“O zaman dost olduğum
bir neçə şəxs var ki, indi
onlarla görüşə bilmirəm”
SABİQ RABİTƏ NAZİRİ
SİRUZ ABASBƏYLİ: “HAZIRKİ QURUCULUQ İŞLƏRİNİN
BİR PARÇASI OLMAQ İSTƏYƏRDİM”
Müsahibimiz
1992-1997-ci illərdə rabitə naziri vəzifəsində
çalışan Siruz Abasbəylidir. Öz zəhməti,
işgüzarlığı, qərarlılığı ilə
rabitə montyorluğundan nazir vəzifəsinə qədər
yüksələn S.Abasbəyli bizimlə söhbətdə
bir çox mühüm məsələlərlə
bağlı bir-birindən maraqlı məqamlara toxundu.
S.Abasbəyli
İranda doğulub. Uşaqlığı Tehran və Təbriz
şəhərlərində keçib. Atası Hüseyn
müəllim səfirlikdə işlədiyi üçün
ailəsi qapalı həyat tərzi keçirib. İlk təhsilini
mədrəsədə alıb. 1953-cü ildə, Azərbaycana
qayıdaraq Gəncədə yaşayıblar. 1954-cü ildə
orta məktəbə daxil olub. Yeddi illiyi bitirərək, 1962-ci
ildə Bakıda Rabitə Texnikumunun tələbəsi olub.
1965-ci ildən “Azqosproyekt”, “Qiproazneft” institutlarının nəzdindəki
ATS-lərdə, eləcə də Mərkəzi Komitədə
və başqa dövlət vəzifələrində
çalışaraq montyorluqdan rabitə nazirinin müavini və
nazir vəzifəsinə qədər yüksəlib. Tez-tez səmərəli
təkliflər verərək, yəni-yeni cihazlar icad edib. 50-dən
çox səmərəli təklifli və ixtirası
qeydiyyatdan keçib.
–
Siruz müəllim 15 ilə yaxındır ki, vəzifədən
getmisiniz. Aradan keçən bu zaman ərzində harada idiniz,
nə işlə məşğul olurdunuz?
–
Nazir təyin edilən zaman rabitə sistemimiz tamamilə iflic vəziyyətdə
idi. İşə başlayan kimi yaratdığım hər
bir şey bu gün fəaliyyətdədir. Mobil rabitə
sistemi, optik kabellər, dicital-rəqəmsal telefon
stansiyaları, ən nəhayət on illərdir ki, ilişib
qalan televiziyya qülləsi məhz mənim vaxtımda
yaradılaraq istifadəyə verildi. Qısa zaman kəsiyində
bütün bunlarla yanaşı rabitə sahəsində digər
mühüm işlər də gördüm.
Vəzifədən
getdikdən sonra bir müddət Türkiyədə
yaşadım. Bu zaman mənə “Türkcell”in MDB üzrə
nümayəndəliyi vəzifəsi təklif edildi, lakin
razılıq vermədim. Türkiyədə biznes şirkəti
yaradaraq, iki ilə yaxın bu işlə məşğul
oldum. Daha sonra şirkətimiz iflasa uğradı və mən
Moldovada, Rusiyada biznes işləri ilə məşğul
oldum. Bütün biznesimiz rabitə sahəsi ilə
bağlı idi. Bir müddət sonra Bakıya qayıdaraq 4 ilə
yaxın Texniki Universitetdə müəllim vəzifəsində
çalışdım. Səhhətimdə müəyyən
problemlər yarandığından bu işdən də
çıxdım. Sonra isə musiqi bəstələməklə,
kitab yazmaqla məşğul oldum. Son vaxtlar isə elmi işlərlə
məşğul oluram. Bunun nəticəsi olaraq ötən ay
Moskva Beynəlxalq Rabitə Akademiyasının akademiki
seçilərək, diplom və fəxri fərmanla təltif
edildim. Vəzifədən çıxdıqdan sonra mətbuatla
da təmasda olmamışam. Düzdür, media nümayəndələri
tərəfindən çoxlu zənglər olurdu, amma mən
danışmaqdan imtina edirdim.
– Siz
rabitə montyorluğundan nazir vəzifəsinə qədər
yüksəlmisiniz. Montyor vəzifəsində
çalışan zaman nə vaxtsa nazir
olacağınızı gözləyirdinizmi? Və ya nazir
olmaq məqsədləriniz arasında idi?
–
Fikrimcə, həyatda nəyəsə nail olmağı
düşünürsənsə, onu daha çox, ürəkdən
istəməli, var qüvvənlə
çalışmalısan. Montyor, texnik, mühəndis, idarə
rəisi və başqa vəzifələrdə işlədim.
Bu zaman bəlkə də mənim məqsədlərim
arasında nazir vəzifəsinə qədər yüksəlmək
yox idi. Ancaq yaşlı, təcrübəli mühəndislər
hər zaman mənə “sən nazir olacaqsan” deyirdilər. Sara
Semyenova adlı bir peşəkar mühəndis vardı, mən
onun baş texniki işləyirdim. O, mənə dəfələrlə
deyirdi ki, sən rabitə naziri olacaqsan. Hüseyn Mehrəliyev
adlı radio jurnalisti vardı o da mənə hər zaman bunu
hiss etdiyini bildirirdi. Bizim nazir vardı Rəsulbəyov. Xəstə
idi, ona baş çəkməyə getmişdim, dedi ki, Siruz,
halım pisdir, amma imkan tap məni teleqülləyə apar.
Televiziya qülləsini tikməyə o
başlamışdı. Sözündən
çıxmadım və onu teleqülləyə apardım.
Rəsulbəyov mənə dedi ki, teleqülləni istifadəyə
verməyi çox arzulayırdım, amma xəstəlik imkan
vermədi. Lakin eybi yox, sən nazir olarsan və bu teleqülləni
istifadəyə verərsən. Məhz onlarla insanın mənə
bunu söyləməsi beynimə damcı-damcı dolaraq,
müəyyən fikir formalaşdırmışdı.
Öz-özümə deyirdim ki, niyə də nazir olmayım.
Və nazir olacağım zamanı nə edəcəyim barədə
öz-özümə xəyallar qururdum. Planlarım çox
böyük idi: beynəlxalq ATS-in tikintisi, Fiber optik kabellerin
çəkilişi, Elektron ATS-in tikilməsi, mobil
telefonların sistemlərinin Azərbaycana gətirilməsi,
internet şəbəkəsinin yaradılması, on ildən
çox tikintisi dayandırılmış televiziya qülləsinin
tikintisinin başa çatdırılması və bir
çox başqa layihələri həyata keçirmək bu
sırada idi. Nazir olmazdan qabaq, artıq mən bu vəzifəyə
özümü hazır hiss edirdim.
–
Nazir olduğunuz ilk dövrlər müstəqilliyin ilk illərinə
təsadüf edib. O zaman hansı çətinliklər
vardı?
– Cəbhənin
dövründə olan ən böyük səhvlərdən
biri bəlkə də tələm-tələsik kimi gəldi
nazir, digər yüksək vəzifələrə təyin
etmək idi. Düzdür, onlara irad tutmaq mənim vəzifəm
deyil. Ancaq bir reallıq var idi ki, o zaman vəzifələrə
bunun öhdəsindən gələ bilməyən adamları
təyin edirdilər. Bəzən kimin səsi daha çox
çıxırdısa, bacarıb-bacarmamasından
asılı olmayaraq, vəzifəyə elə onu qoyurdular.
Amma mən siyasətə qoşulmadan rabitə sahəsində
öz işlərimi görürdüm. O zaman demək olar ki,
Azərbaycanda rabitə yox səviyyəsində idi.
Naxçıvanla rabitə əlaqəsi isə ümumiyyətlə
mövcud deyildi. Xarici ölkələrlə də beynəlxalq
rabitə əlaqəsi kəsilmişdi. İstənilən
beynəlxalq danışıq Moskva üzərindən həyata
keçirilirdi. Məhz biz qısa zaman ərzində müstəqil
rabitə sistemimizi yaratdıq. Bu işdə bizə Türkiyə
böyük köməklik göstərdi. Qısa zaman kəsiyində
rabitə blokadasını yararaq, İran üzərindən
Naxçıvana rabitə verdik. Heydər Əliyevlə
danışaraq, nazir təyin edildiyimi ona bildirdim və
Naxçıvan üçün nə edə biləcəyimi
soruşdum. O, mənə dedi ki, sən o vaxt
gördüyüm arıq, qara oğlansan? Onun yaddaşı həddindən
artıq güclü idi. O, məni Naxçıvana dəvət
etdi. Heydər Əliyevin bu sözündən sonra rəhbərlikdən,
yəni Əbülfəz Elçibəydən icazə alaraq
Naxçıvana getdim. Naxçıvanda çox soyuq hava
vardı, qar yağmışdı. Burada məni Xanbabayev
qarşıladı və Heydər Əliyevin məni gözlədiyini
bildirdi. İçəri keçəndə mən paltonu
çıxarmaq istədim, dedilər ki, içəri soyuq
olduğundan Heydər Əliyev paltonu çıxarmağa icazə
vermir. Lakin otağa girən zaman onun bu soyuq otaqda tək pencəkdə
oturduğunu gördüm. Dedim ki, Heydər müəllim məgər
siz də otağı isitmək üçün bir şey
tapmırsız? O, dedi ki, mən Naxçıvan xalqından
artıq deyiləm. Buna görə də onlarla eyni həyat tərzini
yaşamalıyam. Heydər Əliyev Naxçıvanın
rabitəyə ehtiyacının olduğunu bildirdi. Camaatın
rabitə dirəklərini kəsərək
yandırdığını ona bildirdim. O, dedi ki, nə olsun
kəsiblər, əksinə rabitə dirəklərini
yandıraraq, öz balalarının istiliyini təmin edərək,
onların sağlamlığını qoruyublar. Rabitə
kabellərinin də sökülərək
satıldığını söylədim. O, mənə
bildirdi ki, bütün bunlar həll ediləsi məsələlərdir,
əsas odur ki, camaat balalarını ac saxlamasın. Həqiqətən
də, orada çox ağır vəziyyət vardı.
İnsanlar hətta ağacları belə kəsərək,
yandırmışdı. Naxçıvandan birbaşa Tehrana
getdim və İranın rabitə naziri ilə məsələni
müzakirə etdik, onlar bizə kömək edəcəyini
bildirdilər. İran Naxçıvana işıqla
yanaşı, həm də rabitə kanalı verdi. Lakin bunun
qarşılığında bizdən mazut istədi. Vəziyyəti
Elçibəyə danışdım və o, buna
razılığını bildirdi. Məhz Azərbaycan rabitəsi
üçün etdiyim işləri və
işgüzarlığıma görə Heydər Əliyev
prezident seçildikdən sonra dəfələrlə məndən
razılığını dilə gətirirdi.
–
Siruz müəllim, üç hakimiyyət – Sovet, Xalq Cəbhəsi
və Yeni Azərbaycan Partiyasının dövründə
yüksək vəzifələrdə çalışmısınız.
Bu hakimiyyətlər, həmçinin dövrlər
arasındakı müqayisəni necə aparardınız?
– Bu
hakimiyyətlərin dövrləri bir-birindən tamamailə fərqli
olub. Bütün SSRİ-yə daxil olan ölkələrin əksəriyyətində
təhsil yüksək səviyyədə idi. Elmin hər sahəsindən,
dünya tarixindən, ədəbiyyatından, musiqisindən xəbərimiz
vardı. O zaman baxmayaraq ki, texnologiya indikindən geridə idi,
lakin hər kəs, hətta fəhlə belə normal həyat
tərzi sürürdü. İşsiz yox idi. İnstitutu
qurtaran şəxslər mütləq işlə təmin
edilir, bütün insanlar ev, maşın növbəsinə
dura bilirdi. Ən azından bilirdin ki, 5 ilə olsa belə mənzil,
maşın əldə edəcəksən. Geridə qalan sahələr,
texnologiya və kənd təsərrüfatı idi. O zaman
işləmək çətin idi, hər bir işin icazəsini
Moskvadan almalı idin. İndiki dövrdə isə müstəqilik
və istənilən şirkətlə, dövlətlə
münasibəti azad şəkildə qururuq.
– Əvvəlki
dostlarınızın nazir vəzifəsindən getdikdən
sonra yəqin ki, sizə münasibəti dəyişər...
– Belələri
var. O zaman dost olduğum bir neçə şəxs var ki, indi
onlarla görüşə bilmirəm. Bəziləri isə mənə
biganə yanaşır. Vəzifədə olan zaman villa tikmədim,
yeni binalarda mənzillər almadım, övladlarıma nəsə
bir şey etmədim. Bunu hər kəs bilir. Mühəndis
olan zaman hansı mənzildə yaşayırdımsa, indi də
orada yaşayıram. Mənim ən böyük
çatışmazlığım yaltaqlığı
bacarmamağımdır.
–
Bunun üçün indi təəssüf hissi
keçirirsinizmi?
–
Yox, heç də təəssüflənmirəm. Bu gün də
alnım açıq gəzirəm. Mən hər şeyi
xalqım üçün etdim, özüm üçün
hansısa sərvət toplamadım. Ölkəyə gətirdiyim
mobil operatorlar mənə gəlirlərinin müəyyən
faizini, habelə ilk şirkətlər ölkəmizdə
şərait yaratdığım üçün mənə
yüz minlərlə dollarlar təklif edirdilər. Ancaq hər
zaman bütün bunlardan imtina etdim.
–
Siruz müəllim vəzifədə olan zaman sözün həqiqi
mənasında çox mühüm işlər
görmüsünüz. Hazırda bu işin
qarşılığını alırsınızmı və
ya sizə lazımi diqqət göstərilirmi?
–
Hörmətimi hər zaman saxlayırlar. Özümə
qarşı bir diqqətsizlik hiss etməmişəm.
–
Heydər Əliyevlə bağlı 4 kitabın müəllifisiniz.
Bunları öz təşəbbüsünüzlə
yazmısınız?
– Bəli,
bu kitabların hamısını öz təşəbbüsümlə
yazmışam.
– İndiki rabitə
sistemini necə qiymətləndirirsiniz?
– Hər şey yaxşıdır. Əli müəllim
çox yaxşı,
mehriban insandır.
Mən nazirliyə ən güclü rabitəçiləri
toplamışdım. Sonra bu peşəkar rabitəçilər mənimlə
işləyib deyə
onların hamısı
sözügedən sistemdən
didərgin salındı.
Ancaq Əli müəllim yenidən hər şeyi nizama saldı. İndiki rabitə sistemindən
narazı deyiləm.
– Bu günlərə Moskva Rabitə Akademiyasının
akademiki adını almısınız. Bu barədə hansı təəssüratlarınız var?
– Uzun müddətdir ki, onlarla işləyirdim,
nəticədə əməyimi
qiymətləndirdilər. Onlara Akademiyanın
Bakı filialını
açılmasını təklif
etdim. Hazırda bu istiqamətdə iş aparıram. Belə bir akademiyanın filialının Bakıda açılması böyük
bir hadisədir. Bu gerçəkləşərsə,
rabitə sahəsində
bir sıra mühüm addımlar atacağıq. Aprelin 19-da təşkil
ediləcək tədbirdə
Moskva Rabitə Akademiyasının prezidenti
də iştirak edərək 10 nəfərə
yaxın azərbaycanlı
alimə akademik adını verəcək.
Bu iclasda həmçinin
Rabitə Akademiyasının
Bakı filialının
açılması ilə
bağlı qərar veriləcək.
– Hazırda nə işlə məşğulsunuz?
– İndi Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri
İctimai Birliyinin yaradılması üzərində
iş aparıram. Bir sıra peşəkar insanları burada toplamaq və rabitə sahəsində əlimizdən gələn
müəyyən işləri
görmək istəyirik.
– Siruz müəllim, ümumiyyətlə Azərbaycanda
bugünkü quruculuq
işlərini necə
qiymətləndirirsiniz?
– Sözün həqiqi mənasındı hazırda
ölkənin bütün
nöqtələrində Prezident
İlham Əliyevin rəhbərliyi ilə böyük quruculuq işləri aparılır.
Bu quruculuq işlərində
mən də iştirak etmək və onun bir
parçası olmaq istəyərdim. Bu məsələlərdən kənarda
qaldığım üçün
təəssüflənirəm.
Aqil LƏTİFOV
525-ci qəzet.- 2012.- 14 aprel.- S.15.