Lyudmila Lavrova: “Afaq Məsudun əsərlərində heyrətamiz
bir xüsusiyyət var”
RUSDİLLİ OXUCULARIN AFAQ MƏSUD
YARADICILIĞI İLƏ NÖVBƏTİ
GÖRÜŞÜ
Bu
günlərdə “Evraziya Press” nəşriyyatında Azərbaycan
yazıçısı Afaq Məsudun “Roman-hekayə”
(“Roman-rasskaz”) adlı kitabı işıq üzü
görüb. Rus dilində dərc olunan kitaba müəllifin
müxtəlif illərdə qələmə
aldığı “Gecə”, “Qəza”, “Durna”, “Dovşanın
ölümü”, “Sərçələr”, “Kirxa”, “Aysun”,
“Qadın”, “Müvəkkil Vaysman”, “Dahi”, “S.V.A.D.J.O”, “Prezident”,
“Can üstə” hekayələri, “İzdiham” romanı,
“İoann Pavel” roman-hekayəsi, “Duyğular imperiyası”,
“Qatarın altına atılan qadın”, “O məni sevir” və
“Can üstə” pyesləri daxil edilib.
Kitabın
redaktoru Rusiyanın tanınmış yazıçı-tənqidçisi
Lyudmila Lavrova kitaba yazdığı ön sözdə rusdilli
oxucuları Afaq Məsud dünyasına dəvət edərkən
belə qeyd edir:
“Azərbaycan
yazıçısı Afaq Məsudun əsərlərində
heyrətamiz bir xüsusiyyət var. Müasir dövrün kəskin
problemlərini özündə əks etdirən nəsrində
o, hələ reallıqda üzə çıxmayan, baş
verəcəyi zəruri olsa da hələ ki, insanların həyatlarında
və talelərində özünü büruzə verməyən
bir xeyli mətləbləri də qabaqcadan görə bilir. O,
bunlar barədə insana elə məhrəm sirrlər
açır ki, oxucuda şübhə yaranır:
Bütün
kainatla gözəgörünməz saplarla əlaqəli olan
insan təbiətinin bu qədər dərinliklərinə
toxunmaq bacarığı olan bu yazıçı bəlkə
elə öncəgörəndir?
Bu
yerdə Saltıkov-Şedrinin Dostoyevskinin romanları
haqqında dəqiqliyinə görə dahiyanə bir qeydi yada
düşür: “O, bu yerdə öncəgörmə və
öncəduyma ərazilərindən çıxış
edir”. Mixail Yevqrafoviç bu zaman heç də sənətkara
gələn vəhyləri nəzərdə tutmur, onun
üçün Dostoyevski istedadı hardasa öndərlik və
yolgöstərənlik istedadı deməkdir.
BU
İNSAN HƏLƏ TƏYİN OLUNMAYAN NƏSNƏLƏRİN
XƏBƏRİNİ VERİR.
Oxşar
sirri-xuda Afaq Məsudun artıq dünyasını dəyişmiş
Roma Papası İkinci İoann Pavelin Bakıya səfərindən
bəhs edən roman-hekayəsində də var. Bu
yığcam əsər demək olar ki, sənədlidir, onu hətta
oçerk də adlandırmaq olardı, əgər... Əgər
bu sadə, hətta hardasa quru mətndə “göy üzü
laxlayıb” açılmasaydı, insan məişətinin cəhənnəm
odu püskürməsəydi, arzuolunan yeniliklərin “öncədən
görünən” göy qurşağı gözə dəyməsəydi”.
Kitabda
həmçinin Afaq Məsudun Rusiyanın nüfuzlu “Drujba
narodov” jurnalına verdiyi müsahibəsi də yer alıb. “Ədəbiyyat
hadisələrin yox, hisslərin süjetidir”
başlıqlı müsahibədə Afaq Məsud ona
yaradıcılığı barədə verilən sualı
belə cavablandırır:
“Yazmaq
ola bilsin, kimlər üçünsə istirahət, kimlər
üçünsə başqalarına nəyisə sübut
etmək, ya da sadəcə məşhurlaşmaq istəyidir.
Mənim üçün isə ədəbiyyat
ağrını candan çıxarmaq imkanıdır, o
ağrını ki, hətta özünə belə deyə
bilmirsən, ümidin yalnız kağıza və qələmə
qalır. Bu, hardasa, etirafdır. Yazmaq həvəsi məndə
yalnız bu anlarda yaranır- yəni, o izah olunmaz
ağrını kiminləsə bölüşmək istəyəndə.
Sakit bir guşəyə çəkilib kağız və qələmlə
baş-başa qalanda mən özümü sanki Tanrı Dərgahında
hiss edirəm...”
Qeyd
edək ki, Afaq Məsudun əsərlərini rus dilinə Vaqif
İbrahimoğlu, Siyavuş Məmmədzadə, Mirzə
Hüseynzadə , Nadir Ağasiyev kimi peşəkar mütərcimlər
tərcümə edib.
İnanırıq
ki, Azərbaycanın tanınmış
yazıçısı Afaq Məsudun bu kitabı rusdilli
oxucular tərəfindən böyük maraqla
qarşılanacaq.
GÜNDÜZ
525-ci qəzet.- 2012.- 14 aprel.- S.18.