədər teleqraf məmurlarını evlərinə belə göndərmədim. Yeməklərini yanımızda yeyir, ayaqyoluna belə növbətçi yanında çıxırdılar. Hər kəs bu sükutdan şübhələnmişdi. Sıx-sıx Məclisdən axtarırlar, Başvəkil Rauf bəy, Daxiliyyə Vəkili Ədnan bəy Mustafa Kamal paşa ilə danışmaq istəyir, durmadan harada olduqlarını soruşurdular. Mən də verdiyim cavabda “əfəndim, Başkomandan qitəatla bərabər təftişdədir” kimi sözlərlə baş qatmağa çalışırdım. 27 avqustda Rauf bəy çox qızğın olaraq teleqraf başında: “Nuri bəy, nə olur? Hər kəs narahatdır, burada cürbəcür rəvayətlər danışılır...”,- deyə özündən çıxmışdı. Mən də cavabımda: “Əfəndim, cəbhədən top səsləri gəlir...”,- deyə cavab verdim. Halbuki mən Akşehirdəydim. Cəbhədən gələn top səsləri duyula bilməzdi.

Hücum başlayalı iki gün oldu, düşməndən bir xeyli yer qazanılmışdı. Ertəsi gün Rauf bəy maraqla təkrar sordu; mən gələn sualları cəbhəyə yetirir, Başkomandandan aldığım təlimata görə idarə edirdim. Ertəsi gün “Nuri bəy, cəbhədən nə xəbər?”- deyə sordular. Cavabımda: “Əfəndim, top səsləri uzaqlaşır, dərindən gəlir”,- deyərək bir əndişənin olmadığı, sevinəcək bir xəbərin yaxında rəsmi bir ağızla yetişə biləcəyi hissini oyandırırdım.

1 sentyabrda isə Akşehirdən Başkomandanın imzası ilə Məclisə bu teli çəkdim:

“Qərb Cəbhəsində 26 avqustda başlayan hücumumuz Afyonqarahisar, Altındaş, Dumlupınar arasında böyük bir meydan savaşı halında beş gün beş gecə davam etdi. Türkiyə Böyük Millət Məclisi Ordularının qəhrəmanlığı zəfərimizin təmin olunmasını mümkün etdi, zalım və məğrur bir düşmənin əsl qüvvətlərini ağıllara dəhşət verəcək qətiyyətlə məhv etdi. Ən böyük komandandan ən gəncinə qədər ordularımıza hakim olan fikir millətinin göstərdiyi vəzifə uğrunda, həyatını belə sevə-sevə verməkdir. Bunu muharibə meydanında görərək bütün millətimə xəbər verirəm”.

Bunu çəkdikdən sonra Akşehirdə vəzifəm bitmişdi. Birbaşa cəbhəyə gəldim” şəklində bildirməkdədir”.

Qurtuluş Savaşının sona yetməsindən sonra Mehmet Nuri bəy 1923-də başqa sinif yoldaşları ilə birlikdə Hərb Akademiyasında təhsilinə davam edib və 1925-də Akademiyanı bitirərək İzmir Möhkəmləndirilmiş Mövqe Komandanlığı İstixbarat Şöbəsi müdirliyinə təyin edilib.

O, 1927-də Ankarada Milli Əmniyyət Istixbarat Şöbəsi Müdirliyinə, 1929-da 189-cu alay 2-ci tabur komutanlığına, 30 avqust 1930-da yarbay (podpolkovnik) rütbəsinə yüksələrək Genəlkurmay Istixbarat Şöbəsi müdirliyinə təyin edilib.

Millətlər Cəmiyyəti Andının 8-ci maddəsinə görə 2 fevral 1932-də Cenevrə’də toplanan Silahsızlanma Konfransına dəvət edilən Türk heyətinə Genəlkurmay Başqanlığınca “hərbi ekspert” olaraq qatılması uyğun görülüb.

Cenevrədən dönüşdə 1932-1933-də Bolu’dakı 135-ci alayın komutan vəkili (müavini) olaraq qitə xidmətinə çıxıb və 30 avqust 1933-də albay (polkovnik) rütbəsinə yüksəlib.

Mehmet Nuri Bərköz 1933-ün oktyabrında Cümhuriyyətin 10-cu ili şənliklərinə qatılan və aralarında marşal K.Y.Voroşilov, marşal S.M.Budyonnı, Sovetlərin Ankara əski Böyükelçisi S.İ.Aralov, Sovet maarif naziri N.N.Bubnov, maarif nazirinin müavini Q.M.Krjijanovski və b. yer aldığı Sovet heyətinə mehmandar olaraq görəvləndirilib. Onuncu il törənləri dönəmində Voroşilov, Budyonnı və başqaları ilə Atatürk’ün özəl danışıqlarını da məhz Mehmet Nuri bəy tərcümə edib.

1933-1935-ci illərdə Ehtiyat Zabit Məktəbinin komutanlığı ona tapşırılıb.

1935-də Kiyev manevrlərinə dəvət edilən orgeneral (ordu generalı) Fəxrəddin Altay’ın başqanlığındakı hərbi heyətin qərargah başqanı olaraq görəvləndirilib.

1936-da Moskvaya “hərbi attaşe” təyin edilib və burada bir il işləyib. Bu münasibətlə Prof. Dr. Vilayət Quluyev yazır: “Müasir Türkiyənin qurucusu Kamal Atatürk Mehmet Nuri Bərközü yaxşı tanıyırdı, dəfələrlə şəxsi etimadını nümayiş etdirmişdi. Onun Ankaraya gələn Sovet heyətlərini müşayiət etməsi, Atatürkün qeyri-rəsmi rus dili tərcüməçisi olması, sonralar isə Moskvada Türkiyənin hərbi müşaviri vəzifəsini tutması Bərközün SSRİ ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıqda Qazinin inandığı simalardan biri olduğunu söyləməyə əsas verir”.

Mehmet Nuri Bərköz 1937-də Trabzon Piyada Alayı komutanlığına, 1938-də İstanbul Maltəpədəki Piyada Atış Məktəbi komutanlığına, 30 avqust 1939-da da Sivasda və İslahiyyədə tuğay (briqada) komutanlıqlarına təyin edilib.

30 avqust 1939-da tuğgeneral (general-mayor) və 30 avqust 1941-də tümgeneral (general-leytenant) rütbələrinə yüksələrək Şərqi Bəyaziddə 53-cü sərhəd diviziyası komutanlığına, 1943-də Bornovada 57-ci diviziya komutanlığına, 1945-də İzmirdə 12-ci korpus komutanlığına təyin edilib.

30 avqust 1946-da korgeneral (general-polkovnik) rütbəsinə yüksəlib.

1947-də Genəlkurmay Başqanlığının hərəkat yarbaşqanı, 1949-da Türkiyə Jandarmasının Baş Komutanı təyin edilib.

1950-nin iyununda təqaüdə çıxıb. Bu təqaüdçülük əhvalatınıHürriyqətqəzeti yazarı Sonər Yalçın’dan dinləyək:

14 may 1950

Ümumi seçkilər oldu. Demokrat Partiyası sandıqdan birinci partiya olaraq çıxdı.

.............................................

Cümhuriyyət tarixinin ən önəmli mülki hərəkətinin olduğu bu keçid dönəmində Ankarada bir dedi-qodu altdan-aldan danışılmağa başlandı:

Hərbçilər dövlət çevrilişi edəcək!”.

Yüksək Hərbi Şura üzvləri toplantı edir”.

Komutanlar Çankaya Köşkünə çıxıb İnönüylə görüşdülər”.

Mülki-hərbçi hər kəs gərgindi. Gözlər milli şef İsmət İnönüyə çevrildi.

İsmət paşa siyasi kulisləri hərəkətləndirənordunu təhrik ediriddialarına cavab vermə ehtiyacı belə hiss etmədi.

Genəlkurmay Başqanı orgeneral (ordu generalı) Nafiz Gürman Cəlal Bayarın evinə getdi, söz verdi: “Ordu seçki nəticələrinə sayğılıdır”.

2 iyun 1950.

.............................................

Menderes kabinəsi Məclisdən yetərli səs aldı.

Ankarada narahatlıq sürürdü... Bəzi çevrələr hərbçilərin artıq müdaxilə edəcəyindən əmindi.

6 iyun 1950.

Gözlənilənin əksi oldu.

Cəlal Bayar ilə Adnan Menderes Türk Silahlı Qüvvətlərində böyük bir təmizləmə hərəkətinə başladılar.

Ordunun yüksək komandanlığı dəryazdan keçirildi.

Genəlkurmay Başqanı orgeneral (ordu generalı) Əbdürrəhman Nafiz Gürman, Hava Qüvvətləri komandanı orgeneral Zəki Doğan, Dəniz Qüvvətləri komandanı oramiral (donanma admiralı) Məhəmmədəli Ülgən, Jandarma Baş komandanı korgeneral (general-polkovnik) Nuri Bərköz, Genəlkurmay II Başqanı orgeneral İzzət Aksalur, Birinci Ordu komandanı orgeneral Asım Tınaztəpə, İkinci Ordu komandanı orgeneral Müzəffər Tuğsavul, Üçüncü Ordu komandanı orgeneral Mahmud Bərköz kimi yüksək səviyyəli komandanlarla birlikdə toplam 15 general 150 polkovnik istefaya göndərildi! [Burada yanlışlıq olduğunu düşünürəm. Mahmud paşa 6 sentyabr 1951 tarixinədək orgeneral (ordu generalı) rütbəsi ilə Milli Təhlükəsizlik Təşkilarının Baş Katibi işləyib, yəni təqribən bir il sonra istefaya çıxıb – Ə.T.]

İstefaya göndərilənlər arasında Hərbi Şura üzvləri orgeneral Kazım Orbay, orgeneral Salih Omurtak kimi komandanlar da vardı.

.............................................

DP hökuməti niyə belə böyük bir təmizləmə əməliyyatı aparmışdı?

Bir gün Başbakanlığa bir polkovnik gəldi. Adnan Mendereslə özəl bir danışıq apardı, yüksək səviyyəli zabitlərin çevriliş hazırlığı içində olduğunu söylədi Türk Silahlı Qüvvətlərində böyük təmizləmə hərəkəti beləcə başladı”.

Söylənən buydu.

Halbuki işin əsli elə deyildi!..

Bayar-Menderes ordu içindəkiİnönüçü paşalar”ı təmizləmək istəmişdi.

 

(Ardı gələn şənbə sayımızda)

 

 

Ədalət TAHİRZADƏ

 

525-ci qəzet.- 2012.- 14 aprel.- S.20.