“Həyatın yaşıl bayrağı”

 

Heç ömrünüzdə yağışdan sonra səmada göz oxşayan göy qurşağının rənglərinin hansı ardıcıllıqla düzüldüyünün fərqinə varmısınızmı? Sizi çətinə salmadan demək istəyirəm ki, ərşin bayrağına bənzəyən göy qurşağının mərkəzində yer alan yaşıl rəng heç vaxt öz yerini başqa rənglə dəyişmir. Bu, yaşıl rəngin həqiqəti əbədi ilahi qanunların, ədalət meyarının pozulmaması deməkdir. İslam dini də öz yaşıl rəmziylə bəşəriyyətin xilas, mərhəmət mərkəzidir. “Bəqərə” surəsinin 115-ci ayəsində deyilir: “Məğrib də, məşriq də Allahındır. Hansı səmtə yönəlsəniz Allah ordadır. Həqiqətən Allah hər şeyi biləndir.” Xüsusilə, başqa dinlərin nümayəndələri islam dininə doğru gəldikcə, onlar qarşılarında yeni, təkrarsız paklıq zirvəsinin yüksəldiyini dərk edirlər. Bəlkə də heç vaxt görmədikləri Sina, Tur dağı, Hira mağarasına qiyabi səyahət onlara nəsib olub. Bu zirvədə ilham pəriləri ilə yaradıcılıq əlaqələri daha da möhkəmlənir. Belə ziyalılardan biri ingilis bəstəkarı ser Con Taveneri nümunə gətirmək olar. O, İngiltərənin Kral Musiqi Aakdemiyasını bitirib. Yaradıcılığında bəşəri mövzulara daha çox yer verib, islam dininə onun yaradıcısı olan uca Allaha musiqisi ilə üz tutub. O, musiqiçi kimi toxunduğu mövzulara ambivalent yanaşır, zəngin mənəviyyatında kontrast sivilizasiyalar birgə harmoniya içində yaşayıb bir-birinə qovuşur, dinləyici yalnız onu yaradan Allah və bəşəriyyətin xoşbəxt gələcəyi haqda düşünür. C.Tavenerin Allahın 99 müqəddəs adlarına ithaf olunan kantatasında hər bir dinləyici o adların əzəmətindəki ruhu hiss edir, ər-Rəhman, ər-Rəhim olan Allah insanları öz mərhəmətinə qovuşdurur. Quranın “Əl-Əraf” surəsinin 180-ci ayəsində deyilir: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. C.Tavener görünür, bu ayə ilə səsləşən yaradıcılığında yaşıl bir cığır açmağa müvəffəq olub. O, etiraf edir ki, mən musiqini görürəm, o ilahi əbədi bir dünyaya açılan pəncərədir. (Yeri gəlmişkən qeyd edək ki, 1997-ci ildə ingilis şahzadəsi Diananın yas mərasimində məhz ser Con Tavenerin kompozisiyasi səsləndirilib.) Avropalı həmkarlarından yaradıcılıq axtarışları ilə seçilən bəstəkarın öz ruhuna, mənəviyyatına yaxın filosoflardan biri olan Frityof Şuonun sözlərinə musiqi əsərlərini bəstələməsi təsadüfi hal deyil. İslamı qəbul edən bu alimin, şairin yazılarında onun islam dini və Quran haqda dərin, geniş biliyini, təhlilini oxuyanda heyrətlənməyə bilmirsən. Onların qəlbinə, ruhuna doğma olan islam dininə və Allaha daha yaxın olduqlarını yaradıcılıqlarında izləyə bilərik. Belə tərəqqipərvər ziyalıların əsərlərində Şərqdə doğan hikmət günəşinin işığı sönmür, Qərbi Avropada həqiqət günəşi qüruba enmir.

Yazılarını böyük həyəcanla oxuduğum filosof, şair, Frityof Şuonun “İslamı dərk et” əsərindəki səmimi apologiyası oxucusunu hərtərəfli düşünməyə vadar edir. Şərq ədəbiyyatını, islamın təməl qanunlarını bilən müəllif öz əsərində qeyd edir: “Allahın danışdığı dili müqəddəs saymaq olar. Çünki o danışılan dil başqa dillərdə rast gəlinməyən xüsusiyyətlərə malik olmalıdır. Ona görə də müəyyən dövrlərdə hər hansı hadisələrlə bağlı yeni dinin yaranmasını iddia edənlər yanılırlar”. Bu fikirlər Quranın “Ali İmran” surəsinin 19-cu ayəsi ilə ahəngdar səslənir: “Həqiqətən Allah dərgahında (qəbul olunan) din islamdır”. F. Şuon daha sonra qeyd edir: “Peyğəmbər (Məhəmməd peyğəmbərimizi (s.s) nəzərdə tutur) demişdir: “Allah ağıldan uca heç nə yaratmamış, vay o kəslərin halına ki, bunu dərk etmirlər. Həmçinin gözəl sifətlərə layiq Allah gözəlliyi sevir. Bunlar əlbəttə, islam dini üçün xarakterikdir”. O, Quranı kosmosun əksi, surələrini dünyalar, ayələrini varlıqlar kimi yüksək qiymətləndirir. İslama iman gətirən müsəlman kimi F. Şuon Allahın mərhəmətini öz oxucularına əl-Qəzalinin diliylə təqdim edir. Cəhənnəm odunda yanan günahkarlardan biri hamıdan çox ağlayıb, ucadan fəryad etdiyi üçün onu Allahın hüzuruna aparırlar. Allah onun cəhənnəmdə yalvarışlarıyla seçilməsinin səbəbinii soruşanda, o, cavabında deyir: “Sən məni cəzalandırsan da sənin mərhəmətinə olan inamımı heç vaxt itirməmişəm”. Allah onu inamında məyus etmir: “Mən səni bağışlayıram.” Quranın “Əl-Ənam” surəsinin 54-cü ayəsində deyilir: “...Allah özünə rəhmli olmağı deyib...” Bu, Quranda riyazi hesablamalarda da özünü göstərir. Məsələn, “cəza” sözü 117 dəfə, “rəhm etmək” 234 dəfə işlənib.

Allaha məhəbbətini ömrü boyu qəlbində, yaradıcılığında yaşadan dahi alman şairi, dövlət xadimi Höte deyilənə görə, son nəfəsdə barmağıyla havada guyadablyu” hərfini çəkir. Əslində onun yazmaq istədiyi son söz ərəbcə “Allah” demək idi. O, 1771-1772-ci ildə Ouranı oxuyandan sonra onun güclü təsiri altında silsilə şeirlər, “Şərq və qərb” divanını ərsəyə gətirir. Höte qeyd edir ki, Məhəmməd peyğəmbər (s.s.) başqalarının dediyi kimi, şair deyil, Allahın elçisidir. Yaşasın həqiqət, Məhəmməd Allahın vahidliyini bizə çatdırdı və ona itaətə çağırdı.Quran isə insanların təkcə maariflənməsi üçün deyil, müqəddəs səmavi kitabdır. Bu fikirlərin Qurandan bəhrələnməsi açıq-aydındır. “Yasin” surəsinin 69-cu ayəsində deyilir: Biz ona (Məhəmməd əleyhissalama) şeir öyrətmədik və bu, ona heç yaraşmaz da” O, etiraf edir ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.s.) onun rəsuludur. Şeirlərinin birində yazır ki, İsa peyğəmbər pak idi, o, yalnız vahid Allaha inanırdı. Allah insanlara İsanı ilahiləşdirdiyi üçün qəzəblənir. “Əl-Maidə” surəsinin 73-cü ayəsində deyilir: “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir, deyənlər kafir oldular.”

Yaxud onun aforizmlərindən birinə nəzər salaq: “Təbiət həmişə haqlıdır, səhvlər, yanlışlııqlar insandandır”. Bu fikrin Quranın “Ən-Nisa” surəsinin 79-cu ayəsindən bəhrələnməsi açıq-aydındır: “Bütün yaxşılıqlar Allahdan, pisliklər özümüzdəndir”. Beləliklə, Hötenin Ouranın surələri haqqında geniş məlumata malik olması ortaya çıxır. Höte öz axirəti üçün Avropadan cənnətə qapı aça bilib.

Rusiya Elmlər Akademiyasının akademiki, filoloq, tərcüməçi S.Averintsevxristian dininə tənqidi yanaşmaqla bərabər, həm də kilsəylə sıx əlaqələr saxlayırdı. Yeri gələndə isə filosof kimi obyektiv fikrini də gizlətmirdi: “Xristianlıq- kölələrin dinidir, insan azadlığını boğur.” Onun haqqında alim dostları deyirdi ki, o, dünya mədəniyyətini öz evi bildiyi kimi, evinidünya mədəniyyəti bilirdi. O, həmçinin yaradıcılığında islam dininə geniş yer verən PuşkinHöteni oxucularla yaxından tanış edir. O, qeyd edir ki, Puşkin Hötenin “Şərq və qərb” divanından xəbərsiz beş ildən sonra “Quranı təqlid” şerini yazır. Tarixə nəzər salsaq, 1790-cı ildə M.Veryevkinin tərcüməsi əsasında Quran rus dilinə tərcümə ounur. Və bu əlamətdar hadisə rus şair və yazıçılarının yaradıcılığında dərin izlər qoyur. Puşkin Quranı 1825-ci ildə oxuyur. Onun şeirlərində Quranın bir çox surələrinin dərin təsiri özünü göstərir. “Puşkinin şərq fəlsəfəsinə, mədəniyyətinə münasibəti özünəməxsus kamertona bənzəyir.”

Fransız alimi, həkimi Moris Byukayın isə islama məhəbbətinin maraqlı tarixi var. Misirdə mumiyalanmış fironun ölüm səbəbləri araşdırılarkən dənizə məxsus duz kristalının tapılması alim üçün gözlənilməz olur. Fironun məhz Musa peyğəmbər dövründə Allah tərəfindən dənizdə batırılan II Ramzes olduğu üzə çıxır. Ərəb alimlərindən biriYunus” surəsinin 90-91-ci ayələrini ona oxuyur. Byukay etiraf edir ki, Tövratda Bibliyada fironun dənizdə ölməyi haqda yazılsa da, cəsədinin qorunub üzə çıxması haqda məlumata rast gəlməyib. O, həyəcanla bildirir ki, mən Qurana inandım. SonralarÖvrat, Bibliyaelm” kitabı M. Byukayı xüsusilə, ərəb ölkələrində məşhur edir. O, yazır ki, əgər mən Ouranı əvvəllər öyrənsəydim, əlimdə dəlil, sübut olar, elmi axtarışlarıma kor-koranə yanaşmazdım. M.Byukay kimi Jak Kusto da Quranı bəşəriyyətin əvəzsiz mənəvi xəzinəsi hesab ediblər. Hər bir alimin islam dininə müraciət etməsinin öz yaradıcılıq taleyi var. Onların arasında fransız filosofu, islamşünas Anri Korbenin fəaliyyəti diqqətə və hörmətə layiqdir. O, 1946-cı ildən ömrünün sonuna kimi (1978) islam fəlsəfəsinin ən parlaq tədqiqatçılarından biridir. Anri KorbenIslam fəlsəfəsinin tarixi” əsərində yazır: “Çox təəssüf ki, islam fəlsəfəsi uzun müddət dərsliklərə salınmamış, fəlsəfə tarixi üzrə elmi-tədqiqat işləri, daha doğrusu, latın sxolastalrının nöqteyi-nəzərincə öyrənilmişdir”.

Ən maraqlısı odur ki, yazdığım mövzu ilə bağlı apardığım axtarışlar zamanı İrina Tavaratsyan imzasında erməni müəllifinin islamla bağlı obyektiv, pozitiv ruhda publisist yazısını, peyğəmbərimizə həsr etdiyi şeirini oxuyanda çox heyrətləndim. Şeir bu sonluqla bitir, mən dualarımla açar əldə etdim, onu sənə qaytaracağam, Ya Ər-Rəhman, təki bağışla məni. Deyirlər, ad insanın taleyinə təsir edir. “İrina” adının mənası yunanca “rahatlıq”, “sülh” deməkddir. Bəlkə ona görə İrina Tavaratsyan sanki sülh quşu kimi öz nəcib missiyası ilə erməni bacı və qardaşlarına nümunə olmaq istəyir. Hər-halda onun qəlbindən süzülüb gələn islam haqqında mövzuları real tarixi faktlara söykənir, bir çox erməni şair və alimlərinin əsrlər boyu islamtürkçülük mövzusunda uydurduqları saxta yazılara bənzəmir. Məsələn, “Həyatın yaşıl bayrağı: İ.A, Buninin yaradıcılığında islam” adlı yazısı öz ideya və məqsədi ilə onlardan tamamilə seçilir. İrina Tavaratsyanın yaradıcılığında uca tutulan islamın yaşıl bayrağı fikir ordusunun qarşısında əzəmətlə dalğalanır: “Dünya islama ehtiyatla yanaşır. Bir çox insanlar üçün islam haqda təsəvvür beynəlxalq terrorizmlə bağlıdır. Halbuki Avropanın mədəniyyət və incəsənətinə dərin təsir göstərə bilən islam, tarixi cəhətdən yüksək mədəniyyət yaradıb.”

Bəli, Quran öz ədalətli, humanist, ali qanunları, elmi ilə bəşəriyyətin qüruba enməyən günəşidir, desək, yanılmarıq. Təsadüfi deyil ki, görkəmli rus şairi İ.Bunin öz şeirlərinin birində kəskinliklə deyir ki, Quranın əzəmətini eşitməyənlərə lənət olsun. İ.Buninə rus poeziyasının “müsəlman şairideyilir. Şərq mədəniyyətinin dəyərini bir daha üzə çıxarmaq üçün məhz Qərbi Avropanın, Rusiyanın bəzi tərəqqipərvər ziyalıalrının yaradıcılığından, Qurana olan məhəbbətindən az da olsa, nümunələr gətirdik. S.Yeseninin təbiri ilə desək, nəhəng şey uzaqlardan daha aydın görünür. Yazıçı Bernard Şounun “Əsl islam” yazısı isə bəşəriyyətə müraciət kimi səslənir: “Əgər Məhəmmədə bənzər bir insana şəxsən müasir dünyanı idarə etmək nəsib olsaydı, o, problemlərin həllini tez çözələyər, buna rəğmən dünyanın itirdiyi əmin-amanlığı, xoşbəxtliyi özünə qaytarardı.” Dünyada baş verən siyasi, dini mübarizələrlə yanaşı yaxşı ki, islam dininin apologetləri artmaqdadır. “Əl-Qiyamə” surəsinin 9-10-cu ayələrində deyilir: “Günəşlə ay birləşəcəyi (hər ikisinin Qərbdən çıxacağı, hər ikisinin nurunun gedəcəyi) zaman- Məhz o gün insan: “Qaçıb qurtarmağa yer haradadır?!”- deyəcək.” Bəli, heç vaxt Qərbdə doğulmayan günəş şəfəqlərinin Şərqin ilk dünya həyatına, mədəniyyətinə güclü təsiri Quranla təsdiq edilir.

Ömrümüz sanki azan ilə namaz arasındakı vaxt qədərdir”. Əsas odur ki, əxlaqi dəyərlərimizə sadiq olaq. Axı, insanı əhatə edən hər bir şey ötəridir, göydə süzən buludlar kimi.

 

 

Zöhrə Əsgərova,

Yazıçı-publisist

 

525-ci qəzet.- 2012.- 17 aprel.- S.7.