Jurnalistika IV
hakimiyyət rolunda
I YAZI
Müasir dövrdə mətbuat, kütləvi
informasiya vasitələri cəmiyyətin kamilləşməsində,
maariflənməsində, ictimai rəyin formalaşmasında
misilsiz rol oynayır və bu vəzifələri çox
müxtəlif üsullarla gerçəkləşdirir. Bunlardan
başlıcası hakimiyyətin fəaliyyətinə
münasibətlə bağlıdır. Media bu fəaliyyəti
daim nəzarətdə saxlamaqla, hakimiyyətin cəmiyyəti
narazı sala biləcək bütün işlərini
aşkarlamaqla insanların diqqətini bu nöqsanlara yönəldir.
Jurnalistika öz tarixi inkişaf mərhələlərində
hansı dövrdə, hansı ölkədə həqiqətə
necə xidmət edib? – bu tarixi izləmək bizim inidiki
mövzumuzun predmeti deyil. Lakin bir məqamı buradaca qeyd etməliyik
ki, jurnalistika öz yaranışından həqiqətə
xidməti qarşısına məqsəd qoyub. Tirajlanan
sözün məsuliyyəti böyükdür: sözü
deyən üçün də, haqqında söz deyilən
üçün də. Söz azadlığına hakimiyyətin
hücum və təzyiqlər tarixi sözün tirajlanması
prosesindən sonra daha ciddi, müntəzəm, təşkilati
xarakter almışdır. Çünki tirajlanma
aşkarlıq deməkdir, aşkarlıq isə hakim dairələrə
sərf etməyən keyfiyyətdir. Jurnalistika
özünün mahiyyətində sosial məsuliyyət
keyfiyyətini saxlayır. Sosial məsuliyyət mahiyyəti,
beləliklə, yalnız jurnalistin deyil, bütövlükdə
jurnalistikanın missiyasındadır. Hətta burada missiya
epitetini messiya ilə də əvəzləmək olar: messiya
– xristian təliminə görə haçansa göydən
enib “allah səltənəti” yaradacaq mistik xilaskarı nəzərdə
tutur. Əlbəttə, mübaliğə çox
böyük görünə bilər. Lakin jurnalistikanın
tarixi inkişaf yolunda, onun söz azadlığı,
aşkarlamaq uğrunda apardığı mübarizə
anları KİV-in messiyaçı missiyası barədə də
düşünməyə əsas verir.
Doğrudan da, əgər jurnalistikanın
demokratiya dəyərlərinin formalaşmasında ən ciddi
rolu olan ictimai institut kimi qəbul edilməsi heç kimdə
şübhə doğurmursa və əgər demokratik dəyərlərin
formalaşması və cəmiyyətdə maneəsiz işləməsi
misilsiz bir keyfiyyət kimi qiymətləndirilirsə, onda
jurnalistikanın messiya xidmətini də inkar etmək çətindir.
Jurnalistikaya bu keyfiyyət hardan gəlir? Bizcə, ilk növbədə
onun cəmiyyət qarşısında götürdüyü
öhdəliklərdən. Rus tənqidçisi V.Belinski
jurnalı kafedraya bənzədirdi. Bu bənzətmədə
kafedranın dini təlimlərdə istifadə edilən nəsihət
kürsüsü anlayışı nəzərdə tutulur.
Bizcə, bütövlükdə jurnalistikanı kafedraya bənzətmək
olar. Çünki jurnalistika fərdləri deyil, kütləni,
cəmiyyəti kamilliyə çağırır. Yaranışından
sözü sərbəst, azad ifadə etmək hüququ
uğrunda hakim dairələrlə ölüm-dirim mübarizəsinə
girən jurnalistika, əslində, cəmiyyəti, onun üzvlərini,
onu idarə edənləri kamil görmək arzusunun gerçəkləşməsini
istəmişdir. Əlbəttə, eyni arzu, eyni istək,
bütövlükdə sənətin,xüsusilə bədii
sənətin mahiyyətinə də daxildir. Bədii söz sənətinin
böyük korifeyləri cəmiyyətin kamilləşməsi
yolunda min bir zillət çəkmişdir. Böyük
Nizaminin yaradıcılıq kredosunu təşkil edən ədalətli
şah, qadının ictimai həyatda fəal yeri, əməkçi
insanı qiymətləndirmək istəyi kimi üç
ciddi keyfiyyətin üçü də cəmiyyətin kamilləşməsinə
xidmət edir. Şairin “Nuşirəvan və
bayquşların söhbəti”, “Zalım padşahla zahidin
dastanı”, “Sultan Səncər və qarı” kimi əsərlərini
şeirlə yazılmış aktual publistikanın bu gün
də təsir edən, bu gün də tərbiyələndirən
nümunəsi kimi qiymətləndirmək olar. Amma bir məsələ
də var: sənət əsərinin tirajı heç vaxt
jurnalistikanın tirajı qədər olmur. Bəlkə də
bir anlayış kimi izahında jurnalistikanın tirajlanma
keyfiyyəti xüsusi qeyd edilməlidir. Bədii söz sənətinin
məhdud oxucusu olduğu halda, ümumiyyətlə bədii sənət
əsəri fərdi təsirə malik olduğu halda,
jurnalistika kütləvi təsir göstərir. Jurnalist
yaradıcılığının
ötürücüsü olan obyektlərə heç də
nahaqdan kütləvi informasiya vasitələri adı verilmir.
“Bütün olanlara baxmayaraq indiki vaxtda mətbuat, ictimai rəyin
formalaşmasında ən ciddi təsir gücü olan bir
qurumdur. Ancaq mətbuat ictimai rəyi əks etdirdiyi qədər,
onu formalandırma meyli də daşımaqdadır” (Atilla
Girgin. Qazeteçiligin Temel İlkeleri. İstanbul, “Der”
yayınları, 2008). Buradan belə bir nəticə
çıxır ki, “mətbuatın ictimai vəzifəsi, xəbər
vermək, məlumatlandırmaq, öyrətmək, nəzarət
etmək, tənqid etmək, əyləndirmək, beləliklə,
ictimai rəyin formalaşmasında iştirak etmək və
yaranan bu ictimai rəyi açıqlamaq formasında müəyyən
edilə bilər. Deməli, jurnalistikanın, kütləvi
informasiya vasitələrinin cəmiyyətə təsiri çox
güclüdür və geniş radiusu təşkil edir. Belə
bir möhtəşəm gücə malik ictimai, kütləvi
institut ictimai həyatın kamilləşməsi
üçün öz üzərinə öhdəliklər
götürür. Bu öhdəliklərdən biri və
başlıcası onun nöqsanları aşkar etmək və
göstərmək işi ilə bağlıdır.
Jurnalistikanın “dördüncü hakimiyyət” rolunda
çıxış etməsi bu vəzifədən irəli
gəlir. Nəzəriyyəçilərin gəldiyi nəticəyə
görə kütləvi informasiya vasitələrinin əsas
məqsədi bilgiləndirmək, əyləndirmək,
başlıcası isə həqiqəti tapmağa kömək
etmək, hakim dairələrin fəaliyyətinə nəzarət
etməkdən ibarətdir. Jurnalistika cəmiyyətin
qanunvericilik, icra və məhkəmə sistemi olan üç
böyük institutundan sonra “dördüncü hakimiyyət”
kimi qiymətləndirilir. Çünki KİV qeyd etdiyimiz
hakimiyyət strukturlarının da işinə nəzarəti
öz üzərinə götürmüşdür. Bu, qədimdən
günümüzədək belədir. KİV informasiya verib
aşkarlamaqla nəzarət edir. “İctimaiyyətin nəzarətində
nə qədər çox informasiya olsa, cəmiyyət bir o qədər
açıq və aşkar olar”. Bu informasiyanı almaq
işində “cəmiyyət üzvünün ən çox
ümid bəslədiyi şey – peşəkar kütləvi
informasiya vasitələridir ki, hər yerə baş vura bilir,
gündəlik informasiya axınını “ələkdən
keçirib”, ictimai maraq kəsb edən xəbərləri
seçir və yığcam, təmiz, məsuliyyətlə
ona çatdırır” (Ümumdövlət davranış etikası
sistemləri. Bakı, 2000) . Bunun üçün mətbuatın
azadlığı ilkin şərtdir. Azad mətbuat müstəqil
məhkəmə hakimiyyəti ilə eyni səviyyədə
dayanır.
Mətbuatın azadlıq dərəcəsi
onun dövlət məmurlarının fəaliyyətinə nəzarət
etməklə, xalqın mənafeyinin qoruyucusu
funksiyasını necə yerinə yetirməsi ilə
ölçülür. “IV hakimiyyət” funksiyasını
qazanmaq üçün KİV ilk növbədə cəmiyyətin
etibarını qazanmalıdır. Cəmiyyətin
etibarını qazanmaq üçünsə jurnalistlər səylə
işləməlidirlər. Cəmiyyətin etibarını
qazanmaq üçün onlar hər gün öz obyektivliyini,
müstəqilliyini və peşəkarlığını,
nümayiş etdirməlidirlər. Yalnız belə halda
dördüncü hakimiyyətə çevrilmək
mümkündür. Jurnalistikaya “dördüncü hakimiyyət”
anlayışını ilk dəfə ingilis filosofu və
publisisti Edmund Berk (1729-1797) gətirmişdir. Özü
çox səs-küy salmış pamfletlər müəllifi
olan E.Berk hələ 1776-cı ildə işlətdiyi bu ifadə
ilə jurnalistikanın hakimiyyətə, hakim dairələrin
fəaliyyətinə nəzarət funksiyasını nəzərdə
tuturdu. Mahiyyətindən də göründüyü kimi,
jurnalistika bu epiteti rəsmi qaydada deyil, öz üzərinə
götürdüyü öhdəliklə qazanıb. Ona
görə də jurnalistikanın müasir nəzəri
problemlərinin tanınmış
araşdırıcılarından olan Y.Proxorov belə bir
fikrində haqlıdır ki, “jurnalistikanın
“dördüncü hakimiyyət” təsəvvürü elmi
anlayışdan çox obrazlı ifadə kimi qəbul edilir.
Lakin anlayış artıq elmi-nəzəri ədəbiyyatda
da görünməyə başlayır və
jurnalistikanın ictimai həyatda getdikcə artan rolu bu
obrazlı ifadəni reallığa çevirməkdədir.
Qeyd edək ki, jurnalistikanın “dördüncü hakimiyyət”
rolu onu özündən əvvəlki üç hakimiyyət
strukturuna təbii olaraq müxalif vəziyyətinə gətirib
çıxarır. Təsadüfi deyil ki, ciddi politoloji fikir
belə bir həqiqəti təsdiqləyir ki, demokratik cəmiyyətdə
mətbuat həmişə hakimiyyətin opponentidir. Hətta,
“son zamanlar kütləviləşən fikirlərə
görə ABŞ mətbuatı hakimiyyətə
qarşıdır və bu da çox təbii bir haldır. Hətta,
belə münasibətləri normal və sağlam
adlandıranlar da az deyil. Ən çox bu fikirləri
yürüdən jurnalistlərin özləridir” (Media və
hakimiyyət. “RUH” Jurnalistləri Müdafiə Komitəsinin nəşri.
Bakı, 2002) Lakin jurnalistlər heç də öz mənafeləri
üçün deyil, cəmiyyətin mənafeyi naminə
hakimiyyətə oponent rolunu öz üzərlərinə
götürməli olurlar. Dünyanın ən demokratik
ölkələrində də adətən məmurlar jurnalistləri
sevmirlər. ABŞ-da tədqiqat aparan həmkarlarımızdan
biri səfərdən qayıdandan sonra yazır: “Amerikalı
həmkarlarım deyirlər ki, rəsmilər jurnalistləri
sevməyə bilər, amma onlar bilir ki, əvvəl-axır
bizimlə işləyəcəklər” (Könül Xəlilova.
Amerikada dövlət rəsmiləri ilə jurnalistlər
arasında münasibətlər necə qurulub?. “525-ci qəzet”,
11 yanvar 2003). Jurnalist-tədqiqatçı daha sonra yazır:
“Fakt haqqında həqiqəti söyləmək bütün
cəmiyyətlərdə olduğu kimi, demokratik ABŞ-da da hər
zaman mümkün olmur, daha dəqiq desək, sərf etmir. Kimə?
Əlbəttə ilkin olaraq həmin fakta dair informasiyaya sahib
olan rəsmiyə...” “Amerikada da rəsmilər hərdən
informasiya verərkən adlarının gizli saxlanmasını
istəyirlər”. Çünki hakimiyyət heç vaxt
aşkarlanmanı sonadək sevmir. Jurnalistikanı “IV hakimiyyət”
kimi qiymətləndirənlər onun hakimiyyət üzərində
nəzarətini, hakimiyyətə qarşı skeptik (onun
işinə şübhə ilə yanaşmaq), tənqidi
münasibətini, hətta provokator rolunu nəzərdə
tuturlar. Demokratik cəmiyyətdə jurnalistikanın əsas vəzifələrindən
biri də adətən öz işi ilə bağlı
informasiyanı gizləməyə cəhd göstərən
hakimiyyəti daim kütlənin nəzarətində
saxlamaqdır. Demokratik cəmiyyətin əsas prinsiplərindən
biri budur ki, hakimiyyət daim nəzarət altında
olmalıdır. Jurnalistika ona görə hakimiyyətə
oponent mövqedə dayanır ki, o, həmin hakimiyyətiin fəaliyyəti
barədə geniş ictimaiyyətin fikir tribunası rolunu
oynayır. Jurnalistikanın qeyd etdiyimiz “dördüncü
hakimiyyət” rolu nəzarətin bu tipini nəzərdə
tutur. KİV-in “dördüncü hakimiyyət” missiyası
ictimai fikirdə son vaxtlar elə möhkəmlənməyə
başlamışdır ki, hətta 1996-cı ildən Rusiyada
“Çetvertaya vlast” adlı jurnal da nəşr olunur. Professor
Y.P.Proxorovun da qeyd etdiyi kimi, elə bu jurnalın ilk nömrəsindəcə
jurnalist və sosioloq L.Varustinin “Dördüncü qol: dövlətçilik
ağacında mətbuatın yeri” məqaləsi dərc
olunmuşdur. Deməli, jurnalistikanın “dördüncü
hakimiyyət” rolu barədə yayılan obrazlı – publisistik
fikir nəzəri əsaslar qazanmaq yolundadır. Əslində,
hakimiyyət dövlət institutlarından ibarətdir.
Yuxarıda qeyd olunan üç əsas hakimiyyət institutu –
qanunvericilik, icra, məhkəmə – demokratik dövlətin
atributlarıdır. Bu hakimiyyət strukturlarının hər
birinin rəsmi dövlət statusu var. “Dördüncü
hakimiyyət” kimi xarakterizə edilən jurnalistikanın isə
belə rəsmi statusu yoxdur. Onun “rəsmi statusu” ictimai rəy
yarada bilmək və məhz ictimai rəy vasitəsilə nəzarət
edə bilmək keyfiyyətindədir. Sivilizasiyanın yeni
inkişafı cəmiyyətin, dövlətin, dünyanın
idarə olunmasında informasiyanın rolunu qabartmaqdadır.
İnformasiya isə birbaşa jurnalistika ilə
bağlıdır. Cəmiyyətin idarə olunmasında
heç də hər cür informasiya deyil, daha çox
geniş auditoriyaya çatan informasiya rol oynayır. Bu qeyri-rəsmi
hakimiyyət çox zaman cəmiyyətə rəsmi statuslu
hakimiyyət qollarından daha artıq təsir göstərir.
Məsələnin Azərbaycan təcrübəsinə diqqət
edək. 1999-cu ildə Azərbaycan Milli Məclisi – yəni
bizim indi haqqında bəhs etdiyimiz hakimiyyət qollarından
biri – KİV haqqında Qanun layihəsini müzakirə edirdi.
Layihənin müzakirəsi zamanı millət vəkillərindən
daha artıq bir qüvvə ilə mətbuat və televiziyada
bu qanunun təkmilliyinə cəhd göstərdi. Hətta bu cəhdlər
Qanunun qəbul olunmasından sonra da davam etdi və nəticədə
Milli Məclis KİV haqqında Qanuna bəzi düzəlişləri
yenidən müzakirəyə çıxarmalı oldu. Daha
bir misal: 1990-cı illərin ortalarında Azərbaycan
Respublikası Nazirlər Kabinetində topdansatış ticarətlə
bağlı vergilərin artırılmasını nəzərdə
tutan qərar hazırlandığı barədə özəl
telekanallardan biri informasiya proqramında məlumat yaydı.
Birinci informasiyada baş idarədən heç bir reaksiya gəlmədi.
İstehlakçıların ziyanına ola biləcək bu qərarın
hazırlanması barədə etibarlı nyus-meykerdən
aldığı məlumatı həmin özəl telekanal həftəboyu
informasiya proqramlarında bir neçə dəfə təkrar
etdi.
Nəhayət, Nazirlər Kabineti sədrinin
müavini efirdə görünməyə məcbur oldu və
belə bir qərarın istehlakçıya daha çox zərər
vuracağını etiraf edərək bu barədə
müzakirələrin dayandırıldığını
bildirdi. 2011-ci ilin lap ilk günlərində ölkədə
benzinin qiymətinin qaldırıla biləcəyi ətrafında
şayələrin baş alıb getdiyi zaman Azərbaycan
mediası dövlət strukturlarının bu sahədə
fikirlərini – yəni benzinin qiymətinin
qaldırılmayacağı barədə qəti sözlərini
gündəmə çıxartdı və əlbəttə,
əgər hakimiyyətin belə bir fikri vardısa da
medianın təpkilərilə ondan imtina etməli oldu.
Dünya praktikasında və eləcə də Azərbaycanda
məhkəmə işlərinin, məhkəmə qərarlarının
jurnalistikanın cəhdi ilə korrektə olunması
faktları da çoxdur. Jurnalistika dövlətin bir çox
sahələrdə idarə fəaliyyətinə müdaxilə
edir. Habelə, jurnalistika cəmiyyətin bütün digər
qeyri-dövlət strukturlarının da işinə
müdaxiləsi ilə seçilir. Bəs jurnalistikaya bu
hakimiyyəti, bu “səlahiyyəti” kim verir? Jurnalistikanı cəmiyyətin,
onun hər bir üzvünün azad tribunası hesab etsək,
onun bütün mahiyyətində belə bir keyfiyyət
aydınlaşır: Kütləvi informasiya vasitələri
mahiyyətcə xalq jurnalistikasıdır. “Deməli, onun əsas
işi xalqın iradəsini və xalqın hakimiyyətini
gerçəkləşdirməkdir. Təsadüfi deyil ki, son
əlli ildə jurnalistikada “ictimai maraq” və onun təmin
edilməsi ilk sırada durmaqdadır. Beynəlxalq jurnalistika nəzəriyyəsində
“xalqa söykənən jurnalistika” daha yüksək qiymətləndirilir.
Belə jurnalistika xalqı ayırmaq deyil, onu birləşdirən
materiallar dərc edir, jurnalistə deyil, jurnalistin
düşündüyünü deyil, cəmiyyətə
lazım olan materialları ona təqdim edir. Beləliklə,
jurnalistika xalq hakimiyyətini təmsil edir. A.Tokvil hələ
yüz əlli il əvvəl demişdi ki, “xalqdan sonra birinci
hakimiyyət mətbuatdır”. Ancaq, yenə də qeyd etmək
lazım gələcəkdir ki, əvvəlki üç
hakimiyyət seçki yolu ilə legitim olduğu halda KİV
bu legitimliyə malik deyil. Lakin əgər dövlət
demokratik dəyərlərə malikdirsə, xalq hakimiyyətinin
təmsilçisi olan jurnalistikanı çox geniş və
imkanlı fəaliyyət hüquqları ilə təmin etməlidir.
Azərbaycan dövləti və onun demokratik qarantı olan
Prezident İlham Əliyev mili mətbuatımızın 130
illik yubileyindəki çıxışında medianın
hakimiyyətə nəzarət funksiyasını nəzərdə
tutaraq dövlət strukturlarının rəhbərlərini
jurnalistlərin hər cür tənqidinə, keçid
dövründə azad mətbuatın formalaşması naminə,
hətta onların təhqirlərinə də dözməyə
çağırmışdı. Bu, dövlətin mətbuat
azadlığına verdiyi sonsuz önəm kimi qiymətlidir.
Və demək olar ki, bütün demokratik dövlətlər
KİV haqqında qanunun prinsipləri ilə bu öhdəliyi
yerinə yetirirlər. Bu qanun elə bir fəaliyyət
mexanizminə malik olur ki, jurnalistika dövlətin üç
legitim hakimiyyət strukturalrının işinə xalqın,
ictimaiyyətin nəzarəti rolunu oynaya bilir. Jurnalistikanın
“dördüncü hakimiyyət” mahiyyəti də buradan
doğur. Y. Proxorov haqlı olaraq jurnalistikanın çox
geniş dövlət, hakimiyyət işlərinə
“müdaxiləsini” hərtərəfli “monitorinq”
adlandırır. Xalqın bilmək hüququnu məhz
jurnalistika təmin edir. Buradan isə jurnalistikanın hakimiyyətin
opponenti rolu meydana çıxır. Belədə jurnalist
özü ictimai ekspert vəzifəsini yerinə yetirir.
Hakimiyyətə müdaxiləsi ilə jurnalistika həm də
ictimai məsləhətçi rolunu ifa edir. Jurnalist həkim
kimi əlini həyatın nəbzi üstündə saxlayır,
öz diaqnozunu qoyur, cəmiyyət “orqanlarının
müalicəsinin” strategiya və taktikasını təklif
edir, ictimai sağlamlığın qorunmasının
yollarını göstərir. Bütün bunlara nə dərəcədə
əhəmiyyət verilməsi isə diaqnozun, təkliflərin,
mülahizələrin inandırıcılığından
çox asılıdır. Jurnalistika habelə müxtəlif
spektrli fikirlərin tribunasıdır. Müxtəlif fikirlilik,
plüralizm demokratik cəmiyyətin aparıcı atributudur. Plüralizm
olan yerdə avtoritar hakimiyyətin arzuları bitir,
totalitarlıq sona yetir. Bütün bunları isə KİV
yerinə yetirməyə qadırdir. Xalqın bilmək
hüququnu təmin edən jurnalistika onun öz fikrini ifadə
etmək hüququnu da möhtəşəm tribuna kimi təmin
edir. Xalqın öz fikrini ifadə etmək hüququ onun
eşidilməsi hüququ ilə yekunlaşır. KİV bunu
da öz öhdəsinə götürür: eşitmək
istəməyənləri eşitməyə məcbur edir. Vətəndaşların
bilmək, demək və eşidilmək hüquqlarının
nəticəsi cəmiyyətin demokratik dəyərlərə
sahib olmasına gətirib çıxarır. Jurnalistika
hansı yollarla həqiqətə nail olur? İnformasiyanı,
hakimiyyətin fəaliyyətini aşkarlamaq yolu ilə. Bu
üsullardan ən ciddisi son vaxtlar çox effektli olan jurnalist
təhqiqatlarıdır. Jurnalist təhqiqatı hakimiyyətin
kəskin opponenti kimi qiymətli nəticələrə gətirib
çıxarır. Çünki bu janr məhz ictimai
marağın, cəmiyyət marağının ifadəçisi
kimi qiymətləndirilir. Ən ideal hakimiyyət
strukturlarında da jurnalistikanın incə mətləbləri
açıqlama, araşdırma istəyi arzuolunmaz hadisədir.
Çünki jurnalistika məhz bu yerdə hakimiyyətin
opponenti kimi çıxış edir. Bu mənada jurnalistika
demokratiyanın eşidən qulağı, görən
gözü, danışan dilidir.
IV hakimiyyət keyfiyyəti həm də
jurnalistin sosial məsuliyyətindən doğur. Jurnalistin
sosial məsuliyyəti anlayışı son vaxtlar istər
peşənin nəzəri sahəsində, istərsə də
praktikasında çox işlək ifadəyə
çevrilmişdir. Lakin bu anlayışın özü qətiyyən
yeni deyil. Jurnalistin sosial məsuliyyəti anlayışı hələ
XVIII əsrin ortalarından İngiltərə jurnalistlərinin
dilində geniş işlənmişdir. Bəs “jurnalistin
sosial məsuliyyəti” nəyi nəzərdə tutur? Bu suala
doğru cavab əvvəlcə “sosial” termininin mahiyyətini
aydınlaşdırmağı tələb edir. Latınca
“socialis” sözü “ictimai” mənasında olub, insanların həyat
və cəmiyyətlə əlaqəsini nəzərdə
tutur. Jurnalistin sosial məsuliyyəti onun cəmiyyətə,
insanlara öz peşə bucağından münasibəti deməkdir.
Onun bu xarakteri peşənin meydana gəldiyi çağdan
formalaşmış və nəsillər dəyişkənliyi
ilə yeni keyfiyyətlər qazanaraq günümüzə
daha önəmli mahiyyətlə gəlib
çıxmışdır. Təsadüfi deyil ki, xeyli
vaxtdan bəri, hətta, “jurnalist mentaliteti” kimi bir problemlə
də üzləşməli olmuşuq. Peşə
özünüdərkinin struktur və xarakterini, özünətələbin
və özünümüəyyən etmənin bütün
perimetlərini özündə əks etdirən jurnalist
mentaliteti problemi günümüzdə getdikcə daha
çox diskussiyalara səbəb olmaqdadır. Bu mentalitet
jurnalistin demokratik cəmiyyətdə yerini dərk etməsini,
informasiyanın təqdimi prinsiplərini, özünün “IV
hakimiyyətin” əməkdaşı hissini, söz
azadlığına elmi-hüquqi münasibətini,
plüralizmə həssaslığını, informasiya siyasətində
tolerantlığı, informasiya mübarizəsi ilə
“informasiya müharibəsi” arasındakı səddi bilməyi,
cəmiyyət üçün ciddi əhəmiyyəti olan
problem barədə susmamağı və s. vacib məqamları
nəzərdə tutur. İnformasiya texnologiyasının
multimedia çağında bütün bu məsuliyyət birə-beş
artır. Jurnalist yayılmaq üçün ona təqdim
olunan materialların məzmununa görə, ictimai önəmli
faktlar, olaylar və hadisələr barədə ictimaiyyətə
vaxtında və dürüst məlumat verilməsinə
görə vətəndaşlar, cəmiyyət
qarşısında məsuliyyət daşıyır. Vətəndaşların
informasiya almaq hüququnun təmin edilməsi jurnalistin əsas
vəzifəsidir. Jurnalistin sosial məsuliyyət tarixi peşənin
özünün formalaşdığı dövrdən də
əvvələ düşür. Dünya təcrübəsində
meydana gələn ilk qəzetlərin yaranışından
çap texnikasının ixtirasının üzə
çıxarılması ilə bağlı tirajlanan
sözün məsuliyyəti ortaya çıxır.
Bütün dünya ölkələrinin qəzet təcrübəsinin
tarixi göstərir ki, tirajlanmanın formalaşması
dövrü ilə jurnalistin sosial məsuliyyət öhdəliyi
tarix etibarilə üst-üstə düşür. Xalqda belə
bir deyim var: “Söz ağzından çıxanadək sənindir,
ağzından çıxandan sonra sən onun sahibi deyilsən”.
Bu inkarolunmaz həqiqət jurnalisti də sosial məsuliyyətə
çağıran, dediyi sözə məsuliyyət
daşımağı tövsiyə edən postulata
çevrilir. Digər tərəfdən və əsas olaraq,
jurnalistin sosial məsuliyyəti onun cəmiyyət
qarşısında boynuna götürdüyü
yükdür. Özü də bu, ağır yükdür. Həm
də bu öhdəlik, bu yük altruist adamın – öz
maraqlarını başqasının maraqlarına qurban verən,
cəmiyyətə təmənnasız xidmət öhdəliyini
boynuna çəkən adamın yüküdür. Klassik
jurnalistlərin çox böyük dəstəsi məhz bu
tipli peşəkarlar olmuşdur. Jurnalistika kommersiya tipinə,
biznesmenlərin qazanc mənbəyinə xeyli sonralar
çevrilmişdir. Hətta məsələn, Azərbaycan
jurnalistikası tarixində jurnalistin sosial məsuliyyət ənənəsi
o qədər güclü, o qədər önəmli və
davamlı olmuşdur ki, bu sahədə altruistlərin tükəndiyi,
bu sahənin kəskin şəkildə biznes mənbəyinə
çevrildiyi indiki çağda ziyalıların
böyük bir hissəsi jurnalistikanın biznes keyfiyyətini
qəti şəkildə qəbul etmir. Bu günkü
jurnalistikanın funksiyaları sırasında olan maarifləndirmə
keyfiyyəti naşirin daha çox biznes maraqlarına xidmət
edirsə, Azərbaycan klassik jurnalistikasında bu funksiya,
sözün həqiqi mənasında, jurnalistin, naşirin
xalqa xidməti, millətə xidmət missiyası idi. Buna ən
parlaq və ən aydın illüstrasiya H.B.Zərdabinin fəaliyyəti
ola bilər. Həsən bəy Zərdabi
yaradıcılığının və eləcə də
Azərbaycan jurnalistikası tarixinin tədqiqatçıları
belə bir fikri yekdil olaraq vurğulayırlar ki, “Əkinçi”
ilk növbədə onun redaktorunun maarifçilik
ideyalarından doğmuşdur. Bu yerdə H. Zərdabinin, onun
yaratdığı “Əkinçi” qəzetinin,
bütövlükdə jurnalistika tariximizin əvəzolunmaz və
namuslu tədqiqatçısı professor Şirməmməd
Hüseynovun yeni müstəqilliyimizin lap ilk illərində H.
Zərdabi haqqında yazdığı bir məqaləni
bütöv halda təqdim etməyə bilmədik: “Qəzet gərək
xalqın aynası olsun” “Azərbaycan dilində ilk milli qəzet
olan “Əkinçi”nin birinci nömrəsi 116 il bundan əvvəl,
1875-ci il iyulun 22-də Bakıda çapdan çıxmışdır.
Şübhəsiz ki, bu faktın özü
xalqımızın ictimai-siyasi və mənəvi həyatında
əlamətdar hadisə olmuşdur. Axı, milli qəzetin
yaradılması hər bir xalqın milli
varlığının ən böyük göstəricisi, tərəqqi
və təkamülünün vacib şərtidir. Həsən
bəy Zərdabinin xidməti məhz bundan ibarətdir ki, o,
çox çətin olan bu yolda ilk əməli addım
atmışdır. H.Zərdabi Azərbaycan xalqının
görkəmli oğullarından biri, həqiqi vətənpərvər,
dərin təhsil görmüş adam idi, təkcə Azərbaycanın
deyil, həm də xarici ölkələrin tarixinə və mədəniyyətinə
mükəmməl bələd idi. Fəal maarifçilik
işi aparan, milli mənəvi sərvətin zənginliklərini,
azadlıq və tərəqqi ideyalarını geniş
kütlələrə çatdırmağa
çalışan H. Zərdabi dərk edirdi ki, bu
mühüm vəzifənin öhdəsindən kəndlinin də,
ziyalının da başa düşəcəyi dövri nəşr
daha yaxşı gələ bilər. O, məqalələrinin
birində bu barədə belə yazırdı: “hər bir
vilayətin qəzeti gərək ol vilayətin aynası
olsun...yaxşı-yamanlığını aşkar eləsin”,
xalqın “hər bir dərdi və xahişi ol qəzetdə
çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən
kimi görsün”.
Həsən
bəy Zərdabi “Əkinçi” qəzetini yaradarkən bu
prinsipi əsas götürmüşdü. Qeyd etmək
lazımdır ki, qəzetin oxucuya doğru yolu heç də
qısa və asan olmamışdır. “Əkinçi”nin ilk
nömrəsini dörd il ərzində neçə-neçə
qapıları döyəndən, yeni nəşrin əleyhdarlarına
qarşı inadla mübarizə aparandan sonra buraxmaq
mümkün olmuşdu. Qəzet ayda iki dəfə
çıxır və böyük rəğbətlə
qarşılanırdı. Bəlkə də çox adam
bilmir ki, redaksiyanın bütün kollektivi...cəmi bir nəfərdən–Həsən
bəyin özündən ibarət idi. O, həm məqalələrin
əksəriyyətinin müəllifi, həm redaktor, həm
korrektor, həm də mətbəə fəhləsi idi.
Üstəlik, qəzetin bütün xərcini öz
maaşından ödəyirdi. Bu barədə heç
düşünmüsünüzmü ki, Moskva Universitetinin məzunu,
tanınmış bəy ailəsinin övladı olan 30
yaşlı bu cavan oğlanı o zaman belə bir fədakarlığa
sövq edən nə idi? Bu sualın cavabını H.Zərdabinin
öz məqalələrində tapmaq olar. O, ürək
ağrısı ilə yazırdı: “Hər kəsi
çağırıram gəlmir, göstərirəm
görmür, deyirəm qanmır. Axır gördüm ki,
onları haraylayıb çağırmaqdan, onlara deməkdən
başqa bir qeyri əlac yoxdur”. Həsən bəy bu əlacı qəzet buraxmaqda
gördü.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 18 aprel.- S.6.