“Sadaxlıda doğulmuşam, Qarabağa bağlıyam”

 

Adil Şərifov 1942-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Sadaxlı kəndində anadan olub. 1963-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun rus dili və ədəbiyyatı fakultəsini bitirib. Özünün dediyinə görə, hələ V kurs tələbəsi ikən istisna hal kimi Azərbaycan SSR Maarif Nazirliyinin sərəncamı əsasında komsomol putyovkası ilə rus dili müəlliminə ehtiyac olduğu üçün Bərdə rayonunun Lənbəran kənd orta məktəbinə işləməyə göndərilib. Gənc mütəxəssis burada bir il rus dili fənnini tədris edib. Ali təhsilini başa vurduqdan sonra Adil müəllim doğma el-obasına dönərək Sadaxlı kənd orta məktəbində ixtisası üzrə fəaliyyətini davam etdirib. Bacarıqlı pedaqoq 1968-ci ildə yeni təşkil edilmiş 2 saylı Sadaxlı kənd orta məktəbində tədris hissə müdiri vəzifəsində irəli çəkilib. O, 1987-ci ildən hal-hazıra kimi adıçəkilən orta məktəbdə direktor vəzifəsində işləyir. A.Şərifov işlədiyi müddətdə əhali arasında böyük hörmət və nüfuz qazanıb. Onun haqqında həm sovet dönəmində, həm də müstəqillik illərində Gürcüstanda nəşr olunan müxtəlif qəzet və curnallarda geniş materiallar dərc olunub,qabaqcıl iş təcrübəsi geniş təqdir edilib. Adil müəllim qədim Borçalının tarixinin öyrənilməsi istiqamətində maraqlı tədqiqatlar müəllifi kimi də tanınır. O, görkəmli alim, akademik Ziya Bünyadovun “Qazax-Borçalı mahalının tarixi ilə gələcəkdə kimsə ciddi məşğul olmalıdır” tövsiyəsini rəhbər tutaraq bu sahədə dəyərli araşdırmalar aparıb və Tiflisdə “Keçmişimiz-bu günümüz” adlı sanballı bir kitab nəşr etdirib. Gürcüstan azərbaycanlılarının Mədəniyyət Mərkəzinin xeyir-duası ilə işıq üzü görən sözügedən kitabda müəllif türk xalqlarının tarixi konteksində zəngin arxiv materialları əsasında tədqiqat apararaq uzun illər yasaq edilmiş, unutdurulumuş və xalqdan gizlədilmiş bir çox qaranlıq məqamlara aydınlıq gətirib, incə mətləblərə toxunub. Bu günkü və gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb edən kitab qısa müddət ərzində Gürcüstanda və bir sıra Avropa ölkələrində şöhrət tapıb və geniş yayılıb. Oxucuların marağını nəzərə alan müəllif onu bu yaxınlarda yenidən çap etdirib.

Tanınmış ziyalı, istedadlı pedaqoq A.Şərifov göstərdiyi xidmətlərə görə Gürcüstan Respublikasının ali mükafatı olan “Şərəf ordeninə”, Təhsil Nazirliyinin Y.Qoqebaşvili adına medalına, bir çox döş nişanı və diplomlara, fəxri-fərmanlara layiq görülüb. Adil müəllim bu yaxınlarda respublikamızın qonağı olub. Bir vaxtlar ilk əmək fəaliyyətinə başladığı lənbəran kənd orta məktəbində onunla görüş keçirilib. Bərdə rayon təhsil şöbəsi tərəfindən təşkil olunmuş görüşdə hörmətli qonaq mehribanlıqla və hərarətlə qarşılanıb. Tədbir iştirakçılarını salamlayan A.Şərifov çıxış edərək yüksək səviyyədə və səmimi qarşılandığına görə adıçəkilən rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılovaya şöbənin əməkdaşları Calal Qasımov, Namiq Əliyev və vaxtı ilə dərs dediyi hazırda Lənbəran kənd orta məktəbinin direktoru vəzifəsində işləyən Əhəd Hüseynova, bütün bərdəlilərə öz təşəkkürünü və minnətdarlığını bildirib. O, sonda qeyd edib ki, Borçalıda doğulsam da, Qarabağa möhkəm tellərlə bağlıyam. “Qarabağ problemi Gürcüstanda yaşayan bütün azərbaycanlılarının da dərdi və ağır yarasıdır. İnanırıq ki, ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti sayəsində Qarabağ torpaqları tezliklə erməni tapdağından xilas ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar”.

 

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2012.- 17 aprel.- S.8.